Araşdırma Məqalələr Musiqi

Dünyada türkmən mahnısı kimi məşhur Azərbaycan mahnısı…

Amerikada, Avropada, Asiyada “Bayatılar” mahnısını türkmən mahnısı kimi oxudular…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı “Bayatılar” mahnısı haqqında maraqlı məlumatları təqdim edir:

Bu məşhur Azərbaycan mahnısı niyə türkmən ya da yunan mahnısı kimi tanındı? Bütün dünyanı fəth edən mahnı üçün onun müəllifinə niyə heç bir qonorar ödənilmədi? Müxtəlif ölkələrdə mükafatlar alan filmin soundtrackı, Amerikada festivalın laureatı olan Azərbaycan mahnısının öz bəstəkarından oğurlanmasının hekayəsi…

Şair Vahid Əzizin 1985-ci ildə çap olunan “Əllərimin kölgəsi” adlı kitabında bir şeir yer alır. Kitabın çapından bir neçə il sonra bəstəkar Eldar Mansurov şairə zəng edib onun kitabındakı həmin şeirə mahnı yazdığını deyir. Əlbəttə, həmin gün nə Eldar Mansurov, nə də Vahid Əziz bilir ki, bu mahnı Azərbaycanda dillər əzbəri olmaqla qalmayıb sərhədləri aşacaq, Türkiyədə, Türkmənistanda, Yunanıstanda, İngiltərədə səslənəcək və Amerikada mükafat alacaq. Amma təəssüf ki, Azərbaycan adı ilə Türkmənistan adı ilə…

1989-cu ildə Briliant Dadaşova Eldar Mansurovun təklifi yeni bir mahnı yazmaq üçün studiyaya yollanır. Briliant Dadaşova həmin vaxt hamilə olduğu üçün mahnını ifa etməkdə çətinlik çəkir. Müğənni öz ifasından məmnun qalmasa da bəstəkar Eldar Mansurov və mahnını aranjemançısı Siyavuş Kərimi ifanı bəyənirlər. Beləliklə, məşhur “Bayatılar” mahnısı ərsəyə gəlir. Daha sonra mahnını çoxsaylı azərbaycanlı müğənnilər ifa edirlər. Faiq Ağayev, İlqar Muradov, Aygün Kazımova və başqaları.

1991-ci ildə “Bayatılar” mahnısı Türkmənistanın məşhur qrupu Aşqabad qrupunun ifasında səslənir. Aşqabad qrupun ifasında səslənən bu mahnı məşhur ingilis müğənni və prödüser Piter Qabrielin rekord kampaniyasında buraxılan albomunda yer alır. Lakin albomda mahnının bəstəkarı olan Eldar Mansurov Türkmənistan bəstəkarı kimi təqdim olunur. Elə buradan “Bayatılar” mahnısının dünya şöhrəti başlayır…

1998-ci ildə bu mahnı Latın Amerikasında məşhur caz qrupunun ifasında səslənir. Braziliyanın Kamara caz orkesr və Monika Salmazo adlı caz ifaçısı tərəfindən səslənən 12 dəqiqəlik kompazisiyanın adı “Bayatı” kimi qeyd olunsa da, Eldar Mansurov türkmən bəstəkar kimi qeyd olunur. Müğənni bu mahnı ilə Braziliyada keçirilən caz festivalında birincilik qazanır.

2001-ci ildə Fələstin-İsrail müharibəsi haqqında çəkilən “Promises” adlı sənədli filmin “soundtrack”ı məhz bu mahnı olur. Bu film Londanda, Parisda, Amerikanın müxtəlif ştatlarında keçirilən film festivallarında mükafatlar alır. Lakin bu filmdə də musiqinin bəstəkarı olan Eldar Mansurov Türkmənistan bəstəkarı kimi təqdim olunur.

Ardınca, mahnı Türkiyənin məşhur müğənnisi Sezen Aksu tərəfindən yeni sözlər yazılaraq “Zalim” adı ilə ifa olunur. Lakin ifa üçün yenə Eldar Mansurovdan heç bir icazə alınmır. Bəstəkar Türkiyədə Sezen Aksu ilə görüşüb öz mahnısının onun ifasında səsləndiyini, lakin heç bir icazə alınmadığını müəlliflik qonorarının ödənilmədiyini deyir. Sezen Aksu isə mahnını Aşqabad qrupundan aldığını, bəstəkarının türkmən olduğunu, qonorarı həmin qrup vasitəsi ilə Türkmənistandakı naməlum bəstəkara göndərdiyini deyir. Ardınca, mahnı “Zalim” adı ilə türkiyənin müxtəlif müğənniləri və qrupları tərəfindən səslənir. Levent Yüksel, “Çalar Saat” adlı rok qrupu və başqaları…

2003-cü ildə yunan müğənni Keti Qarbi də bu mahnıya müraciət eləyir. Müğənni bu mahnını daha dinamik variantda səsləndirir və bu versiya bütün qərb ölkələrinin diskotekalarında ən sevimli mahnıya çevrilir. Amma yenə də türkmən mahnısı kimi. Bununla da qalmır, Türkiyəli müğənni Seray Sever Keti Qarbinin oxuduğu versiyanı “İçim yanıyor” adı ilə türk dilində yeni sözlərlə oxuyur və burada isə mahnı yunan mahnısı kimi təqdim olunur.

Beləliklə, dünyanın müxtəlif qitələrini fəth edən, rok, caz, pop və fərqli üslublarda çoxsaylı dillərdə səslənən məşhur “Bayatılar” mahnısının bunca uğurundan onun bəstəkarı Eldar Mansurov kifayət qədər yararlana bilmir. Mahnı naməlum türkmən bəstəkarının adı ilə planetin hər küncündə səslənir, amma azərbaycanlı bəstəkar Eldar Mansurovun səsini dünyaya çatdırmaq üçün Azərbaycanın müəllif hüquqları agentliyi, mədəniyyət nazirliyi və başqa səlahiyyətli qurumları heç bir iş görmür.

Hər kəs öz kürsüsünün dərdində olsun, bizə qalan sənət olacaq deyib, “Bayatılar” kimi əfsanəvi əsəri bizə bəxş edən Eldar Mansurov istedadına sayğı və sevgi ilə…

Orxan Bahadırsoy
edebince.az