Araşdırma Məqalələr Musiqi

Bacısını onun gözü önündə öldürdülər, özünə 30 bıçaq vurdular, səhnəni və ölkəni tərk etdi…

Sona Aslanova niyə uzun müddət səhnədən ayrı düşdü? Bacısını öldürüb, özünə 30 bıçaq zərbəsi vuran şəxs kim idi? O, Azərbaycanı niyə tərk etdi? Amerikada yandırılan, külü Pirşağıda dəfn olunan, 200-ə yaxın mahnısı bu günə qədər Azərbaycanın Qızıl Fondunda qorunan xanım sənətkarın həyat hekayəsi…

Ədəbincə – Ədəbiyyat və İncəsənət Portalı əməkdar artist Sona Aslanova haqqında maraqlı məlumatları təqdim edir:

O, niyə uzun müddət səhnədən ayrı düşdü? Bacısını öldürüb, özünə 30 bıçaq zərbəsi vuran şəxs kim idi? O, Azərbaycanı niyə tərk etdi? Amerikada yandırılan, külü Pirşağıda dəfn olunan, 200-ə yaxın mahnısı bu günə qədər Azərbaycanın Qızıl Fondunda qorunan xanım sənətkarın həyat hekayəsi…

Sona Aslanova 1924-cü ildə, oktyabr ayının 4-də, Bakıda doğulur. Atası Şahnəzər kişi dövrünün olduqca zəngin adamlarından biri olur. Lakin sovet rejiminin başlaması ilə atasının mülkü də müsadirə olunur.

1937-ci ildə 13 yaşlı Sona Aslanovanın atası uzaq Sibirə sürgün edilir. Qardaşları Sona Aslanovanın müğənni olmasına, səhnəyə çıxmasına qarşı olurlar. Hətta, radioda ilk dəfə çıxış edən gənc Sona Aslanovanın qardaşı evdə əriştə yeyərkən radioda bacısının adını eşidir və əsəbiləşib əriştə dolu qabı divara çırpır. Lakin ali təhsilli olan, bir neçə dil bilən anası Zibeydə xanım Sona Aslanovaya dəstəyini əsirgəmir. Onu qardaşlarının qadağalarından qoruyub səhnəyə çıxmasına, təhsil almasına kömək edir.

1945-ci ildə atası Şahnəzər kişi sürgündən qayıdır və o, ömrünün sonunacan Sona xanımın bağ evində yaşayır.

1940-cı illərin sonlarında Sona Aslanova dahi Üzeyir Hacıbəylinin köməyi ilə böyük səhnəyə qədəm qoyur. Konsertlərin birində onu ayaq üstə alqışlayan Üzeyir bəy Sona Aslanova haqqında “səsi ürəkləri fəth edən qadın” deyir. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasındakı təhsilini başa vurduqdan sonra elə təhsil aldığı yerdə də müəllim kimi işləməyə başlayır.

Eyni zamanda, Azərbaycanda yeganə coloratura-soprano səsə malik vokal ifaçısı kimi bilinən Sona Aslanova bu müddətdə 200-dən çox mahnı ifa edir. “Görüş”, “Telefonçu Qız”, “O qızı tapın”, “Bizim Cəbiş müəllim” və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsində isə “Arşın Mal Alan” -da Gülçöhrə, “Əsli və Kərəm” — də Əsli, “Koroğlu” -da Nigar obrazlarını yaradır. Bu işlərinə görə, 1956-ci ildə Azərbaycan SSR  Xalq artsiti fəxri adına, 1959-cu ildə isə Azərbaycan SSR Şərəf nişanı ordeninə layiq görülür.

Amma bir gün şöhrətinin, sənət uğurlarının zirvəsində olan Sona Aslanovanın həyatında dəhşətli bir hadisə baş verir. Bacısı Sona xanımın gözləri önündə öz həyat yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilir. Ardınca, qatil yeznəsi Sona xanıma da 30-a yaxın bıçaq zərbəsi vurur. Çoxlu qan itirən, hər yerindən yaralanan Sona Aslanovanın sağ qalacağına ümid edilmir. Amma o, ölüm-qalım savaşından sağ çıxır və yenidən həyata qayıdır.

Bu qanlı hadisədən sağ çıxsa da Sona Aslanova uzun müddət sənətdən, səhnədən ayrı düşür. Ömrünün sonunacan bu barədə danışmır, sənətdən niyə uzaqlaşdığının səbəbini açıqlamır. 2018-ci ildə bu dəhşətli hadisə Flora Kərimovanın dilindən Azərbaycan teleməkanında ilk dəfə səslənir.

Daha sonra Sonra xanım İkinci Dünya Müharibəsində iştirak etmiş, Bakıda yaşayan, ixtisasca memar olan Kamal adlı bir bəylə ailə qurur. Daha sonra Sona xanımın oğlanları Amerikaya köçdükdən sonra, 1994-cü ildə Sona Aslanova da Amerikanın Kaliforniya ştatına yerləşir.

Amerikada yaşadığı müddətdə xanım sənətkar Azərbaycan tərəfindən heç bir diqqət və qayğı görməsə də, Amerikada yaşlılar üçün müəyyən imtiyazlara sahib olur. Hətta, 2006-cı ildə Amerikada yaşayan azərbaycanlı jurnalist Gülbəniz Arifqızı Azərbaycanın Mədəniyyət Nazirliyinə və Prezident Adminstrasiyasına Sona Aslanovaya Xalq Artisti fəxri adının verilməsi üçün müraciət edir. Lakin müsbət cavab almır.

2008-ci ildə iflic keçirən Sona Aslanova səsini itirir. 9 mart 2011-ci ildə Azərbaycan SSR əməkdar artisti, Azərbaycanda yeganə coloratura-saprano səsə malik vokal ifaçısı deyə bilinən, ifaları bu günə qədər Qızıl Fondda qorunan, 86 yaşlı Sona Aslanova vəfat edir. Onun nəşinin Azərbaycana gətirilməsi və burada dəfn olunması üçün də jurnalist Gülbəniz Arifqızı Azərbaycanın Amerikadakı səfirliynə müraciət edir. Səfirlə birbaşa əlaqə bir müddət əlçatmaz olsa da, daha sonra Sona Aslanovanın vəfat etdiyi Gülbəniz Arifqızı tərəfindən Amerikadakı Azərbaycan səfirinə bildirilir. Lakin səfir “Hə, nə olsun, ölüb, ölüb də” deyə cavab verir.

Xanım sənətkarın nəşinin Azərbaycana gətirilməsi üçün nə qədər çalışılsa da heç bir nəticə əldə edilmir və mart ayının 12-də Sona Aslanovanın nəşi öz vəsiyyətinə uyğun olaraq Amerikada yandırılır. Daha sonra onun külü oğlu Cahangir tərəfindən Bakıya gətirilir və Pirşağıda, atasının yanında dəfn olunur.

Orxan Bahadırsoy
edebince.az