İncəsənət Kino Teatr

Zirzəmidə böyüdü, pişiyi üçün elçi getdi – Nəsibə Zeynalova

“Bəzi adamlar var ki, haqlarında danışanda nə deyəsən, hansı sözlərdən istifadə edəsən ki, onun qüdrətini, dəyərini, əhəmiyyətini doğru düzgün təsvir edə biləsən deyə, uzun-uzun düşünməli olursan. Nəsibə Zeynalova da o adamlardandır.”

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Əfsanəvi aktrisa, gülüş kraliçası Nəsibə xanım Zeynalova haqqında maraqlı məlumatları təqdim edir:

1916-cı il, aprel ayının 20-də, Bakıda anadan olur. O, dövrün məşhur aktyoru, Azərbaycanın realist aktyor məktəbinin banisi, həm də tanınmış tacir Cahangir Zeynalovun ailəsində dünyaya göz açır. Var-dövlətli bir ailədə doğulsa da, qısa müddətdə atasını itirən, anası ilə birgə zirzəmidə yaşamağa məcbur olan, zavodda fəhlə işləyib ailəsini dolandıran bu qız bir müddət sonra Azərbaycanın həm teatrının, həm də kinosunun bu günə qədər gəlib-keçmiş ən böyük komediya aktrisası, gülüş kraliçası, əfsanəvi səhnə ustası və ən əsası, bütün Azərbaycan xalqının ən sevimli nənəsi olur. Söhbət, Nəsibə xanım Zeynalovadan gedir.

Bəzi adamlar var ki, haqlarında danışanda nə deyəsən, hansı sözlərdən istifadə edəsən ki, onun qüdrətini, dəyərini, əhəmiyyətini doğru düzgün təsvir edə biləsən deyə, uzun-uzun düşünməli olursan. Nəsibə Zeynalova da o adamlardandır. O, böyük universitetlərdə, akademiyalarda təhsil almamışdı. Dünya məktəblərində master-klas görməmişdi. O, qalaq-qalaq nəzəriyyələr əzbərliyib səhnə sənətini öyrənməmişdi. Onun zamanında, onun mühitində aktyorlar, aktrisalar səhnəyə çıxanda qışqıra-qışqıra danışır, səslərini titrədərək sözlərinə güya duyğu qatır, əzbərlədikləri mətnləri birnəfə deyib bitirməyə çalışır, tərəf müqabillərini dinləmir, rejissorların göstərişlərini qüsursuz yerinə yetirməyi peşəkarlıq bilirdilər. O isə heç bir akademik kurs keçmədən, dövrün teatr məktəbində bir müddət Aleksdandr Tuqanovdan, Ağasadıq Gəraybəylidən dərs alır və səhnəyə çıxanda ənənəvi əzbərçiliyi, süni pafosu, köhnə mizanları – bir sözlə, bütün saxtalıqları, sünilikləri kökündən yıxır, səhnəyə, sənətə yeni, maraqlı, təbii, sevimli bir ab-hava, tamaşaçını bütün həqiqətlərə inandıra bilən olduqca maraqlı ifaçılıq üslubu gətirir. Bunu təkbaşına və sadəcə təbiətin ona bəxş etdiyi nəhayətsiz istedadla edə bilən ilk insan olur. Elə bu səbəblə artıq bir əsrə yaxındır ki, onun adını eşidən bu toplumun böyüklü-kiçikli bütün fərdləri gülümsəyir, xoşbəxt olur, sevgisindən, sayğısından nə deyəcəyini bilmir… Eh! Bu qədər böyük və bu qədər dəyərli olmaq var həyatda!

Nəsibə Zeynalovanın atası Cahangir Zeynalov özünün böyük evini teatra çevirir. İndiki Şahmat məktəbinin yerində yerləşən bu evin 40 otağı, 200 nəfərlik böyük eyvanı olur. Eyvanın boyunca sərilən və göz oxşayan bir xalçanın başında teatr səhnəsi qurulur. Dövrün aktyorları o evə yığışıb tamaşalar oynayır, bir mədəniyyətin gələcəyi üçün lazım olan təməl daşlarını atırlar. Cahangir Zeynalov həyat yoldaşı Hüsniyə xanıma onlar üçün yemək bişirtdirir, hətta, evlərinə gedəndə də onlara pay verir. Ayrıca, kasıblara, dul qadınlara, məktəbli qızlara da paltar, yemək, dəftər-kitab kimi yardımlar edir. Cahangir Zeynalovun özündən 25 yaş kiçik olan həyat yoldaşı Hüsniyə xanımla 12 il boyunca övladları olmur. Daha sonra Hüsniyə xanım hamilə olduğunu öyrənir və bir müddət sonra bir qız övladları doğulur. Amma ağır keçən doğuş prosesi zamanı Cahangir Zeynalova deyirlər ki, ya uşaq sağ qalacaq, ya da ana. O birini seçmək məcburiyyətində qalınca, həyat yoldaşı Hüsniyə xanımı seçir. Amma xoşbəxtlikdən dünyaya gələn uşaq da sağ qalır. Həm də bu uşaq “köynəkdə doğulur”. Yəni, döl qarışıq dünyaya gəlir. Nə yaxşı ki, sağ qalır! O uşaq olmasaydı, səhnəmiz də, insanlarımız da nənəsiz qalardı…

