Nəsr

“Tac kimindir?” – Koronavirusa həsr olunmuş hekayə…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun “Tac kimindir?” adlı hekayəsini təqdim edir.

Tac kimindir?

Kadrarxası mətn

         Mifləri tamamilə inkar və rədd edən adamlara qarşı sayğılıyam, amma mən təkcə yaşadığımız bu kiçik kürədə deyil, bütün kainatda pərdələnmiş həqiqətlərin varlığına ən çox inananlardanam. Pərdələnmiş həqiqətlər – bu ifadə sizə bəsit poetik söz birləşməsi kimi görünə bilər, lakin nəql edəcəyim hekəyədən sonra bu ifadəni lüğətinizə əlavə edib, altından da qalın bir xətt çəkəcəyinizə dair gümanlarım var.

         Əvvəlcə, bir sıra xroniki xəstəliklərlə bağlı ümumdünya göstəriciləri ilə tanış olaq:

         *2019-cu il etibarı ilə dünyada 578 milyon şəkərli diabet xəstəsinin olduğu bildirilir. 2045-ci ilə qədər bu göstəricinin 700 milyonu keçəcəyi praqnozlaşdırılır. Hər il bütün dünyada, təxminən, 700 milyard ABŞ dollarının şəkərli diabet xəstəliyi üçün xərclənildiyi qeyd edilir. Diabetli xəstələrin əksəriyyəti 35 yaşdan yuxarı yetkinlər və qocalardan ibarətdir.

         *Rəsmi mənbələrdə dünyada hər il 14 milyon insanın xərçəng xəstəliyinə tutulduğu bildirilir. 2045-ci ilə qədər bu göstəricinin iki dəfə artacağı praqnozlaşdırılır. Xərçəngin yer kürəsindəki illik iqtisadi yükünün 1,16 trilyon ABŞ dolları olduğu qeyd edilir. Dünyadakı xərçəng xəstələrinin 1 faizdən azını uşaqlar təşkil edir. Xəstələrin əksəriyyəti yetkinlər və qocalardan ibarətdir.

         *Təkcə 2018-ci ildə dünyada 10 milyon insan vərəm xəstəliyinə yoluxub. Bunların cəmi 10 faizi uşaqlardan, digərləri isə yetkinlərdən və qocalardan ibarətdir. Son 15 ildə vərəm xəstəliyinin iqtisadi yükünün 616 milyard dollar olduğu, qarşısı alnınmazsa, 2045-ci ilə qədər dünyada təkcə vərəm xəstəliyinə 1 trilyon ABŞ dolları xərclənəcəyi bildirilir.

         Rəsmi göstəricilər və riyazi ifadələrlə zehninizi yormaq istəmirəm. Bu siyahını başqa xroniki xəstəliklərlə  uzatmaq olar. Və uzatdıqca, rəqəmlər böyüyəcək, cəm isə ağılalmaz həddə çatacaq.

Bir dəqiqə… bir dəqiqə… Bütün göstəricilərin xüsusi ilə 2045-ci ilə qədər hesablandığı sizin də diqqətinizi çəkdimi? Digər diqqət çəkən məqam da siyahıda uşaq və gənclərin azlıq, yetkinlərin və qocaların isə çoxluq təşkil etdiyidir, elə deyilmi? Bunlar haqqında daha sonra biləcəksiniz…

Yeri gəlmişkən, 2019-cu ilin sonlarından etibarən bütün planeti bürüyən pandemiyanın – “Koronvirus”un uşaq və gənclərə zərər vermədiyi, xroniki xəstəlikləri olanlar və qocalar üçün ölümcül olduğu məlumdur.

Mən “niyə” sualını ən çox iki obyektə ünvanlayıram: bir Tanrıya, bir də insana. Bu iki məfhumdan başqa kainatda hər şey öz yolunda gedir. Bu ikisinin arasında avara qalmış təbiət ananı da tez-tez düşünürəm. Bir tərəfdən Tanrnın əmrlərinə riayət etmək, bir tərəfdən də insanın arzu və istəkləri ilə uyğunlaşmağa çalışır. Tanrının əmrləri ilə insanın arzu və istəkləri də əksər hallarda üst-üstə düşmədiyi üçün təbiət ana sarsılır, girinc qalır. Bu, özlüyündə ağılalmaz dəhşətdir

1.Epizod Bakı, 2019-2020. Ümumi gedişat.

         Şamil baba 72 yaşındadır. O, uşaqlığını, yeniyetməliyini, gəncliyini bütünlükdə SSRİ ideyalarına həsr etmiş kommunistdir. Onu ən çox kədərləndirən və darıxdıran şey də ittifaqın çöküşüdür. Bütün varlığı ilə kommunizmi arzulayan bu qoca təqaüdə çıxmış riyaziyyat müəllimidir. O, gecə yatanda da, səhər oyananda da Leninə rəhmət, kapitalistlərə lənət oxuyur. Əlbəttə, bu lənətdən onun oğlu Akifə də pay düşür.

         Şamil baba oğlu, gəlini və iki nəvəsi ilə birlikdə yaşayır. Oğlu Akif 45 yaşındadır və kiçik sahibkardır. Bir paltar mağazası və yaşadıqları məhəllədə ərzaq dükanı var. Akif turizm üzrə təhsil alsa da bütün həyatını öz biznesini qurmağa sərf edib və yaşadığı mühitin problemləri içində yalnız iki ticarət obyektinə sahib ola bilib. O, yalnız daha çox pul qazanmağın yolları haqqında fikirləşir, maddi çətinliklərlə üzləşdiyi zaman ən ilkin xilası intihar etməkdə görür və problemin həllinə dair hər hansı üsul təklif ediləndə və bu üsul işə yarayanda həyatı yenidən sevməyə başlayır.

Gəlini Afət də 45 yaşındadır və qayınatası ilə eyni peşənin sahibidir. O, orta məktəbdə dil və ədəbiyyat müəlliməsidir və Şamil baba ondan hər gün Səməd Vurğunun “Komsomol” poemasından bir neçə misra səsləndirməsini xahiş edir. Afət həyalı gəlin, tərbiyəçi və maarifçi müəllimə, övladlarının gələcəyi üçün ən doğru qərarları verməyə çalışan ana, ərinə və ailəsinə qarşı fədakar qadındır.

