Ədəbi şou Ədəbiyyat Maqazin Poeziya

Şeir yazmaq üçün 5 qayda – Öyrən və sən də şeir yaz!

“Qəribə başlıq oldu, hə? “Öyrən və sən də şeir yaz!” – Kola qapaqlarından hədiyyələr qazanmaqla bağlı reklam şüarlarına oxşadı. Ya da səhiyyə nazirliyinin xəbərdarlığına – şeir yazmaq sizin sağlamlığınız üçün faydalıdır. Hərçənd, səhiyyə nazirlikləri heç vaxt faydalı məsləhətlər vermirlər. Nə isə.”

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı xəbər verir ki, şair Orxan Bahadırsoy özünün YouTube kanalında şeir yazmaq istəyən həvəskarlar üçün şeir yazmağın qaydaları haqqında video paylaşıb.

         “Birindən xoşunuz gəlir və heç cür sevginizi etiraf edə bilmirsiniz? Ya da sevgiliniz sizdən küsüb və onun könlünü almaq istəyirsiniz? Aşiq olduğunuz adama hansısa özəl günündə duyğusal bir hədiyyə bağışlamaq fikriniz var? Əgər bütün bu məsələləri həll etmək üçün iki-üç bənd şeir işinizə yarayacaqsa, o zaman mən sizə şeir yazmağın sadə qaydalarını izah edəcəyəm.”

Ədəbİncə sözügedən videonu təqdim edir:

Canınızdan iraq, bütün şairlərin düçar olduğu ortaq bir bəla var. Deməli, sosial şəbəkələrin şairləri – söz adamlarını nisbətən əlçatan etməsi ilə, kim hansı dərdə düşürsə üz tutur şairlərə – hər şairin elektron poçtunda, sosial şəbəkə hesablarının mesaj bölümündə onlarla, yüzlərlə belə mesajlar var ki, “şair, sevgilimdən ayrılmışam, iki-üç bənd şeir yaza bilərsən, göndərim ona, bəlkə barışdıq”. Ya da ki, “şair, bir qız var, ondan xoşum gəlir, adını desəm ona uyğun iki-üç bənd şeir yaza bilərsən, bəlkə xoşbəxt bir ailənin yaranmasına vəsilə oldun”. Hələ bunların içində doğulacaq ilk uşaqlarının adını da sənin şərəfinə qoyacağını rüşvət kimi təklif edənlər olur.  Xanım oxuculardan gələn mesajlar bir az daha duyğusal olur. Kimisi səndən öz eşqinin saflığından, yaşadığı hicrandan, ayrılıq hekayəsindən şeir yazmağını istəyir, kimisi də daha böyük iddialara qapılıb səni özünə aşiq etmək və bütün şeirlərinin ona xitabən yazılmasını istəyir. Mən də bütün bunlara toplu bir həll yolu tapdım – hər kəs öz şeirini özü yazsın! Bu da “hamı yerli mal alsın, xeyir vətənə qalsın” şüarına oxşadı.

         Belə ki, xanımlar və cənablar, hər hansı bir duyğusal probleminiz varsa və bu problemin həlli üçün sizə iki-üç bənd şeir lazımdırsa, xahiş olunur ki, şairləri narahat etməyəsəniz. Bu yazıqlar onsuz da dünyaya narahat doğulublar, icazə verin, öz iztirabları ilə başbaşa qalsınlar. Siz öz şeirinizi özünüz yazın! Bunun üçün sizə ən sadə yolları izah edəcəyəm!

