Ədəbiyyat Poeziya

“Niyə məni heç öpmədin? Darıxdım!” – Nicat Tehran şeirləri…

Nicat Tehran: “Unudulmaq istəmirdin?! Unutdum!” 

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı seçmə şeirlər rubrikasında gənc müəllif Nicat Tehranın şeirlərini təqdim edir:

Hönkür-hönkür gülmək

Birlikdə öyrəndik biz ayrılığı,
ayrıldıq sevməyi öyrənən yerdə.
Ayrıldıq səninlə, ayrıldıq bu gün,
bıçaqlar sümüyə dirənən yerdə.

Hislərimə qalib gələ bilmədim,
budadım öz hislərimi dibindən.
Elə bu gün asacağam özümü,
asacağam, ayrılığın ipindən!

Ayrılığın yerini də tapmışam,
ayrılıq allahın qarğışındadır.
Qaşla gözün arasında deyil ki!
Ayrılıq alnımın qırışındadır.

Ayrılandan itirmişəm ağlımı,
qollarında ölmək gəlir içimdən.
Dəli kimi bir hissə qapılmışam,
hönkür-hönkür gülmək gəlir içimdən.

Yalvarış

Tanrı, bircə cavab ver, mənim yalvarışıma,
bəs bu qədər əzablar yaraşırmı yaşıma?
Daşıdığım eşqimin daşı düşdü başıma,
sənin yenə də hirsin…
soyumur e, soyumur.

Səni unutmağımdı biri də suçlarımdan,
əl izini gəl axtar… tökülən saçlarımdan.
Mən saçqıran kəsmirəm, saçımın uclarından,
ümidim yox, ümidlər…
soyulur e, soyulur.

Xərçəngi qabaqlayıb, saçımı yoldum gecə,
əvvəl bahar idimsə, soyuq qış oldum gecə.
Barmaqarası baxma… gözlərini yum, keçər!
Ruhum məni də artıq…
soyunur e, soyunur.

Unutdum

Çox dəyişib səndəki o, baxışlar!
Gedişimdən incidinsə,
bağışla!

Mənə baxıb, həmişə göz süzərdin…
Elə bildin, əvvəlkiyəm?
Düzəldim!

İlk görəndə əlim əsdi, karıxdım.
Niyə məni heç öpmədin?
Darıxdım!

Sən tərəfə çıxa bilmir yollarım,
Bəs, məktubum çatmadımı?
Yolladım!

Sənin adın bitib artıq dilimdə,
Səni necə unudurlar?
Bilim də!

Mənə baxıb niyə dolur gözlərin?
Səni niyə gözləmədim?!
Gözlədim!

Səhvim üçün özümü çox danladım!
Elə bildin anlamadım?
Anladım!

İstəmirsən? Üzünə də baxmaram!
Səni niyə düşünürəm?!
Axmağam!

Üzrlü say, unutmuşam deməyi…
Bilirsən də unutqanam,
neyləyim?

Səndən sonra göz yaşımı qurutdum!
Unudulmaq istəmirdin?!
Unutdum!  

Səndən şeirim olsun

Məni bərk-bərk qucaqla,
sonra xəyal quraq, gəl.
Məndə sevmək alınmır,
bir nağıl uyduraq, gəl.

Sevgimiz bu nağılda
həm allah, həm din olsun.
Arzuları çin edən,
cin yox, Ələddin olsun.

Mən səni gizlətmişəm,
gör, nə şeirlərimdə.
Köhnə nağıllarımdır,
köhnə şeirlərim də.

Daha bu şeirlər də
köhnəlir e, tamsınır.
Çox saxlama, heyifdir,
cehiz apar hamısını.

“Get, xoşbəxt ol” deməyə,
düzü, gəlmir dilim də.
Deməkdənsə bu sözü,
yaxşısı, mən ölüm də.

Sən də nağıl olmamış,
get, məndən uzaq dayan.
Mən, sən olduğun yerə
ən yaxın uzaqdayam.

Əllərini burax da,
Qoy saçımı oxşasın!
Səndən şeirim olsun,
ən çox mənə oxşasın.

Çıxıb gedəsən

Bir səhər yuxudan durub eləcə,
son dəfə həyata baxıb gedəsən.
Masaya bir məktub qoyub gizlicə,
bütün xəyalları yıxıb gedəsən.

Apardığın ola, yalnız şərəfin,
ölsən də qalacaq, şeirlər rəfin.
Evinin süzərək hər bir tərəfin,
nə xatirən varsa, yığıb gedəsən.

Zülmətdə şam idim, yandım-əridim,
yalan ayaq açdı, həm də yeridi.
Gələn tər ölümün soyuq təridi,
o tərə qarışıb, axıb gedəsən .

Gedəsən, bir kəndir, bir sən olasan,
bütün ölümlərə vətən olasan.
Kəndirdən asılan bədən olasan,
özün bu bədəndən çıxıb gedəsən.

Nicat Tehran