         Şamil babanın 19 yaşlı nəvəsi Simral İnformasiya Texnologiyaları üzrə ali təhsil alır. Digər tərəfdən fəlsəfə və liberalizmlə maraqlanır. Babası Simralı tez-tez məzəmmət edir. Oxuduğu kitablara, fikirlərinə, hətta, zahiri görkəminə belə qarşı çıxır və bu kimi səbəblərdən dolayı onunla mübahisələri bəzən münaqişə həddinə çatır. Bu səbəbdən, oxumaq, aydınlanmaq, yenilənmək, dünyəviləşmək eşqi ilə alışan gənc Simral babası ilə söhbətdən mümkün qədər yayınır. Bəzən birgə şam yeməyi zamanı hər hansı mövzunun müzakirəsi o həddə çatır ki, Şamil baba Simralı süfrədən qaldırır, əsəbləri çox tarıma çəkiləndə isə evdən qovur.

         Əlbəttə, gənc Simral babasının yaşını, keçmişini, yaşadığı mühiti, həyat təcrübəsini nəzərə alaraq ona qarşı mülayim davranmağa və anlayışlı olmağa çalışır. Buna görə çox zaman babasının ağır təhqirlərinə və çəliyini Simralın kürəyinə çırpmasına belə heç bir cavab vermir, sakitcə öz otağına çəkilib dərslərini oxuyur, film izləyir və kompüter oyunları ilə asudə vaxtlarını keçirir.

         Şamil babanın kiçik nəvəsi Lalə 15 yaşındadır. O, orta məktəbdə oxuyur və babası onun həkim olmasını istəyir. Şamil baba Lalə ilə hər söhbətində ona kommunizmin müqəddəs amallarından, Leninin dahiliyindən, SSRİ-nin böyük ideyalarından danışır. Qəribəsi odur ki, Şamil baba bunlarla yanaşı Laləyə İslam inancını aşılmağa, Allahı və onun müqəddəs kitabını da öyrətməyə çalışır. Bununla da bitmir. Ailə dəyərlərinə, adət ənənələrə, keçmişə və ulu babaların yaşam prinsiplərinə sədaqətli olmağı, şeytan xislətli kapitalistlərdən, texnologiyanın əxlaqa vurduğu zərbələrdən uzaq durmağı aşılayır.

         Lalə azyaşlı olduğu üçün hələ yeni həyat təcrübələrindən keçmək ərəfəsindədir. O, hamıdan nəsə öyrənməyə çalışır. Simral isə artıq gəncliyini yaşamağa başlayıb, amma babası, atası və anası onunla heç cür dil tapa bilmirlər. Onlar Simralın kompüterlə çox vaxt keçirməsini pisləyir, oradan öyrəndiklərinin Simralın düşüncələrinə və həyat tərzinə mənfi təsir göstərdiyini düşünürlər. Məhz bu səbəbdən, onun müəllim, həkim ya da inşaat mühəndisi olmasını istəyirdilər. Simral isə onların istəklərinə razı olmayıb və öz istədiyi ixtisası seçib.

Məsələn, atası onu dəfələrlə hər hansı proqramı öyrənməyə çalışarkən, hansısa filmi izləyərkən və ya oyun oynayarkən kompüter qarşısından qaldırıb və işləməsi üçün özü ilə mağazaya apararaq daha yararlı işlər görməsi barədə tənbehləyib. Anası Simralı hər dəfə kompüter qarşısından qaldıraraq dərslərini oxuması və ya Lalənin dərslərinə kömək etməsi barədə göstəriş verib. Babası isə həmişə daha sərt üsullara əl ataraq, Simral kompüter qarşısında olduğu zaman:

-Səni bunlar pozur! – deyib və kompüteri sındırmağa çalışıb.

         Lakin bunların heç birində Simral atasına, anasına və babasına izah edə bilməyib ki, o, İnformasiya Texnologiyaları üzrə təhsil alır, bu səbəbdən kompüter onun peşə vasitəsidir, üstəlik, kompüter vasitəsi ilə dərslərini oxuyur, elektron kitablar mütaliə edir, fəlsəfə ilə maraqlanır, müxtəlif yararlı proqramlar öyrənir, ingilis dili biliyini təkmilləşdirir, yalnız asudə vaxtlarını keçirmək üçün film izləyir və oyunlar oynayır.

         Bu məzmunlu hadisələr təkcə Simralın üzərində cərəyan etmir. Akif hər nə qədər oğlunun kompüter istifadəsinə qarşı çıxsa da, özü telefon vasitəsi ilə “Whatsapp”, “Facebook”, “Instagram”, “TikTok” kimi sosial şəbəkələrdə kifayət qədər çox vaxt keçirir və Şamil baba hər dəfə oğlunun ona qarşı hörmətsizlik etdiyini, qarşısında oturub telefonla qurdalandığını, bu səbəblə atasının dediklərini bəzən eşitmədiyini bildirərək, Akifə zəhmətini haram etdiyini deyib.

         Laləyə uşaq olduğu üçün, Afətə isə qadın olduğu üçün smartfondan və kompüterdən istifadə Akif və Şamil baba tərəfindən qadağan edilib. Afət yalnız vacib zənglər üçün köhnə model, ağ-qara ekranlı, məhdud imkanlı kiçik telefondan istifadə edə bilər. Simral fürsət tapdıqca Laləyə komptüer istifadəsi ilə bağlı ibtidai bilikləri, “Word”, “Exel” kimi proqramları və ingilis dili öyrənmək üçün müxtəlif onlayn vasitələri öyrətməyə çalışsa da, Akif və Şamil bunu görüncə, Simralı qeyrətsizlikdə günahlandırıblar və bir daha təkrarlanmaması üçün sərt xəbərdarlıq ediblər.

         Şamil baba üçün amerikan icadı, kafir ixtirası olan texnologiya şeytanı təmsil edir. O, hesab edir ki, lənətə gəlmiş kapitalistlər öz icadlarını satıb pul qazanır, əvəzində isə gənc nəsli əxlaqsızlığa, pozğunluğa, avaralığa, dinsizliyə sürükləyirlər. Akif də atasını ağıllı və müdrik bir adam hesab etdiyi üçün və yeni dünyanın yeni kəşflərindən heç bir şey anlamadığı üçün həm atasının dediklərini təsdiqləyir, həm də bu yeni dünyanın avantajlalarından yararlanmağa çalışır. Buna daha sadə dildə “naçar qalmaq” deyirlər.

         Bir evin içində 1950-ci illərdə doğulmuş, kommunizmə xidmət etmiş SSRİ vətəndaşı, keçmişə və adətlərə sadiq ağsaqqal Şamil baba, gəncliyini bir dövrün sonunda, digərinin başlanığıcında, kapitalizmin və demokratik müstəqilliyin ilkin illərində, müharibənin və qıtlığın içində keçirmiş yetkinlər – Akif və Afət, ən əsası, 21-ci əsrin əvvəllərində, texnoloji inqilab dövründə doğulmuş və dünyəvilik, yenilikçilik yolunda addımlayan gənclər – Simral və Lalə. Bütün savaşların, bütün çaxnaşmaların, bütün ixtişaşların, bütün müharibələrin ən ağırı, ən dəhşətlisi budur, deyilmi?

