Köşə Tənqid

Danimarkalı qonaqlar, endirilən bayraq, tolerantlıq şousu – Sənan Mustafa yazır…

Ümid edirəm ki, gələn turist qonaqlar internetdə 2016-cı ilin Azərbaycan üçün “Multikultralizm” ili elan olunduğunu oxumayıblar – Sənan Mustafa…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı gənc müəllif Sənan Mustafanın Azərbaycandakı tolerantlıq və multikultralizm haqqında yazısını təqdim edir.

Uşaq vaxtı kənddə yaşayırdıq. Kənddəki digər əksər ailələr kimi aztəminatlı bir ailə idik. Bəzi xoşladığım meyvələr, içkilər, şirniyyatlar da qonaq gələndən-gələnə alınırdı. Ləbləbini isə xüsusən çox sevirdim. Qonaqlar gəlməzdən qabaq süfrə bəzədiləndə oğrun-oğrun bir-ikisini ağzıma atar, o anın xoşbəxtliyini yaşayardım. Qonaqlar gələndə isə süfrədəki nemətlərdən çox atışdıranda anam göz-qaş edərdi. Bir dəfə də Bakıdan atamın xalası gil qonaq gəlmişdi. Mən yenə şıltaqlığımdan qalmırdım. Bakıdan gələn qonaqlara özümü göstərməyə çalışırdım. Amma onların baxış bucağı, maraqları ilə kənddən çölə çıxmamış bir uşağın hansı ortaq nöqtəsi ola bilərdi ki? Elə oldu ki, anamla eyni anda mətbəxə keçdik, anam qulağıma fısıldayaraq “Bizi biabır etmə, qoy qonaqlar getsin, sonra nə istəsən edərsən, ayıbdır!” deyib məni tənbehlədi. Mənim də bir az kefim pozuldu. Beləcə, həmin qonaqlar kimi neçə qonaqdan ayıblarımızı gizlədə-gizlədə yola salar, daha sonra süfrədəki xoşladığım nemətlərə acgözlüklə hücum çəkərdim. Yəqin ki, bu mənzərə, bu sözlər çoxumuza tanışdır…

Nə isə, bu mövzuya sonra qayıdarıq. Bildiyimiz kimi Azərbaycanda qızğın futbol yarışları keçirilir. Məlum səbəbə görə ölkəmizə kütləvi sayıda xarici qonaqlar da gəlib. Yəqin ki, qonaqların əksər qismi ölkəmizə gəlməzdən qabaq internetdə “Azərbaycan necə bir ölkədir?” tipli araşdırmalar aparıb. Ölkəmiz haqqında məlumatları oxuyub necə səmimi, necə tolerant bir ölkəyə səfər edəcəklərinin eyforiyasına qapılaraq öz dost-tanışlarına bu barədə danışdıqlarını təxmin edirəm. Ölkəyə gələndən sonra isə Bakının müxtəlif yerlərini gəzib bol-bol şəkil çəkdirdikləri də istisna hal deyil. Bakının füsünkar yerləri kimi çirkli çimərlikləri, baxımsız küçələri, daşıb-tökülən zibil qabları da var, ümid edirəm, ancaq füsünkar mənzərələri görüblər. Nə isə, hələ bunlardan yanı-sıra, arzu edirəm ki, gələn turist qonaqlar internetdə 2016-cı ilin Azərbaycan üçün “Multikultralizm” ili elan olunduğunu oxumayıblar. Yoxsa multikultralizmdən pafosla dəm vuran və multikultralizmin, tolerantlığın nə olduğunu bilməyən məmurların halından belə biabır vəziyyətdəyik.

Son günlərdə sosial medya gündəmində tirajlanan bir xəbər rastıma çıxdı. Foto-meterialda məlum Avropa Futbol yarışlarının keçirildiyi Bakı Olimpiya Stadionunda danimarkalı azarkeşlər dəstək şüarları yağdıraraq LGBT bayrağı da dalğalandırırlar. Bunu görən polislər dərhal onlara yaxınlaşır və LGBT bayrağını əllərindən alır. Heç azarkeşlər yellədikləri bayraq ilə iki dəqiqə “azar öldürə bilmirlər.” Yazıqlar yəqin azərbaycan dili bilmirlər ki, bayrağın alınma səbəbini öyrənsinlər. Əminəm ki, həmin qonaqlar da Azərbaycanın multikultral və tolerant ölkə olduğunu əvvəlcədən hardasa oxuyublar, ya da eşidiblər. Düşünürəm ki, danimarkalı qonaqlar həmin anda polislərin onlara baxıb həvəsə düşdüyünü, polislərin də bayraq yelləmək istədiyini fikirləşib. Axı bu digər multikultral və tolerant ölkələrdə sıradan bir haldır. Lakin azarkeşlərin xəyal qırıqlığı yaşadığı gərçəyi məlumdur. Ölkələrinə qayıtdıqda isə əminəm ki, bununla bağlı dostlarına, yoldaşlarına, sosial çevrələrinə hər-hansı nə isə danışacaq və ya bölüşəcəklər. Bu şəkli gördükdə mənim uşaqlıqda etdiyim məsum şıltaqlıqlar yadıma düşdü. Mənim üçün məsum və sıradan bir şey olsa da etdiyim qonaqlara ayıb idi. İndi tək ümid həmin danimarkalı qonaqların Bakının gözəlliyinə heyran olub bu hadisəni yaddan çıxarmalarına qalıb. Amma hər iki halda anamın dediyi kimi “Bizi biabır etmə, qoy qonaqlar getsin, sonra nə istəsən edərsən, ayıbdır!”

Sənan Mustafa

Sənan Mustafa
www.edebince.az