Araşdırma Kino Məqalələr Musiqi

Anası onu doğarkən öldü, qulluqçu onu məscidin önünə qoydu, pul müqabilində satıldı…

Muhterem Nur 12 yaşında olarkən dostları və ögey atası tərəfindən təcavüzə uğradı…

Ədəbincə – Ədəbiyyat və İncəsənət Portalı türk aktrisa Muhterem Nur haqqında maraqlı məlumatları təqdim edir:

O, niyə qaranlıq bir zirzəmidə doğuldu? Hələ bələkdə ikən məscid önünə qoyulan, daha sonra pul müqabilində satılan azyaşlı qızcığazın bunca dəhşəti yaşamasına səbəb nə idi? Ona təcavüz edənlər kimlər idi? O niyə həbs olundu? “Yeşilçam”ın məşhur aktrisası, Müslüm Gürsesin həyat yoldaşı olan mərhum sənət ulduzunun həyat hekayəsi…

Muhterem Nurun çəkdiyi əzablar, hələ o doğulmadan başlayır. Şimali Mokedoniyanın Monastır şəhərində yaşayan anası Şira, tələbə olduğu zamanlarda evli olduğunu bilmədiyi müəlliminə aşiq olur. Hamilə qaldıqdan sonra da tərk edilir. Şiranın atası, bir yol tapmadıqda, öz qızını zirzəmiyə qapayır. Hələ on altı yaşı olan Şira, 1932-ci il dekabr ayının 31-də doğum zamanı bu qaranlıq zirzəmidə həyatını itirir, amma uşaq sağ qalır. Şiranın atası, uşağı da qəbul etmir və uşağı dünyaya gətirən mamaçaya: “ Al bu uşağı at bir yerə” – deyir. Həmin mamaça isə uşağı bir məscidin qarşısına qoyur və gizlənərək, kiminsə götürəcəyini gözləyir. Uşağı kənardan izləyən qadının ürəyi dözmür və onu götürərək öz evinə aparır. Bir neçə gün sonra isə, üç ay öncə uşağını itirən  başqa bir qadına pul qarşılığında körpəni övladlıq verir. Uşağa “Olqa” adı verilir.

1930-cu illərdə həm Balkanlarda, həm də Türkiyədə vəziyyət qarışıq olur. Bir neçə il sonra övladlıq verildiyi qadın da öldükdə, həmin qadının bacısı, yəni Olqanın ögəy xalası tərəfindən balaca Olqa qaçaq yollarla Türkiyəyə gətirilir. İlk öncə Tekirdağda, ardınca isə İstanbulda yerləşirlər. Ögəy xalanın həyat yoldaşı vəfat etdikdən sonra, camaatın ağzına söz olmasın deyə qadın başqa bir kişi ilə evləndirilir. Atasız Olqa üçün də şəxsiyyət vəsiqəsi çıxardılır və 1930-cu ildə ölən Keşanlı Hasan Kısa atası kimi qeyd olunur. Öz adı isə, “Aysel Muhterem Kısa” olur. Bundan sonra azyaşlı Muhterem, orta məktəbə də başlayır. Amma əzabları yenə də bitmir. 12 yaşı olanda küçədə gizlənqaç oynayarkən cinsi istismara məruz qalır. Bu hadisə həmin vaxtların qəzetlərində yayımlanır. Olqa o qədər utanır ki, artıq məktəbə belə getmir. Bir müddət sonra isə birlikdə yaşadığı xalasının ikinci əri, onu narahat etməyə başlayır. Bəzi mənbələrdə təcavüzaə cəhd etdiyi, bəzilərində isə təcavüz etdiyi deyilir. Olqa da bunu xalasına bildirdikdə xalası, ərindən ayrılır və ərini evdən qovur.

