Günaydın Musiqi Şou-biznes Tənqid

Başkəsən Manafla neyləyək: müalicə, yoxsa əməliyyat?

Yenə Manaf yaxşıdır, bunları deyir. O birilər gizli-gizli işini görür.

Ədəbİncə deyir…

Günaydın, əhli-Azərbaycan! Mən, Ədəbİncə! Dedilər Manaf Ağayev bir kəlmə üstündə qadın başı kəsirmiş. Öz həyat yoldaşını da bir dəfə döyübmüş. Bu qədəri ilə bitsəydi nə vardı!? Dedilər ki, bunu televiziya verilişlərindən birində özü öz dili ilə deyib. Əlim ağzımda qaldı. Təəccübdən qaldı, narahat olmayın. Yəni təəccüblənib əlimi ağzımın üstünə qoydum və o qədər heyrətlə a saitini pıçıldadım ki, əlimi ağzımdan çəkməyə macal tapmadım. Yeri gəlmişkən, əl ağızda başqa nə üçün qalır ki? Nə isə…

        Qayıdaq Manafa. Bir vaxtlar da öz oğluna sosial şəbəkələrə girməyən qız axtarırmış. Hələ o günlərdə onu da eşitdim ki, yenə də televiziya verilişlərinin birində “əsər lazım deyil, çörək lazımdır” deyib. Yenə Manaf yaxşıdır, bunları deyir. O birilər gizli-gizli işini görür. Düzdür, atalar deyib, “utanmasan, oynamağa nə var ki”. Amma atalar da həmişə düz demir. Məsələn, insan orqnizmində hər-hansı proses yolunda getməyəndə, həmin prosesi icra edən orqan ağrı, şiş, keyimə və başqa narahatlıqlarla insana xəbərdarlıq edir ki, “mən artıq fəaliyyət göstərə bilmirəm, ya məni təmir et, ya da məni kəs at”.

         İndi siz də cəmiyyəti bir orqanizm kimi düşünün. Onun Manaf kimi “orqanları” bu cür narahatlıqlarla özünün artıq sıradan çıxmaqda olduğuna, əhəmiyyətini itirdiyinə dair xəbərdarlıq edir. İndi, əsas məsələ odur ki, Manaf bizim üçün nə dərəcədə əhəmiyyətli “orqandır”? Onu təmirmi etməliyik, yoxsa kəsib atmalıyıq?

        Mən bu məsələyə cəmiyyət adına təkbaşına qərar verə bilmərəm. Ona görə də şərh bölməsində bu suala cavablarınızı səbrsizliklə gözləyirəm. Ümid edirəm ki, biz doğru bir qərara gəlib, sonra da bunu tətbiq edəcəyik!