Araşdırma İncəsənət Musiqi

Özünü boğub öldürdülər, əri dənizdə batdı, 18 yaşlı oğlunu yandırdılar – qorxu filmi kimi həyat hekayəsi…

Var-dövlətdən geriyə qalan kimsəsiz və faciəli bir ölüm, unudulmuş bir sənətkar – Tamella Məmmədzadə

Ədəbİncə – Ədəbiyyat və İncəsənət portalı tanınmış bəstəkar və müğənni Tamella Məmmədzadə haqqında maraqlı məlumatları təqdim edir.

Onun atası niyə sürgün olundu? Anası öz ərini ömrünün sonunacan niyə bağışlamadı? İki dəfə ailə qursa da, ömrünün sonunda niyə tək qaldı? 18 yaşlı oğlu niyə yandırıldı? Məşhur bəstəkar və müğənnini kimlər və niyə boğub öldürdülər? Var-dövlətdən, şan-şöhrətdən geriyə qalan kimsəsiz və faciəli bir ölüm, unudulmuş bir sənətkar…  Bunca dəhşətin səbəbi nə idi?

Tamella Məmmədzadə 1937-ci ildə, Bakıda dünyaya göz açır. Tamella Məmmədzadənin anası Sara xanım olduqca zəngin bir ailənin qızı olur. Atası Məmmədağa Tufanpur iranlı olduğu üçün repressiya illərində, əvvəlcə, Sibirə, daha sonra İrana sürgün edilir. Atası sürgün ediləndə Tamellə Məmmədzadə səkkiz aylıq körpə olur və anası onu təkbaşına böyüdür. Ta ki, Tamella xanım 18 yaşına çatır və gənc bir idmançı ilə ailə həyatı qurur. Atası Tamella xanımın nigah mərasiminə gəlir və Tamella Məmmədzadə səkkiz aylıq olanda ayrıldığı atasını 18 il sonra ilk dəfə görür.

Bu vaxt məlum olur ki, Məmmədağa Tufanpur İranda bir fars xanımla ailə həyatı qurub, ondan iki qızı, bir oğlu da dünyaya gəlib. Anası Sara xanım isə ərini çox sevdiyi üçün, ki, Tamella xanımın dediyinə görə, onun valideynləri böyük bir eşqlə sevib evləniblər – əri sürgün ediləndən sonra ərə getməyən Sara xanım Məmmədağanın başqa bir qadınla ailə qurduğunu öyrənib ömrünün sonuna qədər onu bağışlamır.

Lakin həyat bu dəfə də Tamella xanımın üzünə gülmür. Evliliyindən bir müddət sonra oğlu Çingiz dünayaya gəlir və Çingiz hələ körpə ikən idmançı olan atası gəmi ilə hansısa yarışa gedərkən, gəmidə yaranmış bir təhlükə səbəbi ilə gəmidəkilər dənizə atılır. Tamella xanımın əri öz iki həmkarını ölümdən xilas edir, üçüncünü xilas edəndə isə özü də sulara qərq olub həyatını itirir.

Bu əsnada qeyd etmək lazımdır ki, Tamella xanımın səhnəyə gəlişi, yaradıcılığa başlama hekayəsi haqqında konkret məlumatlar əlçatan deyil. Hətta, xanım sənətkarın haqqında Vikipediya virtual ensiklopediyasında da heç bir məlumat yer almır. Bizə məlum olan odur ki, Tamella Məmmədzadə maestro Niyazinin və tarzən Bəhram Mansurovun sayəsində səhnə həyatına başlayır. O, özünün böyük musiqi biliyi, bəstəkarlıq istedadı ilə qısa müddətdə şöhrət qazanır. Onun “Xətrinə dəymərəm” mahnısını Zeynəb Xanlarova, “Sən mənimlə get” mahnısını Sara Qədimova, “Ey külək”, “Söyüd ağacı altında” mahnılarını Flora Kərimova, “Səndən söz açır” mahnısını Şövkət Ələkbərova və başqa mahnılarını digər nəhəng sənətkarlar ifa edirlər.