         İfrat mübaliğə etdiyimi deyəcəksiniz bəlkə, amma beş ruhun savaşı, minlərlə bədənin savaşından daha ağırdır. Bu, yalnız ruhu görə bilməyənlərə bəsit görünəcəkdir. Və dünyadakı bütün savaşları durdurmağın tək yolu ruh və fikir anlayışlarında ortaq nöqtəyə gəlməkdən keçir.

         Kadrarxası mətn

         2019-cu ilin Dekabr ayının əvvəllərində Çinin Hubey əyalətinin Uhan şəhərində – ət və dəniz məhsulları bazarından sıx istifadə edən yerli sakinlərdə mənşəyi məlum olmayan pnevmaniya aşkar edilib. Bununla əlaqədar Çin höküməti 31 Dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına rəsmi məlumat ünvanlayıb.

         Çin alimləri ağciyər iltihabına səbəb olan xəstəliyin “SARS-CoV-2” olaraq adlandırılan atipik pnevmaniyaya bənzədiyini, “Coronovirus” ailəsinə məxsus olan bir virus tərəfindən törədildiyini bildiriblər. Planetə sürətlə yayılan virusun adını 2020-ci ilin fevral ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı “Covid-19” olaraq müəyyən edib və mart ayının 11-də koronovirus pandemiya olaraq elan edilib.

         Mart ayının 27-ə olan göstəricilərə əsasən planetdə 532 min insanın koronavirusa yoluxduğu, onlardan 24 min nəfərinin öldüyü bildirilir. Ölənlərin əksəriyyəti yaşlılar və müxtəlif xroniki xəstəliklərdən – xüsusi ilə xərçəng, şəkərli diabet, vərəm və digərlərindən əziyyət çəkənlərdir.

         Virus təhlükəsinin tamamilə sovuşacağı tarixə qədər bu göstəricinin hansı həddə yüksələcəyi məlum deyil. Lakin yoluxanlardan yalnız müayinə və müalicə üçün müraciət edənlərin bu göstəricidə yer aldığını düşünsək, yoluxanların və həyatını itirənlərin daha çox olduğunu asanlıqla deyə bilərik. Digər tərəfdən, bu gün virusun dəqiq müalicə üsulu məlum olmasa da, ənənəvi müalicə üsullarının tətbiqi və müəyən preparatların təsadüfi effektiv təsiri ilə sağalan yaşlıların və xroniki xəstələrin virusun buraxdığı zərər nəticəsində yaxın gələcəkdə həyatlarını itirəcəyi istisna deyil. Lakin onlar heç vaxt koronavirus qurbanı olaraq siyahıya alınmayacaqlar. Bunları nəzərə alaraq, önümüzdəki beş-on il ərzində koronovirus qurbanlarının milyonlarla olacağı gözləniləndir.

         Aylardır dünya mediasının manşetindən düşməyən və dünyanın müxtəlif yerlərində karantin rejimlərin, fövqəladə vəziyyətlərin elan edilməsinə səbəb olan koronavirus ətrafında müxtəlif elmi araşdırmalar, fərziyyələr və miflər dolanmaqdadır. Çin laboratoriyalarında hazırlanmış bioloji silahın qəza nəticəsində sızması, Amerikanın Çin, İran və Rusiya üçün hazırladığı bioloji silah olduğu, daha üstün idarəetmə qüvvələrinin dünya əhalisinin sayının azaldılması üçün hazırladığı bioloji silah olduğu kimi müxtəlif söz-söhbətlər dildən-dilə düşməkdədir.

         Əlbəttə, bunlar miflərdir, amma mən dedim axı, pərdəarxası həqiqətlərin olduğuna və bunların ən çox da miflərdə saxlanıldığına inananlardanam. Məhz “pərdəarxası həqiqətlər” ifadəsi kimi hafizənizə həkk etmənizin labüd olduğu bir neçə ifadəni də ixtiyarınıza sunuram: elektron pul vahidləri; yeni texnoloji inqilab dövrü; yeni texnologiyalar üçün lazımi işçi qüvvəsi; canlı əməyin yararsızlığı; sağlam gen daşıyıcıları; yeniliyə açıq və alışqan gənclik.

         27 mart, 2020-ci il etibarı ilə Azərbaycandakı rəsmi göstəricilərə əsasən koronovirusa 165 yoluxma faktı qeydə alınıb. Onlardan 3-ü həyatını itirib, 15 nəfəri isə tam sağalaraq evə buraxılıb.

Ölkədə xüsusi karantin rejim elan edilib. Bağçalarda, məktəblərdə və ali təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Təhsil nazirliyinin göstərişi ilə müəllimlər onlayn dərslərə başlayıblar. Kütləvi tədbirlər ləğv edilib, şəhərlərarası sərnişindaşıma məhdudlaşdırılıb, əhaliyə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunmur, 65 yaşdan yuxarı şəxslərin evdən çölə çıxması qəti qadağandır. Üstəlik, iş yerlərinin əksəriyyəti onlayn rejimə keçirilib və kağız (və metal) puldan istifadə məsləhət görülmür. Yəni elektron ödəmə sistemlərindən istifadə təhlükəsizliyimiz üçün vacibdir.

2. EpizodBakı, mart-2020.

Afət müəllimə kompüterdən istifadəni bacarmır. Eyni çətinliyi bundan əvvəl təhsildə kurikulum  sisteminə keçid zamanı da yaşayıb. Onlayn imtahanlarda zəif bal toplasa da, dil və ədəbiyyat biliyinə arxayın olduğu üçün özünü kifayət qədər bilikli pedoqoq sanır. Bu səbəbdən yeni texnologiyalara, kompüter elmlərinə qarşı qəzəblidir və onların şagirdlərə, eyni zamanda gənclərə yalnız zərər verdiyini düşünür.

         Onlayn dərslərə başladığı gündən etibarən Afət hər səhər tezdən Simralı yuxudan qaldırır. Bu gün də, o, əsəbi halda Simralın otağına girib, onun yatmış bədənini silkələyib:

-Simral, dur o aparatı qoş, görüm! Birazdan valideynlər zəng edəcəklər. Bunu icad edib, bizi əcəb işə salıblar! – dedi.

         Simral yuxulu halda yerində yırğalandı və dodaqaltı mızıldandı:

-Beş dəfə başa saldım da sənə…

-Yadımda qalmır da, ay bala! Qaldıq uşaq-muşağın ümidinə! Dur, görüm! – dedi və əsəbi halda Simralı daha möhkəm tərpətdi.

