Ədəbi şou Nəsr

Nobel mükafatlı yazıçı: “Ərim fanatik axmaq idi”

Doris Lessinq: “Dünyada hələ də imkanlı ər axtaran qadınların qalması məni heyrətə salır”

Nobel mükafatı laureatı Doris Lessinq mükafatı aldıqdan az sonra, 2007-ci ildə BBC-nin Rusiya xidmətinə müsahibə verib. O, müsahibəsində Sovetlər İttifaqı, rus ədəbiyyatı və s. haqda danışıb. Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı həmin müsahibəni təqdim edir:

– Bilirik ki, siz 1952-ci ildə Britaniya və Amerika yazarları ilə birgə SSRİ-yə gəlmisiniz. Xatirələrinizdə o səyahət zamanı sizə möhkəm təsir etmiş epizodlar haqda yazıbsınız.

– Bəli, o epizodlardan biri həyatımda gördüyüm ən cəsarətli hərəkətlərdən biri olmuşdu. Biz beş nəfər əcnəbini SSRİ-də kolxoza aparmışdılar. Bizlərdən biri keçmişdə kənd təsərrüfatı ilə məşğul olmuşdu. Mən özümsə fermer ailəsində böyümüşdüm. Yəni, belə şeylərdən başım çıxırdı. Kolxozda keçirilən rəsmi qəbul, çıxışlar, gül vermələr və əl sıxmalardan sonra bir nəfər çox yaşlı kişi bizə yaxınlaşıb dedi ki, bizlə nəsə danışmaq istəyir. O, tez-tez təkrarlayırdı: “Mən demək istəyirəm, demək istəyirəm”, tərcüməçi isə ona imkan vermirdi. Aramızdakı yazarlardan biri şotlandiyalı Daqlas Yanq rusca anlayırdı və o, bizimçün qocanın dediklərini tərcümə etdi. Qoca deyirdi: “Sizə göstərilənlərin hamısı yalandır. Burda əsl həyat dəhşətli, qorxuncdur. Dövlət adamlarının sizə dediyi heç bir şeyə inanmayın”. Əlbəttə, onu dərhal tutdular, harasa apardılar və başına nə iş gətirdiklərini biz bilmədik. Mənsə, əminəm ki, o adamın etdiyi hərəkət nadir cəsarət tələb edən hərəkətlərdən biri idi. Özünüz düşünün ki, necə çətin illər idi, onda Stalin hələ sağ idi.

– O hadisədən sonra kommunizmə şübhə ilə baxmağa başladınız?

– Xeyr, məndə belə şübhə uzun müddət ərzində formalaşmışdı. Qoca kişi ilə bağlı epizod baş verənlərdən sadəcə biri idi, o vaxt artıq özüm də bilirdim ki, bizə göstərilənlərin çoxu həqiqət deyil. Ancaq indi, vəziyyət dəyişəndə o vaxtkı zidiyyətli durumu izah etmək insana çətin gəlir. Leninin dili ilə desək, biz – dünya ölkələrində yaşayan kommunistlər məsum axmaqlar, faydalı giclər idik. Və sözsüz ki, biz kommunizmin qələbəsi ilə fəxr etmirdik. İndi o dövrdən çox az adam sağ qalıb, ancaq yenə də o zamankı dünya kommunistlərinin sovet imperiyası ilə fəxr etmədiyini deyə bilərəm.

– Bəs, kommunizmdən uzaqlaşmaq sizə çətin olmadı ki?

– Mənimçün faciəvi oldu, çünki ərim qatı kommunist idi və ölənə kimi elə qaldı. Elə bu məsələ özü də məni kommunizmdən soyutmağa bəs etmişdi, çünki ərim fanatik idi. Əlbəttə, onun üstün cəhətləri də vardı, ancaq yenə də fanatik axmaq idi. Axı, elə o vaxtlar, 50-ci illərin əvvəllərində Sovet İttifaqı ölkələrindən çıxmış adamlar kommunizmdə yaşadıqları dəhşətlərdən danışırdılar. Ancaq, o vaxt partiyadan uzaqlaşmaq partiya biletini geriyə verib çıxmaq kimi sadə bir şey deyildi. Unutmayın ki, o vaxt kommunist olan insanlar yeni dünya yarada biləcəklərinə inanırdılar. Bu illuziyadan uzaqlaşmaq çətin idi. Heç inana bilmirdik ki, bizim qurmaq istədiyimiz yeni dünyanı artıq sovetlərdə qurublar və bu yeni dünya köhnə dünyadan da betər pisdir.

