Araşdırma Kino Məqalələr Teatr

Qızını onun gözü qarşısında öldürdülər, cavan oğlu öldü – kirayələrdə ürəyi partlayan aktrisa…

Anası onu lənətlədi, dili tutuldu, ayağı sındı – Nuriyyə Əhmədova

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Xalq Artisti Nuriyyə Əhmədova haqqında maraqlı məlumatları təqdim edir:

Anası ona niyə qarğış etmişdi? 20 yaşlı qızını kim və niyə qətlə yetirdi? Hər iki övladını itirən aktrisanın son arzusu nə idi? Kinomuzun Rozası, Səriyyə xalası, ömrünün sonunacan kirayələrdə yaşayan aktrisanın iztirablı taleyi…

Nuriyyə Əhmədova 1950-ci ilin 26 dekabrında, Şəkidə dünyaya göz açır. Atası hərbçi, anası evdar qadın olan Nuriyyə xanımın aktrisa olmasını ailəsi istəmir. Nuriyyə isə səhnəyə olan sevgisindən imtina edə bilmir və İncəsənət İnstitutuna daxil olur. Eyni zamanda, Musiqili Komediya Teatrında aktrisa kimi işləməyə başlayır. Sırf bu sənəti seçdiyi üçün anası onu ömrünün sonunacan bağışlamır və ona qarğış edir. Anasından xeyir-dua əvəzinə “Heç o sənətin xeyrini görməyəsən, zülümlər içində qovrulasan” sözlərini eşidən Nuriyyə Əhmədova yaşadığı bəxtsiz taleyinin səbəbini bu qarğışın lənətində görür.

Musiqili Komediya Teatrında işlədiyi zaman Xalq Artisti Əminə Yusifqızının qardaşı Xanlar İbadovla tanış olurlar və ailə qururlar. Bu evlilikdən Nuriyyə xanımın iki övladı dünyaya gəlir: oğlu Əli, qızı İlahə.

1982-ci ildən filmlərə çəkilməyə başlayan aktrisa istedadı ilə qısa müddətdə şöhrətə qovuşur. O, Azərbaycan kinosu tarixində ən çox filmə çəkilən aktrisalardandır. Hansı ki, çəkildiyi filmdə oynadığı obrazın ölçüsündən asılı olmayaraq diqqət çəkə və sevilə bilir. Ən epizodik rolda dediyi bir cümlə də dildən-dilə düşür. Nuriyyə Əhmədova “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət”, “Sahilsiz gecə”, “Yuxu”, “Köpək”, “Fransız”, “Evlənmək istəyirəm”, “Ölsəm, bağışla” kimi onlarla filmdə bir-birindən fərqli, maraqlı obrazlar canlandırır.

“Sahilsiz gecə” filmində oynadığı erməni fahişəsi Roza və “Yuxu” filmindəki Səriyyə xala obrazları arasındakı fərqlə onun böyük ifaçılıq məharəti, rəngarəng aktrisalıq istedadı aydın görünür. Fəqət sənətində bu qədər uğurlu, bu qədər zəngin olan aktrisa həyatında olduqca bəxtsiz, uğursuz, yoxsul bir tale yaşayır. Qızı İlahi 20 yaşında ikən Aviasiya Akademiyasında oxuyan bir tələbə ilə ailə həyatı qurur. Nuriyyə xanım əvvəlcə qızını vermək istəməsə də, cütlük bir-birini sevib evlənir. Lakin oğlanın ruhi-əsəb problemləri varmış. Nuriyyə xanımın sözlərinə görə, oğlanın anası sağ ikən onu həkim nəzarətində saxlayırmış. Anası vəfat etdikdən sonra səhhətinin kontrolunu itirən oğlan getdikcə ağılalmaz rəftar sərgiləyirmiş. Nuriyyə xanımın qızı İlahə bu evlilikdən Faiq adlı bir oğul övladı dünyaya gətirir. Əri isə İlahəni öz körpə uşağına qısqanmağa başlayır və bu qısqanclıq səbəbi ilə Nuriyyə xanımın gənc qızı, öz əri tərəfindən qətlə yetirilir. Övladının haray səsinə çıxan aktrisa yaralı və qan içində olan qızını qucağına alsa da, həyatını xilas etmək mümkün olmur. Qızı Nuriyyə xanımın qollarında can verir.

Bu dəhşətin travması ilə Nuriyyə xanımın dili üç gün boyunca tutulur. O, heç kimlə heç bir kəlmə danışmır. Bir müddət sonra qızının yadigarı olan uşağı öz övladlığına götürür və onu oğlu kimi böyüdür. Səhnə isə yenə də Nuriyyə xanımın yeganə pənah yeri olur. Rejissor Vaqif Mustafayev 1999-ci ildə çəkilən “Yerlə göy arasında” filminə Nuriyyə Əhmədovanı dəvət edir. Bu filmdə yer alan matəm səhnəsində fəryad edən, şivən qoparan Nuriyyə Əhmədova yenicə vəfat etmiş qızını xatırlayaraq dil deyib ağlayır.

Qızından yadigar qalan uşaqla, oğulluğa götürdüyü Faiqlə həyata tutunan Nuriyyə Əhmədovanın taleyindən bəla yenə yan keçmir. Oğlu Əlinin də ailəsi dağılır. Xərçəng xəstəliyinə tutulan Əli İslamzadə 2014-cü ildə 37 yaşında vəfat edir. Elə həmin il aktrisa avtobusdan yıxılır və ayağı sınır. Bir neçə ay xəstə yatağında yatır.

Bu müddətdə həyat yoldaşı ilə ayrı yaşamağa qərar verirlər. Nuriyyə Əhmədova bəzən həmkarı və rəfiqəsi Nahidə Orucovanın evində, bəzən isə kirayələrdə yaşayır. O, bir neçə dəfə mətbuata verdiyi müsahibələrdə evinin olmadığını dilə gətirib dövlətdən dəstək istəsə də ömrünün sonuna qədər Nuriyyə xanımın bu arzusuna dövlət tərəfindən heç bir cavab verilmir.

Nəhayət, qəfil ürəktutması səbəbi ilə xəstəxanaya aparılır. Amma aktrisanın həyatını xilas etmək mümkün olmur. Azərbaycan kinosunun ən sevilən aktrisalarından biri, respublikanın xalq artisti Nuriyyə Əhmədova 2015-ci ilin oktyabr ayının 10-da,  64 yaşında vəfat edir.

Aktrisanın nəşi ilə vida mərasiminin keçirilməsi üçün də dövlət tərəfindən heç bir tədbir görülmür. Nəticədə, Nuriyyə Əhmədova Mərdəkanda bacısının evindən bir neçə nəfərlik vida mərasimi ilə son mənzilə yola salınır və Şüvəlanda oğlu ilə qızının məzarının yanında dəfn olunur.

Orxan Bahadırsoy
edebince.az