Araşdırma Məqalələr Musiqi

Zeynəb Xanlarova, prezidentlə görüş, məmur özbaşınalığı, rüşvətxorluq və digər cinayətlər haqqında… – Orxan Bahadırsoy yazır…

                                                                     Bu yazıda sözügedən hadisələr və onların həqiqəti, sübutlarla, mənbələrlə birinci yazıda göstərilib. Burada danışılan hadisələr haqqında ətraflı məlumat almaq və həqiqətlə tanış olmaq üçün birinci yazını oxumağınız, daha sonra buradan davam etməyiniz tövsiyə olunur.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun Zeynəb Xanlarova haqqında ikinci yazısını (əvvəli birinci yazıda) təqdim edir…

Prezidentlə görüşdə Zeynəb Xanlarova niyə “xahişlərinizi saxlayın” dedi? Onun məmur özbaşınalığına və rüşvətxorluğa etirazları nələrə səbəb oldu?  

         Birinci yazını yazdığım zaman apardığım araşdırmalardan sonra bir xeyli düşündüm. Düşündüm ki, ömrümün altmış ildən çoxunu bu toplumun və bu coğrafiyanın mədəniyyətinə xidmətlə keçirsəm, özbaşına, dərəbəy məmurları tənqid etsəm, onların həddi aşan zalımlıqlarına qarşı şəhadət barmağı silkələsəm, xalqın çətin güzaranı üçün səsimi yüksəltsəm və elə bu səbəbdən də ağılalmaz böhtanlarla məni bu vətənin xaini, bu xalqın düşməni kimi təqdim etsələr, üstəlik, bu xalq da deyilənlərə inanıb mənə qarşı təhqirlərlə və qarğışlarla silahlansa, nə edərəm?

          Emosional adamam mən. Belə bir hal olsa, dəlillərimi də götürüb çıxaram xalqın qarşına: anam-bacım, atam-qardaşım, baxın, mən bu deyilənləri etməmişəm, əksinə, sizin yanınızda olmuşam, sizi müdafiə etmişəm, bu da mənim sənədlərim, videolarım, şəkillərim, şahidlərim və s. – deyərəm. Ardınca da deyilən hər yalana dərhal inanıb məni linç etməyə hazır olduqları üçün onlara bəslədiyim bütün sevgimə nəhəng bir təəssüf edib, bir daha heç vaxt eyni məkanda olmamaq şərti ilə uzaqlaşaram onlardan.

           Bundan başqa ağlıma bir fikir gəlmir. Çünki mənim 26 yaşım var. Amma və lakin Zeynəb Xanlarovanın 26 yaşı yoxdur. O, sənətdə gənclik addımlarını atan, təcrübələr keçirən, qənaətlər toplayan yaşda deyil. Bütün bu prosesləri min qat artığı ilə çoxdan keçib və kifayət qədər təcrübəlidir. Məhz bu səbəbdən olsa gərək, heç özünü isbata ehtiyac da duymur. Xalqın əlindən bütün azad və doğru informasiya vasitələrinin alındığını, onların satın alınmış platformalarda yanlış informasiyalarla aldadıldığını bilir və aldanmış bir kütlədən inciməyin, küsməyin faydasız olduğunun fərqindədir. Bəs nə etməlidir? Düzü, bu suala nə qədər doğru cavab verə bilərəm, bilmirəm. Hər halda, onun böyük həyat təcrübəsi var və yəqin ki, susub, ədalətin gec-tez bərqərar olacağı, üstünə atılan böhtanların təmizlənəcəyi günü gözləyir.

          Birinci yazıda Zeynəb Xanlarovanın Milli Məclisdə bir neçə mühüm məsələni işıqlandırdığı, məmur özbaşınalığına üsyan etdiyi, xalqın arzu və istəklərini Milli Məclisin iclaslarında olduqca sadə dillə səsləndirdiyi barədə dəlillərlə çıxış etdim. Üstəlik, müstəqilliyin əleyhinə səs verməsi, uşaq pulunun ləğvini dəstəkləməsi, pensiya yaşının artırılmasını təklif etməsi və bu kimi çoxsaylı iyrənc böhtanların həqiqət olmadığına dair isbatları və məntiqi qənaətləri ortaya qoydum. Lakin o yazının paylaşıldığı yerlərdə belə, elə o yazının altındaca, insanlar Zeynəb xanımın şəklini görən kimi, öz nalayiq ifadələrini yazmaqdan çəkinmədilər. Hətta keçidə klik edib yazını oxumadan, illərlə deyilən yalanları təkrarlamağa davam etdilər. Məsələn, yazıda video sübutlarla göstərilmişdi ki, Zeynəb xanım “Qardaş olub Hayastan, Azərbaycan” mahnısını ifa etməyib, amma adamlar şəkili görən kimi həmin mahnının adını yazaraq Zeynəb xanıma “ermənipərəst” damğası vurmağa davam etdilər.   

