Araşdırma Məqalələr Musiqi

Amerikada güllələnən azərbaycanlı müğənni…

Sevil Hacıyeva ölkəni niyə tərk etdi?

Ədəbincə – Ədəbiyyat və İncəsənət Portalı məşhur müğənni Sevil Hacıyeva haqqında maraqlı məlumatları təqdim edir:

Onun Azərbaycanı tərk etməyinə səbəb nə idi? Onu kim və niyə öldürdü? Bakıda vərəmə yoluxan, cəmi 31 yaşında öldürülən xanım müğənninin həyat hekayəsi…

Sevil Hacıyeva 1968-ci ilin 3 oktyabrında, Bakıda dünyaya göz açır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil alır. 1988-ci ildə “Bakı Payızı – 88” yarışmasının qaliblərindən biri olur. 1989-cu ildə isə “Yurmala – 89” yarışmasında finala qədər yüksəlir. Bununla da, Sevil Hacıyeva Azərbaycanda, xüsusi ilə gənclər arasında şöhrətə qovuşur.

Amma Sevil Hacıyevanın əsas yaradıcılıq fəaliyyəti və daha böyük şöhrəti “Karvan” qrupuna qatılması ilə başlayır. 1988-ci ildə Sevinc Kərimovanın təşkil elədiyi “Bakı Payızı” yarışmasından sonra qrupa qatılan Sevil Hacıyeva həm də Eldar Mansurovun mahnılarının ən mahir ifaçılarından biri olur. Xanım müğənninin Samir Bağırovla ifa etdiyi duetlər də böyük dinləyici rəğbəti qazanır.

1993-cü ildə dövrün ağır şərtləri Karvan qrupunun öz fəaliyyətini davam etdirməyinə icazə vermir. Beləliklə, “Karvan” qrupu dağılır və qrup üzvləri müxtəlif ölkələrə üz tutub özlərinə yeni həyat qururlar. Sevil Hacıyeva isə Bakıda vərəm xəstəliyinə yoluxur. Həm ağır xəstəlik, həm də qrupun dağılması, bunların üzərinə, ailəsi yaşadığı gərginliklər xanım müğənninin psixoloji çöküşünə səbəb olur.

Elə bu əsnada təsadüfi tanış olduğu Amerika vətəndaşının köməyi ilə Sevil Hacıyeva Amerikaya köçür. Sevil Hacıyevanın Amerikadakı həyatı haqqında yerli mətbuatda bir-birindən fərqli olan müxtəlif variantlar yer alır. Lakin azərbaycanlı jurnalist Cavid Ağanın araşdırmalarından sonra daha dəqiq məlumatlar yerli mediada tirajlanmağa başladı. Belə ki, Amerikada Sevil Hacıyeva imzasına ilk dəfə 1994-cü ildə rast gəlinir.

Belə ki, həmin il Amerikanın Texas ştatında, Hyuston şəhərində yerləşən Rayz Universitetinin “Şeferd Skul of myuzik” fakültəsində təhsil alan Sevil Hacıyeva bu Universitetin xor ansamblında Tomas Caberin dirijorluğu ilə Milad bayramına aid mahnı da oxuyur. Həmin universitetin 1995-ci ilə aid repertuar çıxarışlarında Sevil Hacıyeva imzasına azı iki dəfə rast gəlinir.

1994-1995-cü illərdə Sevil Hacıyeva Hyuston şəhərinin Sugar Land bölgəsində, oxuduğu universitetə yarım saatlıq məsafədə yerləşən qərb məhəllələrindən birində yaşayır. 1996-cı ildə isə Las Veqasa yollanan müğənni burada həmin ilin 8 sentyabrında Yan Musman adlı amerika vətəndaşı ilə evlənir.