         Simral yuxulu və gərgin halda yatağından qalxıb yenicə dirçəlmişdi ki, Şamil baba otağa girdi və Simrala tərs-tərs baxaraq əlindəki bank kartını ona uzatdı:

-Ə, deyirlər pensiya yatıb. Al bu kartı, get, bax, gör yatıbsa, çıxar, gəl.

         Simral usanmış halda gah anasına, gah da babasına baxıb səbrini cilovladı, dərindən nəfəs alıb sakit olmağa çalışdı və kartı aldı:

-Sistemdən baxaram. Yatıbsa, birazdan gedib çıxararam.

         Şamil baba otaqdan çıxdı. Afət Simrala yaxınlaşın asta səslə təpindi:

-Babanla o tonda danışma bir də. Borcundur dediyini etmək.

-Təəssüf ki, belə bir borcum yoxdur. Amma xahişlərinizi yerə salmıram. Bunun üçün mənə minnətdar olmalısınız. – deyib, Simral laqeydliklə kompüter qarşısına keçdi.

         Afət pərt və qəzəbli halda oğlunu süzərək:

-Tərbiyəsiz! Aç onu, mən də kitabları götürüb gəlirəm. – dedi.

         Afət çıxdıqdan sonra Akif Simralın otağına girdi. O, Simralı kompüter qarşısında görüb əsəbi halda deyinməyə başladı:

-Nə olub? Səhər duran kimi oturmusan onun qabağında!

-Babanın kartını yoxlayıram, ananın da onlayn dərsi üçün proqramı quraşdırıram. – deyə, Simral usanmış halda cavab verdi.

-Hə. Onları bitir. Sonra gəl yanıma. Hər yeri bağlayıblar. İşləməyə icazə vermirlər. Satış da dayanıb. İslam deyir ki, mən də bu onlayn satışdır-nədir, ona keçməliyəm. Gəl, görək, nə edirik.

-Yaxşı, ata. – deyib, Simral köks ötürdü.

         Akif otaqdan çıxandan sonra Simral başını ovuclarının arasına alaraq xeyli fikrə daldı. Elə bu vaxt Lalə otağın qapısında əlində kitabla gözlərini Simrala dikib dayanmışdı. Simral qapıda kiminsə olduğunu hiss edib geri çevrildi və Laləni görüb əhval-ruhiyyəsini xoş tutmağa çalışaraq dedi:

-Sabahın xeyir. Gəl, içəri.

         Lalə utanaraq içəri girdi:

-Bilirəm, hərəsi sənə bir iş tapşırıb, amma mənim də dərslərim var.

-Axı ana onlayn dərsə başlayacaq indi. Kompüter məşğul olacaq. Vaxtında dedim sənə kompüter alsınlar da. Eşitmirlər ki, adamı. – Simral çarəsiz halda düşünməyə başladı.

-Telefonla eləmək olar, hə? – Lalə utanaraq soruşdu.

-Hə, olar. Yaxşı, mən birazdan öz telefonumda səninçün quraşdıraram. Amma yanında qala bilməyəcəm. Baba da, ata da iş tapşırıblar.

-Narahat olma. Mənim yadımda qalıb. Öyrənmişəm artıq. – Lalə sevinclə bildirdi.

-Amma məni öpməlisən, ondan sonra. – deyib, Simral üzünü ona tərəf tutdu.

         Lalə kitabları masanın üstünə qoyub,  qardaşının hər iki üzündən ürəklə öpdü. Simral kompüterdə anası üçün lazım olan proqramı quraşdırıb daha sonra əynini geyindi və telefonda Lalə üçün lazımlı proqramı açıb telefonu Laləyə verdi. Lalə kitablarını və telefonu götürüb öz otağına keçdi. Afət əlində kitablarla Simralın otağına girib kompüterin qarşısında oturdu. Simral anasına lazım olan köməyi göstərib otaqdan çıxdı.

         Salonda Şamil baba və Akif oturub söhbət edirdilər. Simral babasını səsləyib:

-Baba, pensiyan yatıb, – dedi.

-Get, çıxar. – Şamil baba əmr ədası ilə cavab verdi.

-Amma məsləhət görülür ki, bu aralar kağız puldan istifadə etməyəsən. Nə lazımdırsa onlayn ödəniş edərək almaq olar. – Simral babasına vəziyyəti izah etməyə çalışdı.

         Şamil baba qəzəbli baxışlarla gah Akifə, gah da Simrala baxdı:

-İndi deyirsən ki, mən o şeytan kapitalistlərin bankında saxlayım pulumu? Üzərində kapital sözü yazılan heç bir yerə güvənə bilmərəm. Get, pulumu çıxart, gətir bura. Axşamüstü çıxacam özümə lazım olan bir-iki şey almağa.

-Baba, bütün dünya evə qapanıb və hamı dönə-dönə məsləhət görür ki, yaşlılar qətiyyən evdən çölə çıxmasınlar. Bu, sənin üçün çox təhülkəlidir. Nə lazımdırsa, alıb gətirərik. Sən evdə qal, məncə. – Simral babasının qəzəblənəcəyini bildiyi üçün sözlərini seçərək danışmağa çalışdı.

-Ə, köpəyoğlu, o oğraş amerikalılar sənin kimiləri aldada bilərlər. Məni öz oyunlarına oyuncaq etməyi bacarmazlar. Hardan biləsiz e! Sovet görməmisiz ki! Yazıqlar! – Şamil baba nəvəsinin cahilliyinə ürəkdən təəssüflənmiş bir əda ilə başını buladı.

-Nə deyim!? Məsləhət sənindir. – deyib, Simral evdən çıxdı.

3. Epizod – Bakı, mart-2020.

         Simral bankomat qarşısında növbə gözləyərkən bir-biri ilə dərdləşən və mübahisə edən qocaların arasında xeyli müddət dayanmalı oldu. Bu qocalardan böyük bir qismi SSRİ sevdası ilə, kommunizm eşqi ilə coşqulu nitqlər söyləyirdilər. Bir qismi isə bütün bunlara sakit-sakit baxır və canından usanmış halda bankomatdan çıxaracaqları pulları gözləyirdilər.

         Simraldan sonra bankomata yaxınlaşan bütün qocalar onu geri itələyir və bankomatın önünə keçdikdən sonra Simraldan pulu çıxarmaq üçün kömək istəyirdilər. Nəhayət, gözləməkdən usanan Simral onun növbəsinə keçən yaşlı bir kişiyə:

-Axı mən sizdən öncə gəlmişəm. Bayaqdan gözləyirəm. – deyə, etirazını bildirdi.

         Qoca kişi ətrafdakı digər yaşlılarla birgə Simrala nifrətlə baxıb, bir ağızdan səslənməyə başladılar:

-Tərbiyəsiz!