         Əlbəttə, birinci yazıdakı tutarlı faktlarla, əsaslı dəlillərlə tanış olandan sonra düşündüklərini sorğulayan, Zeynəb xanıma qarşı qəsdən yaradılmış aqressiv münasibətində yumşalan, həqiqətləri həzm etmə gücünə və dərk etmə zehninə sahib olan ağıllı, ziyalı və aydın insanlar da oldu! Mən həqiqət adına onların hamısına təşəkkür edirəm!

         Zeynəb Xanlarova haqqında ictimaiyyət tərəfindən birmənalı qarşılanmayan, tez-tez kəskin iradlara tuş olan hadisələrdən biri də 2019-cu ilin mart ayında, prezidentin mədəniyyət xadimləri ilə görüşü zamanı deyilən o məşhur ifadə idi. Hansı ki, bir neçə mədəniyyət adamının xahişlərlə, istəklərlə dolu çıxışından sonra Zeynəb xanım söz alaraq: “Xahiş edirəm, xahişlərinizi saxlayın” demişdi.

           Qəribədir. Bütün mədəniyyət adamları adına dəfələrlə Milli Məclisdə sənət adamlarının maddi çətinliklər içində yaşadığını deyən, Rasim Balayevin timsalında bütün mədəniyyət xadimlərinin bir dərman puluna möhtac vəziyyətdə olduğunu bildirən, Mədəniyyət Nazirliyini kəskin tənqid edən, fəxri adların pulla satıldığını dilə gətirən, teleməkanda baş verən hərc-mərcliyi, bayağılığı tənqid edən Zeynəb Xanlarova idi həmin şəxs. O, mədəniyyətin qayğısına qalmasaydı, sənət adamlarının halına yanmasaydı, bütün bunları deyərdimi? Deməzdi, əlbəttə.

         Zeynəb Xanlarova bütün bunları desə də, heç nə dəyişmədi. Əksinə, o, bunları dedikcə proseslər daha da iyrənc bir hal aldı və məsul şəxslər Zeynəb xanıma qarşı böyük qarayaxma kampaniyasına davam etdilər. Bu cəsarətli çıxışları edən sənətkarın yanında xalq da durmadı. Çünki xalq Zeynəb xanıma deyil, elə öz mədəniyyətinin düşmənlərinə daha çox inandı. Təbii ki, mən xalq dedikdə, hamını nəzərdə tutmuram. Həqiqəti bilənlər, sezənlər, fərqinə varanlar da vardı, amma çox az idi.

        Məlum görüş zamanı ölkə başçısına mədəniyyətin problemlərindən danışmalı olan şəxslər, öz şəxsi arzu və istəklərini dilə gətirməkdən çəkinmədilər. Onlar prezidentdən ev, fəxri ad, təqaüd, bina, küçə adı, heykəl istədilər. Bir-iki nəfərdən qeyri, heç kəs mədəniyyətin düşdüyü bu rəzil durumdan, büdcədən ayrılan pulların mənimsənilməsindən, yaradıcılıq azadlığının məhdudlaşdırılmasından, teatrlardakı məmur hegemonluğundan, sənət məbədlərinin direktorların şəxsi obyektinə çevrilməsindən, ənənəvi idarəetmənin işə yaramadığından, müasir və yeni metodların tətbiq edilməsinin vacibliyindən danışmadı. Əvəzində, prezidenti, məmur əsərlərini səhnələşdirib titul almaqla məşğul olan Akademik Milli Dram Teatrına dəvət etdilər, evlərinə qonaq gəlməsini istədilər.

