Ədəbiyyat Poeziya

“O bütün həsrətlərin qoyulaşdığı yerdə, bil ki, səni gözləyirəm…” – Ümit Yaşar Oğuzcan şeirləri…


Və bir gün məzarında sarı bir gül bitərsə,
bil ki, mən səni sevirəm…

Ümit Yaşar Oğuzcan

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı məşhur türk şair Ümit Yaşar Oğuzcanın sevgi şeirlərini təqdim edir.

Bir gün

Əgər qəfil oyansan gecənin bir yerində,
gözlərin uzun-uzun qaranlığa dalarsa,
istilik duysan əgər üşüyən əllərində
və saatlar gecikmiş zamanı oğurlasa,
bil ki, səni düşünürəm…

Bir qayıq yaxınlaşsa dənizi keçə-keçə,
min, örtün qaranlıqdan masmavi dənizlərdə.
Və dinlə bu qəlbimi, gör necə çırpır, necə?!
O bütün həsrətlərin qoyulaşdığı yerdə,
bil ki, səni gözləyirəm…

Bir səhər Gün doğanda aç pərdələrini, bax,
sevinclə balkonuna qonursa qağayılar,
özünü dadmadığın dərin bir həzzə burax!
Tökülsün dodağından ən ümidli mahnılar,
bil ki, səni istəyirəm…

Gecələrdən birində oyanarsan zamansız,
uzaqlardan kədərli, qərib bir quş ötərsə,
bir ceyran ağlayırsa uca dağlarda yalnız,
və bir gün məzarında sarı bir gül bitərsə,
bil ki, mən səni sevirəm…

Gözlərim gözlərində

Həmişəmi uşaqtək baxar sənin gözlərin?
Həmişə içində uzaq bir işıqmı yanar?
Baxışlarında mənə hüzur verən bir şey var,
sanki sahilindəyəm ən sakit dənizlərin.

Bir yelkənli qayığam mən sənin limanında,
fırtınadan çıxmışam, qoynunda dincəlirəm.
Bu hüzur, bu səssizlik heç bitməsin dilərəm,
ən bənzərsiz zamanım keçsin sənin yanında.

Heç yumma gözlərini! İşığın əksilməsin!
Gündüzüm, aydınlığım, gülüm, ləçəyim mənim,
baxçamda açılan son payız çiçəyim mənim!

Yorğun qəlbim səninlə ağrı nədir bilməsin,
ayırma gözlərimdən o məsum gözlərini,
o sakit, o yalansız, o tənha gözlərini…

Bir gecə qəfil gələ bilərəm

Bu qədər ürəkdən çağırma məni,
bir gecə bir anda gələ bilərəm.
Məni gözləyərək yatmamısana
sevincdən qapında ölə bilərəm.

Bəlkə də həyata başdan başlaram,
sönən közlərim də od, alov alar.
Bəlkə də getmərəm, kölən olaram,
bəlkə də sevərsən, nə bilmək olar?

Qal desən dünya qədər sevərəm,
bir dəniz olaram ayaqlarında.
Bu eşqdir, həsrətdir, bəlli olarmı?
Ürəyim dayanar dodaqlarında.

Ya da unudaram kim olduğumu,
unudaram adımı da yanında.
Çılğına dönərəm, dəli olaram,
sənə qovuşmağın həyəcanından.

Eşqdir bu, bilinməz hara aparar,
gah güldürər, gah ağladar sevəni.
Baxarsan, bir anda çıxıb gələrəm,
bu qədər ürəkdən çağırma məni.

Ümit yaşar Oğuzcan
Türkcədən tərcümə: Sənan Mustafa