– Bugünkü Rusiya haqqında nə düşünürsünüz bəs?

– Bilirəm ki, bu gün hamı danışır ki, Putindən təhlükə yağır, o da aydındır ki, onu yekəxana və kobud biri kimi görürük, ancaq Rusiyaya münasibət elə də pis deyil. Görünür, Rusiyanın xalqının belə bir insandan xoşu gəlir. Bilmirəm niyə, ancaq bunun kökləri sizin tarixə gedib çıxır.

– Bəs, sizin doğma ölkəniz Zimbabvedəki vəziyyətdən xəbəriniz var?

– Əlbəttə, özü də necə. Axı, mən orda böyümüşəm. Orda vəziyyət dəhşətlidir.

– Siz “Qızıl dəftər”i yazdıqdan sonra cəmiyyətdə qadınların vəziyyəti xeyli dəyişib. Sizcə qadınların həyatının hansı yönü yüngülləşib və hansı yönü çətinləşib?

– Bu günün qadınlarının fürsətləri daha çoxdur. Fürsət bərabərliyi sözsüz ki, hər yerdə artıb. Hər yer deyəndə əlbəttə ki, inkişaf etmiş ölkələri nəzərdə tuturam. Bəzi məsələlərdə hələ də qadınların həyatları dəyişməyib. Qadınların çoxu hələ də varlı, imkanlı ər axtarır və bu məni heyrətləndirir. Britaniyada isə əsl bərabərlik o vaxt bərqərar olar ki, eyni işə görə qadına da kişiyə verildiyi qədər pul verilə.

– Niyə sizə təsir etmiş yazarlar arasında Bulqakovun adını xüsusi vurğulayırsınız?

– Mən Bulqakovu çox sevirəm. Mən onu “Gənc həkimin qeydləri”ni oxuyaraq tanımağa başlamışam. Bu onun ilk kitabıdır və məncə bu kitabda təzə-tərlik və cazibə var ki, sonradan tədricən qeyb olur. Əlbəttə, “Ağ Qvardiya” da bundan sonra sadalanası kitabdır. Deyim ki, “Master və Marqarita”nı da sevmişəm, amma o biri əsərləriylə müqayisədə az sevmişəm. Mən buna resenziya yazmışdım və elmi fantastika kimi səciyyələndirmişdim. Hətta, Bulqakovun “Sınıq yumurtalar” əsərinə də ön söz yazmışam.

– Bəs, sizin elmi fantastika yazmağınız necə başladı?

– “Elmi fantastika” ifadəsi özü bir qədər yanlış istifadə olunan anlayışdır! Mənim elmi fantastik mövzuda yazdığım ilk əsər 1979-cu ildə çap olunmuş “Şikasti”dir. Buna qədər isə iki roman yazmışdım: “Sağ qalanların memuarları” və “Cəhənnəmə düşmə təlimatı”, bu romanlar nə fantastika, nə də realistik əsər deyildi. Təəssüf ki, bizdə bütün əsərlərə yarlıq yapışdırılır. Məsəlçün, mənim “Şikasti” ilə başlayan kitab seriyama beş fərqli mövzulu və stilli kitab daxildir və səhv olaraq onların hamısını elmi fantastika adlandırırlar!

– Kitablarınızın hansı ilə ən çox fəxr edirsiniz?

– İstənilən yazıçı sizə deyər ki, ədəbi yaradıcılıq hərəkət, inkişaf deməkdir və ordan nəyisə önə çıxartmaq çətindir. Son əsərlərim arasında “Mari və Dan” adlı macəra romanı və onun davamı daha yetkin əsərlərimdir. O romanı yazanda qəflətən dərk elədim ki, ordakı qəhramanların hamısı qaçqınlar, aclıqdan, daşqından və vətəndaş müharibəsindən qaçan insanlardır.

Çevirdi: Namiq Hüseynli