Çıxarışlar Köşə

Leninin gey olmasına qəzəblənən azərbaycanlılar, tarixin dahi homoseksualları, nankorluq və əxlaq haqqında – Orxan Bahadırsoy yazır…

“Xalqın siyasətçisi, ziyalısı, sənətkarı kimdirsə, nədirsə, xalq da odur. Söhbət təkcə homoseksuallığa münasibətdən getmir. Ümumiyyətlə, bilgisizlikdən, ədəbsizlikdən,  həqiqətə kor olmaqdan, nankorluqdan bəhs edirəm”.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun Lenin gey olması və azərbaycanlılar haqqında yazısını təqdim edir.

Lenin üçün dilədiyim ilk rəhmətin şərəfinə…

Leninin gey olması ilə bağlı məlumatlar bizim topluma hələ indi çatır. Bu, hər nəsnədə belədir. Coğrafi və ictimai taleyimizin birinci müddəası gecikmək, geridə qalmaqdır. Buna təəccüblənmirəm.

Məni təəccübləndirən başqa və çox mühüm bir məqam var. Bizim insanımızda kütləvi nankorluğun ucu-bucağı görünmür. 10 milyonluq toplumun içində yüz nankor olsun, min nankor olsun, dərd olmaz. Lakin nankorların sayı gəlib toplumun fərdlərinin ümumi sayına yaxınlaşanda ortaya ciddi problemlər çıxır. Bu nankorluq bizim insanın ən qədim xislətidir. Bir-bir sadalamaq istəmirəm, kim axtarsa, tariximizdə buna dair xeyli nümunələr tapacaq.

Leninin gey olması ilə bağlı sosial şəbəkələrdə paylaşımlara yazılan rəylərin bir qismini oxudum. Təxminən, “şər atırlar”, “o, dahi idi, gey olması mümkün deyil”, “amerikalıların uydurmasıdır”, “bir gey heç vaxt SSRİ qura bilməzdi” tipli rəylərə rast gəldim ki, bunlar ən yumşaqları idi. Təhqir edənlər, nifrət püskürənlər ürək bulandırırdı. Mənim oxuduqlarım milyonda bir idi. Eyni məzmunlu fikirlərə kütlənin çox böyük qisminin sahib olduğunu hamımız bilirik.

İnsan necə oxumaz, öyrənməz, araşdırmaz, bilməz ki, bir ucu Avropada digər ucu Çin sərhədlərində olan böyük bir krallığın fatehi Makedoniyalı İskəndər gey idi və o, bu məqama yüksələcək qədər qüdrətli idi. İnsanın necə Böyük Fridrixdən, Fransis Bekondan, Florens Naytingeldən xəbəri olmaz? İnsan necə Dolce&Gabanna-dan paltar geyinib, Kristian Diordan ətir vurub, kompüter texnologiyasından, süni intellektdən yararlanıb, PayPall hesabında pul saxlayıb homoseksuallar haqqında aşağılayıcı fikirlər yürüdər? Axı bunların hamısının yaradıcıları geylərdir. Bunun adı nankorluq deyil, bəs nədir?

Azərbaycan Ziyalıları Birliyinin sədri Eldəniz Quliyev də, xalqın sevimli müğənnisi Akif İslamzadə də elə bu kütlənin güzgüsüdür. Ziyalı Eldəniz Quliyev Ziqmund Freydin 150 il əvvəlki fikirlərini nümunə gətirərək, homoseksualları təhqir edir, onların xəstə olduğunu deyir. Amma ondan sonra yaşamış və araşdırmalar aparmış yüzlərlə həkimin, tibb alimin yazılarından xəbəri yoxdur. Bizə bir əsr əvvəldən səslənən bu ziyalıya görə, yəqin ki, Nyutonun zamanın sabit olması ilə bağlı nəzəriyyələri də hələ qüvvədə qalır. Akif İslamzadə isə başımıza gələn bütün fəlakətlərin səbəbini qadının qadınla, kişinin kişi ilə yatmasında görür. Əlimizdən alınmış və məhv edilmiş təhsil sistemimizin, uçuruma yuvarlanmış səhiyyəmizin, satın alınmış və mənfəətlərə qul edilmiş mətbuatımızın bu fəlakətlərdə heç bir rolu yoxdur. Hardasa bir qadının qadınla, bir kişinin kişi ilə yatması səbəbindən Akif İslamzadə də səsini itirib. Çox yazıq!

Xalqın siyasətçisi, ziyalısı, sənətkarı kimdirsə, nədirsə, xalq da odur. Söhbət təkcə homoseksuallığa münasibətdən getmir. Ümumiyyətlə, bilgisizlikdən, ədəbsizlikdən,  həqiqətə kor olmaqdan, nankorluqdan bəhs edirəm.