-Görmürsən ki, o qocadır?!

-Bu gənclər hamısı belə pozulublar!

-Bunları Avropa pozub da!

-Amerikanın işidir!

-Böyük-kiçik qalmayıb!

-Gəlib o yaşa çatanda, sən də görərsən!

-Bunları telefon bu günə qoyub.

         Simral bütün bu nifrət nitqlərinə səbrlə dözməyə çalışdı və onun növbəsinə girən həmin qoca kişi də Simrala əmr ədası ilə belə dedi:

-Ayıbdır! Baban yaşdayam! Burdakı bütün qocalara öz növbəni verməlisən! Sənə evdə tərbiyə verməyiblər? Gəl, pulu çıxart mənim üçün. Mənim bu zibildən başım çıxmır.

         Simral usanmış halda, amma həm də təəccübdən istehza ilə gülərək yaxınlaşıb qoca kişinin pensiyasını bankomatdan çıxardı. Qoca kişi öz nəsihətlərini verə-verə uzaqlaşdı və bu fürsətdən istifadə edən Simral cəld babasının kartını bankomata salaraq onun pensiyasını çıxarmaqla məşğul oldu.

         Ətrafdakı qocalar yenə eyni ağızdan dillənməyə başladılar:

-Gördüz də, necə soxdu özünü qabağa!

-Günah bunda deyil, buna tərbiyə verəndədir!

         Simral bu tənələrin, təhqirlərin heç birinə çox da məhəl verməmişdi, amma bu əsnada dayanmadan xırıltı ilə öskürən, nəfəsi təngiyən qocalar onun xeyli diqqətini çəkmişdi. Nə etmək olardı? Əgər orada bir virus var idisə, çoxdan ona da bulaşmışdı.

Simral bankomatdan pulu götürüb onlara sarı çevrildi:

-Əgər mənə etiraz etdiyiniz qədər sizi bu vəziyyətə salan sistemə etiraz etsəydiniz, bəlkə də heç biriniz ölməyəcəkdiniz.

         Simral oradan ayrılan kimi yaxınlıqdakı ictimai tualetlərdən birində əllərini və üzünü sabunladı. Daha sonra spirt üçün bir neçə aptek gəzsə də, heç birində olmadı. Nəhayət, bir aptekdə spirtin yoxluğunu fürsət bilən işbazlar ona üç qat bahasına spirt satdılar. O, əllərini, üzünü spirtləyib evə qayıtdı.

4. Epizod Bakı, mart-2020.

         Simral evə girən kimi Şamil baba öz pensiyasını ondan alıb diqqətlə saydı və cibinə qoydu. Akif isə yerindən qalxıb pencəyini geyindi və Simrala yeməyini yeyib mağazaya gəlməsini tapşırdı. Bu əsnada Lalə də öz otağından çıxıb Simralla birgə səhər yeməyi üçün masa ətrafında oturdu.

         Lalə qəfil bir fikirdən ayılmış halda:

-Baba, İsgəndər Zülqərneyn kimdir? – deyə, Şamil babaya sual etdi.

         Şamil baba xeyli düşünüb cavab verdi:

-Ooo… Quranda adı keçir, amma peyğəmbər olub-olmadığına dair dəqiq məlumat yoxdur. Hörmətli-izzətli adam olub.

-Onun həqiqətən buynuzları olub? – deyə, Lalə təəccüb içində soruşdu.

-Deyilənə görə, olub. Bu İsgəndər Zülqərneyn çox adlı-sanlı, var-dövlətli, güc sahibi bir bir adam olub. Amma buynuzları varmış və o da buna görə çox utanırmış. Deməli, saçını hansı bərbərə kəsdirirmişsə onu dərhal öldürürmüş ki, sirri ifaş olunmasın. Bir gün də İsgəndər Zülqərneyn bir bərbərə saçını kəsdirəndən sonra onu öldürmək istəyəndə görür ki, bu bərbərin simasında nur var. Çox gözəl biri olduğu üçün onu öldürməyə ürəyi gəlmir və deyir: “Səni bağışlayıram, amma bir şərtlə ki, gördüyünü heç kimə deməyəsən!”. İsgəndər Zülqərneynin buynuzları olduğunu görən bərbər ölümdən də qorxduğu üçün bu sirri heç kəsə demir. Bir müddət sonra bərbər xəstə düşür, bütün bədəni şişir. Neçə-neçə təbibləri, loğmanları çağırırlar ki, bu bərbərin dərdini öyrənsinlər. Axır, təbiblərdən biri bərbəri yoxlayandan sonra deyir: “Bu adam çox böyük bir sirr bilir, amma onu heç kəsə deyə bilmədiyi üçün bədəni şişir. Əgər heç kimin olmadığı tənha bir yerdə o sirri üç dəfə car çəksə sağalacaq”. Bərbər bir uca dağın başına çıxıb heç kəsin olmadığı boşluğa üç dəfə qışqırır: “İsgəndərin buynuzu var! İsgəndərin buynuzu var! İsgəndərin buynuzu var!” Ondan öncə həmin dağda qarpız yeyən bir çobanın yediyi qarpızın toxumları bu hadisəyə şahid olur və bir müddət sonra həmin torpaqda qarpız yetişir. Ordan keçən bir dəstə dağdakı qarpızı görüncə orada süfrə salıb yemək yeyirlər, həmin qarpızdan da kəsirlər. Yedikləri qarpızın toxumları yan-yana düzülüncə, üzərində “İsgəndərin buynuzu var” sözünün yazıldığını görürlər. Beləcə, İsgəndərin sirri ifşa olunur və hamı bilir ki, İsgəndər Zülqərneynin buynuzu var.

         Şamil baba bunu danışdıqca Simral xısın-xısın gülümsəyib, arada bir Laləyə də göz vururdu. Lalə isə eşitdiyi hekayənin təsirindən çıxa bilmirdi. Sehirlənmiş, ovsunlanmış kimi, heyrət içində donub qalmışdı. Şamil baba sözünü bitirincə Simral özünü saxlaya bilməyib dərindən qəhqəhə çəkdi. Buna qəzəblənən Şamil baba:

-Nə var, ə, küçük!? Gülməli söz danışdım mən? – deyə, ona tərs-tərs baxdı.

-Əlbəttə, gülməli söz danışdın. İndi mən sənə bu absurd nağılın arxasında pərdələnmiş həqiqəti danışım. – deyib, Simral əllərini və ağzını solfetlə sildi.

-Babanın danışdığı yalandır? – Lalə soruşdu.