Birinci həyat yoldaşını qəfil bir faciədə itirən Tamella Məmmədzadə həyatını oğlu Çingizə bağlayır və onu böyüdür. Amma nə sirdirsə, faciə yenə də Tamella xanımın həyatından yan keçmir. Tamella xanımın atası Məmmədağa Tufanpur Avstriyaya köçür və orada iri zinət əşyaları mağazalarının sahibi olur. O, qızı Tamellaya olduqca bahalı bir briliant dəsti hədiyyə edir. Oğlu Çingiz 18 yaşlı bir gənc olanda babasının hədiyyə etdiyi həmin bahalı dəstin briliant üzüyünü barmağında gəzdirir. Bir gün Çingizin mindiyi taksinin sürücüsü bu üzüyü oğurlamaq üçün Çingizi öldürür. Amma bu hekayənin yerli mediada yer alan başqa bir variantı da var. Belə ki, bir gün dostları Çingizi Mərdəkanda yerləşən bağ evinə qonaqlığa dəvət edirlər.  Bu qonaqlıqda yeyib-içdikdən sonra dostları Çingizdən tələb edir ki, briliant komplektin yerini desin ya da gətirib onlara çatdırsın. Çingiz isə dostlarının bu çirkin təklifini qəbul etmir və onlarla inadlaşır. Nəticədə, dostları 18 yaşlı gənc Çingizi öldürürlər. İzi itirmək üçün nəşini də yandırırlar. Polislər hadisə yerinə gələndə meyitin tamamilə yandığını, yalnız ayaqlarının topuq hissəsinin və ayaqqabılarının yanmadığını görürlər. Qatillərə ölüm hökmü verilir, lakin qatillərdən biri vəzifəli bir şəxsin olduğu üçün ölüm hökmnü ləngidilir. Bu səbəblə Tamella xanım Moskvaya yollanır. O, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibi Mixail Suslovla görüşür və bu görüşdən sonra qatilin ölüm hökmü dərhal icra olunur.

Bir müddət sonra Tamella Məmmədzadə ikinci dəfə ailə həyatı qurur. Lakin ikinci həyat yoldaşı ilə razılaşır ki, Çingizdən sonra övlad sahibi olmaq istəmir. Bu səbəblə iki dəfə hamilə qalsa da, uşaqları bətnində ikən tələf edir. Zaman keçdikcə özünü tənha hiss edən cütlük övladlığa uşaq götürməyə qərar verirlər. Tamella xanım öz qohumları tərəfindən 4 yaşlı bir qız uşağını sahiblənir. Ərinin qohumları tərəfindən isə yenicə doğulmuş bir oğlan uşağını övladılığa götürür. Həyatını düzənə salmaq, tənhalıqdan xilas olmaq istəyən xanım sənətkarın həyatı yenidən cəhənnəmə çevrilir. Uşaqları götürdükdən qısa müddət sonra ikinci həyat yoldaşı da vəfat edir. Tamella xanımın öz qohumları onlardan götürdüyü dörd yaşlı qızcığaza tez-tez deyirlərmiş ki, evdəki oğlan uşağını götürüb balkondan aşağı atsın. Buna səbəb var-dövlətin yalnız onların qızına qalması imiş. Qız bunu Tamella xanıma deyəndə xanım sənətkar qız uşağına öz qohumlarına qaytarır. Bundan sonra, o, təkcə, ərinin qohumlarından götürdüyü azyaşlı oğlan uşağına baxır. Lakin ərinin qohumları da Tamella xanımı incidirlər. Onlar tez-tez uşağı Tamella xanımdan oğurlayıb pul tələb edirlər və Tamella xanım hər dəfə pul verib uşağı onlardan alır.

Lakin bu bəladan qurtulmaq üçün Tamella xanım bir prakurorla əlaqə saxlayıb iki ayrı sənəd düzəltdirir. Sənədlərin birində öz var-dövlətindən həmin oğlan uşağına heç bir miras saxlamır. İkinci sənəddə isə bütün mirasını o uşağa miras qoyduğu yazılır. Ailəyə sərvətinin o uşağa qalmayacağına dair sənədi göstərib təhdidlərdən xilas olur.