         Birinci və ən sadə qayda: heç bir heca sayına, qafiyəyə məhəl qoymadan, hislərinizi ifadə edən, ağlınızdan və ürəyinizdən keçən cümlələri alt-alta yazın, şeiriniz hazırdır. Onsuz da müasir ədəbiyyatda böyük poeziya nümunəsi kimi təqdim olunan bu cür nümunələr həddən artıq çoxdur. Düzdür, onların çoxu ağlından və ürəyindən keçəni yox, ağzına gələni yazır, amma siz yenə də ağlınızdan və ürəyinizdən keçəni yazın ki, yazdığınızın səmimiyyət baxımından əhəmiyyəti olsun və kimə yazılıbsa həmin şəxsi həyəcanlandıra bilsin. Hətta, bu cür nümunələrlə daha yaxından tanış olmağınız üçün sovet ədəbiyyatının mənsur şeir üzrə ən parlaq imzalarını – Cəfər Cəfərin, Gülhüseyn Hüseynoğlunun bu cür mətnlərini oxumağınızı tövsiyə edirəm, onlardan üç-beş mənsur şeir oxusanız, o cür duyğusal mətnlərdən nə qədər istəsəniz, yaza bilərsiniz.

         İkinci qayda: heca vəznində və qafiyəli şeir yazmaq üçün bunları öyrən. Əgər yazdığınızın həm heca vəznində, həm də qafiyəli şeir olmasını istəyirsinizsə, o zaman işiniz bir az çətindir. Amma mümkünsüz deyil. Sadəcə, işinizi asanlaşdırmaq üçün dediklərimi riayət edin, telefonunuzun ya da kompüterinizin qeyd bölümünü açın, sizə tövsiyə edəcəyim bəzi nüansları qeyd edin. Ən rahat yazıla bilən heca şeirləri, əsasən, yeddi hecalıq və on bir hecalıq heca şeirləridir. Olduqca sadə sözlərdən ərsəyə gələn cümlələri yeddi hecaya ya da on bir hecaya sığdırıb, bu misraları alt-alta düzməklə səmimi şeirlər yaza bilərsiniz.

         Hecaların sayının hər misrada bərabər olması heca vəznində yazılmış bir şeir üçün vacib nüansdır. Yəni, deyək ki, siz hər misrası yeddi heca olan bir şeir yazırsınız və ağlınıza elə bir fikir gəlib ki, yeddi hecadan artıqdır və bu fikri qısaltmaq mümkün deyilsə, bu zaman fikri müxtəlif vasistələrlə – əvəzliklər, bağlayıcılar, ədatlar, şəkilçilər vasitəsi ilə bir az da uzadıb iki misrada ifadə etmək daha məqsədəuyğundur.

Məsələn, Gəl, sən də məni sev ki,  Dilə düşsün bu sevgi!

         Burda “gəl” müraciəti, ya da “də” ədatı olmasa, birinci misra altı heca olacaq və vəzn pozulacaq, şeirin bir ahəngi də qalmayacaq. Əvvəlinə, “gəl” çağırışını, ortasına “də” ədatını əlavə etməklə heca sayını bərabərləşdiririk. Ya da ikinci misrada “dillərə düşsün bu sevgi” demək daha yaxşı olduğu halda, heca vəzni pozulduğu üçün “lər” şəkilçisini çıxarmalı oluruq. Məna onsuz da qalır, azacıq qüvvəti itir. Çox sadə deyilmi? Həm təkcə “də” ədatı ilə qarşı tərəfə sizin ona aşiq olduğunuzu, sevginizi etiraf etmiş olursunuz, həm ona münasibət təklif edirsiniz, həm də qovuşduğunuz təqdirdə onunla yaşadığınız eşqin dillərə düşəcəyini vəd edirsiniz. Yəni, əgər bir geca şeiri yazmaq istəyirsinizsə, ağlınıza gələn misradakı hecaları mütləq sayın. Misralaradakı bütün hecaların sayı bərabər olmalıdır.

On bir hecalıq şeirləri də yazmaq nisbətən daha asandır. Məsələn, qəlbini qırdığınız sevgilinizlə yenidən barışmaq istəyirsinizsə,

Gözlərimdən yağır leysan yağışlar, Bağışla, əzizim, məni bağışla! – kimi misralarla könlünü almaq mümkündür.

         Üzürxahlıqlar üçün şeirdə “bağışla” sözünü işlədirsinizsə, verdiyim nümunədəki kimi “bağışla” sözünün ən asan qafiyəsi “yağışlar”dır. Ümumiyyətlə, müəyyən sadə qafiyə şablonları var, onları bir yerə yazıb əzbərləmək bu məsələdə çox işinizə yaraya bilər. Şeir yazmaq, əsasən, eşq məsələləri, könül işləri üçün lazım olduğuna görə, sevgi, eşq, məhəbbət sözlərinin qafiyələrini bilmək də lazımdır.

