Araşdırma Məqalələr

Xoşbəxtlik naziri olan tək ölkə – evsiz və işsiz adam yoxdur, səhiyyə və təhsil pulsuzdur…

Butan

Tütün istifadəsi və heyvanları ovlamaq qadağan olan ölkə – Butan

Ədəbincə – Ədəbiyyat və İncəsənət portalı Butan haqqında maraqlı məlumatları təqdim edir:

Bir ölkə düşünün ki, orda evsiz və işsiz insan yoxdur. Hətta, dünyada Xoşbəxtlik Nazirliyi olan yeganə ölkədir. Əsrarəngiz təbiəti, xoşbəxt adamları ilə məşhur bir nağıllar ölkəsi…

Butan Krallığı Cənubi Asiyada Çin və Hindistan arasında, məşhur Himalay dağlarında yerləşən kiçik bir dövlətdir. Əsası 1907-ci ildə qoyulan bu kiçik ölkənin varlığından dünyadakı çox insan xəbərsizdir. Çünki Butan Krallığı 1974-cü ilə qədər özünü bütün dünyadan təcrid edib və 1974-cü ildən sonra turist qəbul etməyə başlayıb. Bununla yanaşı, Butanda 1999-cu ilə qədər televizor və internet istifadəsi qadağan olunub. Əhalini modern dünyadan tamamilə təcrid etməyin mümkünsüz olduğunu görən Butan kralı 1999-cu ildə ölkədə internet və televizor istifadəsinə icazə verib.

Lakin qadağalar bununla bitmir. Butan Krallığında tütün məmulatları istehsal etmək, istifadə etmək, ölkəyə gətirmək və satmaq qadağandır. Ayrıca, heyvanları kəsmək və ovlamaq da qadağandır. Butan xalqının böyük əksəriyyəti milli və dini baxış bucağına görə, heyvanların da insanlar kimi yaşamaq haqqının olduğunu düşünür və bu səbəblə, Butanda insanların əksəriyyəti vegeteriandır. Yenə də ət yemək istəyənlər üçün ölkəyə Hindistandan ət gətirilir və az bir kəsim tərəfindən istifadə olunur.

Butan Krallığı dünyada işıqforun və liftin olmadığı tək ölkədir. Bu ölkədə evlərin milli memarlığa uyğun tikilməsi vacibdir və tikilən evlər dörd mərtəbədən artıq ola bilməz. Bu səbəblə, ölkədə lift ehtiyacı yoxdur. Hətta, kralın ehtişamlı sarayında belə, lift yoxdur. Butanda hər kəsin avtomobil almaq imkanı olsa da, bu nəqliyyat vasitəsindən çox istifadə edilmir. İnsanlar havanı və təbiəti çirkləndirməkdən narahat olduqları üçün avtomobildən istifadə etmirlər. Yol qovşaqlarında isə işıqfor əvəzinə yol polisləri dayanır. Butan kralının və xalqının birgə düşüncəsinə əsasən, bu üsulla, həm hamının işləməsi təmin olunur, həm də elektrik enerjisinə qənaət edilir. Elə bu kimi nüanslara görə də Butanda işsiz və evsiz insan yoxdur.

Butanda evini itirən şəxsin krala müraciət etməsi kifayət edir. Kral evini itirən vətəndaşa həm ev ikə bilməsi, həm də əkin-biçinlə məşğul ola bilməsi üçün geniş bir ərazi verir. Butan xalqının böyük əksəriyyəti təsərrüfatla məşğul olur və cəmi 800 min nəfər əhalisi olan bu kiçik ölkənin qida ehtiyacının böyük əksəriyyəti yerli istehasalatla qarşılanır. Buna rəğmən, Butanda ölkənin inkişafetmə dərəcəsi başqa ölkələrdəki kimi ümumdaxili istehsalata görə deyil, xoşbəxt insan sayına görə ölçülür. 2015-ci ildə əhalinin siyahıya alınmasına dair anketdə insanların özlərini xoşbəxt hesab edib-etməmələri də soruşulub. Bu sorğuya görə Butan xalqının 92 faizi özünü xoşbəxt hiss etdiyini deyib.Butan dünyada yeganə ölkədir ki, orda Xoşbəxtlik naziri var. Əhalinin xoşbəxtliyi Butan dövləti üçün əsas şərtlərdən biridir. Elə bu səbəblə, Butan dövləti pul anlayışı ilə 1974-cü ildə tanış olub və dünyada pul istifadəsinə ən son başlayan ölkə kimi tarixə keçib. Həmin vaxtda qədər Butan xalqı arasında ticarət mal dəyişiməklə baş verib. 1974-cü ildə isə həm kağız pul, həm də dəmir pul dövriyyəyə buraxılıb. Lakin əhali dəmir pul istifadə etməkdə çətinlik çəkdiyini bildirincə, kral dəmir pulu dövriyyədən qaldırıb və hal-hazırda Butan dünyada yalnız kağız pulun istifadə edildiyi iki ölkədən biridir. Üstəlik, Butanda təhsil və səhiyyə tamamilə pulsuzdur. Hətta, dərmanlar belə əhaliyə pulsuz verilir.

