Poeziya

Aman, Tanrı, polis də geyinərmi ağ xalat? – Orxan Bahadırsoy

Zülmətdə və uzaqda, tənhada qaldım dara.
Ruhların zəngi çatmır təcili yardımlara.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun dramturji üslubda şeirlərini – kiçikhəcmli poemalarını təqdim edir.

Gecənin sənsizliyi

Gecə ağır, şəhərin işıqlı yol qırağı…
Qaçıb arxamca gəlir təklik də itsayağı.
Acı sümük ağrısı, bir də quru öskürək…
Sərxoş kişi də deyir: – bir siqaret ver görək!
Ətraf şam ağacları, hürən meşə itləri…
Mənim kimi tək qalıb piyada keçidləri.
Qopub düşür önümə iri-xırda qozalar.
Körpü altında durub yaşlı mamarozalar.
İndi bir mən oyağam, bir də ki, fahişələr.
Bu körpüdə ovunur neçə tənha kişilər.
Gedirəm ağır-ağır, yorğun, səssiz-səmirsiz.
Mamaroza soruşur: – əylənmək istəmirsiz?
“Yox” deyiram astaca, “mən indi can üstəyəm!”
Gülür mamaroza da, elə bilir xəstəyəm.
Keçirəm o körpüdən, keçirəm ağır-ağır.
Siqaret yandırıram, tüstü təpəmdən çıxır.
Tənhalıq həmişəki… darıxmağı demirəm…
Hələ sənin yoxluğun – o da başqa bir aləm!
Gah siqaret, gah içki, nəfəsim də təngiyib.
Fikrim səndə ilişib, yuxum səndə ləngiyib.
Dodağımı çeynəyir əsəbimdən dişlərim.
Sənsizlikdən doğuldu bütün pis vərdişlərim.
Hara gedim bilmirəm, heç olmasa zəng elə,
Eyni yerə qayıdır bu döndüyüm döngələr.
Bu dərdlərin içində naçarlıq da dərd olur.
Buralarda olmalı bir köhnə dəmir yolu.
Ordan arabir keçir neft daşıyan qatarlar.
Bütün tənha adamlar özün ora atırlar.
Sən də çox biganəsən, daha özün bilərsən.
Telefonum açıqdı, istəsən, zəng edərsən!
Mən dəmir yolundayam, burda bir it də ölüb.
Taxta döşəmələrə əl-ayağı tökülüb.
Bu yol qara, qorxulu, uzun-uzun döngələr…
Sən də tez ol zəng elə, geciksən, qatar gələr!

Taksafon

Qaranlıq küçələrdə yeriyirəm, əzizim,
yolları yuxusundan oyadır ayaq səsim…
Önümdə bir köşk də var, yatıb satıcı oğlan.
Taksi sürücüsü də mürgü döyür bayaqdan.
Səkiləri süpürür bir yorğun, yaşlı qadın.
Bilmədiyim ünvana gedirəm addım-addım.
Yaxın evlərdən gəlir körpə çığırtıları,
o körpələr yuxuda nə görüb gecəyarı?
Telefonu götürüb axtarıram nömrəni,
telefonda yaddaşa “dərdim” yazmışam səni.
Zəng edirəm, bir qadın titrək səsiylə deyir:
-Bağışlayın, bu nömrə nə vaxtdır ki, işləmir!
Deyirəm ki:
-Nömrəni boş ver, gəl söhbət edək!
Darıxıram, insafsız, danışaq da sübhədək!
Bağışla, gecə vaxtı yuxuna haram qatdım…
Deyəsən, onu şirin yuxusundan oyatdım!
Bu qadın telefonu lap üzümə söndürür!
Külək qopur, üstümə ağac yarpaq tüpürür!
Bu küçənin sonunda bir köhnə taksafon var,
belə vaxtda adama dost olur taksafonlar.
Qaçıram ona sarı, götürürəm dəstəyi,
yenə həyasız əlim səni yığmaq istəyir.
Qorxuram ki, bu dəfə söyər o qadın məni,
bircə fürsəti olsa, döyər o qadın məni.
Bu sarsaq zənglərimlə bezdirmişəm onu da,
bezdirmişəm nömrəmi, lap bu telefonu da.
Bəs axı mən neyləyim? Kim var ki…? Axı kim var?
Axı kimə deyim ki, sənin boyda dərdim var?!
Bütün qəpiklərimi taksafona atıram,
kimi yığıram, deyir:
-Əl çək məndən, yatıram!
İlahi, danış mənlə, danış mənlə bu gecə.
Bu axmaq tənhalıqdan kül olaram indicə.
Danışmağa bir adam… qəfil düşür yadıma…
axı niyə bayaqdan yığmıram bu adama?
Məni ondan savayı kim anlaya bilər ki?
Mən özümdən didərgin, o özündən didərgin…
Bir telefon uzaqda, bir taksafon yaxında,
o da dərddən anlayan bir adam sorağında…
Beləcə yavaş-yavaş yığıram on rəqəmi,
taksafon ekranında görürəm öz nömrəmi.
Cibimdəki telefon zəng çalır uca səslə,
sevincək öz-özümlə danışıram həvəslə…
-Alo!
-Salam!
-Necəsən?
-Yaxşıyam, sən necəsən?
-Mən də belə – birtəhər… darıxıram, deyəsən…