         Bu cür yersiz və gərəksiz istəklərə, xahişlərə “saxlayın” nidası qoyulmalıydı. O görüş bundan ötrü təşkil edilməmişdi. Ya da, kim bilir, bəlkə elə bundan artığının olmaması üçün tapşırıq verilmişdi?! Əlbəttə, bu yersiz və gərəksiz xahişlərə “saxlayın” dedikdən sonra, problemləri demək, çatışmazlıqlara diqqət çəkmək olardı. Amma…

         Zeynəb xanım mədəniyyətimizin bu cür böyük problemlərini dəfələrlə car çəkən sənətkar idi, amma həmişə mənfi obrazda görüldü. Böhtana tuş gələn xanım sənətkar eyni şeyləri deməkdən yorulmuşdu və həm vəzifəsi, həm də təcrübəsi ilə əmin idi ki, bunları demək işə yaramır. Axı biz gördük ki, prezidentlə görüşdə deyilən fikirlərdən sonra büdcədən kinoya və teatrlara pul ayrılsa da, teatrların bu il boyunca heç bir uğuru olmadı. Keyfiyyətli bir film də görmədik ki, şanı sərhədlər aşsın. Çünki ayrılan vəsait yeyilə-yeyilə kinostudiyaya, teatra gəldi, son qəpik-quruşlarını da teatr direktorları, kinostudiya rəhbərləri mənimsədilər. Kim bilir, bəlkə də Zeynəb xanımın demək istədiyi həqiqət bu ironik cümlədə gizlənmişdi: “Gəlin çiçəklənən, inkişaf edən Azərbaycandan danışaq!” Axı onlar həmişə və sadəcə bunu eşitmək istəyirlər!

         Maraqlıdır, əksər ölkələrdə hər dövr üçün zirvədə, taxtda oturan bir sənətkar olur. Bəzən də bu kürsüdə başqa bir-iki sənətkar da pay sahibliyi qazanır. Bu zaman da, diqqət etmişəm, həmişə onlardan biri daha çox pay sahibi olur. Məsələn, Rusiyada Alla Puqaçova, Türkiyədə Zeki Müren. Bizdə də yaxın keçmiş üçün bu zirvəni Zeynəb Xanlarova fəth edib və ən böyük pay sahibi odur.

         İnternetin icadı bütün işləri sadələşdirdiyi kimi, axtarış-araşdırma işlərini də ovuclarımızın arasına gətirib. Asanlıqla axtarıb baxa bilərik ki, ruslar Alla Puqaçova haqqında nə yazırlar, nə danışırlar. Mən axtarıb gördüm ki, ruslar Alla Puqaçovanı öz gənclik illərinin rəmzinə çevirib və onu qoruyub saxlayır, nəsil-nəsil ötürürlər. Türklər də Zeki Mürenə “Sanat Güneşi” deyirlər. Onlar öz sənətkarını Günəşə tay tuta bilirlər və onu nəsil-nəsil ötürürlər.

          Bəs azərbaycanlılar öz gəncliyinin simvolu, xoşbəxtliyinin siması olan sənətkarı gələcək nəsillərə necə ötürürlər? Sosial şəbəkələrdə nifrət mətnləri yaza-yaza? Haqqında uydurma edənlərə inanıb ona böhtan ata-ata? Maraqlıdır ki, bununla öz övladlarına nə demək istəyirlər? Deyirlər ki: “bu qadın bizə olmazın pisliklər edib, onu lənətləyin, nifrət edin?” Niyə ki? Siz mədəniyyətimizin son altmış illik tarixində böyük yer tutan, milli musiqilərimizin əksəriyyətinin ifaçısı, müəllifi olan adam haqqında üç-beş uydurmaya inanıb qəzəblənmisiniz deyə, bizim gələcəyimiz bu mədəni tarixdən, bu parlaq nümunədən məhrum qalsın? Bunun bizə faydası nə olacaq?

          Bir hadisə danışacağam, dəqiq mənbəsi yoxdur. Dövrün şahidi olan əksər sənətkarın öz dilindən eşitmişəm. Özləri də bunu danışsalar, yaxşı olar, məncə. Mərhum bəstəkar Tofiq Quliyev kiminləsə əlbəyaxa olubmuş. Əsəbini cilovlaya bilməyən sənətkar, bu adama fiziki şiddət göstərib. Adam da etməyib tənbəllik, o nəhənglikdə Tofiq Quliyevi məhkəməyə verib. Məhkəmənin sonunda hakim Tofiq Quliyevin bəraətinə dair qərarı açıqlayanda, qarşı tərəf qəzəblənib, etiraz edib. Məhkəməyə qərarın haqsız olduğunu, Tofiq Quliyevin həbs olunmasını tələb etdiyini bildirib. Bu zaman hakim ittihamçıdan xahiş edib ki: “Gedin, Tofiq Quliyevin həbsdə olacağı müddətdə onun yaradacağı əsərləri yarada biləcək başqa birini gətirin, biz də Tofiq Quliyevi həbs edək!”.

