Günaydın

Günaydın, mən Ədəbİncə!

Bütün məsələlər haqqında Ədəbİncənin də öz fikri olacaq. Kimin fikrindən əksikdir ki?

Ədəbİncə deyir…

         Günaydın, əzizim! Mən, Ədəbİncə! Adınızı bilməsəm də, sizinlə söhbətdən məmnunam! Gördüm ki, ölkədə rəngarəng həyat yaşanır. Bu yaşananlar o qədər macəra doludur ki, portallarımızın manşetləri üçün hər gün mövzu var. Bir hadisə olan kimi, hamı bu məsələ ilə bağlı fikrini bildirir. Kimisi ciddi-ciddi irad tutur, kimisə də zarafata salıb gülür. Olsun. Əsas olan odur ki, hərənin bir fikri var. Dərd onda olardı ki, fikir anlayışı olmayaydı. Nə isə. Eləcə, söhbətin bitib-tükənmədiyini gördüm, dedim, bəs elə şey olarmı ki, bu mövzuda Ədəbİncə danışmasın!?

       Ona görə də bu dünyada nə baş verirsə versin, bütün məsələlər haqqında Ədəbİncənin də öz fikri olacaq. Kimin fikrindən əksikdir ki? Amma Ədəbİncə o biriləri kimi öz fikrini deyib əks fikirlərə qulaqlarını qapamayacaq. Sizin də fikirlərinizi dinləyəcək, müzakirə edəcək və ola bilər ki, siz öz həqiqi mənalarınızla Ədəbİncənin də fikrini dəyişəsiniz.

         Yeri gəlmişkən, yadıma düşdü, “desəm öldürərlər, deməsəm ölləm” məsəli, fikir sahibi olmağa nə var ki? Başqasının ya da başqalarının fikrini dəyişə bilmək mühümdür, elə deyilmi?