Həqiqətə gedən yol

Fəsil qış, hava soyuq, küçə sərsəm, yol süstdü.
Üşüyür başım biraz, yanır sinəmin üstü.
Taksi ümidim qalıb sərxoş sürücülərə!
Tanrı bizə görünməz, ölüm görücülərə!
Bu uca göydələnlər xatırladır divləri.
Burda kimsəsiz qalıb ipoteka evləri.
Sonuncu taksi getdi, əl açdım, dayanmadı.
Sürən min ildir yatıb, sükan da oyanmadı.
Mənimsə ağrılarım ərşə çıxır bu yerdən,
xışıltılar yüksəlir qulaqlarımda hərdən.
Zülmətdə və uzaqda, tənhada qaldım dara.
Ruhların zəngi çatmır təcili yardımlara.
Bu qaranlıq qorxusu, bu tənhalıq ürküsü,
unudulmuş yerlərin naləsayaq türküsü…
Daha yarasalar da gecələri yatırlar,
dərdləşməyə yaramır mobil operatorlar.
Qaranlıq küçələrə, dalanlara uyuram,
gecəyə nəğmə deyən səsləri də duyuram:
Öz əliylə sevişən tənhaların səsini…
Təşəkkürə tutublar porno sənayesini.
Yaşı ötmüş kişinin öskürək ahəngini…
Kürəyində gəzdirir ağciyər xərçəngini.
Kommunist evlərində ittiffaq şüarları…
Komsomol arzulayır sovet bəxtiyarları!
Digər evdə səs də yox, yatmış min ildir yatan…
Onun vecinə deyil qırılan, ölən, batan!
Bir ev də var işığı hamısından gur yanır,
dünyanın xilasında anarxizmə inanır.
Qarşıdakı evdən də duyuram o fəryadı…
xeyli çığırıb susur, halsızca susur qadın!
Daha sonra sevinir, gülür qadının səsi
və öz doğuluşuna nalə çəkir körpəsi.
Uşağı ağlayanda ananın sevindiyi
bu məqamda, İlahi, nəyi gizlədin, nəyi?
Bu hikmətdən qorxuram, qaçıram var gücümlə.
Dünyanın boğazına xəyanət ülgücüylə,
hədə-qorxu yağdıran xainləri söyürəm.
Doğula bilməyənlər nə anlayar, deyirəm.
Və qəfil yıxılıram daş səkiyə üz üstə.
Qarşımda da bir adam dirçəlməzmi diz üstə!?
Bu nə işdir, İlahi, gerçəkdir yoxsa kabus?
Yol üstə niyə yatıb, səfildir ya dələduz?
Soruşur:
-Nə qaçırsan? Kimdən qaçırsan belə?
-Bağışlayın! – deyirəm, – qaçmalıyam mən hələ.
Zorla qalxıb səkidən, toz çırpıb üzərimdən,
qəfil kişiyə baxıb, donuram öz yerimdə.
Üz-gözü tük içində, çatlamış dodaqları,
kirdən kömürə çalır buz kəsmiş ayaqları.
Yırtıq şalvar-köynəyi yapışıb bədəninə,
palçıq tutmuş jaketi darısqaldır əyninə.
-Qaç, eləcə qaç! – deyir, gözümə baxa-baxa.
-Özündən də qaç! – deyir, – bacardıqca uzağa.
Dərindən nəfəs alıb azacıq iməkləyir,
bir divara söykənib gözümə baxır, deyir:
-Mən də qaçdım hamıdan, mən hər şeydən də qaçdım.
Bax, bu yerdən də qaçdım, bax, o göydən də qaçdım
Mən bütün suallara cavab gəzdim, bir cavab,
amma tapa bilmədim, dözülməzdir bu əzab.
Qısıldım künc-bucağa qaranlıq tənhalarda,
düşündüm uzun-uzun, axı bu cavab harda?
Sonra bir gün anladım nədir bizim səhvimiz
O sualı tapmadan, cavab axtarırıq biz.
Əvvəlcə, hər şey üçün bir doğru sual gərək,
sonra mən əminəm ki, cavab özü gələcək.
-Bağışlayın, işim var, tə…tələsirəm… – dedim.
Əvvəlcə yavaş-yavaş, sonra yeyin yeridim.
Yox, bu, olmamalıydı, buna hazır deyildim.
Mən həqiqət yolunu həmin cavabda bildim.
Yol olmadan mənzilə getmək də mümkün olar,
bunun fərqi nədir ki, mənzil yoxdur ya da var?
Bəs bu adam haqlısa…? Nədir ki, doğru sual?
Biz onu tapa bilsək, cavab gələrmi dərhal?
Əlbəttə, gələr, gələr… hər şey belədir biraz…
İnsan özün tapmasa, yaradan da tapılmaz!