         Mən də bununla razı deyiləm. Vətəndaş Tofiq Quliyev birinə fiziki şiddət göstərib və bunun qanunla nəzərdə tutulmuş cəzası var. Amma vətəndaş Tofiq Quliyev, həm də sənətkar Tofiq Quliyevdir. Yəni Tofiq Quliyevlə bir başqa vətəndaş arasında ən az bir adamlıq fərq var. Əgər o iki adamdan, mən bir adamdan ibarətəmsə, onunla mənim hüquq və azadlıqlarımız eyni ola bilməz. Necə ki, borc və öhdəliklərimiz də eyni deyil.

         Zeynəb Xanlarovanın isə tək qəbahəti vardı- millət vəkili olmaq. O, çox sevilirdi. Sevilməlidir də. Amma bu vəkilliyi boyunca səsləndirdiyi həqiqətlər mənfurların işinə yaramadı və satın aldıqları media qurumlarında böhtanlar tirajlayıb öz iyrənc yalanlarının intiqamını aldılar.

         Yeri gəlmişkən, o adama “Azərbaycanın müstəqilliyinin əleyhinə səs verib” böhtanını atırlar ki, o adam müstəqilliyin elan olunduğu günü əbədiləşdirmək üçün öz evindən kamera gətirib və öz imkanlarından istifadə edərək Milli Məclisə sala bilib. Onun sayəsində Azərbaycanın Müstəqilliyinin elan olunduğu gün lentə alınıb və tarixə qalıb.

        O adama “Hanı sənin məktəbin? Bir tələbəni göstər!” dedilər ki, bu gün milli musiqimizə xidmət edən bütün sənətkarlar onu özünə ustad məqamında görür. Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Aygün Bəylər, Zakir Əliyev və digərləri dəfələrlə bunu deyiblər.

        Zeynəb xanıma “Hanı sənin məktəbin? Bir tələbəni göstər!” sözlərini Elçin Əlibəyli dedi. Həmin Elçin Əlibəyli ki, Azərbaycan müasir ədəbiyyatının qələm sahibi kimi təqdim edə-edə bütün avaraları öz verilişində qonaq etdi və müasir ədəbiyyatın onsuz da ləkələnmiş imicini birbaşa heç etdi. Təhlil etmədən, axtarmadan, araşdırmadan jurnalist qiyafəsində ekrana çıxıb soruşdu ki, “hanı sənin məktəbin”? Gedib soruşmadı Səkinə İsmayılovadan, Nəzakət Teymurovadan ki, “siz kimin xələfisiniz, sələfiniz kimdir?” deyə.

          O adama “bütün hakimiyyətlərə yarınmağa çalışıb” dedilər ki, biz həmin adamların hələ hakimiyyətə gəlməmiş Zeynəb Xanlarovaya heyran olduqlarını, rəğbət bəslədiklərini, pərəstiş etdiklərini görmüşük. Sizi and verirəm qüdrətli kamalınıza, düzünü deyin, Zeynəb Xanlarovanın hansısa hakimiyyətə yarınmağa ehtiyacı vardı? SSRİ dövründə hakimiyyətin yanında olub, bəli. Çünki SSRİ-də doğulub, böyüyüb və o dövranı sevə-sevə yetişib. Evimizdəki nənə-babalarımız da SSRİ dövründən bəh-bəhlə danışır, o günləri arzulayırlar. İndi hamısından imtina edək ki, vətən xainidirlər? Qazanacağı bütün uğurları da həmin dönəmdə qazanıb və heç kimdən asılı olmayacaq qədər gücə sahib olub. Sonrakı hakimiyyətlər də hamısı onun gücünə ehtiyac duyublar. Bu, bütün dünyada belədir. Sənət ən təsirli vasitədir və sənətkar kimin yanındadırsa, güc də ondadır. Əlində bütün xalqın sevgisi olan, bir sözüylə bütün fikirləri dəyişə biləcək qədər sevilən, sayılan adamdan hakimiyyətin özü ehtiyat edər və ona yarınmağa çalışar. Belə olan halda Zeynəb Xanlarovanın hansısa hakim qüvvəyə yarınmağa, yaltaqlanmağa ehtiyacı ola bilməzdi. Bu, məntiqlə mümkün deyil.