-Bunlara bax e. Məni yalançı çıxardılar. Lalə, sən də bu pozğuna qoşulma. – Şamil baba Lalə üçün gözlərini ağartdı.

-Uşağı qorxutma, baba. Lalə, İsgəndər Zülqərneyn dedikləri elə bizim bildiyimiz Makedoniyalı İsgəndərdir. İsgəndər Zülqərneyn adlı başqa birinin yaşadığına dair heç bir tarixi fakt yoxdur. Zülqərneyn sözünün mənası da “buynuz sahibi” deməkdir. Deməli, bu mif haradan çıxıb?! Makedoniyalı İsgəndərin dönəmində onun adına kəsilən pulların – yəni sikkələrin üzərində fatehin rəsmi həkk olunub. Bu sikkələrin üzərindəki rəsmdə İsgəndərin başında iki buynuzlu dəbilqə təsvir edilib. Makedoniyalı İsgəndərin adını eşidib üzünü görməyən sadə camaat, yəni rəiyət  təsvirdəkinin dəbilqə olduğunu bilmədikləri üçün İsgəndərin iki buynuza sahib olduğunu düşünüblər. Beləcə, fatehin iki buynuzunun olduğunu dilə gətirməyə qorxan adamlar, buynuzlu İsgəndər adlı başqa bir obraz yaradıblar. Güya bu buynuzlu İsgəndər ifşa olunmamaq üçün saçını kəsdirdiyi bərbərləri öldürürmüş. Amma babamız bizə danışdığı mifdə başqa bir həqiqəti də özü bilmədən deyir. Nurlu simalı, yaraşıqlı bərbəri öldürməyə ürəyi gəlməyən İsgəndərin gey olduğu da həmin dövrün adamları arasında bilinirdi. Çünki Makedoniyalı İsgəndər bunu gizlətmirdi, hətta ordusuna da geyləri götürürdü. Yəni ki, Lalə, baba hər nə qədər absurd bir nağıl danışsa da, o nağılda çox həqiqətləri özü də bilmədən demiş olur. Problem ondadır ki, baba nağılın özünə inanır, onun içindəki həqiqətə isə inanmır. Necə ki, koronavirusun Amerikanın oyunu olduğuna inanır, amma koronavirusun varlığına inanmır. Tarix hər zaman belə absurd düşüncələrə şahid olub.

         Bayaqdan Simralın dediklərini diqqətlə dinləyən Şamil baba qəfil bir hərəkətlə söykəndiyi divandan dirçəlib Simrala sərt baxışlarını dikdi:

-O nə sözdür danışırsan bacının yanında?

-Nə dedim ki, mən? – ciddi bir sima ilə Simral ağır-ağır udqundu.

-Deyirsən ki, İsgəndər Zülqərneyn… Tövbə! Tövbə! Lalə, sən dur keç öz otağına! – Şamil baba zəhmli səslə dedi.

-Yaxşı. – Lalə gah Şamil babaya, gah da Simrala qorxu ilə baxıb otağına keçdi.

         Şamil baba yerindən qalxıb ağır addımlarla Simrala yaxınlaşdı:

-Ə, biqeyrət, sən bacının yanında nə pozğun-pozğun danışırsan?

-Mən sadəcə həqiqəti dedim.

-Tüpürüm sənin belə pozğun həqiqətinə. Sən Quranda adı keçən adam haqqında nə ağzına gələni danışırsan? Gey-mey deyirsən.

-Baba, məndən əvvəl sən özün dedin də. Dedin ki, İsgəndər Zülqərneyn bir bərbəri yaraşıqlı olduğu üçün öldürə bilmir. Ürəyi gəlmir. Sənin buynuzların olsa və bunu hamıdan gizlətmək istəsən, bir bərbərin yaraşığından ötrü öz sirrini riskə atarsan?

         Şamil baba Simralın qulağından tutub dartdı:

-Ay alçaq, elə gərək ki, pis mənada xoşu gəlib öldürməyə? Olmaz ki, onun üzündə Allahın verdiyi nuru görüb?

-Qulağımı burax! Aaaa! Sənin də qəşəng bir qızı öldürməyə ürəyin gəlməsə, Allahın verdiyi nuru bəhanə edərsən. Amma sənin sirrini ifşa edə biləcək bütün kişiləri öldürərsən, yaraşığına baxmadan. Qulağımı qoparsan da bu həqiqət dəyişməyəcək. Aaa! Burax qulağımı! – Simral qulağının ağrısından zarı-zarıya birnəfəsə sözlərini deyib çatdırmağa çalışdı.

-Sənin südünə lənət! Tərbiyəsiz küçük! Rədd ol gözümün qabağından!

         Şamil baba onu yerindən qaldırıb otağına tərəf itələdi. Simral biraz ağrı içində qulağını tutaraq, biraz da çatdırdığı həqiqətin zəfər sevinci ilə gülümsəyərək otağına girdi. Şamil baba isə ağır addımlarla divana oturub, Simralın dedikləri barədə uzun-uzun düşünməyə başladı.

         Kadrarxası mətn

         Kəşf edildiyi gündən etibarən xeyli müzakirə mövzusuna çevrilən məqam da koronavirusun görüntüdə taca bənzəməsidir. Gözəgörünməz simvolizə! Necə də qeyri-adi gediş!? Amma məqsəd və məram nədir? Sizə statistik göstəricilərdə 2045-ci ilin tez-tez hallandığını bildirmişdim axı. Əksər göstəricilər 2045-ci ilə qədər hesablanır. Niyə? Nə var bu 2045-ci ildə?

         Bu tarixi yaxşı yadda saxlamaq lazımdır! İçi mən qarışıq, hansımız həmin ildə yaşamış olsaq, böyük bir dövrə açılan qapıdan keçəcəyik! Elə bir dövr ki, indi gördüklərimizdən çox fərqli və heyrətmiz! Bundan 25 il əvvəl yaşamış insanlara bu gün gördüklərimizi danışa bilsəydik, onlar nə qədər təəccüb və heyrət içində qalacaqdılarsa, bundan 25 il sonra olacaqları indiki insanlara danışan olsa, ondan qat-qat daha artıq təəccüb və heyrət içində qalacaqlar.

