Araşdırma Məqalələr

Gənc oğlunu doğradılar, dörd dəfə evləndi, Almaniyada vəfat etdi – şuşalı diktorun hekayəsi…

Rafiq Hüseynov AzTv-dən niyə istefa verdi? Ona niyə arvadbaz adlandırdılar?

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Xalq Artisti Rafiq Hüseynov haqqında maraqlı məlumatları təqdim edir:

Televiziyada işıqçı kimi işə başlayan gənc oğlan necə oldu ki, bütün Sovet ölkələrinin sevimli diktoruna çevrildi? Onun adına niyə arvadbaz dedilər? 18 yaşlı oğlunu kim və niyə öldürdü? Şuşada doğulub Almaniyada vəfat edən xalq artistinin şöhrət, pərəstiş, eşq və kədər dolu həyatı…

Rafiq Hüseynov 1946-ci ilin avqust ayının 4-də Şuşa şəhərində anadan olur. Hələ 17 yaşı olan Azərbayan Televiziyasında işıqçı kimi işə başlayır. Ailəsinin maddi vəziyyəti çətin olduğu üçün təcili iş tapıb ailəsinə maddi dəstək göstərmək istəyir. Həmin illərrdə onun televiziyada işləmək kimi bir arzusu, məqsədi olmur. Lakin işə ehtiyacı olduğu üçün Azərbaycan televiziyasına müraciət edəndə ona “niyə televiziyada işləmək istəyirsən” sualı verilərkən yalan danışmalı olur. İşə qəbul edilməsi üçün “televiziyaya böyük marağım var, mənim arzum burada işləməkdir” deyir. Sonradan verdiyi müsahibələrin birində “o dəhşətli yalan məni Rafiq Hüseynov elədi” deyə bildirir.

Mütləq əksəriyyətin az qala hər gün danışdığı bu cür yalana Rafiq Hüseynov niyə dəhşətli yalan deyir? Çünki o, yalan danışmağı sevmir. Danışmağı ilə, səsi ilə sevilən natiq yalan danışmağı bacarmır. Elə bu səbəblə qurduğu ailələri də dağılır, illərlə çalışdığı televiziyadakı işindən də ayrılır. Amma bu barədə bir az sonra…

Azərbaycan televiziyasında işıqçı kimi işləməyə başlayan Rafiq Hüseynov bir müddət sonra diktor seçmələrinə qatılır. Birinci seçimdə uğur qazana bilməsə də, ikinci seçimlərə daha ciddi hazırlaşır və televiziyada diktor kimi işləməyə başlayır. Lakin elə ilk çıxışı zamanı Mərkəzi Kamitədən zəng edib “o kimdir buraxmısınız efirə, rədd eləyin onu” deyirlər. Bir müddət sonra isə həmin vaxtlar Azərbaycan Televiziyasının rəhbəri olan tanınmış şair Nəbi Xəzri “mən inanıram ki, Rafiq yaxşı diktor olacaq” deyib onu yenidən efirə çıxarır. 1966-cı ildə işıqçılıqdan diktorluğa yenicə qədəm qoyan gənc Rafiq Hüseynov o zamanlar artıq məşhur diktor olan Roza Tağıyevaya aşiq olur. Cütlük ailə həyatı qurur və onların bir oğul övladı dünyaya gəlir.

Bu müddətdə Rafiq Hüsyenov kifayət qədər şöhrət qazanır, Moskvada diktorluq keçir, Moskva televiziyasında rus dilində səlis danışığı ilə diktorluq edir, bütün sovet məkanında tanınır və sevilir. Hətta, respublikanın ən gənc əməkdar artisti olur. 1984-cü ildə isə Rafiq Hüseynovun həyatında baş verən faciə həm onun ömrünün sonunacan ən böyük dərdi, həm də qurduğu ilk ailənin dağılma səbəbi olur. Mərhum diktor həmin il, əvvəlcə, anasını itirir. Daha sonra isə… Rafiq Hüseynovla Roza Tağıyevanın  universitetin tarix fakültəsinin 1-ci kurs tələbəsi olan gənc oğlu müəmmalı şəkildə qətlə yetirilir. Qatil öldürdüyü qurbanın nəşini tikə-tikə doğrayıb çemodana yığır. Bu cinayətin səbəbi və təfərrüatları haqqında heç vaxt geniş məlumat verilmir. Bu barədə müxtəlif şaiyələr dildən-dilə dolaşır.