Belə ki, “sevgi” sözünün ən sadə qafiyəsi “sev ki,” ifadəsidir, bundan başqa “zəngi”, “rəngi”, “ahəngi”, “çələngi” kimi sözlərlə də qafiyədir. “Eşq” sözünü, “məşq” sözü ilə qafiyələndirə, ayrıca, “köşk” və “püşk” sözləri ilə də qulaq qafiyəsi yarada bilərsiniz. Məhəbbət sözünün qafiyəsi boldur. “Sədaqət”, “səadət”, “həsrət”, “ədavət” və sair sonu “ət” hecası ilə bitən bütün sözlərlə qafiyələnir. Ayrıca, tez-tez lazım olan sadə qafiyələnən sözlər də var. “can, qan, cahan, duman, aman, zaman” yaxud da “sabah, günah, tamah, Allah”. Həvəskar şeir yazanların ən çox qarışdırdığı mühüm bir məsələ – hər misranın sonunda eyni misranı təkrarlamaq qafiyə sayılmır və eyni şəkilçilərdən istifadə etməklə də qafiyə yaratmaq olmaz. Fərqli şəkilçiləri isə qafiyələndirmək mümkündür. Məsələn, “gülər” sözü ilə “gözlər” sözü qafiyədir. Birində “ər” şəkilçisi, digərində “lər” şəkilçisi bir-biri ilə qafiyələnir.

         Üçüncü və vacib qayda: Fantastik vədlərdən, ağılalmaz şişirtmələrdən yayınmaq lazımdır. Olduqca sadə və anlaşılan dildə, gerçək və inandırıcı təsvirlər etməlisiniz. Mübaliğə yəni şişirtmə mümkün və gözəldir, amma qarşı tərəf buna inanmalıdır. Məsələn, indi heç kim heç kimin dərdindən çöllərə düşmür Məcnun kimi, amma dillərə düşə bilir. Yəni, dillərə düşmək həm şişirtmədir, həm də gerçək bir vəddir. Ya da indi heç kim heç kimin eşqi uğruna Fərhad kimi dağları yara bilməz, buna ETSN-i icazə verməz. Hərçənd, ərəblərə durnaları ovlamaq üçün icazə verirlər, amma hansısa dəli aşiqin ərəblər qədər pulu olmaya bilər. Nə isə.

         Siz yazdığınız şeirdə sadə dildə danışırmış kimi, onunla adi bir söhbət edirmiş kimi davranın. Onun xasiyyətində, ya da görünüşündə aşiq olduğunuz detalları təsvir etməyə çalışın ki, qarşı tərəf şeiri oxuyanda özünü orda tapa bilsin. Ona olan heyranlığınızı və sevginizi də həm sadə, həm də təsirli sözlərlə ifadə etməyə çalışın. Məsələn,

Mən aşiqəm gülüşünə, səsinə,

saçlarının, gözlərinin rənginə.

Nə günüm var, nə gecəm var, əzizim,

həsrətdəyəm sənin bircə zənginə.

         Qafiyələr haqqında müəyyən anlayışımız oldu, hecadan da nisbətən xəbərdar olduq, seçəcəyimiz sözlər, fikrimizi ifadə edəcəyimiz üsul haqqında da müəyyən məlumat aldıq. Bəs indi iki-üç bənd şeir yazmaq üçün bütün öyrəndiklərimizi necə tətbiq edək ki, qarşı tərəfin xoşuna gələcək bir şeir yaza bilək?

