Teatr Xəbər

Teatr binasını biznes mərkəzinə çevirmək istəyirlər: Prezidentin qızı və mədəniyyət naziri işə qarışdı

Özbəkistanın dünyaca məhşur teatrı “İlhom”un hekayəsi : 40 ildən çoxdur fəaliyyət göstərən teatrın bağlanmaması üçün prezidentin qızı özü işə qarışıb.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Özbəkistanın ən məşhur teatrı “İlhom”un həyat tarixçəsi və bağlanma təhlükəsi haqda məqaləni təqdim edir.

Özbəkistan və rus mədəniyyətinin fəxri olan, məşhur teatr “İlhom” ayaqda qalmaq üçün mübarizə aparır. Onun yaşaması üçün prezident Şövkət Mirziyayevin qızı və ölkənin mədəniyyət naziri açıq dəstək veriblər.

“Biz həmişə deməyə qorxmuşuq ki: “İlhom” bağlanmaq təhlükəsi altındadır” – deyə Daşkənddə fəaliyyət göstərən teatrın əməkdaşlarının yaydığı bəyanatda deyilir. Hər şey belə başlayıb ki, Özbəkistanın sərhəddlərindən kənarda, bütövlükdə Orta Asiyada məşhur olan teatrın binasının yeni sahibi aktyorlardan dərhal binanı boşaltmağı tələb edib. Teatr bu binada düz 40 ildən çoxdu fəaliyyət göstərir. Binanın sahibləri isə oranı söküb yerində yeni biznes mərkəzi tikmək istədiklərini deyiblər.

Teatr, onun taleyinə qeydsiz qalmayan hər kəsə müraciət edib ki, “İlhom”un bağlanmaması üçün onlara dəstək olsunlar. Çünki, teatrın binasını itirməsi onun üçün ölüm höküm kimi bir şeydir.   

1976-cı ildə özbək-rus rejissoru Mark Vayl tərəfindən ilk müstəqil professional teatr kimi qurulan “İlhom”un bağlanmaması üçün dəstəyi Özbəkistanda olan xarici ölkələrin diplomatik korpusları verib. Fevralın 11-də teatrın müdafiəsi üçün Özbəkistan prezidenti Şövkət Mirziyayevin qızı Səidə Mirziyayev publik çıxış edib. O, Instagram səhifəsində yazıb ki, “İstəyirəm biləsiniz ki, teatrımızın zərər çəkməsinə imkan verməyəcəyik! “İlhom” bizim mədəni həyatımızın fəxridir”.

Həmin günün axşamında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov “İlhom” teatrının bədii rəhbəri Boris Qafurov və Olqa Şavrinlə görüşüb. Nazir teatrın binasını sökmək istəyən şirkətlə də danışaraq ortaq nəticəyə gəldiklərini bildirib.

Nəticə bundan ibarətdir ki, teatr öz tarixi binasını saxlayacaq, amma binanın sahibləri oranı həm də biznes mərkəzi edəcəklər, bununla belə onlar teatra yaxın on ildə bu binada yer verəcəklərinə zamin durublar. Binanın sökülüb yenidən tikilməsi zamanı, keçid dövründə isə Mədəniyyət Nazirliyi teatr üçün müvəqqəti yer tapacaq.

Ancaq fevralın 12-də binanın hüquqi sahibləri keçirdikləri mətbuat konfransında binanın ən azı 2 ilə sökülüb yenidən tikiləcəyini və teatrın bütün arxivi ilə birlikdə 44 ildir aralıqsız fəaliyyət göstərdiyi binanı tərk etməli olacağını deyib.

“İlhom” teatrın əməkdaşları hələ də prezidentin qızının ictiami dəstəyinə arxalanırlar və binalarını əllərindən alan tikinti şirkətinin onlara heç olmasa kompensasiya verəcəyinə ümid edirlər.

Xatırladaq ki, bütün sovetlər aləmində ilk dəfə mümkünsüzü bacaran rejissor Mark Vaylin müstəqil “İlhom” teatrı cəsarətli və azad tamaşalar sərgiləyərək də özünü tanıtmışdı. Teatrda əsərlərində sovet quruluşunu tənqid edən Lyudmila Petruşevski və Aleksandr Vampilov kimi dramaturqların əsərləri də səhnəyə qoyulub.

Sovet hakimiyyətinin dağılması ilə rejissor Vayl və “İlhom” teatrı bu ənənəni qoruyub saxladı, yenidən ərsəyə gətirdi. “Biz çoxlu stillərdən, dramdan tutmuş klounadaya qədər, çox tamaşalardan keçdik, axır ki, öz şəxsi stilimizi yaratdıq” – deyə, Mark Vayl müsahibələrinin birində bildirib.

Teatrın əsas dili rusca olsa da o kosmopolit teatrdır, orda rus-sovet, özbək, orta Asiya teatr ənənələri ilə bərabər tamamilə novator ənənələr də qorunur. “İlhom” özünü Daşkənddə tam rahat hiss edib, həm də tez-tez başqa ölkələrə, həmçinin Rusiyaya səfərlər edib, beynəlxalq teatr festivallarının iştirakçısı olub. Bu teatr çoxlu sayda istedadlı və məşhur aktyor və rejissor yetişdirib. Onlardan biri Rusiyada çox məşhur olan rejissor Timur Bekmambetovdur.

Teatrın 31-ci ildönümündə, 2007-ci ildə teatra böyük bir bədbəxtlik üz verib. Məşqlərdən evə qayıdan teatr rəhbəri Mark Vayla bir neçə silahlı adam hücum edib və onu bıçaqlayaraq öldürüblər. Rejissor xəstəxanada dünyasını dəyişib. 55 yaşlı rejissor teatr üçün hər şey idi, rejissor, ideoloji-ilhamvericisi, gənc aktyorlar üçün müəllim. Ancaq teatr bu faciəvi hadisədən sonra da ayaqda qala bilib və sınmayıb. Məhz, o illərdə teatr adını “Mark Vaylın teatrı”ndan dəyişərək “İlhom” qoyub.

Bu gün “İlhom” teatr meydanından daha çox mədəni mərkəz, musiqi və sərgi salonu, rəngarəng sosial layihələr üçün bir məkandır. Ən əsası, bu teatr Özbəkistan üçün dünyaya bir pəncərədir. Burada mütəmadi olaraq dünya yazarlarının pyesləri səhnələşdirilir. Buraya gələn özbəklər Almaniyada, ABŞ-da və Fransada insanların necə yaşadıqlarını öyrənirlər.

Namiq Hüseynli

“İlhom” teatrının kollektivi məşq zamanı…