Mənim SSRİ-ə də, kommunizmə də, Leninin özünə də heç vaxt rəğbətim olmayıb. Kommunizmi və SSRİ-ni tam mahiyyəti ilə dünyanın başına gəlmiş ən böyük fəlakət hesab edirəm. Bu, mənim subyektiv münasibətimdir və mənim hansısa kommunistin müsbət insani keyfiyyətlərinə, istedadına, biliyinə sayğım varsa, bu, mənim mühakiməmdə onun kommunist olmasına bəraət qazandıra bilməz. Bu mənada, Leninin siyasi istedadına, Çe Gevaranın inqilab eşqinə, Nazim Hikmətin və Səməd Vurğunun şeirlərinə sayğı duyuram, amma bu kommunistlərin heç biri mənim baxışımda müsbət tarixi şəxsiyyət deyillər.

Mən öz münasibətimi ona görə vurğuladım ki, mənim də Leninə minnət borcum var və bütün prinsiplərimə rəğmən, ona olan borcumu unuda bilmərəm. Ona görə ki, Lenin və onun qurduğu SSRİ olmasaydı, mənsubu olduğum Azərbaycan xalqı heç oxuma-yazma da bilməyəcəkdi. Məsələn, tipik biznesmen olmasına, pulgir, tamahkar və eqoist xarakterinə görə, Edissonu mənfi obrazda, “pis adam” kateqoriyasında görürəm, amma indi elektrik enerjisinin mənə yaratdığı bütün imkanlardan yararlanıb Edissonu lənətləyə bilmərəm. Buna mənim vicdanım, əxlaqım icazə verməz.

Əgər azərbaycanlılar homoseksuallara və ümumilikdə cinsi məsələlərə göstərdiyi sərt münasibəti məmur özbaşınalığına, korrupsiyaya, zərərli adət-ənənələrə göstərə bilsəydi, indi dünyanın lider ölkələri və lider xalqları arasında yer ala bilərdik. Bu məqamda həmişə belə bir fikirə rast gəlirəm ki, Azərbaycan xalqı məmur özbaşınalığına da, korrupsiyaya da, zərərli adət-ənənələrə də öz sərt münasibətini sərgiləyir və öz ictimai əxlaqını qorumaq naminə homoseksuallara və azad seksə qarşı da radikal davranmaqdadır. Birincisi, homoseksuallara və azad seksə qarşı radikal münasibətin ictimai əxlaqa heç bir dəxli yoxdur və bunlar tamamilə ayrı-ayrı anlayışlardır. İkincisi, necə olur ki, azərbaycanlıların məmur özbaşınalığına sərt münasibəti heç bir məmurun istefasına səbəb olmur? Necə olur ki, azərbaycanlıların korrupsiyaya sərt münasibəti heç bir korrupsionerin intiharına səbəb olmur? Amma homoseksuallara qarşı radikal münasibət İsa Şahmarlının intiharına səbəb oldu. Samir Bağırov kimi istedad bu toplumdan qaçdı, canını qurtardı. Hər gün qadın cinayətləri media manşetlərindədir.

Əgər sənin konkret bir ictimai əxlaq anlayışın varsa, heç olmazsa, onun prinsiplərinə riayət etməlisən. Sənin üçün qadın anlayışı ana-bacı anlayışı ilə əvəz edilirsə və onun bir toxunulmazlığı, qeyrət-namus yükü varsa, mitinqlərdə polislərin döydüyü qadınlar üçün hanı sənin kütləvi etiraz dalğan? Səhiyyənin bulaşdığı rüşvət sayəsində ölən yaxınların üçün ictimai ləyaqətin niyə cuşa gəlmir? Satılmış mətbuatın, ən əxlaqsız repertuara malik televiziyan üçün ictimai qeyrətin niyə şaha qalxmır? Bunların heç biri sənin tükünü tərpətmədi, amma Leninin gey olması ruhunu sarsıtdı? Belə – əzbərçi yaşama, bu – parodiyaçı taleyə necə ayaq uydurur, necə barışır, necə yaşayırsan?

Lenin babanın həmcinsinə sevdalandığını öyrənən azərbaycanlıların məsələyə münasibəti yaxın keçmişdə koronavirus mövzusunda yazdığım və yayımladığım “Tac kimindir?” hekayəsindən bir epizodu xatırlatdı mənə. Həmin epizodu söhbətin bu yerində qətiyyətlə nəzərinizə çatdırmaq istəyirəm və sözümü yekunlaşdırıram.

“Lalə qəfil bir fikirdən ayılmış halda:

-Baba, İsgəndər Zülqərneyn kimdir? – deyə, Şamil babaya sual etdi.

Şamil baba xeyli düşünüb cavab verdi:

-Ooo… Quranda adı keçir, amma peyğəmbər olub-olmadığına dair dəqiq məlumat yoxdur. Hörmətli-izzətli adam olub.

-Onun həqiqətən buynuzları olub? – deyə, Lalə təəccüb içində soruşdu.