         Yalan deyə bilmərəm, mən də dəqiq bilmirəm ki, nə olacaq!? Amma bir şeylər olacağı şübhəsizdir. Güman edirəm ki, nanotexnologiya, süni intellekt və kvant kompüterləri dövrü, əsasən, 2045-ci ildən başlayacaq. Məsələn, bir cihaz bütün bədənimizi dolaşıb hüceyrələrimizi atomik və molekulyar səviyyədə idarə edə biləcək. Xəstəlikləri sağalda və fizioloji qüsurları aradan qaldıra biləcək. Və ya xidmət sektorunun əsasını robotlar təşkil edəcək. Canlı işçi qüvvəsinə heç bir ehtiyac olmayacaq. İnsan anlayışı yalnız elm, texnologiya və sənət sahələrində yaradıcılıq üçün əhəmiyyət daşayıcaq. İndi milyonlarla insanın fəaliyyət sahəsi olan peşələrin əksəriyyəti sıradan çıxacaq. Yeni dövrün yeni anlayışları ilə baş aça biləcək, onlarla üz-üzə qala biləcək, o problemləri çözə biləcək yenilikçi beyinlərə ehtiyac var və bu beyinləri yetirmək üçün cəmi 25 il vaxtımız var.

         Bəs bu beyinlərin yetişməsinə mane olan nədir? Bunlar bir deyil, iki deyil, üç deyil… Səbəblər çoxdur, nəticəsi isə eyni. Və bu nəticə indiki zamanda heç kəsə sərf etmir. Buna görə də səbəbləri aradan qaldırmaq və dünyanın müxtəlif yerlərində arzulanan yeni nəsillər yetişdirmək lazımdır. Planetin tarazlığını və bəşərin bərabərliyini qorumaq, 1-ci növ düşünə bilən canlı səviyyəsinə çatmaq, ən azından, öz planetimizin bütün enerji ehtiyatlarından istifadə edə bilmək, daha sonra Günəş sistemimizdən, daha sonra isə qalaktikamızdan yararlana bilmək üçün, bu, ən vacib şərtdir.

         Hər amal qurbanlar tələb edir. Əgər bizə lazım olan nəticəyə mane olan səbəblər varsa və bu səbəbləri aradan qaldırmaq lazımdırsa, təbiətin əsas qanunlarından birinə görə, qurbanlar verməliyik. Arzulanan yeni nəslin yetişməsinə mane olan ilkin səbəblərdən biri siyasi idaretmədir. İndiki halda dünya ölkələrinin əksəriyyətindəki siyasi idarəetmə yenilikçilyə, dünyəviliyə, fərdiləşməyə qarşıdır. Ümumilikdə isə indiki idarəetmə üsullarının heç biri əlverişli deyil və geniş miqyasda yeni sistemin tətbiq edilməsi vacib məsələdir.

         Digər tərəfdən, arzulanan yeni nəslin yetişməsinə mane olan səbəblərdən biri də nəsillərarası savaşdır. Dünya əhalisinin əksəriyyəti öz uşaqlarını öz istədikləri kimi və özlərinin tanıdığı dünyaya uyğun yetişdirmək istəyir. Bu isə gələcək üçün lazımsız və təhlükəlidir. Yeni nəsli yaşlı nəsildən qorumaq lazımdır ki, onlar kopya yox, yeni fərd ola bilsinlər. Əks halda, inqilab dövrü ilə nəinki ayaqlaşa bilməyəcək, hətta, ona qarşı çıxmağa çalışacaqlar. Potensial təhlükə!

         Xroniki xəstəliklərin genetik ötürücülüyü də keçmişdən qalmış əngəlləri aşmağa mane olur və bu artımın qarşısı alınmalıdır. Bir yandan da planetin nəhəng problemləri varkən, xəstəlik daşıyıcıları iqtisadi yük, artıq xərcdir. Belə olan halda ən effektiv üsul nədir? Təəssüf edirəm, eyni şeyi düşünürük.

         Məncə, niyə koronavirusun yaşlıları və xroniki xəstələri öldürdüyü, uşaqlara və gənclərə zərər vermədiyinə dair müəyyən qənaətlərə gəldik. Qaldı tac məsələsi… Niyə məhz tac? Təsadüf yoxsa simvolika?

5. Epizod Bakı, mart-2020.

         Simral yanılmamışdı. Ya evə gətirdiyi kağız pullardan, ya da bankomat növbəsindəki qocalardan virusa yoluxmuşdu və qısa müddətdə bütün ailə üzvlərini yoluxdurmuşdu. Amma onlar, əvvəlcə, bunun adi qrip olduğunu düşündülər. Elə yoluxan hər kəs, əvvəlcə, belə düşünürdü.

         Ən birinci də Simralda başlamışdı əlamətlər. Quru öskürək, temperatur, baş ağrısı və digərləri… Əlamətlər daha sonra Şamil babada, ondan sonra Lalə, sonra Afət, sonra da Akifdə başladı. Şamil babanın vəziyyəti isə digərlərindən daha da ağır idi. Bundan, təxminən, on il əvvəl ciyərində və nəfəs yollarında iltihab səbəbi ilə xeyli müalicə almışdı. İndi isə həmin problem daha da şiddətli formada geri dönmüşdü.

         Şamil babanın təcili xəstəxanaya yatırılması ilə bağlı Simral atasını və anasını dəfələrlə xəbərdar etdi. Öz temperaturunun yüksək, öskürəyinin ağır vaxtında:

-Babanı xəstəxanaya yerləşdirin! Onun üçün təhlükəlidir. – dedi.

         Akif bunu Şamil babaya dedikdə isə, o, halsız və gücdən düşmüş nitqi ilə zarıyaraq belə cavab verdi:

-Mən ölərəmsə də, öz evimdə ölərəm. Oğlun məni bu evdən çıxarmaq üçün çalışır. Amma mənim bu evdən tabutum çıxacaq.

         Afət qayınatasına vəziyyətin ciddiyətini izah edə bilməzdi. Gəlin olduğu üçün qayınataya nəyisə izah etməkdə söz sahibi deyildi. Uşaqlar Şamil babadan daha ağıllı ola bilməzdilər, çünki Şamil babanın 70, onların isə 15 illik həyat təcrübələri vardı. Şamil babaya görə onlar heç nə bilmirdilər.

         Şamil babaya yalnız Akif nəsə deyə bilərdi ki, onu da dinləmirdi. Akif evə həkim çağırmaq istədi, amma həkim problemi eşidincə gəlməkdən imtina etdi və təcili yardımla dərhal əlaqə saxlamağı məsləhət gördü. Akif isə atasının sözündən çıxa bilmirdi və təcili yardım çağırmırdı.

         İki gün sonra Simral və Lalə demək olar ki, sağaldılar. Onlar xəstəliyi olduqca yüngül keçirdilər. İki günlük temperatur və öskürək parasetamol, çobanyastığı və çoxlu isti maye içməklə bitdi. Akif və Afətdə xəstəlik nisbətən şiddətlənmişdi. Onlar evdən çölə çıxmır, bir-birlərinə kömək etməyə çalışırdılar. Simral və Lalə isə sağaldıqları üçün yatağa düşmüş üç xəstəyə qulluq edirdilər. Lakin Şamil baba onların köməkləri ilə sağalmayacaqdı, sağala bilməzdi. Simral bundan əmin idi.

