Ədəbi şou Günaydın Köşə

“Coronavirus”, siyasətçilər, şəhərimizin sakinləri və Amerikanın oyunları…

Bunu eşidən “Coronavirus” da məəttəl qalıb. Deyib ki, qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, bura qədər gəlib çıxıb, amma belə əclaflığı heç yerdə görməyib.

Ədəbİncə deyir…

      Salam, həmvətənlərim. Mən, Ədəbİncə! Dedilər ki, “Coronovirus” Azərbaycana gəlib. Mən də soruşdum ki, “O hansı siyasətçidir?” Sonra dedilər ki, siyasətçi deyil, mikrobioloji canlıdır. Bunu əvvəldən deyin, adam qorxudan diabet xəstəsi olmasın da. Görmürsünüz ki, siyasətçi adlarına, siyasi terminlərə oxşayır?

           Biləndən sonra ki, səfir xoşməramlıdır, bütün müqəddəslərə təşəkkür edib başladım öyrənməyə ki, nəsli-nəcabəti necədir, əsli-kökü varmı? Elimizə, obamıza, adət-ənənələrimizə layiqlidirmi? Əvvəlcə, bilmək istədim ki, ağsaqqalımız Oqtay Şirəliyev bu məsələ ilə bağlı nə deyir. Gördüm ki, o, mövzu ilə bağlı dərin düşüncələrə qərq olmuş və inzivaya çəkilmişdir.

            Axtarıb gördüm ki, qonağımız Çindən İrana, ordan da bizə gəlib. İran hər yoldan ötənə qapı açan deyil, ha! Sən demə, bu mikrobioloji canlının görünüşü taca bənzəyirmiş. Nə göyə teleskopla, nə yerə mikroskopla baxa bilən İran, tacın adını eşidən kimi düşüb ortalığa. Gələnin mikrobiologiyadan olduğunu görən kimi, özünün o dillərə dastan səhiyyəsini açıb qoyub qonağın qabağına. Tərslikdən, qonaq İranda süfrəyə düzülən azuqələri bəyənməyib, yollanıb Qafqaza sarı. Bu yerdə könlümə bir mahnı düşüb, zümzümə eləyim:

Gəlirəm, Xəzəri yara-yara,

şöhrətim nur saçır bu diyara.

Sənsən ürəyim, arzum, diləyim!

Sənsən, sənsən, əzəl, mənim ürəyimdə sənsən!

 Sənsən, Xəzər, mənim ürəyimdə, ürəyimdəsən…!

        Alqışlarınızı eşidirəm və təşəkkür edirəm. İndi mərhum sənətkarımız, taclı primadonnamız, xanım İlhamə Quliyeva da yoxdur ki, “Azərbaycanda bir dənə tac var, o da məndədir” desin və bu tac söhbətləri ilə qonağı yola salsın. Qalmışıq ağsaqqalımız Oqtay Şirəliyevin ümidinə. Bir də ki, Tibb Universitetinə gümanımız var. O gün eşitdim ki, bu universitetin laboratoriyalarında xərçəngin müalicəsi üçün ciddi araşdırmalar gedirmiş. Bir anlıq sevindim. Sonra məlum etdilər ki, mənimlə zarafatlaşırmışlar. Hərçənd, həmişə deyirəm ki, zarafat xoşlamıram.

             Dedilər ki, şəhərimizin sakinləri də apteklərdən üz maskası, spirt, yod, tənzif kimi xırda tibbi vasitələri tapa bilmirlərmiş. Aptek yiyələri hamısını yığıb depolara ki, vaxtı gələndə daha baha qiymətə sata bilsinlər. Bunu eşidən “Coronavirus” da məəttəl qalıb. Deyib ki, qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, bura qədər gəlib çıxıb, amma belə əclaflığı heç yerdə görməyib. Dedim, hələ darıxmasın, bizimlə həyat çox əyləncəli keçəcək.

          Sonra yadıma düşdü ki, “Coronavirus” müvəqqəti qonaq deyil. Burda həyati təhlükəsi yoxdur. Ona qarşı hər hansı tibbi pereparatın da bu mühitdən çıxması mümkün deyil. Hardasa dərman tapılsa da, ən son bizə gəlib çıxacaq. Bütün bunlar nəzərə alınaraq, qonağa qarşı uzunmüddətli planlar hazırlanmalıdır.

         Onu da dedilər ki, qonaq Çinə Amerikadan göndərilibmiş. Bu – Amerika da həmişə öz söhbətinə başqalarını qatır. Sakit Okean tərəfdən yaxınsınız da, söhbətlərinizi o ərazidə həll edin. Biz onsuz da daha böyük təhlükələrlə əlbəyaxayıq. Sizin bu xırda dərdlərinizlə əlləşməyə vaxtımız və halımız var?