         Soruşulur ki, Zeynəb Xanlarova niyə xalqın qabağına çıxmadı? Niyə xalqın içində olmadı? Oldu! Xalq Azadlıq Meydanına çıxanda qələbəlik olsun, adamlar dağılışmasın deyə, günlərlə meydana öz evindən kolbasa, çörək, su və digər azuqələr göndərdi. Türkiyədə qarşılaşdığı, şabalıd satan azərbaycanlı müəllimin güzəranından danışdı, yozdular ki, niyə kömək etməyib? Nə bildik ki, etməyib? Müəllimlərin, həkimlərin maaş problemini, maddi çətinliklərini dilə gətirdi, amma satılmış media qurumları öz manşetlərində hansısa avaranın çılpaq sinəsindən danışmağı üstün tutdular.

            Savadsız, istedadsız, biliksiz-bacarıqsız adamların meydan suladığı telekanallara çıxaydı? Zeynəb Xanlarovanın qarşısında oturub ona saullar verə biləcək, onu danışdıracaq, onunla onun dilində danışmağı bacaracaq, yarım əsrlik mədəni tarixinin canlı şahidi ilə oturmağa və o tarixi onun öz dilindən eşitməyə layiq olan hansı aparıcıya meydan verildi?

           Tədbirlərə, festivallara, sərgilərə, şənliklərə qatılmadı, çünki həmin kanalların səyyar kameraları və həmin satılmış media qurumlarının səyyar müxbirləri onu da öz layiqsiz səhnələrinə aparacaq və öz çirkli böhtanları ilə sorğulayacaqdı. Beləcə, son on iki ildə öz ölkəsində bir dəfə də olsun konsert verməyəcək həddə çatdırdılar. Həmin illərdə dünyanın müxtəlif ölkələrində Zeynəb Xanlarova tamaşaçı salonlarını doldura-doldura konsertlər verirdi.

        2012-ci il, Nyu-York. Okeanın o tayında Zeynəb Xanlarova minlərlə tamaşçının qarşısına çıxır və onu belə təqdim edirlər: “Artıq bir neçə gündür ki, zəmanəmizin görkəmli, tayı-bərabəri olmayan müğənnisi Amerikada səfərdədir. Onun istedadı əfsanələr və həqiqətən də layiq olduğu şöhrətlə əhatələnib. Belə böyük müğənnilər, yəqin ki, yüz ildə bir dəfə dünyaya gəlir. Uzun illərdən sonra Nyu-Yorkda, yenə də, əfsanəvi müğənni, Azərbaycanın Xalq Artisti, SSRİ Xalq Artisti parlaq bir ulduz kimi bərq vurur. Və böyük müğənni, ümumiyyətlə, Azərbaycan musiqisi, Azərbaycan estradası, Azərbaycan cəmiyyətində qadının rolu haqda təsəvvürləri dəyişib. Azərbaycan parlamentinin deputatı, böyük sənətçi, tayı-bərabəri olmayan Zeynəb xanım Xanlarova”.

         Məsələn, mən bütün ömrüm boyunca Azərbaycanda Zeynəb Xanlarovaya bu qiymətin verildiyini, bizim cəmiyyətdə qadının rolu haqda təsəvvürləri dəyişdiyi üçün ucaldıldığını görməmişəm. Əlbəttə, onu bir sənətkar kimi bəlkə də hamıdan çox sevib, əzizləyiblər. Onun nə qədər mühüm olduğunu bilməyiblər, sadəcə. Bilənlər də öz sevgilərinin nə qədər əhəmiyyətli olduğunu, nə mahiyyət kəsb etdiyini bilmədikləri üçün məkrlilərin qurduğu tələyə asanlıqla düşüblər.

          “Azərbaycan cəmiyyətində qadının rolu haqda təsəvvürləri dəyişib”. Bu cümlənin fərqinə varırsınız? Okeanın o tayında bir azərbaycanlı qadın üçün deyirlər bu fikirləri. Bir ölkəyə, bir xalqa, bir topluma bundan böyük xidmət nədir ki? Ən böyük dərdi məişət problemi olan adamlar elə məişət səviyyəli böhtanlarla – uşaq pulu ilə, pensiya yaşının artırılması ilə suçladılar Zeynəb Xanlarovanı. O, isə heç vaxt bunları etməmişdi. Amma bəşəri yaxşılıqlar etmişdi bu xalqa. Bizim də sərhədləri aşan, sənətində zirvələri fəth edə bilən qadın sənətkarımız var deyib, dünyaya göstərdiyimiz və haqqımızdakı ibtidai olduğumuza dair təsəvvürləri dəyişdiyimiz adamdır Zeynəb Xanlarova.