Olqa, fabriklərdə işləməyə başlayır. Bir neçə il sonra bir məhəllədə yaşadığı səhnə sənətçisi Ulduz Xanımla Bəyoğluna gedir. Buranın işıqlı həyatı onu valeh edir. Buraya ikinci dəfə isə, rəfiqəsi Zerenlə gəlir. Qəzetdə gördüyü “Artist axtarılır” elanı ilə getdiyi yerdə “Yeşilçam”a addım atır. 1950-ci illərin əvvəlində ilk film təklifini Muharrem Gürsesdən alır. “Yıldızlar Revüsü” filmində əlavə obraz kimi çıxış edir. Çəkildiyi ikinci film isə, Osman Sedenin rejissorluq etdiyi “Kanun namına” filmi olur. Bu Filmdə adı “Aysel Utqu” olur. Daha sonra isə, Ümit Utqunun məsləhəti ilə “Muhterem Nur” adı ilə çıxış etməyə başlayır. 1952-ci ildə isə “Boş beşik” filmi ilə ilk baş rolunu canlandırır. 1958-ci ildə ekranlaşdırılan “Üç Arkadaş” filmi, Muhterem Nuru ulduz edir. Artıq o, 1960-cı illərdə “Yeşilçam”ın ən sevilən adlarından birinə çevrilir. Muhterem Nur sevgisi, 1960-cı illərdə, bəlkə, ancaq sonrakı Türkan Şoray sevgisi ilə qarşılaşdırıla biləcək bir zirvəyə çatır. Bu müqayisəni edənlərdən biri də Türk kinosunun ən yaxşı mütəxəssislərindən biri olan Agah Özgüc idi. O, bu məsələylə bağlı gəldiyi qənaəti bu cür ifadə edir: “Bu gün o mərtəbəyə Türkan belə çıxa bilmədi. Sultan oldu, amma Muhteremin gördüyü sevgini görə bilmədi”.

Muhterem Nur, bir müddət sonra “Yeşilçam”ın əhəmiyyətli adlarından olan, rejissor-ssenarist Memduh Ünlə tanış olur. Həm onun filmlərində rol alır, həm də onunla eşq yaşayır. Amma bir müddət sonra Memduh Ün qısqanclıq səbəbi ilə Muhterem Nura gün verib-işıq vermir. Muhterem xanımın müsahibələrindən birində dediklərinə görə, sevgilisi onu döyür. Əsəbləşdikdə onun saçlarını kəsir və ondan hirsini bu cür alır. “Məndən ayrılsan sənət həyatında yıxılarsan” – deyir. Muhterem xanım da bunun üçün çox qorxur. Amma artıq qısqanclığın həddi günü-gündən artmağa başlayır, Muhterem xanım da buna tab gətirə bilmir. Son filmin çəkilişindən öncə bu filmi çəkdikdən sonra ondan ayrılacağını bildirir. Səhəri gün gəldikdə isə, filmin heyəti siyahısında adının olmadığını görür. Niyə onu çıxardığını soruşduqda, onun yerinə Fatma Giriyi alacağını bildirir. O da cavabında: “Əla! Onsuz da, yalnız qalmağı dörd gözlə gözləyirdim”, – deyir.

Memduh Ünlə ayrılsa da film sektorundan silinməkdən çox qorxan Muhterem Nur, jurnalist-aktyor Işın Kaanla evlənir. Ancaq xoşbəxt ola bilmir. Bir müddət sonra İstanbula gedir və bir daha geri qayıtmır.

Həmin dövrdə bütün “Yeşilçam” ulduzlarının arxasında güclü bir sənət adamı var idi. Muhterem Nur, Memduh Ündən ayrıldıqdan sonra, demək olar ki, sahibsiz qalır. Kino sektoru ona əvvəlki kimi iş verməməyə başlayır, yeni ulduzlar ortaya çıxır. Bu səbəblərdən də işsiz qalır, borclarını belə ödəyə bilmir və borca görə 1967-ci ilin mart ayında on gün həbsdə yatır. “Yeşilçam”da əvvəlki kimi təklif gəlmədikdə, aktrisalıqla bərabər həm də qazinolarda müğənnilik etməyə başlayır. İlləri bu cür keçir.

