Köşə Teatr

Ağaxan Salmanlının mənə etdikləri… – Xatirələr və Şəkillər

“Bəsdirin, əlli ildən çoxdur oynayırsınız, nə etdiniz? İcazə verin ki, gənclər gəlib nəsə etsin!”

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun Ağaxan Salmanlı ilə bağlı xatirə yazısını təqdim edir.

Ağaxan Salmanlı: sadə, mehriban, səxavətli və ədalətli sənətkar

İl 2009 idi. Qala Kənd Klubunda qiraət yarışması və bayram konserti hazırlayırdım həmin il. Elə həmin ərəfədə mərhum Anar Nağılbaz da Türkan Kənd Mədəniyyət Evində bədii rəhbər işləyirdi. Mənimlə əlaqə saxlayıb orada da tamaşalar hazırlamağımı, yarışmalar təşkil etməyimi istəmişdi. Mənim də bütün bunlar üçün bol enerjili, böyük həvəsli, yüksək enerjili vaxtlarım idi. Lakin ssenari və quruluş məsələlərində, bir də yarışmalara münsif tapmaq məsələsində çox çətinlik çəkirdim.

Elə bu fikirlərin – əyri-əksiklərin, çatışmazlıqların içində fikrə dalmış halda Gənc Tamaşaçılar Teatrına getmişdim. “Pəri Cadu” izləməyə. Aktrisa Kəmalə Müzəffərə pərəstişimin başladığı, yalnız uzaqdan baxa bildiyim, təkcə Pəri Cadu rolunu dəfələrlə izlədiyim vaxtlar. Tamaşaçı salonunda oturub həmişəki həyəcanla xanım sənətkarın səhnəyə çıxmasını gözləməyə başladım. Bir də baxdım ki, yanımda başqa bir sənətkar da oturub – Xaql artitsi Ağaxan Salmanlı.

Qəribə təlaşa düşdüm. Təsəvvür edin, 16 yaşım var. Ürəyimdə nəhayətsiz teatr sevdası, ruhumda teatrla bağlı ağılalmaz təlaşlar, fikrimdə teatr amalları və bir tərəfimdə də teatr ustası Ağaxan Salmanlı oturub. Bu, mənim o yeniyetmə arzu və xəyallarım üçün çox böyük, nəhəng hadisə idi. Biraz utanaraq, biraz da həyəcanla salam verdim sənətkara. Boylanıb gözlərini qıyaraq baxdı, hardansa tanıyıb-tanımadığını dəqiqləşdirmək üçün azca fikrə getdi, tanımadığını dəqiqləşdirsə də, yüz illik tanışı kimi, mehribanlıqla, gülümsəyərək salamımı aldı. Çox uzun çəkməsə də, tamaşa başlayana qədər Gənc Tamaşaçılar Teatrının ümumi repertuar məsələlərindən, “Pəri Cadu”dan, Kəmalə Müzəffərdən danışdıq. Zarafatyana bir əda ilə, gülümsəmə içində soruşdu: “Deyəsən, vurulmusan Kəmaləyə?!”

Tamaşa bitəndən sonra da birlikdə çıxdıq teatrdan. Kəmalə Müzəffərə olan sevgimdən o qədər danışmışdım ki, teatrın kulisinə apardı məni. Aktyor çıxışında Kəmalə xanımın önünə keçib “Sənə gənc pərəstişkarını gətirmişəm!” dedi. Kəmalə xanım da eyni mehribanlıqla, o möhtəşəm gülümsəyişi ilə qucaqlayıb öpdü məni. Sonra da Ağaxan müəllimlə birgə teatrdan çıxdıq və evə doğru yollandıq…

O, Suraxanıya gedirdi, mən isə Qalaya. Yolumuzun böyük qismi eyni idi. Onun maraqlı söhbətlərini, şən zarafatlarını, möhtəşəm xatirələrini dinləyə-dinləyə, həmin vaxtın “Əzizbəyov” (indiki “Koroğlu”) stansiyasına qədər metroda, ordan da Suraxanı keçidinə qədər avtobusda yol getdik. Təəccübləndiyim məsələlərdən biri də Xalq artistinin, şöhrətli aktyorun metrodan, avtobusdan gündəlik istifadəsi olmuşdu.

Bütün bunlar içində fürsət tapıb dərdimi də danışdım Ağaxan müəllimə. Dedim ki, yarışma keçirirəm, münsif heyəti üçün dəvət edə biləcəyim peşəkar tanışım yoxdur. Məktəblilər arasında keçirildiyi üçün əlimizdə hər hansı vəsait də yoxdur ki, kimisə rəsmi dəvət edək. Elə mən sözümü bitirən kimi “Gəlim də!” dedi. “Doğrudan? Gələrsiniz? Axı maddi vəsatimiz yoxdur.” deyib, şirin bir həyəcanla oturduğum yerə sığa bilmədim. “Niyə gəlmirəm ki? Heç nə də lazım deyil. Sən mənə tarixi, saatı, ünvanı dəqiq de, yazım, gələrəm” dedi.

