Ədəbiyyat Poeziya

Basılmayan və bağlanılmayan reportaj: kitab təqdimatında gülüşənlər, sıxılanlar və yol gözləyənlər…

El Roman

Küsən aparıcı, parodiya olunan şair və gəlməyən qiraətçi…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı şair El Romanın “Sənsizliyin baş hərfi” kitabının təqdimat mərasimindən xüsusi reportajı təqdim edir:

         Bir neçə gün bundan qabaq sosial şəbəkələrdə şair El Romanın “Sənsizliyin baş hərfi” kitabının təqdimatının keçiriləcəyi barədə xəbər oxudum. El Romanın şeirlərini bəyəndiyim üçün mən də orada iştirak etməyi qərara aldım. Sağ olsun, bir neçə gün sonra El Romanın özü də məni dəvət etdi. Fürsətdir deyib, düşündüm ki, elə getmişkən reportaj da hazırlayım. Düzü, ilk dəfədir ki, reportaj hazırlayacaqdım, amma çox həvəsli idim. Elə həmin saat El Romana yazaraq şairin icazəsini aldım.

El Roman.

  Təqdimatın keçirildiyi “Azərkitab”ın qarşısına çatanda saata baxıram ki, tədbirin başlamasına hələ yarım saat var. Tədbir keçirilən salona daxil olanda ilk gördüyüm, El Romanla bir dostunun masaları daşıyaraq qonaqlar üçün yer hazırlaması olur. Kitabının təqdimatında hər zəhməti özü çəkən müəllif bunu dilə gətirməklə həm də ölkədəki prodüsser, menecer, assistent məktəblərinin yoxluğuna bariz örnək göstərmiş olur. El Roman masanı yerinə qoyub:

Şair olsam da, kitabla bağlı bütün işlərimdə şair rolu ilə bərabər hər işi özüm görmüşəm,– deyir.

El Romanla görüşüb, təbrik etdikdən sonra içəridə əyləşən digər şəxslərə  – Nadir Rzalı və Uklucay Akifə yaxınlaşaraq onlarla da görüşürəm. Bu, onların hər biri ilə ilk tanışlığımdır.

Ulucay Akiflə qısa sürən dialoqdan sonra bir kənara çəkilərək dostum Sənan Mustafanın gəlməyini gözləyirəm. Bu əsnada maraqla salonda olanların dialoqlarına qulaq asıram. Nadir Rzalı müəllif üçün hazırlanmış kürsüdə oturaraq salondakı masaların düzülüşü ilə bağlı El Romana məsləhət verir. El Roman da qarşılığında:

Sən də keçib molla kimi başda oturmusan, elə ancaq yön göstərirsən, – deyir.

Bir qədər sükutdan sonra kimlərin çıxış edəcəyi haqda danışırlar. Nadir Rzalı, Xəzər Süleymanlıya mütləq söz vermək lazım olduğunu vurğulayır. Elə mənim də bunu vurğulamağım əbəs yerə deyil.

Tədbirə vaxtından bir qədər tez gəldiyim üçün özümü toy günü şadlıq evinə qabaqcadan gəlib masaların üstünü çəkən operatorlar kimi hiss edirəm. Elə bu hiss məni sıxmağa başlayır ki, qonaqlar yavaş-yavaş salona daxil olurlar. Salon tez bir zamanda dolur. Nəhayət, Sənan da gəlir və biz masa arxasına keçirik. Sənan öz fotoaparatını çantasından çıxarır və maraqlı şəkillər çəkmək üçün hazır dayanır. Bizdən yan masada Eminquey Akif, Orxan Saffari, Ulucay Akif və Səddam Laçın öz aralarında söhbətləşirlər. Söhbətə tam bələd deyiləm, amma səhv etmirəmsə, bu gün Elçibəyin doğum günü olduğuna görə öz aralarında ondan danışaraq onu da “yad edirlər”.   

Rəşad Məcid də salona daxil olur və hər kəs ona tərəf baxır. O isə ağır-ağır addımlayıb şair kürsüsünə tərəf irəliləyir. Bizdən yandakı masaya yaxınlaşır və gənc şairlərlə görüşür. Bu vaxt Eminqueyin Rəşad Məcidə təəccüblə baxması, simasındakı ifadə diqqətimi çəkir. Rəşad Məcid onların masasından uzaqlaşdıqdan sonra isə Eminquey təəccüb dolu baxışlarla Ulucay Akifə:

-Bu necə bir giriş idi? – deyərək, gülür.

