Köşə

Gələcəyinizdən xəbər var…

Şəhadət barmağınızı özünüzə çevirdikdə cavabı tapacaqsınız. Bəli, cavab bu qədər bəsitdir. Bunu heç düşünmüşdünüz? Üstəlik, bunu bacaracaq gücə sahibkən – Zeynep Turan

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı türk köşə yazarı Zeynep Turanın köşə yazısını təqdim edir:

Həyatın qarşımıza qoyduğu şərtlər altında vuruşub durarkən ikinci bir seçimi əsla düşünə bilmirik. Əgər karbon izimizi hesablasaq, müəyyən bir dairədə geri qayıtdığımızı ən yaxşı şəkildə başa düşərik. Əlbəttə ki, özümüz üçün bir şeylərin fərqli olmasını arzu edirik. Amma ən çox acını da bu yerdə çəkirik. İstəklərimizin gerçəklərlə davamlı mübarizə aparmağını diləyir, bəzən də bu mübarizənin canlı şahidi oluruq. Sonda isə şüşə qırıqları kimi batan xəyallar əllərimizi ağrıdır. Və bir dənə daha əlavə olunur yaralarımıza… Sonsuz bir dünyanın içində kiçik bir ərazidə gəzirik. Buradan da nə qədər məhdudiyyətli olduğumuzu göstərə bilərik. Hər yerə gedə biləcəyimiz müasir dünyada heç bir yerə getmirik.

Ruhunuza baxın

Şəhadət barmağınızı özünüzə çevirdikdə cavabı tapacaqsınız. Bəli, cavab bu qədər bəsitdir. Bunu heç düşünmüşdünüz? Üstəlik, bunu bacaracaq gücə sahibkən. Güzgünü kimsə tutmadan ruhunuza baxa bilmisiniz heç? Artıq, sahib olduqlarınızı görmək üçün gözləməyin. Qarşılaşdığınız kiçik hadisələrin sizi fərqli edən özəlliklərinizi korlamasına artıq icazə verməyin. Sizi siz edən biri var içinizdə. Hər şeyi sizinlə bərabər yaşayır. Hər bir zərbədə dəyişir, böyüyür. Və sizin görə bildiyinizdən daha artığını görür.

Yeni bir otaq açın

Beynimizdəki müəyyən sərhədlərdən kənara çıxa bilmirik ki bilmirik. Tanışdığımız insanları o sərhədlərə görə bir otağa həbs edirik. Yaxşı, bu kateqoriyaların xaricində biri ilə tanışanda nə olur? Maraq, təəccüb, hüzursuzluq… “Necə olur ki, onu otaqlardan birinə həbs edə bilmirik?” – deyə, soruşuruq özümüzdən. Qısa bir qeyri-müəyyənlikdən sonra araşdırma aparıb onun üçün də bir otaq tapırıq və ya yeni bir otaq açırıq…

Xəyal qırıqlığı

İnsan övladı istəməkdən əsla çəkimməz, həmişə bir gözləntisi olar. İşlərin gözlənildiyi kimi olmadığı və ya xarici faktorların qarışdığı zaman meydana gələn mənfi vəziyyəti isə xəyal qırıqlığı deyə adlandırır. Halbuki, ilk addımı atan özündən başqası deyildir. Eləymiş kimi düşünən bizik! Kim deyib ki, xəyal qırıqlığıdır?! Bu, sadəcə, bir müdəfiə mexanizminin özünə yazığın gəlməsi üçün atdığı ilk addımdır… Xəyal qırıqlığını başqalarına yükləməmişdən qabaq təkrar-təkrar düşünün… İcazə verin çətinliklər olsun. İcazə verin sizi dəyişdirsin, acı çəkərək öyrənin bəzi şeyləri. Acının adı təcrübədir. Bu, əslində, həyatta kimliyinizin ortaya çıxdığı nadir anlardan biridir.

Zeynep Turan

Zeynəb Turan
www.sabah.com.tr

Türkcədən tərcümə: Nicat Tehran