Nəsr

“Putin öz ideyalarının əsiridir, diktatorların insan yaşayışı olmur!” – Nobel mükafatlı yazıçı…

Onlar isə artıq heç kimin inanmadığı, amma oynamağa məcbur olduqları primitiv demokratiya oyunlarını oynamaqdan əməlli-başlı beziblər.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Nobel mükafatı laureatı, yazıçı Svetlana Alekseyeviçin müsahibəsini təqdim edir. S. Alekseyeviç müsahibəsində Lenin, Putin və Lukaşenko arasında paralellər aparır, müasir dünya düzəni və gələcəyin gəncliyi haqda qənaətlərini paylaşır.

– Puşkinin Boris Qodunov əsəri “Xalq susur” sözləri ilə bitir. Bu gün Ştutqart operasında izlədiyimiz Musoqorskinin “Boris” operası isə tamam çılğınlıq idi. Bəs yeni “Boris” nə ilə bitir?

– Bu operadakı çılğınlıq hamını əhatə edən çılğınlıq idi! Günümüzdə bəzi rus siyasətçilərinin ağızlarından qaçırdıqları ifadələr ölkədə total çılğınlıq epidemiyasının yayıldığına sübutdur. Bu adda-budda partlaq verən çılğınlıq deyil, böyük kütlələrin çılğınlığıdır. Bunu, tutaq ki, kilsənin Rusiya ilə bağlı planlarını oxuyanda, ya da kilsənin homoseksuallara, ya da fərqli şəkildə yaşamaq istəyən insanlara münasibətində görürük… Cəmiyyət olaraq savadlılığımızın, oxumuşluluğumuzun birdən-birə yoxa çıxmasını görəndə adamı qorxu bürüyür. Jurnalist rəfiqələrimdən biri bir müddət tanınmamış Donetsk Xalq Respublikasında yaşadı. O, orda qarşılaşdıqlarını mənə danışanda məni dəhşət bürüdü. İnsanın mədəni qatının necə birdən-birə yoxa çıxdığını görürük. Orda DNR-də, insanları öldürməzdən öncə zirzəmilərdə işgəncə verirlərmiş. Bu ki, 16-cı əsrə qayıtmaqdır!

– Günümüzün hakimiyyətlərinə baxanda nə düşünürsünüz, sizcə, Putinin ağlında indi nələr var?

– Məncə, Putin elə Lukaşenko kimi özü-özünün, özünə xas hansısa ideyaların əsiridir. Axı öz-özünə “cılızlaşmaq” mümkün deyil. Diktator rejimləri diktatorların özlərinə qarşı da amansız olur. Diktatorların insan yaşayışı olmur! Məsəlçün, bir vaxtlar anlamağa çalışırdım ki, Lenin necə birisi olub. Lenin haqda xeyli adamın əlimə keçən xatirələrini oxumuşdum. Bir dəfə Lenin bir fəhlənin evində gecələyir, fəhlə gecənin bir vaxtı oyanıb görür ki, Leninin yatdığı otaqda kimsə gəzişir. Fəhlə otağa girir, baxır ki, Lenin kitab rəflərini qarışdırır. Lenin çevrilir və ev yiyəsinə deyir: “Axı mən heç bunları oxumamışam!” Bu cürə insani təəssüfdən görünür ki, o, həyatını doya-doya yaşamadan əldən verib və öz paranoik ideyalarının əsiri olub.

– Yəqin ki, diktatorların mədəni qatları öz-özünə soyulub gedir. Lenin oxumadığı kitablar üçün təəssüf edirdi, bəs sizcə, Putin ya da Lukaşenko nə üçün təəssüflənərlər?

