Publisistika Tarix

Professordan təklif: “türk dilləri” termini, “hun dilləri” ilə əvəz edilsin.

Əgər bu təşkilat “Hun Dövlətləri Birliyi” adlanarsa, onda özlərini hunların varislərindən biri hesab edən macarlar bu quruma məşvərətçi kimi yox, cəsarətlə tamhüquqlu üzv kimi daxil ola bilərlər”.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı filologiya elmləri doktoru, professor Kamil Allahyarovun türk xalqları və onların dilləri barədə fikirlərini təqdim edir:

XI əsrdə oğuz-səlcuqların burada “türk” adlandırılmasına səbəb nə idi?

Hər bir adamın valideynləri və övladları olduğu kimi, xalqların da əcdadları və varisləri olur. XIX əsrdə Avropa filoloqları dünya dillərini genetik (qohumluq) baxımdan qruplaşdırıb, bu qruplara şərti adlar verdikləri zaman da düzgün olaraq məhz bu prinsip əsas götürülmüş və təsnif edilən qruplara qohum xalqların ən qədim, ilkin əcdadlarının adları verilmişdir (məs., slav dilləri, german dilləri, latın (Roma) dilləri və s.). Məlumdur ki, türk xalqlarının ilkin əcdadları isə türklər yox, hunlar olublar.

Bizim eranın əvvəllərindən böyük Hun imperiyası və onunla birlikdə hun tayfaları parçalanmağa başlayırlar və nəticədə hunların varisləri kimi çoxsaylı hundilli xalqlar (oğuzlar, qıpçaqlar, türklər, karluqlar və s.) formalaşmağa başlayırlar. VI əsrdə türklər böyük xaqanlıq yaradaraq, o zamankı dünyanın 4 böyük dövlətindən (Çin, Türk, Sasani və Bizans) birinə çevrilirlər və onların adı məşhurlaşır. Ərəblər, farslar, bizanslılar hətta onların xaqanlığında yaşayan bütün hundilli xalqları istisnasız olaraq “türk” adlandırmağa başlayırlar. XI əsrdə Ön Asiyaya gələn oğuz-səlcuqların burada “türk” adlandırılmasına səbəb də elə bu ənənə oldu.

XlX əsrdə dillərin genetik şəcərəsini yaratmağa çalışan Avropa alimləri isə türklərdən fərqli olaraq, hunlar və onların dili barədə məlumatlara malik deyildilər. Məhz bu səbəbdən də onlar dilçilikdə “türk dilləri” terminini qəbul etdilər. Sözsüz ki, elmi və tarixilik prinsipləri baxımından bu düzgün deyildi, ancaq dilçilik termini kimi “türk dilləri” istilahı XX əsrin əvvəllərinədək öz dəqiqliyini və birmənalılığını saxlayırdı. 1918-ci ildə ADR, sonra isə osmanlılar öz xalqlarını və dillərini rəsmi olaraq “türk” adlandırdıqdan sonra isə məlum dolaşıqlıqlar yarandı, çünki prinsipcə hər bir terminin bir mənası olmalıdır. Ona görə də yaxşı olar ki, Türk Dövlətləri Birliyində “türk dilləri” istilahının “hun dilləri” termini ilə əvəz olunması məsələsi barədə də düşünsünlər, çünki bu məsələnin böyük siyasi əhəmiyyəti də vardır. Məsələn, əgər bu təşkilat “Hun Dövlətləri Birliyi” adlanarsa, onda özlərini hunların varislərindən biri hesab edən macarlar bu quruma məşvərətçi kimi yox, cəsarətlə tamhüquqlu üzv kimi daxil ola bilərlər. Uyğun fikirləri qədim hunların yaxın qohumları olmuş və onlarla birlikdə Altay dili ailəsinə daxil olan koreyalılar, monqollar, yaponlar və tunqus-mancurlar barəsində də demək olar. Sözsüz ki, belə halda bu təşkilatın özü də daha nüfuzlu və maraqlı ola bilər.

Filologiya elmləri doktoru, professor Kamil Allahyarov