Araşdırma Məqalələr Musiqi

Üzünə kislota səpildi, ayağından bıçaqlandı, kürəyindən güllələndi – 30 yaşında öldürülən məşhur müğənni…

Bergen aşiq olduğu adam tərəfindən qətlə yetirildi…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı məşhur arabesk müğənnisi Bergen haqqında maraqlı məlumatları təqdim edir:

O, niyə Acıların qadını ləqəbi ilə milyonların sevimlisi oldu? Üzünə niyə kislota səpildi? O niyə öz qatilini hər şeyə rəğmən bağışlayırdı? Məşhur arabesk ulduzunun cəmi 30 yaşında öldürülməsinin səbəbi nə idi? Məzarı dəmir barmaqlıqlara alınan, rekordları Sezen Aksunu geridə qoyan, arabesk janrını televiziyaya çıxaran acıların qadının acı hekayəsi…

Onun anası mamaça, atası boyaçı idi. Atasını uşaq yaşlarında itirir və elə məktəb illərindən işləməyə başlayır. Yoxsulluqdan təhsil almaq arzusu ürəyində qalır. Sonradan onu “Acıların qadını” deyə tanıyacaqdı milyonlarla insan. Amma o, elə “acıların uşağı” olaraq gəlir dünyaya.

Əsl adı Belgin Sarılmışer olan, 1959-cu ilin 15 iyulunda Türkiyənin Mersin şəhərində doğulan Bərgən 18 yaşı olanda dostları ilə bir gecə klubuna gedir və orda dostlarının təkidi ilə səhnəyə çıxıb Orxan Gəncəbayın “Batsın bu dünya” mahnısını oxuyur. Brrgenin səsinə heyran olan klub sahibi ona iş təklif edir və onsuz da maddi sıxıntılar çəkən, maddiyyat üzündən təhsilini də yarımçıq qoyan qız klub sahibi ilə razılaşır. 

Həmin gecədən sonra ulduzu parlayan, müxtəlif klublardan təklif alan Bergen Adanada bir gecə klubunda işləməyə başlayır. Burada klub sahibi ilə razılaşır ki, ona bir avtomobil verilsin və bunun müqabilində səkkiz ay işləsin. Ona avtomobil verilir, amma səkkiz ayın sonunda avtomobil Bərgənin adına sənədləşdirilmədiyi üçün klub sahibi tərəfindən geri alınır. Xəyal qırıqlığına uğrayan gənc qıza klubun ansamblında işləyən musiqiçi Halis kömək edir. Halisin Bergenə həm maddi dəstəyi olur, həm də onu başqa bir yerdə işə düzəldir. Doğrusunu kimsə bilməz, amma çox güman ki, minnət borcu Bergeni Halisə aşiq edir və birlikdə yaşamağa başlayırlar. Amma Bərgən bilmir qatilinə aşiq olduğunu…

Tez zamanda məşhurlaşan Bergen 1988-ci ildə Barbaros Yüksələ verdiyi müsahibəsində belə deyir: “Minnət borcundan bir eşq doğuldu. Mən səhnəni çox sevən, sənətə aşiq olan biriydim. Halis isə çox qısqanc idi. Məni ilk döyməsi də o zamanlar başladı. Səhnədən aldı və evə kilidlədi. Nişanlanandan sonra hər gün döyülürdüm.” Jurnalistin “Döyürdüsə, niyə tərk etmirdin?” sualına “Dəli kimi aşiqdim, ata bilmirdim” cavabını verir.

Absurddur, amma həqiqətdir. Bergen daha sonralar Halisin evli olduğunu, üç uşaq atası olduğunu öyrənir. Bundan sonra onunla bir müddət görüşmür. Ankarada yenidən səhnəyə çıxmağa başlayır. Bülent Ersoy, İbrahim Tatlısəs, Müjde Ar ilə bir səhnəni paylaşır. Həmin vaxt onun anasının yaşadığı Adanadakı evində bir yanğın olur və onu bu vəziyyətdən təkrar xilas edən də məhz Halis olur. Yəni həm aşiq olduğu, həm ilk minnət duyduğu, həm də aldadıldığı adama ikinci minnət borcu yaranır. Birlikdəlik yenidən başlayır, amma dava-dalaş səngimir, gah küsür, gah barışırlar. Nəhayət, 1982-ci ilin 9 yanvarında rəsmi nigahla evlənirlər. 

Aldadıldığını bilsə də, döyülsə də, səhnədən ayrı qalıb dörd divar arasına qapadılsa da Halislə evlənir. Unudulmayan minnət borcu, hədə-qorxu, yoxsa hər şeyi gözə alan bir sevgimi buna səbəb olur, bəlli deyil. 

