Poeziya

Tanrı, bütün ölümlərdən davaçıyam! – Səadət Cahangirin şeirləri…

Neçə məçhulu çıxır,
poz, belə tənlik olmaz,
bəlkə də sən bilirsən,
bilsən də, mənlik olmaz…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Səadət Cahangirin şeirlərini təqdim edir.

***

Sən ki bilirsən,
suçsuz çocuq əllərinin
evcikləri qum,
üzmüş,
kağız qayıqlarda batmış
göy dəniz arzum…

sən ki bilirsən,
yalan çıxdı
inandığım qanadlı atlar,
xəyalları vaxt öldürdü,
izni saatlar…

sən ki bilirsən,
nədən bu qədər acı hər şey,
nədən bu qədər acıyam,
bir məsum çocuq ölmüş içimdə,
Tanrım,
bütün ölümlərdən davaçıyam…

***

Bu şəhərdən gedirəm,
saatlar üçə qalır,
səninlə aramızda
bir bomboş küçə qalır…

gedirəm, yırğalayır
rüzgar yelləncəkləri,
üşüsən, əllərinə
geyin yun əlcəkləri…

mən qışdan yaz ümidi
yaşıl çıxan adamam,
ağac tək kölgəsinə
tək darıxan adamam…

məni çöldə quş ağladar,
uçurumda kəpənək,
sənlə gələn o eşq də
ya Tanrıydı, ya mələk…

indi dönüb “qal” desən,
bir hıçqırıq deyər “yox”,
bu şəhərdən gedirəm,
səndə qalmağa yer yox..

***

Xəttini tanıyardım
elə ilk yazıdan da,
arasam, adın çıxar
minillik yazıdan da…

bu yazılar içində
könlümdə susanı gör,
atəşdə İbrahimi,
çarmıxda İsanı gör…

gör bu viranələrdə
cəhənnəmlik odu nə,
qaranlıq quyularda
gözləyənin adı nə?..

sardığın yaraların
sarığına qan çıxıb,
xəbərin yoxmu, Tanrım,
bura yadından çıxıb?..

arada bax bu zülmə
hökmləri kim yazır,
məni də unutmusan,
dərmanı həkim yazır…

***

Bir də saçların dağılar, fikirlərin qarışar
bu küçə yorğunluğuna, ev dağınıqlığına,
bu şəhərdə böcək ölsün, adam ölsün, fərqi yox,
bütün sayğı duruşları ölümün sağlığına…

elə bil ki, bəduğur var hər küçənin tinində,
aramıza bayquş girib gizli arxa qapıdan,
qəm dənləyir ümidləri, yel alır arzuları,
bəlkə kimsə cadu asıb ya evdən, ya qapıdan…

üzülən bütün iplərin aşağısı uçurum,
daha Yusifi dibində sağ tutan quyu yoxdu,
nə Simurqun lələyi var, nə Xızır var yetişə,
nə də kimsəyə can verən dirilik suyu yoxdu…

bir şəhər burulğanında, ev dağınıqlığında
fikirlərin arasına girib itməyin gələr,
soyuq masanın üstünə kiçik bir kağız qoyub,
səssizcə arxa qapıdan çıxıb getməyin gələr…

***

Bağlı pəncərələrdə
pərdələr qəm çəkirsə,
hüzünlü tablolardan
divarlar nəm çəkirsə…

kitab rəflərindəki
fikirlərin tozlusa,
ağlın qarmaqarışıq,
çevrən də bombozdusa…

bu boz portretləri
kimdi asan divardan?
çevirib bircə-bircə
çıxarasan divardan…

yandırasan ordaca,
otaqlara his dola,
ürəyin aydınlana,
ortalıq alt-üst ola…

siləsən rəflərdəki
sıraların üstünü,
açıb pəncərələri
çıxarasan tüstünü…

***

Davalar təkcə filmlərdəmi, çocuq,
divlər nağıllardamı?
Deyil bax!
Yalnız sənin yaşında
bütün davalar nağıl,
divlər yalan, silahlar oyuncaq…

buralarda böyük savaşlar var,
böyüklərlə savaşlar,
atalar da oğru divlə cəngə getmiş,
bilirmisən, onun bağındaymış
sehrli almanı bitirən ağac,
amma sən öz oyununa bax,
min qarğı atını,
uşaq tüfəngini götür qaç…

sönüb bu yurdun ocaqları,
işığı oğurlanıb,
de görüm,
qaranlıqdan qorxarmısan sən?
bax, atalar da
uşaqlar qorxmasın deyə
qaranlıqla cəngə getdilər,
bir gün işıq olub dönəcəklər,
görərsən…

bir gün dünya
günəş üzünə qayıdacaq,
hər şey axarına düşəcək,
beləcə nağıllarla həyatı öyrənib
böyüyəcəksən, çocuq,
böyüyəcəksən,
göydən üç alma düşəcək…

***

Deyimmi necə olur
unutmağa başlamaq:
fikirlərin qarışıq,
duyğuların daş-qalaq…

dörd yanın yerlə yeksan,
hisslərini ruh tutur,
havaya çıxan kimi
canını soyuq tutur…

süni nəfəs verirsən
əllərinə, donmasın,
dibçəkdə gül əkirsən,
kəpənəklər qonmasın…

arabir soruşursan-
“bu gün neçənci gündü?”
görürsən heç nə keçmir,
hər gün keçənki gündü…

bir yerdən başlayırsan,
gedirsən, sonu olmur,
unudacaqdın axı,
demişdin, hanı, olmur…

***

Neçə məçhulu çıxır,
poz, belə tənlik olmaz,
bəlkə də sən bilirsən,
bilsən də, mənlik olmaz…

bilirsən necə dönür
arzular kül rənginə,
qosqoca adam ölür
kiçik quş tüfənginə…

necə yanır yanğına
yaşıl vaxtı ağaclar,
bir ağacdələn gəlir,
görür yoxdu ağaclar…

yarpaqlar yaşıl çıxıb
üstünə sarı uçur,
qurduğun xəyallara
dağların qarı uçur…

mən ki, dərviş deyiləm,
bu işdən baş çıxardım,
hər dəlinin xətrinə
quyudan daş çıxardım…

neçə məçhulu çıxır,
poz, belə tənlik olmaz,
bilirsən, yenə söylə
bilsəm də, mənlik olmaz…

Səadət Cahangir