Kino Şou-biznes

“Gənc Papa”nın Papası: “Dini ayinlərlə teatr arasında paralellər…”

Cudi Lou: “Bu serialda oynayandan sonra dinlə teatr arasında əlaqə olduğunu anladım”

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı ingilis aktyoru Cudi Lou ilə müsahibəni təqdim edir.

İtalyan rejissoru Paolo Sorrentinonun səs-küy yaradan “Gənc Papa” serialının baş qəhramanı Papa XII Piy-in rolunu ingilis aktyoru Cudi Lou oynayır. Serialın premyerası 76-cı Beynəlxalq Venesiya kinofestivalında gerçəkləşib. Cudi Lou rus mətbuatına müsahibəsində “Gənc Papa”da oynamağın çətinliklərindən, serialın onun dünya görüşündə yaratdığı təsirlərindən, Paolo Sorrentino ilə necə yola getməyindən danışıb.

– Mətbuat konfransında deyibsiniz ki, bu gün cəmi üç saat yatıbsınız…

– Hə, məhz belə, bu şişirtmə deyil!

– “Gənc Papa” serialının sezon finalında hamı düşünürdü ki, Belardo ölüb və sizin filmin davamında yenidən ortaya çıxmağınız sürpriz oldu. Sonradan məlum oldu ki, Lenni komadadır.

– Hə, məhz belə. Mənimçün, bu, superdir. Çünki çox da mətn əzbərləməli olmadım. Vaxtımın çoxunu divanda keçirdim. Birinci sezonu çəkəndə mənə demişdilər ki, cəmi bir sezondan ibarət, ardı olmayan serialdır. Paolo isə yaxşı bir ideya təklif etdi ki, necə edək ki, Lenni obrazını işıq üzünə çıxaraq, ona rənglər əlavə edək. Buna görə də onu yenidən oynamaq mənə xoş oldu. Bir sözlə yenidən sağ olmaq əla bir şeydir!

– Serialda rəqabət oldumu? Axı Lenni komaya düşəndə müvəqqəti olaraq papa rolunu Con Malkoviç oynamağa başlamışdı.

– Xeyr, elə bir rəqabət olmayıb! Biz fərqli insanlarıq. O, məni əvəz edə bilərmi? Yeddinci seriayada mən, ümumiyyətlə, adi, gündəlik həyatda geyinilən paltarlar geyinirəm. Ancaq onu da deyim ki, ruhani paltarı üçün də darıxdım.

– Siz filmdə tez-tez möcüzədən danışırsınız. Özünüz möcüzəyə inanırsınızmı?

– Mənə elə gəlir ki, həyat olduğu kimi başdan-başa möcüzədir. Yaxud da təbiət – bu çətin, daima dəyişən bir nəsnədir. Ancaq, özüm gözlərimlə hansısa möcüzəni heç vaxt görməmişəm. Məsəlçün, mən cinlərə inanmıram, çünki onları görməmişəm. Eləcə də başqa möcüzələr olsun.

– Sorrentino ilə işləməyin çətinlikləri nələrdir?

– Paolonun özünün bir iş stili, qaydaları var. Onun yaxşı yumor hissi var, ağıllıdır, bu da rejissor və təhkiyəçi kimi onunla isnişməyimə, sözlərini dinləməyimə yol açır. O, hər bir layihəyə canını qoyur və ona görə də hər şey dəbli, stilli alınır.

– Bəziləri Sorrentinonun bir qədər seksist olduğunu deyirlər, amma buna baxmayaraq “Gənc Papa” kişi zərifliyi məsələsinə də toxunur.

– Paolo – çox gözlənilməz, qəliblərə sığmayan və erudisiyası olan təhkiyəçidir. Bu bəzən də mübahisələr yaradır. Doğrudur “Gənc Papa” ideyası özlüyündə dindəki vəziyyəti göstərir. Kimsə bunu təhqir, kimsə də dinin alçaldılmasına cəhd kimi görə bilər. Ancaq, mənim gördüyüm ilk sezonu izləyən dindarlar, katoliklər filmdən inciməyiblər. Düşünmürəm ki, Paolo dini ya da dindarları aşağılamaq fikrində olsun.

– “Gənc Papa” serialı üzərində işləmək sizi necə dəyişdirdi? Bəlkə, bundan sonra dinə daha çox yaxınlaşmağa başladınız?

– Xeyr, bu mənada dəyişməmişəm. Mən dindar olmamışam, ancaq dinlə bağlı məsələlər məni maraqlandırır. Ruhanilik – maraqlı mövzudur. İlk növbədə öz yolunu dərk etmək, yeni şeylər öyrənmək, özünlə dürüst olmaq bu inancı övladların və yaxınlarına ötürmək mənimçün əsasdır.

Bu filmdən gəldiyim bəzi nəticələr həqiqətən də var – bu da katolisizmin teatrallığıdır. Mən demək olar ki, səhnələrdə böyümüşəm, amma əvvəllər heç bir zaman dini ayinlərlə teatr arasında paralellər aparmamışdım. Dində göstərmə üçün çoxlu şeylər var.

– Sizin Roma Papası ilə görüşmək imkanınız olubmu?

– Belə imkan olub, amma ondan istifadə etməmişəm. Bilmirəm, onu görsəm soruşarammı ki, seriala baxıb ya yox. Ancaq deyirlər, o, televizora baxır, elə deyilmi?

– Siz həmin Lenni roluna çəkilməyə tərəddüdsüz razılaşnmışdınız?

– Bu, mənimçün mühüm bir pillə oldu, zamanında gələn həyatımın axınını dəyişən bir iş oldu. Filmə təklif gələndə başa düşdüm ki, xeyli uzun müddətdir belə rollar oynamaqdayam. Rejissor Paolo Sorrentinonun əllərində isə özümü tam təhlükəsizlikdə hiss edirdim. Layihəni qəbul edəndə elə isti münasibəti hiss etdim və bu rahatlıq verdi.

– Ancaq, həyatınızın uzun bir dövründə eyni personajla vaxt keçirmək sizi yormadı ki?

– Əslində, bu, inanılmaz maraqlı idi! Mən az qala sutkanın 24 saatı Lenni oluram. Əgər, rejissorla ssenaristin tandemi uğurlu alınsa qarşımızda tədqiqat və eksperiment üçün geniş müstəvi açılır. Personajla mümkün qədər uzun müddət yaşayanda, o, sənin həyatına daxil olur, mənliyində yer alır.

Yenə də istərdim ki, bu işi teatrla bənzədim, çünki bir qəhramanı aylarla oynayandan sonra ona başqa cür baxmağa başlayırsan. Sonra kənardan baxırsan və yadına salırsan ki, ilk başda pesonajını heç tanımayıbsanmış.

– Özünüz hansı seriallara baxırsınız bəs?

– İndi “Fossi/Verdon” serialına baxıram. Çox əla serialdır, tezcə də baxıb qurtarmaq olur. Təəssüf ki, oturub hamısına dalbadal baxa bilmirəm. Maksimum iki seriyasına baxıram.

– Uşaqlarınız oynadığınız filmlərə baxırmı?

– Bəli, amma onları baxmağa məcbur etməmişəm! Onlar bilirlər ki, mən kinoya bağlı adamam və yaxşı kinolarda oynayıram. İstəyirəm onlara da bu ehtirasımı ötürəm.

Namiq Hüseynli