         Xanım sənətkarın Amerikada konserti zamanı Nyu-York Assambleyasının üzvü Roli Lantsman səhnəyə çıxır və Zeynəb xanıma Amerika-Azərbaycan münasibətlərinin inkişafı naminə çəkdiyi böyük zəhmətin, Amerika xalqına, buxara yəhudilərinə, dağ yəhudilərinə, azərbaycanlılara, türklərə – oraya gələn bütün insalara bəslədiyi məhəbbətin müqabilində təşəkkürnamə verilir. Roli Lontsman belə deyir: “Son 20 ildə ilk dəfə olaraq dünya şöhrətli Zeynəb Xanlarova ilə burada, Birləşmiş Ştatlarda görüşəcəyimi eşitdikdə, mən öz adımdan və Nyu-York Ştatı adından Zeynəb Xanıma və ABŞ-Azərbaycan dostluğuna olan hörmətimizi bəyan etmək istədim”.

Zeynəb Xanlarovanın Nyu-York konserti, 2012-ci il.

        Bu, Zeynəb xanım haqqında dünyanın uzaq-uzaq ellərində səslənən yeganə tərif, pərəstiş və rəğbət nitqi deyildi. Karl Marksın nəticəsi Robert Jan Lonke Parisdə yazır: “Deyirlər ki, musiqi ürəkdən-ürəyə ən qısa yoldur. Elə mahnı var ki, bu qısa məsafəni də aradan götürür. Sənə elə gəlir ki, o mahnı elə sənin öz qəlbində yaranır. Azərbaycan torpağının tanınmış müğənnisi Zeynəb Xanlarovanı dinləyəndən sonra mən belə bir fikrə düşdüm.

      1968-ci ilin avqustunda yoldaşımla birlikdə Bakıda, tanınmış müğənni Zeynəb Xanlarovanın konsertində olduq. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniuası səhnəsində istedadına vurğun olduğumuz müğənni Zeynəb Xanlarovanın konsertini həvəslə dinlədik və bu, Odlar Yurdu barədə təəssüratlarımızı daha da dolğunlaşdırdı”.

          Təkcə özümü bu qədər tanınır və sevilirdi? Zeynəb Xanlarovanın bəstələdiyi və oxuduğu mahnılar da ondan ayrıca bir həyat qurur, başqa ünvanlar qazanırdı. Mahnıları Gürcüstanda, Türkiyədə, Rusiyada, Ermənistanda, Özbəkistanda, Tacikistanda, Qazaxıstanda, İranda, İsraildə, Bolqarıstanda, Yəməndə və dünyanın müxtəlif ölkələrində, müxtəlif xalqların sənətkarları tərəfindən oxunur və sevilirdi.

         Türkiyənin Sənət Günəşi Zeki Müren Zeynəb Xanlarovanın “Ağlama sevdam”(bəstəkar: Rauf Məmmədov) mahnısını oxuduqdan sonra bu mahnı Türkiyədə böyük auditoriya qazandı. Məşhur “Qal, sənə qurban” (bəstəkar: Ələkbər Tağıyev) mahnısını türkiyəli müğənni Emel Sayın “Mavi boncuk” adı altında ifa edir və bu mahnı da öz fərdi şöhrətinə qovuşur. Hələ çoxsaylı azərbaycanlılar da bu melodiyanı eşidəndə “onda, bunda, şundadır…” sözlərini səsləndirirlər. Onun Ələkbər Tağıyevin bəstəsi olan və Zeynəb xanımın ifasından tanıdığımız “Qal, sənə qurban” mahnısı olduğunu bilməyənlər var. Və bu adamların bir qismi Zeynəb xanımdan uşaq pulu, pensiya yaşı umur, bir qismi də ondan akademik musiqi, məktəb tələb edirlər.