Daha sonra Bakıda başlayan hadisələr səbəbi ilə Cahangir Zeynalov ailəsini də götürüb İrana köçür. 1918-ci ildə Bakıya qayıdanda anasının ermənilərin Bakıda törətdiyi qırğınlar zamanı öldürüldüyünü öyrənir və möhkəm sarsılır. İrandan Bakıya gələrkən yolda yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov bir neçə gün sonra 1918-ci ilin 22 oktyabrında vəfat edir.

Hüsniyə xanımın və 2 yaşlı Nəsibənin Cahangir Zeynalovun vəfatından sonra çətin günləri başlayır. Sovet hökümətinin qurulması ilə onların bütün əmlakı müsadirə olunur, böyük evləri də əllərindən alınır və bir zirzəmiyə yerləşdirilirlər. Hüsniyə xanım bütün çətinliklərə sinə gərib Nəsibəni böyüdür. Qarmonda, dəfdə ifa etmək qabiliyyəti, həm də məlahətli səsi olan Hüsniyə xanım o ağır günlərində tez-tez bayatılar oxuyarmış. Məşhur Qayınana filmində Nəsibə xanımın ağlayaraq ifa etdiyi “Bəyənmir bu da məni” bayatısı da anasının ağır günlərində ifa etdiyi o bayatılardan biri olur.

Sənət, istedad, səhnə sevdası hələ azyaşlı Nəsibədə özünü göstərməyə başlayır. Belə ki, Nəsibə xanımın 9 yaşı olanda Novruz bayramında qohumlar bayramı qeyd etmək üçün bir yerə toplaşıblarmış. Azyaşlı Nəsibə qohumlarının başının söhbətə qarışdığını fürsət bilib enli və güllü tumanını geyinir, kələğayısını örtür, üzünü də kömürlə bir az dəyişib arxa qapıdan çıxır. Bir az sonra ön qapını döyür və xalası Sona xanım qapını açanda onun kim olduğunu soruşur. O da cavab verir ki, bəs, filankəsin külfətindənəm, sizə elçiliyə gəlmişəm. Ev əhli məəttəl qalır ki, bəs, axı, bizdə ərə gedəcək yaşda qız yoxdur. Öz obrazını məharətlə oynayan azyaşlı Nəsibə deyir ki, Hüsniyə xanımın qızı Nəsibə üçün elçi gəlib. Hüsniyə xanım da çaş-baş soruşur ki, ay xanım, mənim qızımın cəmi 9 yaşı var, sənin oğlunun neçə yaşı var? Kəlağayının altında gizlənən 9 yaşlı Nəsibə də cavab verir ki, mənim oğlum lap uşaqdır, cəmi-cümlətanı 40 yaşı var. Evdəkilər əsəbiləşib onu qovmaq istəyəndə görürlər ki, bəs bayaqdan Nəsibə onlar üçün tamaşa oynayırmış.

Anası Hüsniyə xanım isə ikinci dəfə ailə həyatı qurur. Lakin Hüsniyə xanım ikinci əri Cahangir Zeynalovdan fərqli olaraq xeyir verən yox, zərər verən biri olur. Belə ki, o, Cahangir Zeynalovdan qalan bütün dəyərli əşyaları satır, üstəlik, ona məxsus şəkilləri və sənədləri də yandırır ki, güya, hökümətin əlinə keçsə bu ailə üçün pis olacaq. O zaman artıq gənc olan Nəsibə də bir zavodda fəhlə işləməyə başlayır.

Oxuduğu orta məktəbdə rəqslə məşğul olan Nəsibə xanım 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olur. 1937-ci Bakıda səyyar fəaliyyət göstərən Kolxoz və Sovxoz Teatrının truppasına qatılır. İşlədiyi zavodun teatr dərnəyində müxtəlif tamaşalarda rollar oynayır və bir gün bu tamaşalardan birini izləyən Şəmsi Bədəlbəyli Nəsibənin istedadını görür və onu 1938-ci ildə o vaxtlar yeincə yaranan Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi işə götürür. Elə həmin il də Bakı Teatr məktəbində aktyorluq ixtisası üzrə təhsil almağa başlayır.

Ardınca, Nəsibə xanım anasını da itirir və gənc yaşda ailə qurur. Lakin, onun həyat yoldaşı ikinci dünya müharibəsində həlak olur. Bu dönəm həyatını sadəcə səhnəyə, teatra bağlayan aktrisa bir müddət sonra ikinci dəfə ailə qurur. Özündən 11 il kiçik olan ikinci həyat yoldaşı Mütəllim bəy də bir İncəsənət adamı – kamança ustası olduğu üçün onlar çox yaxşı anlaşırlar. Hətta, Nəsibə xanım onunla keçirdiyi illəri həyatının ən xoşbəxt illəri adlandırır.