Sonra isə gülməyə davam edərək, Rəşad Məcidi parodiya edir. Düzü, mənlə Sənan da buna çox gülürük.  

Rəşad Məcid.

Nadir Rzalı öz çıxışı ilə tədbiri açıq elan edir. Tədbirlə bağlı bir-iki açıqlama verdikdən sonra, tədbir saatının bir çox insanın iş vaxtına düşməsindən, onlara uyğun olmamasından gileylənir:

-El Roman tədbiri elə bir vaxta saldı ki, günün tən ortasıdır. Ramiz Rövşən demiş – gecə birin yarısıdır, nə dünəndir, nə sabah.

Sonra isə Rəşad Məcidin El Romanı həmişə daha çox diqqət mərkəzində saxladığını deyir. Rəşad Məcid də zaraftlarından qalmayaraq:

-Mən hamınıza eyni gözlə baxıram,deyərək, cavab verir.

Nadir Rzalı öz çıxışını bitirdikdən sonra Rəşad Məcid ona pafosla danışdığını da söyləyir:

-Sən, elə bil, ötən əsrin 60-cı illərində bir məclisdə çıxış edirsən!

Rəşad Məcidin bu sözündən Nadir Rzalı, sanki, bir qədər inciyir. Nadir Rzalıdan sonra digər aparıcı olan Səidə xanım çıxış edir.

Sonra isə söz Rəşad Məcidə verilir. O, El Romanla, ən əsas da onun şeirləri ilə ilk tanışlığından danışır. Diqqətlə nəzər yetirirəm və tədbirdə iştirak edən insanların əksəriyyətinin qələm adamları olduğunu görürəm. Çünki sıravi oxuculardan daha çox onlar gözümə dəyir. Qarşı tərəfdə olan masalarda yer alanlar, hər kəsin çıxışına hörmətlə qulaq assa da, arxa masalarda olanların bir çoxu öz aralarında söhbət edir, gülüşürlər. Hətta, məclisin əvvəlində ön sıralarda dayananlardan bəziləri buradakı ab-havadan sıxılıb arxa masalara keçir, oradakı qızğın qəhqəhələrə qoşulurlar. Mən isə ədəbiyyat adamlarına ədəbiyyatla bağlı söhbətlərin niyə maraqsız olması və ədəbiyyat adına təşkil olunmuş məclisdə elə ədəbiyyat adamlarının ədəbiyyatdan başqa hər şeyə niyə maraq göstərməsi barədə dərin fəlsəfi fikirlərə dalıram və bunun çox vaxt aldığını görüb diqqətimi tribunada danışılanlara kökləyirəm.

Eminquey Akif.

         Rəşad Məcidin çıxışından sonra bir neçə adam da öz ürək sözlərini deyir, El Romanı təbrik edirlər. Şairin qələm dostlarından olan Səddam Laçın da çıxış edir və onun şeirlərindən səsləndirir.

El Romanın yardıcılığı ilə bağlı fikirlərini bildirməsi üçün İlham Əziz də tribunaya dəvət olunur. Bir dəfə çağırırlar, eşitmir, ikinci dəfə yenə çağırırlar, elə yenə də eşitmir. Görünür, başı yaman söhbətə qarışıb. Nəhayət, Orxan Saffarinin ona səslənməsindən sonra eşidir və nə üçün çağrıldığının fərqinə varmağa çalışaraq El Romanın masasına yaxınlaşır. Öz ürək sözlərini dedikdən sonra, Azərbaycanda yaxşı müəlliflər və yaxşı oxucular olduğunu vurğulayır. Şairlərin çoxunun bir qədər sonra nəsrə keçdiyindən gileylənir və El Romana:

-Sən yaxşı şairsən, elə şair də qal, nəsrə keçmə, – deyərək, çıxışını sonlandırır.

Eminquey Akif, El Roman, İlham Əziz.

Az sonra Nadir Rzalının gərgin halda salondan çıxdığını görürəm. Mən onun ardınca foyeyə çıxaraq niyə belə gərgin olduğunu öyrənməyə çalışıram. O da bəzi planların yolunda getmədiyini söyləyir. Problemin nə olduğunu soruşanda isə:

-Xəzər Süleymanlı da gələsi idi, amma gəlmədi, deyərək, gileylənir.