Amerika arxivlərində Sevil Hacıyevanın 1998-ci ildə Los Ancelesedə yaşadığı görünür. Yerli mediada yer alan məlumatlara görə, Sevil Hacıyeva həmin illərdə Los Ancelesin məşhur gecə klublarında səhnəyə çıxır. Əlbəttə, artıq təhsili də, işi də, şəxsi həyatı da yoluna düşən gənc müğənni bu müddətdə müalicə alıb yoluxduğu vərəm xəstəliyindən də sağalır. Amma xoşbəxtliyi uzun çəkmir. 2000-ci il – eramızın üçüncü minilliyinin ilk ili azərbaycanlı gənc müğənninin həyatında son il olur.

“Los Anceles Times”ın 13 sentyabr, 2000-ci il tarixli buraxılışında belə bir xəbər yer alır:

Dəbli Qərbi Hollivud küçəsindəki sənət qalereyasının çıxışında baş verən soyğun zamanı bir qadının atəş nəticəsində ölməsi qonşuları, mağaza işçilərini və onların elit müştərilərini heyrətə gətirdi.

Çərşənbə axşamı, gecə yarısı, Şimali Robertson Bulvarının 470-ci blokunda gəzən bir cütlük onlardan pul tələb edən və qadının çantasını dartıb çəkməyə çalışan bir silahlı şəxslə qarşılaşdılar.

31 yaşlı qadın qaçmağa çalışıb və bir neçə dəfə arxasından güllələnib. Onun hadisə yerində ölü olduğu elan edilib.

Hüquq-mühafizə orqanları, kişinin silahlı şəxslə mübarizə apardığını və sifətindən güllələndiyini açıqladı. Çərşənbə axşamının ikinci yarısında sağalacağı və xəstəxanadan buraxılacağı gözlənilir – bunu Cedars-Sinay Tibb Mərkəzinin nümayəndəsi bildirib. Şerifin müavinləri hələ də silahlı adamı axtarırlar.

 Hər iki zərərçəkənin adları yaxınlarına bildirilmək üçün hələlik gizli saxlanılır, ancaq Los Angeles bölgəsi tədqiqatçısının dediklərinə görə qadın 31 yaşlı Rusiyalı bir qonaq olub. Yaralı kişi barədə heç bir məlumat verilmir.

Qonşular cütlüyün “Jonathan Kent Qalereyası”nın vitrini önündə dayandıqdan dərhal sonra baş verən qətl hadisəsini eşidərkən dəhşətə gəliblər”.

Jurnalist Cavid Ağanın araşdırmalarına görə Sevil Hacıyevanın həyat yoldaşı Yan Musmanın həkim olduğu güman edilir. Çünki, Google Xəritəsi Yan Musman adlı bir həkimin ofisinin bu hadisənin baş verdiyi yerdən 25 dəqiqəlik piyada məsafədə olduğunu göstərir. Eyni zamanda, Hadisənin baş verdiyi gecə zərərçəkənin yerləşdirildiyi Cedars-Sinay Tibb mərkəzi də hadisə yerindən 5 dəqiqəlik məsafədə yerləşir.

Azərbaycanlı jurnalistin Amerika axivindən əldə etdiyi məlumata görə, Sevil Hacıyeva Amerikada “Məhdud iş imkanı üçün icazə verilən xarici tələbə status” alır və o, sosial təhlükəsizlik koduna sahib olur.

Azərbaycanlı müğənni, cəmi 31 yaşında bir soyğunçu tərəfindən kürəyindən güllələnərək qətlə yetirilən Sevil Hacıyeva Hollivud Hils məzarlığında dəfn olunur. Onun məzarı üzərində “Gülümsəməyə davam et, parlamağa davam et. Bil ki, mənə həmişə güvənə bilərsən. Əlbəttə, çünki dostlar bunun üçündür.” Məzarın sağ tərəfində isə İsa Məsih qabartması və Matta 28:20 ayəsindən bir hissə yazılıb: “Mən həmişə səninləyəm”

Orxan Bahadirsoy
edebince.az