Mən o böyüklüyə heyran qalmışdım. Düzdür, mən ona teatrla bağlı aruzlarımdan, xəyallarımdan, teatra olan sevgimdən danışanda, o, hər nə qədər məni bu sevdamdan imtina etməyə səsləsə də, dəstəyindən də geri qalmadı. 16 yaşlı bir yeniyetmənin təşkil etdiyi yarışma və bayram konsertinə, həvəskarca hazırlanmış bir tədbirə Xalq artisti, peşəkar, professional teatr ustası, tanınmış aktyor Ağaxan Salmanlı gələcəkdi. Bu, mənim tədbirlər, tamaşalar, konsertlər hazırladığım mühitdə mənə daha çox ciddiyət qazandırırdı. Bu, mənə elə böyük güc və məsuliyyət, enerji və həvəs verirdi ki, mən onları indi ifadə etməkdə çətinlik çəkirəm.

Söz verdiyi kimi, həmin gün, həmin saatda, həmin məkanda oldu. Geniş və göstərişli bir təqdimat hazırlamışdım Ağaxan Salmanlı üçün. O da öz çıxışında maraqlı əhvalatlar nəql edib, kiçik tənqidlərini də ən mülayim formada bildirmişdi. Belə adam idi Ağaxan Salmanlı: sadə, mehriban, səxavətli və ədalətli.

Sonra mən orta məktəbi bitirdim. Müəyyən səbəblərdən dolayı Neft Akademiyasına (indiki Neft və Sənaye Univeristetinə) daxil oldum. Amma teatrdan əl çəkməmişdim. Ağaxan müəllim də tamaşalara dəvətnamə verir, tanınmış sənət adamları ilə tanış edirdi məni. Həmin dönəm Gənc Tamaşaçılar Teatrında hazırlanan “Oliver Tvistin Macəraları”, “Məkkəyə gedən yol” tamaşalarında oynamağım üçün rejissorlara təklif etmişdi. İlk dəfə idi peşəkar teatr səhnəsinə bu qədər yaxın olurdum. Sonra da Musiqli Komediya Teatrına (indiki Akademik Musiqili Teatra) apardı. Orada olduqca istedadlı, bilikli, şöhrətli sənətkarlarla dostluğa, əməkdaşlığa başladım.

Ağaxan Salmanlının 2011-ci ilin sonuna qədər mənə öyrətdikləri, qazandırdıqları mənim üçün o qədər böyük idi ki, mən bunlardan aldığım cəsarətlə sevmədən oxuduğum mühəndislik ixtisasından imtina edib sevdiyim sahə üzrə universitetə daxil oldum. Mən Ağaxan Salmanlıya qədər teatr sevdalısı idim, amma ondan sonra teatr fədaisi oldum. Artıq mən bir universiteti və isti yatağımı teatra fəda etmişdim. Əlbəttə, bu, mənim üçün bütün zamanlarda – keçmişdə də, bu gün də, gələcək zamanlarda da həyatımın ən ali məqamlarından biridir.

Ağaxan Salmanlı qədri, dəyəri bilinməyən sənətkarlardan idi. O, çox bilikli və istedadlı idi. Lakin məmur idarəetməsində olan Azərbaycan teatrı bir çox böyük sənətkar kimi, Ağaxan Salmanlının da dəyərini bilmədi. Onun ifaçılıq imkanlarından – geniş emosional yaddaşından, mimika, jest və başqa səhnə hərəkətləri ustalığından, heç hafizəsində gəzdirdiyi 70 illik mədəni tariximizin xatirələrindən də yetərincə yararlanmadı.

Ağaxan Salmanlı isə ahıl yaşına gəldiyində yaşlı sənətkarların təqaüdə göndərilməsi qərarı ilə etirazsız barışan və teatrdakı işindən ilk ayrılan sənətkarlardan biri idi. Hətta, işdən çıxarılmağa etiraz edən 70-80 yaşlı aktyorlara belə dedi: “Bəsdirin, əlli ildən çoxdur oynayırsınız, nə etdiniz? İcazə verin ki, gənclər gəlib nəsə etsin!”

Əlvida, ustad! Sənə sayğım, teatra sevgim, sənətə itaətim heç vaxt bitməyəcək! Və hər şey üçün sonsuz təşəkkürlər!

Ağaxan Salmanlı və Orxan Bahadırsoy, 2010-cu il.
2012-ci il, 8 Mart konserti. Kəmalə Müzəffər və Orxan Bahadırsoy. Fotonu Ağaxan Salmanlı çəkib.