Günaydın Köşə

Atakan və İlahi hikmət – babalar, atalar, əmilər, bibilər…

Bəzi adamlar var ki, İlahi hikmətdən agah doğulurlar. Məsələn, Nəsimi kimi.

Ədəbİncə deyir…

       Günaydın, məmələkət! Mən, Ədəbİncə! Qardaş ölkədən Atakan Kayalar deyə bir uşaq peyda olub dedilər. Dedilər ki, on yaşı var, amma 250 kitab oxuyub, filosofluğa iddiası var. Hələ onu da dedilər ki, gələcəkdə prezident olmaq istəyir.

        Bunu deyənlərin içində onu deyənlər də vardı ki, bəs, uşaq xəstədir, müalicəyə ehtiyacı var, tərbiyəsizdir, sayğısızdır. Mən elə bildim ki, o uşağa tərbiyəsiz deyənlər, yəqin ki, çox mötəbər ailələrdə böyüyüb, nüfuzlu təhsil ocaqlarında yetişiblər. Sonra baxıb gördüm ki, bunu deyənlərdən birinin babası beş-altı arvad alıb və hamısını da döyüb, elə döyə-döyə də hərəsinə beş-altı uşaq doğuzdurub. Bir digərinin bibisi toy axşamlarında yengəlik edir. O birinin atası ərəb dilini bilmir, amma molla kimi məclislərə gedir. Hələ biri vardı, “Bakı Dövlət”i qurtarmışdı. Yenə məəttəl qaldım. Mənim də ümidim həmişə məəttələ qalır. Nə edək? Bu boyda xalqın ümidi lazıma qalıb!

        Gələk Atakana. Bəzi adamlar var ki, İlahi hikmətdən agah doğulurlar. Məsələn, Nəsimi kimi. Atakan da hələ körpə yaşlarından başa düşüb ki, onun həyatının doğulduğu mühitdə məhv olma riski var və kifayət qədər çoxdur. O, həmin İlahi hikmətdən agah olub ki, bu fəlakətdən qurtulmağın tək yolu elmdədir və bu elmi öyrənib tətbiq etmək, indiki halda, 20 il vaxt alır və onun həyatı isə 20 il içində çoxdan məhv olacaq.

         Qoçağım, etməyib tənbəllik, oturub hamısını birdən oxuyub. Təbii prosesdir, qəfil yüklənib və müəyyən qeyri-adilikləri indidən özünü bəlli edir. Bu, xəstəlik kimi görünməməlidir. Kompüter məntiqi ilə düşünün, yaddaş dolduqca sistem gec işləyir.

         Onu da dedilər ki, Atakanı pisləyənlər güya ona paxıllıq edirlər. Məncə, bu, belə deyil. Yazıqlar, harda görüblər əlikitablı uşaq? Onların əmiləri axı onlara “əmiyə de görüm, Günəş sistemi hansı qalaktikada yerləşir?” sualını verməyib. Əmi içəri girən kimi deyib ki, “əmi qurban, pipini göstər hələ, göstər baxım”. İndi bunlar da bir uşağı öz əmiləri ilə eyni yaşda görəndə çaşıb pipilərini göstərmək istəyirlər.

        Nəysə. Atakan yaxşı oğlandır, məncə. Gələcəyi ilə də bağlı düzgün qərar verib. Dedilər ki, aparıcı ona “aldığın təhsildən razısan?” sualını verəndə dodaqlarını sıxıb və sadəcə susub. Deməli, o, artıq probelmləri görür və onların həlli barədə düşünür. Bir müddət sonra susmayacaq və bir müddət sonra da həllinə dair təkliflər verəcək.

         İndi siz deyin: bir toplumda kamil insan kimi yetişmək çox çətindirsə və buna qarşı ən böyük silah kitabdırsa, niyə bu odsuz-alovsuz, ölüm-itim gətirməyən silah onu daşıyana zərər versin ki? Sizcə, bu toplumsal kamilliyə aparmazmı? Məgər bir xalq kimi toplu kamilliyə varmaq həyata dair bir zəfər deyilmi?