Azadlıq

Zərrə-zərrə yığıldı, parça-parça quruldu,
min-min tufandan keçib, qocaman bir yer oldu!
Gah yandı, gah da dondu, həyat tapdı bu kürə.
Bütün canlılarına toxumdu tək hüceyrə.
Elə ki, bu toxumun yetdi insan bəhəri,
o gündən tükənmədi bu dünyanın qəhəri.
Daha bəhər vermədi, insan sonuncu oldu!
Bu dünyanın köksünə ən ağır sancı oldu!
Qocaman azadlığı ölkə-ölkə böldülər,
adına vətən deyib, öldürdülər, öldülər!
Tikanlı məftil çəkib sardılar hər yanını,
deşik-deşik etdilər azadlığın canını!
Özlərinə dünyadan padşahlar da seçdilər!
Baxıb göyün üzündən allahlar da seçdilər!
Heykəllər ucaltdılar, məqbərələr tikdilər!
Gah təzimə durdular, gah da ki, diz çökdülər!
Bu məhkum azadlığın adına dövlət deyib,
hakimə hörmət deyib, haqqa ibadət deyib,
əldə silahlar tutub keşikdə dayandılar,
nizələrdə deşilib, bombalarda yandılar!
Alimi yaltaq oldu, şairi yaltaq oldu!
Zərrə həqiqət desə, soyuldu, dustaq oldu!
Hər yalana bir orden, bir təqaüd verdilər!
Bu çirkabdan uşağa, gəncə öyüd verdilər!
Yağış-yağış tüpürdü insana yer kürəsi!
Küləklə kül üfürdü insana yer kürəsi!
Dedi:
-Azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!
Uçsun bu qurduğunuz sərhəd məntəqələri!
Yıxın öz içinizdən bütün təbəqələri!
Mən neçə tufan keçib azadlığa çıxmışam!
Bütün canlılarımı bir mayadan doğmuşam!
Mən günəşin başına nəzir olmamaq üçün,
özüm öz ətrafımda döndüm-dolandım hər gün!
Azadlığa çıxdıqca daha gözəl göründüm!
Günəşin sevgilisi mənim başıma döndü!
Siz ki azad idiniz ağac budaqlarında!
Siz ki gözəl idiniz əncir yarpaqlarında!
Atın öz əlinizdən ölüm tüfənglərini!
Sizin üçün doğmuşam bu gül çələnglərini,
Bu dadlı meyvələri, bu ləzzətli otları.
Sizə çətir etmişəm üstümdə buludları!
Kainatın ən gözəl yerində mən durmuşam!
Siz azad olun deyə, bir azad ev qurmuşam!
Sizsə məhkum etdiniz mənim azadlığımı!
Zəhərli tüstülərlə cırdınız yaylığımı!
Daha meteorları əritməyə gücüm yox!
O çılğın şəfəqləri ram etməyə gücüm yox!
Mənim azadlığımı mənə geri qaytarın!
Bütün materikləri, qitələri qaytarın!
Necə ki, almışdınız tikə-tikə, qaytarın!
Şəhər-şəhər qaytarın, ölkə-ölkə qaytarın!