Evləndikdən sonra əri Halis Bergeni hədələyir. “Səhnəyə çıxsan üzünə kislota atacağam” deyir. Bergen isə sevdiyi səhnədən ayrıla bilmir, ərinin hədə-qorxusuna rəğmən, səhnəyə çıxır. 1982-ci ilin yayında İzmirdəki gecə klublarının birindən çıxarkən kirayələnmiş bir adam Bergenin üstünə başından aşağı kislota səpir. Üzü və bütün bədəni yanır, hər iki gözü kor olur. Sifarişçi olduğuna görə əri yeddi il azadlıqdan məhrum edilir. Bərgən isə dəfələrlə əməliyyat olunur. Gözünün biri tamamilə sıradan çıxsa da, digər gözünün görmə qabiliyyəti bərpa edilir. Buna görə də 1982-ci ildən sonrakı görüntülərinin hamısında bir gözü saçları ilə örtülüdür.

Uzun müddət sonra Bergen sağlamlığına qismən qovuşub səhnəyə qayıdır, amma yenə çox keçmir ki, konsertlərinin birində səhnəyə çıxan gənc oğlan müğənninin bədəninə yeddi bıçaq zərbəsi vurur. Bu hadisənin də sifarişçisinin həbsdə olan əri Halis olduğu bilinsə də, bıçaqlayan şəxs bunu sadəcə tanınmaq, şöhrət qazanmaq üçün etdiyini deyir. Bergen isə Yenidən ağır əməliyyatlar keçirir, uzun müddət əlil arabasında gəzir. Sağalan kimi canından çox sevdiyi səhnəyə qayıdır.

Həm səsi ilə, həm də gözəlliyi ilə dövrünə meydan oxuyur Bergen. Bir konsertində müğənniyə gül verən qız “çox gözəlsiniz” deyir, Bergen isə “pozdular o gözəlliyi” cavabını verir. Başqa bir konsertində ön sırada oturub onu dinləyən Sezen Aksu yanındakılara “bu qadını kislota belə çirkinləşdirə bilməyib” deyir. 

O zamanlar Türkiyənin yeganə kanalı olan TV1-də arabesk musiqisi qadağan olunmuşdu. Amma Bergen arabesk musiqisini ekranda ifa edən və müsahibə verən ilk arabesk ifaçısı idi. Milyonların sevgisi telekanalı məcbur etmişdi Bergenlə reportaj hazırlamağa, bu isə müğənninin ilk və son reportajı idi. Bundan başqa albomunun satışı 700 000-lə rekord qıran, Sezen Aksunun belə 500 000-lə satılan albomunu geridə buraxan Bergen, eyni anda həm “Altın pilak”, həm də “Altın kasset” mükafatlarını almışdı. Bu mükafatların ikisini də eyni anda alan yeganə sənətçi kimi tarixə düşmüşdü. Dəfələrlə ilin qadın sənətçisi seçilmişdi.

Onun mahnıları bu günə qədər türk arabesk dünyasının ən sevilən mahnıları siyahısında ön sıralardadır. Bergenə ilk böyük şöhrəti bəşx edən “Acıların kadını” mahnısı olur. Ardınca, “Sen affetsen ben affetmem”, “Benim için üzülme”, “kurtar Yarap”, “Şikayetim var”, “Onu da yak Tanrım”, “Elimde duran fotoğrafın” və digər mahnıları qısa müddətdə dillər əzbəri olur.

Əfsus ki, Bergenin xoşbəxtliyi yenə uzun sürmür. 1989-cu ildə bütün qəzetlərin birinci səhifəsi bu başlıqları yazır: “Acıların qadını öldürüldü”, “Acıların qadınına acı son”, “Sürətli yaşadı, gənc öldü”. Son başlıq daha çox ifadə edir Bergeni. Sürətli yaşayıb, gənc ölmüşdü — cəmi 30 yaşında. Anası ilə konsertə gedərkən Bolu bölgəsindəki yolkənarı dinlənmə dayanacaqlarının birində zindandan çıxan əri Halis tərəfindən kürəyindən güllələnərək öldürülür. Keçmiş əri ona israrla yenidən qayıtmağı təklif edir. Bergen isə ona geri dönməyəcəyini deyir. Bunun nəticəsində kürəyindən aldığı altı güllə yarısı ilə yerindəcə keçinir. Əri isə bu cinayətdən sonra cəmi yeddi ay cəza çəkib sərbəst buraxılır. Hətta, dostları və qohumları Halisin həbsdən çıxmasını şənliklə, çalğı ilə qarşılayıb qurban kəsirlər.

 Bergen isə qətlinin ardından Mersinin Tarsus qəsəbəsində bir məzarlıqda dəfn olunur və məzarının da rahat buraxılmayacağı qorxusu ilə məzarı dəmir barmaqlıqlara alınır. Onun dəfninə sənət dünyasına heç kəs qatılmır.

O, dünyada, xüsusi ilə türk və müsəlman coğrafiyasında patriarxatın, kişi hegemonluğunun, cəhalətin qurbanı olan ilk qadın deyildi. Sonuncu da olmadı. 2015-ci ildə elə Mersinin, Tarsus qəsəbəsində, Bergenlə eyni məzarlıqda dəfn olunan və təcavüzə məruz qalıb amansızlıqla öldürülən Özgəcan Aslan da eyni bəlanın qurbanı idi.

Orxan Bahadırsoy
sputnik.az