Butan Krallıq olsa da dünyada demokratiyanın ən çox olduğu ölkələrdən biridir. Krallıq anlayışı sadəcə ənənəni qorumaq üçün hələ də mövcuddur. Lakin demokratik öıkələrdə olduğu kimi Butan da konstitusiya qaydalarına uyğun idarə edilməlidir. Hətta, konstitusiyada yer alan maddəyə görə Butan kralı 65 yaşında təqaüdə çıxmağa məcburdur. Buna rəğmən, son kral 51 yaşında könüllü şəkildə taxtından enib yerini növbəti gənc krala təhvil verib. Görünür ki, taxt-tac, kürsü sahibi olmaq Butan xalqı üçün əhəmiyyətsiz bir şeydir. Onlar üçün dəyərli olan əsas məsələ insan xoşbəxtliyidir.

Butan əhalisi buddizmə inanır və onların inancına görə təbiəti, heyvanları və havanı qorumaq insanın əsas vəzifəsidir. Hətta, Butan dünyada ətraf mühitin qorunmasına dair konstitusiyasına maddə əlavə edən ilk ölkədir. Buna görə də Butana səfər etmək istəyənlər üçün müəyyən edilmiş viza şərtləri çox çətindir. Üstəlik, vizanı alıb Butana səfər etsəniz belə, bu ölkədə tək gəzməyiniz və istədiyiniz yerə getməyiniz mümkün deyil. Butan dövlətinə qədəm qoyduğunuz anda bələdçi tutmağa məcbursunuz. Bu bələdçi sizi Butan təbiəti və mədəniyyəti ilə tanış etməklə yanaşı, Butan təbiətini də sizin çirkləndirməyinizdən qorumaqla məsuliyyətlidir. Hətta, Butan dövləti havanı kirlənmədən qorumaq üçün kömür enerjisindən də istifadə etmir. Butanda elektrik enerjisi çaylardan və başqa su hövzələrindən əldə edilir.

Uzun müddət boyunca Butan dünyada karbon dioksid səviyyəsinin ən az olduğu ölkə kimi bilinsə də, 2016-cı ildə Butan Baş nazirinin TedX çıxışında Butanın karbon neqativ bir ölkə olduğu açıqlandı. Belə ki, Butan bir il ərzində 2.2 milyon ton karbon-dioksid meydana gətirir, lakin Butandakı xalq tərəfindən diqqətlə qorunan meşələr bir il ərzində bu karbon dioksid miqdarının üç qatını fotosintez etmək qabiliyyətinə malikdir.

Butan xalqın adət-ənənələrinə görə hər kəs milli paltar geyinməlidir. Açıq-saçıq geyinmək xalq tərəfindən qətiyyətlə pis qəbul edilir. Üstəlik, bir çox şərq xalqlarından fərqli olaraq, Butanda miras oğul övladlarına deyil, qız övladlarına qalır. Buna əsas kimi, oğul övladının istənilən vaxt mal-mülk sahibi ola biləcəyi, qızın isə düşdüyü hər hansı çətinlikdə sığına biləcəyi ata evinin olması göstərilir. Bununla yanaşı, Butanda yeni evlənən cütlüklər oğlanın evinə yox, qızın evinə yerləşirlər və bir müddətdən sonra əgər istəsələr yeni evlərinə köçə bilərlər.

Rəngli geyimləri və memarlığı, festivalları, bayramları, inancları, əsrarəngiz təbiəti, flora və faunası ilə dünya mədəniyyətinin ən mükəmməl ölkələrindən biri olan, adına xoşbəxtlər ölkəsi və ya nağıllar ölkəsi deyilən Butan hər kəsin ən az bir dəfə görməli və gəzməli olduğu ölkədir.

Orxan Bahadırsoy
edebince.az