-Deyilənə görə, olub. Bu İsgəndər Zülqərneyn çox adlı-sanlı, var-dövlətli, güc sahibi bir bir adam olub. Amma buynuzları varmış və o da buna görə çox utanırmış. Deməli, saçını hansı bərbərə kəsdirirmişsə onu dərhal öldürürmüş ki, sirri ifaş olunmasın. Bir gün də İsgəndər Zülqərneyn bir bərbərə saçını kəsdirəndən sonra onu öldürmək istəyəndə görür ki, bu bərbərin simasında nur var. Çox gözəl biri olduğu üçün onu öldürməyə ürəyi gəlmir və deyir: “Səni bağışlayıram, amma bir şərtlə ki, gördüyünü heç kimə deməyəsən!”. İsgəndər Zülqərneynin buynuzları olduğunu görən bərbər ölümdən də qorxduğu üçün bu sirri heç kəsə demir. Bir müddət sonra bərbər xəstə düşür, bütün bədəni şişir. Neçə-neçə təbibləri, loğmanları çağırırlar ki, bu bərbərin dərdini öyrənsinlər. Axır, təbiblərdən biri bərbəri yoxlayandan sonra deyir: “Bu adam çox böyük bir sirr bilir, amma onu heç kəsə deyə bilmədiyi üçün bədəni şişir. Əgər heç kimin olmadığı tənha bir yerdə o sirri üç dəfə car çəksə sağalacaq”. Bərbər bir uca dağın başına çıxıb heç kəsin olmadığı boşluğa üç dəfə qışqırır: “İsgəndərin buynuzu var! İsgəndərin buynuzu var! İsgəndərin buynuzu var!” Ondan öncə həmin dağda qarpız yeyən bir çobanın yediyi qarpızın toxumları bu hadisəyə şahid olur və bir müddət sonra həmin torpaqda qarpız yetişir. Ordan keçən bir dəstə dağdakı qarpızı görüncə orada süfrə salıb yemək yeyirlər, həmin qarpızdan da kəsirlər. Yedikləri qarpızın toxumları yan-yana düzülüncə, üzərində “İsgəndərin buynuzu var” sözünün yazıldığını görürlər. Beləcə, İsgəndərin sirri ifşa olunur və hamı bilir ki, İsgəndər Zülqərneynin buynuzu var.

Şamil baba bunu danışdıqca Simral xısın-xısın gülümsəyib, arada bir Laləyə də göz vururdu. Lalə isə eşitdiyi hekayənin təsirindən çıxa bilmirdi. Sehirlənmiş, ovsunlanmış kimi, heyrət içində donub qalmışdı. Şamil baba sözünü bitirincə Simral özünü saxlaya bilməyib dərindən qəhqəhə çəkdi. Buna qəzəblənən Şamil baba:

-Nə var, ə, küçük!? Gülməli söz danışdım mən? – deyə, ona tərs-tərs baxdı.

-Əlbəttə, gülməli söz danışdın. İndi mən sənə bu absurd nağılın arxasında pərdələnmiş həqiqəti danışım. – deyib, Simral əllərini və ağzını solfetlə sildi.

-Babanın danışdığı yalandır? – Lalə soruşdu.

-Bunlara bax e. Məni yalançı çıxardılar. Lalə, sən də bu pozğuna qoşulma. – Şamil baba Lalə üçün gözlərini ağartdı.

-Uşağı qorxutma, baba. Lalə, İsgəndər Zülqərneyn dedikləri elə bizim bildiyimiz Makedoniyalı İsgəndərdir. İsgəndər Zülqərneyn adlı başqa birinin yaşadığına dair heç bir tarixi fakt yoxdur. Zülqərneyn sözünün mənası da “buynuz sahibi” deməkdir. Deməli, bu mif haradan çıxıb?! Makedoniyalı İsgəndərin dönəmində onun adına kəsilən pulların – yəni sikkələrin üzərində fatehin rəsmi həkk olunub. Bu sikkələrin üzərindəki rəsmdə İsgəndərin başında iki buynuzlu dəbilqə təsvir edilib. Makedoniyalı İsgəndərin adını eşidib üzünü görməyən sadə camaat, yəni rəiyət təsvirdəkinin dəbilqə olduğunu bilmədikləri üçün İsgəndərin iki buynuza sahib olduğunu düşünüblər. Beləcə, fatehin iki buynuzunun olduğunu dilə gətirməyə qorxan adamlar, buynuzlu İsgəndər adlı başqa bir obraz yaradıblar. Güya bu buynuzlu İsgəndər ifşa olunmamaq üçün saçını kəsdirdiyi bərbərləri öldürürmüş. Amma babamız bizə danışdığı mifdə başqa bir həqiqəti də özü bilmədən deyir. Nurlu simalı, yaraşıqlı bərbəri öldürməyə ürəyi gəlməyən İsgəndərin gey olduğu da həmin dövrün adamları arasında bilinirdi. Çünki Makedoniyalı İsgəndər bunu gizlətmirdi, hətta ordusuna da geyləri götürürdü. Yəni ki, Lalə, baba hər nə qədər absurd bir nağıl danışsa da, o nağılda çox həqiqətləri özü də bilmədən demiş olur. Problem ondadır ki, baba nağılın özünə inanır, onun içindəki həqiqətə isə inanmır. Necə ki, koronavirusun Amerikanın oyunu olduğuna inanır, amma koronavirusun varlığına inanmır. Tarix hər zaman belə absurd düşüncələrə şahid olub”.

Orxan Bahadırsoy