Amma bütün ömrü boyunca sevdiklərini ondan alan faciələr bu dəfə də Tamella Məmmədzadənin öz həyatına son qoyur. Uzun illər yanında çalışmış qulluqçusu, hətta, ona doğması kimi dəyər verdiyi üçün bütün ətrafına əmisi qızı kimi təqdim elədiyi xidmətçisi bir gün Tamella xanıma zəng edib uşağının xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğunu deyir və kömək istəyir. Tamella xanım onu evə dəvət edir və qulluqçusu əri ilə birgə gəldiyini deyəndə ərini də evə çağırır.

Tamella xanımın mütəmadi izlədiyi bir serial da varmış, lakin o, serialın başlama saatını həmişə unudurmuş. Bu səbəblə Yaxın dostu olan Məcid adlı bir şəxs hər dəfə zəng edib serialın başladığını Tamella xanıma xatırladırmış. Keçmiş qulluqçusu öz əri ilə salonda oturub Tamella xanımı gözləyərkən, mətbəxdə onlar üçün çay hazırlayan Tamella xanıma Məcid bəy zəng edib serialın başladığını xatırladır. Bu əsnada məlum olur ki, qulluqçusu öz əri ilə birlikdə onlara gəlib. Amma qonaqların Məcid bəylə olan bu telefon danışığından xəbəri olmur.

Tamella xanım əlində çaylarla salona qayıdanda qulluqçunun əri onun boğazına kəmər salıb qızılların yerini deməsini tələb edir. Tamella xanım şərtləşir ki, qızılların yerini deyəcək, götürüb getsinlər, amma onu öldürməsinlər. Lakin qulluqçu onun öz oğlunun qatilini güllələtdirdiyini bildiyi üçün onlardan da intiqam alacağını deyib ərinin onu öldürməsini istəyir. Belə ki, Tamella xanım qızılların yerini dedikdən sonra onu boğub öldürür və qızılları da götürüb gedirlər. Amma Məcid bəylə olan telefon danışığından evdəki qonaqların kimliyi məlum olduğu üçün qatillər tez bir zamanda tapılır və məhkəmədə hər şeyi etiraf edirlər.

Bununla da xanım sənətkar, dövrünün tanınmış bəstəkarı və müğənnisi Tamella Məmmədzadə 1997-ci ilin yanvar ayında öz evində boğularaq qətlə yetirilir. Onun dəfn mərasiminə sənət dostlarından heç kəs qatılmır. 3 gün morqda qaldıqdan sonra 15-20 nəfərlik dost-tanış çevrəsinin iştirakı ilə Dəniz vağzalının yanında yerləşən evindən son mənzilinə yola salınır.

Xanım sənətkarın bunca faciələrinin əsas səbəbi onun sərvəti olur. Sərvətinə görə 18 yaşlı gənc oğlunu öldürüb yandırırlar. Sərvətinə görə övladlığa götürdüyü hər iki uşağından yarıya bilmir. Və nəhayət, sərvətinə görə öldürülür, evi qarət edilir. Amma bəstələdiyi musiqiləri, ifa etdiyi mahnıları ondan bizə yadigar qalır. Ömrünün son illərində Cavad Xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də, səhnələşdirilməsini görə bilmir. Ayrıca, elə sağlığında onun haqqında bir film çəkilir. Çəkilişlər bitir və film montaja göndərildikdən iki gün sonra, filmin təqdimatını görmədən öldürülür. Hansı ki, mühitində rastlaşdığı çirkin tamahdan usanıb filmin təqdimatından sonra Amerikaya, ya da Avropaya köçməyi planlaşdırırmış. Qəfil və faciəli ölümü xanım sənətkarın bu arzusunun reallaşmasına da mane olur.

Onu da qeyd edim ki, dövrünün məşhur bəstəkar və müğənnisi Tamella Məmmədzadə haqqında internet resurslarında yer alan əksər məlumatların mənbəsi jurnalist Gülbəniz Arifqızının arxividir. Bu videoda yer alan məlumatlarda da Amerikada yaşayan azərbaycanlı hərbi jurnalist, Tamella Məmmədzadənin yaxın rəfiqəsi Gülbəniz Arifqızının arxivinə istinad olunub.

Orxan Bahadırsoy
edebince.az