            Soruşsan Əhməd Ağdamskini, Hüseyn Ərəblinskini, Qulu Əsgərovu, Qurban Pirimovu, Bəhram Mansurovu, Qənbər Hüseynlini, Əliağa Ağayevi, Bəhram Nəsibovu – öz mədəniyyətinin digər dahilərini və böyük yaradıcılıq nümunələrini tanımırlar, amma bir mədəniyyət adamından bütün maddi rifahlarını təmin etməsini istəyirlər. Deyəcəksiniz ki, onu mədəniyyət adamından yox, millət vəkilindən istəyirdilər, amma nəzərinizə çatdırmalıyam ki, Zeynəb Xanlarova mədəniyyət komissiyasında təmsil olunurdu. Buna rəğmən, dəfələrlə sosial-ictimai problemləri də işıqlandırırdı.

        Mədəniyyət adamlarını falçılarla eyni səhnəyə qoyan teleaparıcı məktəb sevdasına düşdü. Şou verilişlərində musiqili meyxana ifaçılarına, mərsiyəxanlara təriflər yağdıran bir müğənni də Zeynəb Xanlarovadan akademik ifa tələb etdi. Görən fərqinəmi varmadı, necə ki, O, bir dəfə Leyli oynadı, ikinci dəfə bir də həmin səhnəyə çıxa bilmədi, Zeynəb xanım isə lirik Leyli kimi tarixə qaldı. Zeynəb xanım Leyli obrazına həm zəirflik, gözəllik, həm də mübarizə, əzm, güc gətirən ilk ifaçı idi.  O isə özü də öz oynadığı Leyli obrazı haqqında danışanda gülür. Yəni, Onun ayrı üslubu, tərzi var, Zeynəb xanımın ayrı. Yoxsa, O, elə hesab edir ki, sənət təkcə Onun oxuduqlarından ibarətdir?

            Yazılır ki, “Zeynəb Xanlarova deputat olub, özü üçün, uşaqları üçün var-dövlət yığdı”. Biz uşaqları üçün var-dövlət yığan məmurların həmin uşaqlarını görmüşük. Biri ayı kəsdirib, biri adam vurub, biri milyonluq saat gəzdirib. Amma biz heç vaxt Zeynəb Xanlarovanın oğlanları haqqında belə xəbərlər oxumamışıq. Deməli, o, övladlarına düzgün tərbiyə verib, onları şəxsiyyət kimi böyüdüb.

         Millət vəkilliyi dövründə biz Zeynəb Xanlarovanın adının bir rüşvət faktında hallandığını görməmişik. Biz bir vətəndaşın mediada, sosial şəbəkədə Zeynəb xanımın ondan rüşvət aldığını deməsini eşitməmişik. Amma biz həm də təkcə şöhrətinə və vəzifəli çevrəsinə güvənərək kimisə işə düzəltmək üçün pul yığan, “fəxri ad” düzəldən, məmurlara “gənc müğənni qızlar təşkil edən” sənətkarları çox görmüşük. Məsələn, məkrlilər bunları Zeynəb xanıma böhtan kimi ata bilməyiblər. Axı bu cinayətləri birinə yaxmaq qarşı tərəfdən konkret şahid istəyir, bunlar bir şəxsin törədə biləcəyi cinayətlərdir və bu böhtanların nə vaxt, harada, kimə qarşı törədildiyinə dair konkret tələbləri var. Uşaq pulunun ləğv edilməsi, pensiya yaşının artırılması, hansısa rayona yol çəkilməsinə qarşı çıxması, hərbçilərə dövlət tərəfindən ev verilməsi təklifinin, Azərbaycanın müstəqilliyinin əleyhinə səsverməsi kimi elə çirkli böhtanlar atdılar ki, bu böhtanların “kimə qarşı” sualına əvvəlindən cavab qoya bildilər. “Filankəs adam öldürdü” deyiləndə ağıla ilk gələn sual “kimi öldürdü” sualı olur. Daha sonra nə vaxt, harada olması ilə maraqlanırıq. Zeynəb xanıma atılan böhtanlarda da əvvəlcədən bu sualın cavabını yerləşdiriblər ki, eşidən, görən “kimə qarşı” deyəndə “xalqa qarşı” cavabını alsın, daha sonra onsuz da nə vaxt, harada etdiyini araşdırmayacaq. Axı bunu edənlər də toplumun xarakterinə bələddir. Onlar çox görüb, çox bilirlər. Belə yerdə demək gərək, tanrı məni ağıllıdan qorusun, axmaqdan özüm də qorunaram..