Rafiq Hüseynov öz övladının doğranılmış nəşini çiyinlərində daşıyıb dəfn edir. Qatil isə qısa müddətdə tapılır. Ona güllələnmə hökmü verilir. Lakin vərəm xəstəsi olduğu üçün güllələnmə hökmü 20 illik həbslə əvəz edilir. Amma 19 il həbsdə yatıb 2003-cü ildə azadlığa çıxan qatilin hələ də sağ olduğu, Tərtər bölgəsində yaşadığı bildirilir. Onun kimliyi barədə də heç bir məlumat verilmir.

Bu faciədən sonra Rafiq Hüseynovun Roza Tağıyeva ilə qurduğu ailə dağılır. Cütlük ayrılır və bir müddət sonra Rafiq Hüseynov yenidən ailə qurur. Mərhum diktorun ikinci ailəsi də uğurlu olmur və üçüncü dəfə ailə qurur. Bu səbəblə haqqında “arvadbaz”, “babnik” kimi ifadələr işlədilir. Amma Rafiq Hüseynov bir neçə dəfə ailə qurmasının səbəbini özünün yalan danışa bilməməyi ilə izah edir. Müsahibələrinin birində deyir ki: “əgər daha sevmirsənsə, deməli, həyat yolunu ayırmalısan, heç kimi münasibətdə aldatmaq olmaz. Deyirlər ki, arvadbaz olmuşam. Sevmişəm, aşiq olmuşam. Burda nə var ki? Məhəbbət hər adamın başına gələ bilər”.

Elə yalan danışa bilmədiyi üçün də Azərbaycan televiziyasındakı işindən ayrılır. 1990-cı ilin 20 yanvar faciəsindən sonra televiziyanın enerji bloku partladılır və bir müddət qapadılan televiziya ekranı yenidən fəaliyyətə başlayanda efirdə ilk görünən şəxs Rafiq Hüseynov olur. O, tamaşaçılara baxmadan, başını aşağı dikərək mətnini oxuyub sağollaşır. Daha sonra ona oxuması üçün verilən mətnləri oxumaqdan imtina edir. O, mətnlərdə xalqa yalan məlumat vermək istədiklərini görür və siyasi oyunların alətinə çevrilmək istəmir. Bu səbəblə də ərizəsini yazıb işdən çıxır.

Rafiq Hüseynov ard-arda uğursuz evliliklərinin nəhayətində, dördüncü dəfə evlənir və özünün də dediyinə görə, ailə səadətini tapır. O, öz tələbəsi olan, özündən 30 yaş kiçik Səbinə xanımla ailə qurur. Bu evlilikdən bir qız övladı dünyaya gəlir.

Televiziyaya qayıtması isə 15 il sonra baş tutur. Rəhbərliyin dəvəti ilə aparıcılar üzrə bədii rəhbər kimi yenidən Azərbaycan televiziyasında işləməyə başlayır. Nəhayət, məşhur diktor, həm sənəti, həm də şəxsiyyəti ilə ürəkləri fəth edən Rafiü Hüseynov 2017-ci ilin oktyabr ayının 26-da, Almaniyanın Düsseldorf şəhərində, ağciyər xərçəngi səbəbi ilə vəfat edir. Mərhumun nəşi noyabr ayının 2-də Azərbaycana gətirilir. 3 noyabr 2017-ci il tarixində Rəşid Behbudov adına Mahnı Teatrında Rafiq Hüseynovla vida mərasimi keçirilir və o, Yasamal məzarlığında dəfn olunur.

Rafiq Hüseynovdan danışarkən onun ilk məhəbbəti, ilk həyat yoldaşı olan və həm də sevilən diktor Roza Tağıyevanın bu münasibətdəki elit rəftarından, onun Rafiq Hüseynova ömrünün sonunacan bəslədiyi hörmət və sayğıdan, şəxsinin mədəniyyəti və kübarlığından danışmamaq olmaz. Roza Tağıyeva Rafiq Hüseynovun xəstəliyi zamanı da, vəfatı zamanı da onun və ailəsinin yanında olur. Mehribanlığını, nəzakətini və qayğısını əsirgəmir. Bir dövrün bitmiş evlilik münasibətindən geriyə hər kəsə örnək bir dostluq qalır. Bu ayrılıq əsla çirkin qalmaqallarla gündəm olmur. Hər iki tərəf öz həmkar münasibətini, dost münasibətini böyük sədaqətlə qoruya bilirlər.

Orxan Bahadırsoy
edebince.az