– Onlar ölkələrində monarxiyanın olmaması, buna görə də hakimiyyəti irsən ötürə bilməmələrindən təəssüflənərlər. Onlar isə artıq heç kimin inanmadığı, amma oynamağa məcbur olduqları primitiv demokratiya oyunlarını oynamaqdan əməlli-başlı beziblər. Əlbəttə, bir insan kimi öz həyatlarını yaşamayan kəslərin adına üzülürəm. Tabutun qapağı altında insanı ən əsas təəssüfləndirən şeylərdən biri özünə biçilmiş həyatı yaşamamaqdır. Qoy pulu olsun, qoy milyardları, evləri, sarayları olsun… Bu ki, bizi xoşbəxt və sevincli eləmir! Kişilər həmişə sahib olduqları ləyaqətlə ölçülürlər. Ancaq insanlar yüksək yerlərə gələndən sonra belə şeylərin dəyərini daha çox anlayırlar. Onlar anlayırlar ki, dostları yoxdur, ətraflarında olanlar isə ancaq düşmənləridir.

– Dünyanı hələ də Putinlər, Lukaşenkolar və Tramplar idarə edir. Belə halda gənclər başlarına nə çarə qılmalıdır? Gələcək kimin yanındadır?

– İnsanlıq dəyişir. Elə bu yaxınlarda Londonda oldum, orda gənc ekoaktivistlə tanış oldum. Belə ki, bu gəncimiz pinqivinlərin haqlarını müdafiə edir, amma insan hüquqları haqda düşünmür! O, hər il quşların haqlarını müdafiə etmək üçün haralarasa səfərlər edir! Bu insanlar artıq Dünyada deyil, Kosmosda yaşayırlar. İnsan tarixindən keçib Kosmosa can atır. Məni başqa zaman, başqa nəsil, başqa estetikanın gəlişi hissiyatı bürüyüb. Bizimçün məna kəsb edən şeylər artıq onlar üçün önəmsizdir. Onlar üçün qlobal dünya və qlobal problemlər önəmlidir. “Harri Potteri” oxuyaraq böyüyən nəsil xeyir və şər anlayışını başqa cür başa düşür. Gələcək Qreta Tunberqin nəslidir, onun ideyaları, qorxuları və bağlılıqlarının arxasınca gedəcəklər.

– Sizin yaradıcılığınız üçün İkinci dünya müharibəsi çox önəmlidir. İndi bir növ “qalib gəlmək uğrunda” müharibə başlayır. Qalib kimdir? Azad edən kimdir? İşğalçı kimdir? Qurban kimdir? Bütün bunları anlamaq üçün ümumi işarələr varmı?

– İş də burasındadır, birdən məlumat çıxır ki “Alyoşa”nı (Bolqarsıtanda qoyulmuş rus əsgəri hekyəli) boya ilə boyayıblar, gah da başqa ölkələrdə sovet əsgəri heykəllərinin başına ayrı oyunlar açırlar. Axı, bu gənclərin qarşısında diz çökülməlidir, onlar analarını, sevdiklərini evdə qoyub Ryazandan, Belorussiyadan, Allah bilir hansı bölgələrdən gəlib faşizmi darmadağın etmişdilər. Bizim siyasi simalarımız bu mövzuda müzakirələr eləmir! Faşizmə qalib gəlinib. Yaxşı, bəs niyə demirlər ki, faşizmin ortaya çıxmasında günahkar Stalin və onun kommunist dünyayla münasibətləriydi. Onun işlərindən öncə solçu intellektuallar sivilizasiyanın alternativ inkişafına inanmağa başlamışdı. O dövrdə belə məsum bir inanc vardı… Bütün bu inancı Stalin dağıtdı. Mənim atam Stalinqradda kommunist partiyasına girmişdi. O, həmişə deyirdi ki, kommunizm ideyası əla ideya idi, amma Stalin onu darmadağın elədi. Bir müddətsə mən İsveçdə, Parisdə yaşamaq imkanı əldə etdim, orda sosializmin nə olduğunu gördüm. Bu bizim sosializm adlandırılan və hesab edilən ənənələrimizə heç bənzəmirdi. SSRİ-də sosializm bir növ qana bulanmış kazarma idi. Amma əslində sosializm tamam fərqli bir şeydir.