Mütəllim bəylə evliliyindən dünyaya gələn və Nəsibə xanımın atası Cahangirin adını daşıyan, bu gün də ölkənin istedadlı və sevilən aktyorlarından olan Cahangir Novruzov Nəsibə xanımın yeganə övladıdır. Cahangir Novruzovun qız övladı da Nəsibə Zeynalovanın adını daşıyır. Hətta, Nəsibə xanım onu özü üçün övladlığa götürür. Bunu həm də rəsmiləşdirir. Balaca Nəsibənin şəxsiyyət vəsiqəsinə Cahangir qızı yox, Mütəllim qızı yazdırır və özünün qız anası olmaq arzusunu beləcə çin edir.

Heyvanları çox sevən aktrisanın xeyli pişiyi varmış. Harda sahibsiz pişik görsə, götürüb evə gətirər, onlar üçün yemək hazırlayar, yorğan-döşək tutarmış. Hətta, bir gün öz pişiyi üçün qonşunun pişiyinə də elçi də gedir. Nəsibə xanım, xüsusi xonçalarla, şirnilərlə qonşunun pişiyinə elçi düşüb “həri”sini alır.

Həm teatr səhnəsində, həm də kinoda bir-birindən maraqlı obrazları ilə onu tanıyan hər kəsin sevimlisinə çevrilən, ömrünün 65 ilini teatr və kino sənətinə həsr edən, bu müddətdə canlandırdığı hər obrazda milli aktyorluq sənətinə yeniliklər gətirən, improvizasiyaları sərhəd tanımayan, rejissorların onu yalnız komik obrazlarda görməsindən gileylənsə də, adını ölkə mədəniyyətinin ən nəhəng komediya aktrisası kimi tarixə yazdıran bu əfsanəvi sənətkar, gülüş kraliçası Nəsibə xanım Zeynalova 10 mart, 2004-cü ildə – 87 yaşında həyata gözlərini yumur. Nə qəribə hikmət – milli teatrın ən böyük aktrisası məhz Milli Teatr Günündə vəfat edir. Quru sənədlərin üzərində adı yazılan saxta titullarla deyil, sözün əsl mənasında bu xalqın ən böyük artisti olan Nəsibə Zeynalova Birinci Fəxri Xiyabanda dəfn olunur.

2012-ci ildə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki təhsilimin birinci kursuna başlayan, universitetin binasına qədəm qoyduğum o ilk gün dəhlizdə iri hərflərlə yazılan bir yazı oxudum: “Mən xoşbəxtəm ki, mənim Azərbaycan dolusu nəvə və nəticələrim var”. Başımı qaldırıb bu yazının üstündəki şəkilə baxanda Nəsibə xanımın bir nənə ədası ilə, xoş təbəssümlə, mehribanlıq və nəvazişlə boylandığını gördüm. Bir az qürur, bir az da kədər boğazımda düyünləndi. Ertəsi gün Fəxri Xiyabana yollanıb məzarı üstündə xeyli söhbət elədiyimi yaxşı xatırlayıram.

Ömrünün son illərində teatrdan inciyən, artıq yaxşı əsərlərin gəlmədiyindən şikayətlənən Nəsibə xanım Zeynalova həyatının son üç ilində çəkildiyi “Yuxu”, “Güllələnmə təxirə salınır”, “Məhəllə” filmlərində də öz nəhəng istedadını elə gənclik enerjisi ilə sərgiləyir. Burada qeyd etməsəm olmaz, “Güllələnmə təxirə salınır” filminin səsləndirməsi zamanı Nəsibə xanım artıq ağır xəstə olduğu üçün səsləndirmədə iştirak edə bilmir. Buna görə də tanınmış aktyor, şoumen Qorxmaz Əlilicanzadə “Güllələnmə təxirə salınır” filmində Nəsibə xanımın obrazını onun səsi ilə səsləndirir. Bu günə qədər filmi izləyənlərin heç biri bu səsin Nəsibə xanıma məxsus olmadığını anlaya bilmirlər. Ən maraqlı obrazlara özünün qeyri-adi ifaçılıq istedadı ilə can verən Nəsibə Zeynalovanın obrazını yaxın keçmişdə çəkilən “Oxşarabad” filmində yenə Qorxmaz Əlilicanzadə canlandırır və biz parodiya sənətinin ən böyük ifaçılığına məhz Qorxmaz Əlilicanzadənin Nəsibə Zeynalova parodiyasında şahid oluruq.

Bu gün aramızda olmasa da bu günə qədər doğulmuş və bundan sonra doğulacaq hər bir azərbaycanlının sevimli nənəsi Nəsibə xanım Zeynalovaya böyük ehtiramla…

Müəllif: Orxan Bahadırsoy