         Akif nə edəcəyini bilmirdi. İşlərinin başında durmağa gücü yox idi. Ölkədəki ümumi karantin səbəbi ilə də işləri tamamilə sıradan çıxır və borcları yığılırdı. O, heç zaman söz və ixtiyar sahibi olmamışdı. Bu ev, bu ailə həmişə Şamil babanın istəkləri ilə idarə edilmişdi. İndi isə Şamil babanın nəsə istəməyə də gücü çatmırdı.

         Təkcə Afət həm öz övladlarının, həm ərinin, həm də qayınatasının qayğısını çəkir, bir yandan da öz canı ilə əlləşirdi. O, uşaqlara müəyyən məsləhətlər versə də, ixtiyar tamamilə uşaqlarda idi. Onlar nə bişirirdisə evdəkilər yeməli idilər. Onlar nə verirdisə digərləri içməli idilər. Onlar nə danışsalar, digərləri inanmalı idilər. Əks halda sağalmayacaqlarını bilirdilər. Çünki əllərinin altında informasiya texnologiyaları olan iki gənc bu xəstəlik haqqında kifayət qədər məlumatlı idi və həyata qaytarılması mümkün olan xəstəni ev şəraitində sağalda bilərdilər. Təkcə Şamil babadan başqa.

         Ümumdünya Səhiyyə Təşkilatı parasetamolun koronavirusa qarşı effektiv təsir göstərdiyini açıqlamışdı. Bu səbəbdən Simral aptekdən parasetamol almış, atasına, anasına və babasına vaxtı-vaxtında yemək və dərman verirdi. Lalə də ona kömək edirdi. Şamil baba isə Simralın verdiyi yeməklərdən iştahsızlıq səbəbi ilə imtina edir, yalnız ağrılarını kəsməsi üçün dərmanları qəbul edirdi.

         Nəhayət, Simral babasının ağrı çəkməsinə, iztirablı zarımasına dözə bilmədi. O, xeyli tərəddüddən sonra təcili tibbi yardım çağırdı və çox keçmədi ki, tibbi heyət həmin ünvana gəldi. Tibb işçiləri evdəkilərin temperaturlarını ölçdülər. Şamil baba dərhal təcili tibbi yardım maşınına yerləşdirildi. O, gücü tamamilə tükənmiş halda hər nə qədər etiraz etməyə çalışsa da, işə yaramadı.

Həkimlər Akif və Afətin də karantin xəstəxanalardan birinə yerləşdirilməli olduğunu məsləhət gördülər. Lakin Akif və Afət evdə qalmaq istədiklərini, vəziyyətlərinin pis olmadığını, özlərini getdikcə yaxşı hiss etdiklərini bildirdilər. Simral da atasının və anasının heç bir xroniki xəstəliyinin olmadığını, yaşları etibarı ilə xəstəliyə qalib gələ biləcəklərini anladığı üçün həkimlərlə vəziyyətin pisləşəcəyi təqdirdə təcili tibbi yardımla əlaqə saxlayacağına dair anlaşdı.

Ailə üzvlərinin ad və soyadları qeyd edildikdən və ümumi vəziyyət barədə məlumatlar yazıldıqdan sonra həkimlər getdilər. Akifin bütün fikri atasının yanında qalmışdı. Onun xüsusi karantinə alınacağını, yanına heç kəsin buraxılmayacağını və sağalma şansının olmadığını anlayırdı və bununla barışmağa məcbur idi.

Simral dünya mediasından müxtəlif həkim məsləhətlərini araşdırır və anasının, atasının sağalması üçün tətbiq edirdi. O, eyni zamanda bu məlumatları özündə xəstəlik əlamətləri hiss edən dostları, qohumları ilə də paylaşırdı. Özündən və bildiklərindən əmin idi. Atasını da, anasını da sağaldacaqdı. Babası üçün heç bir şey edə bilmədiyini anlayır və buna dərindən üzülürdü. Vicdan onu çox ağrıdırdı, amma bildiyi həqiqət tək çıxış yolu idi. Bunu dini fəlsəfədə eyş-işrətin cəhənnəmə, məhrumiyyətlərin isə cənnətə apardığı kimi başa düşmək olardı.

Kadrarxası mətn

Karantin rejimdə hamı texnologiyaya möhtac qaldı: onlayn təhsil, onlayn iş rejimi, onlayn ticarət və s.

Kitabxanalar, teatrlar, kinoteatrlar bağlı və hamı mədəni istirahət üçün elektron platformalardan istifadəyə möhtacdır: elektron kitabxanalar, film saytları, internet oyunları və s.

Kağız (və metal) pul poteansial təhlükədir. Onlayn ödəmə sistemləri əsas vasitəyə çevrildi: bank kartları, kredit kartları, elektron pul kisələri və s.

İflasın astanasında olan sahibkarların növbəti qazanc yerləri nə olacaq? Onlar onlayn ticarətlə məşğul olmağa çalışacaqlar. Çünki bu sistem daha az təhlükəlidir və dövrün tələbidir. Bundan anlayan gənc sahibkarlara ehtiyac var.

Onlayn təhsil metodları barədə həm dövlət qurumları, həm də özəl qurumlar daha ciddi düşünməli olacaqlar. Yenə işi texnologiyadan keçənlər gənclərin qapısını döyəcəklər.

Şirkətlər iflas etməmək üçün onlayn iş rejimini tətbiq etməyə başlayacaq. Nə qədər çox şey elektron sistemə keçərsə, təhlükə bir o qədər azdır. Yenə gənc kadrlara ehtiyac var.

Artıq heç kəs uşaqlarını telefondan, kompüterdən yayındırmağa çalışmayacaq. Əksinə, bunu öyrənmələri və bilmələri üçün uşaqlarını yönləndirməyə başlayacaqlar. Üstəlik, özləri də öyrənməli və bununla ayaqlaşmalı olacaqlar.

İdarəetmə sistemləri ənənəvi üsullardan imtina edəcək, yeni elektron metodların sürətli tətbiqinə başlayacaq, bunun üçün informasiya texnologiyaları üzrə ixtisaslaşmış kadrlara ehtiyac duyulacaq və hamı texnologiyanı öyrənməyə məcbur olacaq.

         Sizə bu ifadələri xatırlatmalıyam: elektron pul vahidləri; yeni texnoloji inqilab dövrü; yeni texnologiyalar üçün lazımi işçi qüvvəsi; canlı əməyin yararsızlığı; sağlam gen daşıyıcıları; yeniliyə açıq və alışqan gənclik.

         İndi tac kimindir?

Orxan Bahadırsoy