         Dördüncü və önəmli qaydamız budur: Əvvəlcə, nə demək istəyirsinizsə, dərdiniz-səriniz nədirsə, bunu hecasız, qafiyəsiz yazın. Lakin mümkün qədər şeir dilində yazmağa çalışın, cümlələriniz əvvəldə də dediyim kimi qısa, sadə və anlaşıqlı olsun, siz bu cümlələri alt-alta düzün. Məsələn, deyək ki, birindən xoşunuz gəlir, ona müəyyən hisləriniz yaranıb, onun poeziyadan xoşlandığını da bilirsiz və siz ona sevginizi şeirlə ifadə edib könlünü almaq istəyirsiniz. Bunun üçün onun  haqqında fikirlərinizi, ona qarşı hiss etdiyiniz duyğuları və onun ümumi təsvirini sadə cümlələrlə yazmalısınız.

Məsələn, “Mələk kimi gözəlliyin və mehribanlığın məni heyran edir.” – demək istəyirsinizsə,

Sən elə gözəlsən ki, elə mehribansan ki, Görüb, heyran oluram,  mələksən, mələk, sanki! – bu şəkildə adi bir cümləni dörd misralıq, yeddi hecalıq şeirə çevirə bilərsiniz. Yəni, əvvəlcə fikri adi bir cümlə formasında tapırıq, daha sonra onu bərabər hecalı misralara çevriririk. Bu məqamda bir nüansı vurğulamalıyam ki, belə şeirlər göndərdiyiniz hər kimdirsə onun rasional insan olmadığından əmin olun. Yoxsa öz ən təmiz hislərinizi ifadə etməyə çalışdığınız bu cür poetik nümunələrə cavab olaraq,

Nanə, limon, sarımsaq, itil burdan, qurumsaq! – mesajını görüb mənə lənət yağdırmayın!

         Beşinci və ən, ən, ən vacib qayda: Əsla və əsla, burda sizə göstərilən qaydalar əsasında adına müvəqqəti olaraq şeir dediyimiz hər hansı poetik mətn yazıb sonra şairlik iddiasına düşməyin. Sosial şəbəkə hesablarınızda “gənc şair” yazıb camaatı da şair olduğunuza inandırmayın. Onsuz da bu gün elə bu üsullarla lirik mətnlər yazıb şair olduğuna inanan, hələ həqiqi şairlər haqqında danışmaq kimi bir həyasızlıqda bulunan kifayət qədər “gənc şair”lər var. Unutmayın! Bu üsullarla, yalnız və yalnız müəyyən poetik təsir qüvvəsi olan heca qəliblərində romantik misralar yaratmaq olar, şair olmaq isə onsuz da mümkün deyil, bunun üçün belə doğulmaq şərtdir!

         Hə, bir də ki, görkəmli Azərbaycan şairi, milli poeziyanın nəhəng imzalarından biri, məşhur mütəfəkkir şair Moşu Göyəzənlinin bütün ömrü boyunca axtardığı xoşbəxtlik sözünün qafiyəsi nə idi, bilirsiniz? “Xoşbəxtik”

         Məsələn,

Sevgidə, eşqdədirsə  əbədi bir xoşbəxtlik,

Biz ki, belə sevirik, gör, nə qədər xoşbəxtik!

         Və eşq şeirlərindən danışmışkən, elə  bir eşq şeiri ilə də sağollaşaq!

Xəyalını çək başımdan, həyatım,

hicrandandı bu darağın dişləri.

Təzə eşqə qalmayıb ki, taqətim,

tərgitmişəm daha bütün eşqləri.

Bir mahnı var: səsin kimi həzindi.

Dinləyirəm, dərddi, qəmdi, hüzndü.

Soruşdular: – nədəndi bu üzüntü?

Dedim: – onu boş ver, könül işləri…

Mən ki sevib, bir büt kimi öpürəm…

Allah şərik istəmir ki! Bilirəm!

Hərəyə bir sevda düşür ömürdən,

mənə çıxır ayrılığın püşkləri…

Bu ömürdə yer qalmayıb sənə, yar!

Bu taledən özümü də atırlar!

Eşitsən bir başqa ömrə bilet var,

xəbər elə, gəzim bütün köşkləri.

Çıx fikrimdən, dincliyimə dəymə də!

Bu sevdanın qapısını döymə də!

Gözləyirəm bu qaranlıq səhnədə,

başlayır son tamaşamın məşqləri!

Müəllif: Orxan Bahadırsoy