Araşdırma Məqalələr Musiqi

İki ailəsi olan, 37 yaşında vəfat edən, məzarı Ağdamda, başdaşı Bakıda qalan xanəndə…

Səxavət Məmmədov dəfn edilərkən ermənilər güllə atmağı saxladılar…

Ədəbincə – Ədəbiyyat və İncəsənət Portalı xanəndə Səxavət Məmmədov haqqında maraqlı məlumatları təqdim edir:

O, necə oldu ki, həm xanəndə kimi, həm də aktivist kimi tarixə düşdü? Cəmi 37 yaşında ölməsindəki müəmma nə idi? Həyat yoldaşı niyə iki dəfə intihara cəhd etdi? O, öz öləcəyini bir ay əvvəlcədən bilirdimi? Bütün qazancını yoxsullara paylayan, məzarı Ağdamda, başdaşı Bakıda qalan xanəndə…

Səxavət Məmmədov 1953-cü ilin 23 oktyabrında, Ağdamın Abdal gülablı kəndində doğulur. Hələ 16 yaşında radioda yayımlanan ifası ilə böyük şöhrət qazanır. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur və məşhur xanəndə Hacıbaba Hüseynovun sinifini bitirir. Daha sonra, Səxavət Məmmədov hərbi xidmətə yollanır və həmin illərdə Hacıbaba Hüseynovdan ən yaxşısı tələbəsinin kim olduğunu soruşurlar. Hacıbaba Hüseynov belə cavab verir: “ən yaxşı tələbəm əsgərlikdədir”.

1976-cı ildə Səxavət Məmmədov “hümayun” xalq ansamblının solisti olur. Daha sonra Dövlət İncəsənət İnstitutunda təhsil alır. Bu illərdə, Səxavət Məmmədov oxuduğu Segah muğamı və bu muğam üstündə yazılan mahnılarla məşhurlaşır. Onun ifasında “Yar bizə qonaq gələcək”, “Azad bir quşdum” mahnıları dillərə düşür.

Səxavət Məmmədov elə adı kimi, olduqca böyük səxavəti ilə də hafizələrə yazılır. O, el şənliklərindən qazandığı pulları qohum əqrabasına, yoxsullara paylayır. Onun toy məclisindən çıxıb evinə çatana qədər bütün gəlirini yolboyu ehtiyacı olanlara bağışladığı bilinir.

Sovet ittifaqının çöküşü ərəfəsində azadlıq meydanındakı izdihamın içində Səxavət Məmmədov da yer alır. Azyaşlı oğlu Bəxtiyarı da qucağına götürüb Azadlıq meydanındakı müstəqillik hərəkatına qoşulur. O, günlərlə meydandakı insanlara yemək və su paylayır ki, izdiham dağılmasın.

Qarabağda müharibə başlayanda Səxavət Məmmədovun səsi cəbhədən də gəlir. Həmin il “Qarabağ” ansamblını yaradıb həm Azərbaycanda, həm də dünyanın müxtəlif  ölkələrində konsertlər verir. Bununla yanaşı, cəbhədə döyüşən əsgərlərə ərzaq və silah-sursat göndərir. Bu əməllərinə görə Azərbaycan mədəniyyəti tarixində muğam ustası, xanəndə kimi şörhət qazanması ilə yanaşı, müstəqillik illərində sənət adamları arasında ilk aktivist kimi də tarixə düşür.

Səxavət Məmmədov iki dəfə ailə qurur. Xanəndənin birinci evliliyində bir qızı, bir oğlu, ikinci evliliyindən iki oğlu dünyaya gəlir. Səxavət Məmmədov hər iki ailəsi ilə mütəmadi ünsiyyətini saxlayır və onların həm maddi, həm də mənəvi olaraq qayğısına qalır.

Səxavət Məmmədov 1991-ci ilin 30 sentyabrında, dostları ilə Əli Bayramlıdan qayıdarkən avtombil qəzasına uğrayır və xanəndə 37 yaşında həyatını itirir. Lakin bu qəza və Səxavət Məmmədovun ölümü barədə şübhəli məqamlar da var. Bununla bağlı xanəndənin oğlu Bəxtiyar Məmmədov mətbuata verdiyi müsahiəsində belə deyir: “Bu günə qədər onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə onun yoldaşlarının heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan kamazın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamın uğradığı qəza çox müəmmalı idi. Atam cəbhədə baş verənlərlə bağlı, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan kamazın altına girmişdi. Sonradan o kamaz sürücüsü də həbsxanada müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, bunlar haqqında danışmaq istəmirəm. Mənim özümdə qalsın”.

Səxavət Məmmədovun səsini, ifa tərzini ermənilər də o qədər sevirlər ki, Ağdamda  – doğulduğu Abdal Gülablı kəndində dəfn olunanda Ermənistan tərəfi heç bir atəş açmır. Onun dəfninə və yaxınlarının cənazə ilə vidalaşmasına şərait yaradırlar. Lakin xanəndənin məzarı üçün Bakıda hazırlanan başdaşı onun məzarı üzərinə qoyula bilmir. Kənndə gedən qızğın döyüşlər səbəbi ilə başdaşı xanəndənin Bakıdakı evində saxlanılır.

Xanəndənin vəfatından sonra onun hər iki ailəsi xeyli çətinliklə üzləşir. Bu səbəblə, ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir. Yaxın keçmişdə isə xanəndənin birinci evliliyindən olan oğlu Şəhriyar Məmmədov yerli telekanalların birində çıxış edib vəziyyətinin yaxşı olmadığını deyir və qardaşı Bəxtiyar Məmmədovdan, əmisi Feruz Səxavətdən şikayətlənir. Ardınca, bu barədə Bəxtiyar Məmmədov mətbuata verdiyi müsahibədə qardaşı ilə aralarındakı həmin məsələnin həll olunduğunu bildirir.

Deyilənə görə, Səxavət Məmmədov öz ölümünü bir ay əvvəldən yuxusunda görür. O, yuxusunda görür ki, Abdal Gülablıdakı evlərinin həyətində çadır qurulub və qarşıda məzarlıq görünür. Yuxudan ayılanda öləcəyini deyir və bir ay sonra vəfat edir.

Xanəndənin kiçik qardaşı Feruz Səxavət tanınmış xanəndədir. Oğlu Bəxtiyar Məmmədov diplomatiya sahəsində çalışır və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşıdır.

Orxan Bahadırsoy
edebince.az