Yağış yağdıran

Bir otağın içində obaş-bubaş yeridim,
gah qaçdım, gah dayandım, gah da yavaş yeridim.
O qədər fırlandım ki, göyün başı hərləndi.
Elə ah çəkdim, yazıq buludlar zəhərləndi.
Nəhayət, göy ögüdü, gurultular qarışdı,
buludlar qusdu, hamı elə bildi yağışdı.
Taxta skamyalarda islandı kimsəsizlər,
narahat yuxusundan oyandı kimsəsizlər!
Mənsə isti yorğana bürünüb gəzdim yenə,
bir fincan da çay süzüb, şeirlər yazdım sənə:
Daha ağrılarıma başqa çarə yoxdu da!
Sənsiz bu evin içi çölündən soyuqdu da!
Amma kimə deyəsən? Kim anlayar bu halı?
Nə bilsinlər min ildi qurumur əl dəsmalım!?
Rədd olsun vitaminlər, lazım deyil aspirin,
antidepressantların istəmirəm heç birin,
neçə ildi bu həblər nə işə yaradı ki?
Mənim bu sənsizliyim elə bir yaradı ki,
nə kardioqramda, nə rentgendə görünər,
sınan bir ağ işıqdır, yeddi rəngdə görünər.
Bapbalaca canımdan sən boyda adam qopub,
necə izah edim ki, mənə hansı dərd hopub?
Qaçıb iştahım, yuxum, pozulub əsəblərim,
sənin barmaqlarındı xoşbəxtliyin həbləri!
Əllərin yara bandı, qoxun astma dərmanı,
tərin dəri məlhəmi, gəl ki, sağalsın canım!
İndi mənim dərdimə tək əlacsan, birdənəm!
Birinci və sonuncu ehtiyacsan, birdənəm!
…Qəfil döyüldü qapım, şeirim qaldı yarımçıq.
Çöldə bir dəstə adam qışqırdı ki:
-Çölə çıx!
İlahi, mən neyləyim, gizlənim ya bağırım?
Qonşuları çağırım, yoxsa polis çağırım?
Ən yaxşısı polisdir! Hardadır telefonum?
Bəs nömrəsi neçəydi? Necə bitirdi sonu?
-Salam!
-Salam! Buyurun!
-Bağışlayın, mən bayaq,
bir cinayət işlədim fərqində olmayaraq,
otağımın içində obaş-bubaş yeridim,
gah qaçdım, gah dayandım, gah da yavaş yeridim.
O qədər fırlandım ki, göyün başı hərləndi,
elə ah çəkdim, yazıq buludlar zəhərləndi.
Nəhayət, göy ögüdü, gurultular qarışdı,
buludlar qusdu, hamı elə bildi yağışdı.
Taxta skamyalarda islandı kimsəsizlər,
narahat yuxusundan oyandı kimsəsizlər.
İndi mənim üzümə tüpürməyə gəliblər!
Ya da məni söyməyə, öldürməyə gəliblər!
Axı bu kimsəsizlər dadanıblar canıma,
nolar, polis göndərin təcili ünvanıma!
-Anladıq! – dedi, qadın, söndürdü telefonu.
İndi bu axmaqların gətirəcək sonunu!
Biraz sonra vıyıltı doldu bizim küçəyə,
boylanıb pəncərədən baxdı gözüm küçəyə.
Bu nə böyük maşındı!? Nə çox gəlib polislər!?
Hə… axı bir yığındır bu axmaq kimsəsizlər!
Bu evdən çıxmayanı çöldə dəyişib həyat,
aman tanrı, polis də geyinərmi ağ xalat?

Orxan Bahadırsoy