Bu vaxt İlham Əziz də foyeyə çıxır və məclisin çox sıxıcı getdiyini söyləyir. Aparıcıların ortada olmadığını görən Ulucay Akif vəziyyətin nə yerdə olduğunu başa düşür və cəld tribunaya keçib, el dilində desək, məclisi ələ almağa çalışır.

         Onun ardınca, Eminquey Akif  çox gözəl bir çıxış edir və tədbir iştirakçıları üçün Vaqif  Bayatlının şeirlərindən biri olan “Səni niyə belə sevdim?” şeirini səsləndirir.  Bəlkə də, ona bu salon çox doğma gəldiyi üçün belə rahatdır. Çünki, elə Eminqueyin  də “Günəbaxan” şeirlər kitabının təqdimatı burada keçirilmişdi.

Onun çıxışı zamanı Rəşad Məcid bizdən yan masanın arxasında dayanan İntiqam Yaşara yaxınlaşaraq:

-Bu oğlanın əsl adı Emindir, yoxsa, Eminquey?deyə, soruşur.

         Ümüd Abbas Nihani də salona daxil olur. El  Roman sevincli bir şəkildə:

-Axır ki, gəldindeyir.

Ümüd Abbası görən Rəşad Məcid ondan çıxış etməsini istəyir. O da ilk öncə Nəsimidən bir qəzəl, ardınca da El Romanın şeirlərindən səsləndirir. Məclisdəki yeganə qiraətdir ki, salon tamamilə sükut içində onun valehedici səsini dinləyir.

Ümüd Abbas Nihani.

         Arxa masalara göz gəzdirdikdə məclisə sonradan gələnlər arasında şairin qələm dostlarından olan Rəşad Nağı Mustafa, Elvin Paşa, Pərviz Arif və digər bir neçə şəxsi görürəm. Rəşad Nağını kürsüyə dəvət edirlər. El Roman, ən sevdiyi şairin Rəşad Nağı Mustafa olduğunu qeyd edir və masasında öz kitabı ilə bərabər, onun da kitabının yer aldığını vurğulayır.

        El Roman oxucularının kitablarını imzaladıqdan sonra Nadir Rzalı kürsüyə keçir və öz sözləri ilə tədbiri sonlandırır:

-Mən hər birinizə təşəkkür edirəm ki, tab gətirib sona qədər iştirak etdiniz.  

Onun bu fikrindən belə başa düşürəm ki, İlham Əziz kimi Nadir Rzalı üçün də məclis sıxıcı keçib.

Rəşad Nağı Mustafa, El Roman.

       Salona daxil olduğu andan etibarən səssiz duruşu ilə, hər kəsin çıxışına hörmətlə, maraqla tamaşa edən ədəbiyyat adamlarından biri var ki, o mənim nəzərimdən heç yayınmır. Kamal Hüseynzadə digərləri kimi arxa masalarda yer alsa da, bütün diqqətini tədbirin gedişinə kökləyir. Yanındakılara qoşulub qəhqəhə çəkmir, məclisdən kənar söhbət etmir və sonra da maraqsız keçdiyini, sıxıldığını söyləmir. Hərçənd, bu tədbir, Kamal bəy üçün və orada iştirak edən sənətə, sözə hədsiz dəyər verən digər insanlar üçün də çox maraqlı keçdi.

Tədbirin sonunda Nizami Bayramlı, Ulucay Akifə mənim reportaj hazırlayacağımı söyləyir. Ulucay Akif də reportajla bağlı mənə öz məsləhətlərini verir:

-Yaxşı reportaj yazmaq üçün, gərək, basıb-bağlayasan.  

Hərçənd, mən Ulucay Akifin bir neçə reportajını oxumuşdum və buna təəssüfləndiyimi müəllifə bildirdim.   Elə bu məsləhətdən sonra qərara aldım ki, hazırlayacağım ilk reportaj da basılmayan və bağlanılmayan reportaj olsun!

Bütün bunların içində təmkinini və sənətinin ciddiyyətini qoruyan şair El Romana yaradıcılığında uğurlar və kitabının xeyirli olması diləyi ilə!

Nicat Tehran
edebince.az

Eminquey Akif, Ulucay Akif.
Səddam Laçın.
El Roman, İlham Əziz.
Ulucay Akif, Rəşad Məcid.