1982-ci ildə iştirak etdiyi Malatya konsertində həyatının adamı Müslüm Gürseslə tanışır. Ancaq bu tanışma romantik və duyğusal bir tanışma olmur. Belə ki, onlar konsert verməzdən öncə birlikdə yemək yeyirlər. Müslüm Gursəs, onunla çox xoş rəftar edir. Səhnəyə çıxdıqları gün Muhterem Nur “Bir qarip yolcuyum” mahnısını oxuyur. Məgər, heyətdə olan digər qadın müğənnilərdən biri həmin mahnını çox sevirmiş. Həmin müğənni Müslüm Gürsesin yanına gedərək: “Bir də bu mahnını oxumasın, özüm oxuyacam”, – deyir. Müslüm Gürses də Muhterem xanıma: “Bu mahnını bir də oxuma!”, – deyir. Muhterem Nur da qarşılığında: “Sənə nə dəxli var? Oxuyacam!”, – deyir. Buna çox əsəbləşən Müslüm Gürses onun üstünə gedəndə Muhterem Nur ona: “Tərbiyəsiz”, – deyir. Müslüm Gürsesin səbri tükəndikdə isə “Oxumayacaqsan dedim!” – deyərək, Muhterem xanıma çox sərt bir sillə vurur. Muhterem xanım müsahibələrinin birində həmin hadisəylə bağlı bu sözləri deyir: “Qürurum qırılmışdı. Üzr istəməsini istədim. Amma hər kəs: Muhterem xanım, o, heç kəsdən üzr istəməz”- deyirdi. Ertəsi gün otağıma çıxarkən Müslüm qalan otağın qapısının açıq olduğunu gördüm. Bağlama çalaraq “Urfanın etrafı dumanlı dağlar” – mahnısını oxuyurdu. Açıq qapıya vurdum, başını belə qaldırmadan: “Gir içəri” – dedi. İçəri girsəm də, bir qədər qorxurdum. Qapını bağlamadım ki, yenə üstümə qışqırsa, qaçaram. Mahnını oxuyub  bitirdikdən sonra: “Dünən axşam qəlbinizi qırdım. Üzr istəyirəm.” – dedi. Düzü, təəccübləndim. Heç gözləmirdim. Qaçaraq aşağı düşdüm və “üzr istədi” deyərək,  qışqırmağa başladım”. Müslüm Gürses uşaq yaşlarından Muhterem xanıma heyranlıq bəsləyir, onun filmlərini izləyirdi. Elə bu tanışlıq da onun üçün bir fürsət sayıla bilərdi. Bir-birilərindən əvvəlki həyatları iztirablarla keçən, həyatın hər üzünü görmüş iki insan, bir-birinə tutunur. Bununla da, onlar çox böyük bir eşq yaşayırlar. Amma bir problem var idi. Müslüm Gürses, həyatında yaşadığı sarsıntılar səbəbi ilə və başındakı ağrıları kəsmək üçün çox içki içir, hər sərxoş olanda da Muhterem Nuru döyür. Amma hər dəfə də sərxoşluqdan ayıldıqdan sonra ona əl qaldırdığı üçün çox pis olur, “Əlim qırılsaydı da, vurmasaydım”, – deyir. Amma Muhterem Nur, ona əl qaldırmağına kədərlənməyindən daha çox Müslüm Gürsesin bu sözünə kədərlənir.

Muhterem Nur, Müslüm Gürseslə tanış olduqdan sonra onun istəyi ilə sənət həyatına son qoyur. Onların münasibəti illər uzunu davam edir. Amma evli olmamaqları bəzən problem yaradır. Bəzi otellərə getdikdə evli olmaqdıqları üçün ayrı-ayrı otaqlarda qalmalı olurlar. Eyni hadisə son dəfə Zonguldakda bir oteldə baş verir və Muhterem Nurun kefi çox pozulur. Ordan qayıtdıqdan sonra bir axşam cəsarətini toplayır və Müslüm Gürsesə evlilik təklif edir. Müslüm Gürses də bunu qəbul edir və onlar evlənirlər.

Müslüm Gürses, 2000-ci illərdə Muhterem Nurla daha çox kamera qarşısına çıxmağa başlayır. Bütün mətbuat aralarında 21 yaş fərq olan bu cütlüyün sevgisindən danışır. Amma bu qarşılıqlı sevgi 3 mart 2013-cü ildə Mülüm Gürsesin vəfatı ilə acı bir şəkildə sonlanır. Türkiyə, əfsanə bir sənətkarını itirsə də, ən böyük dərdi 33 illik həyat yoldaşı Muhterem Nur yaşayır. O qədər ağlayır ki, gözləri şişir. Həyatında bir çox iztirablar çəkən Muhterem xanım, ölmədən öncə özündən 21 yaş kiçik olan həyat yoldaşının ölümünü də görür. Muhterem xanım, müsahibələrinin birində belə deyir: “Həyatımın ən xoş günlərini Müslümlə yaşamışam. İndi o bu çuxurun içində yatır. Onu çox sevirəm. Müslüm cismən öldü, amma mənim üçün hələ də yaşayır. Həyat yoldaşları öldükdən sonra evlənən qadınları heç anlamıram. Necə edirlər bunu?! Bəzən özüm-özümə deyirəm ki, “Allahım, kaş, onu tamamən alacağına, başqa bir qadını sevib ona getsəydi. Elə olsa, içim bu qədər yanmazdı”. Muhterem Nur, Müslüm Gürsesi bu sözləri deyəcək qədər çox sevirdi. Müslüm Gürsesin ölümündən sonra intihar etməyi belə düşünür.

Müslüm Gürsesdən sonra Muhterem Nurun həyatı, uşaqlığı kimi iztirablarla dolu keçir. Yeddi il boyunca Müslümsüz yaşayan sənətkar 20 mart 2020-ci ildə – 87 yaşında vəfat edir. Qovuşmağı çox istədiyi Müslüm Gürseslə Zincirli quyu qəbiristanlığında eyni məzara dəfn olunur.

Nicat Tehran
ədəbincə.az