          Bir də ki, Zeynəb Xanlarovanın deputatlıqdan var-dövlət yığması fikri xeyli gülünc məsələdir. Zeynəb Xanlarovanın deputatlığa qədər var-dövləti yox idi? Yoxsa deputat olmasaydı, iflas edəcəkdi? Zeynəb Xanlarova heç vaxt toyda oxumayan yeganə Azərbaycan müğənnisidir. Çünki, o, sənəti ilə qazandıqlarına qane olub və daha artığını qazanmaq üçün sənəti kiçik səhnələrə endirməyib. Əgər təbiətində tamahkarlıq olsaydı, elə zamanında toylarda oxuyub istədiyi qədər qazanardı da. Onun toya getmək üçün lazım olan bacarığı da, yüksək məbləğ üçün şöhrəti də vardı. O isə pulu yox, sənəti seçib.

          Mən Zeynəb Xanlarovanın heç vaxt toya getmədiyini deyəndə, “amma oxuduqları toy mahnısıdır” deyənlər olur. Təəccüblənirəm. Axı Zeynəb Xanlarova yalnız toy mahnıları oxumayıb. O, “Ananın səsi”, “Nədən oldu”, “Əsir payız küləyi”, “Gərəksən mənə”, “Olmalıydın, olmadın”, “Ağlama sevdam”, “Çırpınırda Qara dəniz”, “Şəhidlər”, “Qalmaz belə, qalmaz dünya”, “Əsən yellər”, “Məhəbbət yaşa baxmır” və başqa onlarla lirik, romantik mahnıların da müəllifi və ifaçısıdır. Bu, bir yana. Məgər şən, ritmik mahnılar yaratmaq və oxumaq sənətə məxsus deyil? O zaman “Dağlar qızı Reyhan”ı bəstələyən Fikrət Əmirov, “Bəs bizim toyumuz nə vaxta qaldı”nı bəstələyən Qənbər Hüseynli də, “Səni arzularam”ı yazan Qara Qarayev də, “Gözəldir” mahnısını yazan Emin Sabitoğlu da sənətkar deyillər? Şən, ritmik mahnılar bəstələmək və oxumaq nə vaxtdan toya işləmək olub? Xanım sənətkar sənətin aliliyini, özünün çəkisini və öz yaratdığı sənət nümunəsinin yerini bilib və onu böyük səhnələrdə təqdim edib. Sonra, onun oxuduğu şən mahnıları toy müğənniləri götürüb toylarda ifa ediblər. Toy mahnısı isə sırf toyda oxumaq məqsədi ilə yazılmış mahnılara deyilir ki, onlar da ciddi sənət nümunəsi olmurlar.

            Birinci yazıdan sonra bir xeyli rəylər oxudum ki, insanlar “niyə bunu vəzifədən ayrılandan sonra yazırsınız, arxasınca deyirsiniz, onda qorxurdunuz?” sualını verirlər. Düzünü deyim, mən qorxurdum. Düzdür, 2016-cı ildə, 2017-ci ildə, 2019-cu ildə də Zeynəb xanımın sənəti, mədəniyyətimizdəki yeri barədə yazmışam. Amma çox qorxurdum ki, deyərlər, yaltaqlanıram. Axı böhtan da “Coronavirus” kimi yoluxucudur. Ona görə də dərinə getmirdim, yəni ki, həqiqətlə əllə salamlaşırdım və ötüb keçirdim.

            Vəzifədən ayrılmağını illərlə gözləmişəm. Nəhayət, o gün gəlib çatanda bildiyim həqiqətləri yazdım. İlk dəfəydi həqiqətlə bu qədər göz-gözə, nəfəs-nəfəsəydik. Mən həqiqəti indi yazdım ki, vəzifəsinə yaltaqlandığımı deməsinlər. Amma böhtan virusu öz işini gördü. Məgər daha da pisini demədilərmi? Bir-iki nəfərin səsi çatdı qulağıma. Deyiblər ki, “Orxan satılıb”. Mən də istədim deyəm ki, Orxanın qiymətini bilən heç toplum yoxdur, o ki qaldı, şəxs ola. Mən həqiqətin evdə qalan tək-tük qızlarındanam. O birilər ərə gedəndən sonra analarını satdılar deyə, mən əhd elədim ki, ərə getmərəm. Sizin içinizdə ərə getməyənlər də var, bilirəm. Amma onlar da bakirə deyillər. Nəysə…

          Məndən də, Zeynəb xanımdan da, elə özünüzdən də muğayat olun. Sizi həqiqətə biz aparırıq, bizi tarixə siz saxlayırsız!