Çıxarışlar Nəsr

“Coronavirus” haqqında 40 il əvvəl roman yazılıb

1981-ci ildə yazılan romanda “Uhan-400” virusunun bioloji silah kimi istifadə olunmasından bəhs olunur.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Amerika yazıçısının bundan 40 il öncə yazdığı romanında koronavirusla bağlı öncəgörmələrindən bəhs edən məqaləni təqdim edir.

Koronavirusla bağlı Çindən gələn son xəbərlər fonunda sosial şəbəkələrdə amerikan yazıçısı Din Kunçun (Dean Koontz) 1981-ci ildə qələmə aldığı “Qaranlığın gözləri” romanı müzakirə edilməyə başlayıb. Belə ki, romanda müəllif bütün dünyanı cənginə alacaq təhlükəli virusun ortaya çıxacağını öncədən görüb. Ən qəribəsi isə romanda virusun adı “Uhan-400” kimi çəkilməsidir, Vuhan 2019-cu ildə koronavirusun Çində ilk dəfə ortaya çıxdığı şəhərin adıdır. Romanın sujetinə görə laboratoriyada hazırlanmış virus bütövlükdə ölkələri məhv etmək üçün istifadə edilir və virusun daşıyıcılarının beyni qısa müddətdə dağılır.

Kitabın qəhramanlarından biri danışır ki “… Çinli alimlərdən biri Li Çen ABŞ-a qaçır, bu zaman onun üzərində Çinin son on ildə yaratdığı ən mühüm bioloji silahı haqda məlumat yazılmış disket olur. Onlar bioloji silahı “Uhan-400 ” adlandırırlar, çünki virus Uhan şəhərinin ətrafında yerləşən genetika laboratoriyasında hazırlanıb”.

Romana görə “Uhan-400” mükəmməl bioloji silahdır. O, ancaq insana keçir, başqa heç bir canlıya yoluxmur. Sifilis xəstəliyi kimi “Uhan-400” də daşıyıcısından kənarda bir dəqiqə belə yaşaya bilmir. Daşıyıcısı öləndən sonra isə bədənin temperaturası aşağı düşən kimi virus da yoxa çıxır.

Kitabda həmçinin qeyd edilir ki, bu virus “Eboladan çox daha təhlükəlidir” və bütöv şəhərlərin, hətta ölkələrin əhalisini öldürə bilər. Virusun təsiri, beyinin bir hissəsini məhv etmək və bununla bədənin müxtəlif hissələrinin hərəkətlərini dayandırmaq kimi təsvir olunur.

Romanda həmçinin Çinin Uhan şəhəri haqda ətraflı bəhs olunub, bu şəhərin ikinci dünya müharibəsi zamanından bəri tarixən elmi-araşdırma mərkəzləri ilə dolu olduğunu və burada alimlərin əsasən mikrobiologiya və viruslarla məşğul olduğu haqda məlumat var.

Din Kunçun əksər romanlarına filmlər çəkilsə də “Qaranlığın gözləri” romanı hələlik ekranlaşdırılmayıb. Ola bilsin, koronavirus bu əsərə maraq yaradar və tezliklə əsər ekranlaşdırılar.