Çıxarışlar Teatr

Məşhur erməni aktyorun Bakı haqqında dedikləri: “Zibilli və bulaşıq şəhər…”

Bu yekrəng və üzüntülü aləmdə mən bir aktrisa ilə dostlaşmışdım. Gərək ki, adı Zeynəb idi.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı məşhur erməni aktyor, Azərbaycan SSR Xalq artisti Vaqram Papazyanın Bakı haqqında dediklərini təqdim edir:

Sənətdən başqa hər şey haqqında danışırdılar…

“Bakının teatr həyatını öyrənmək və sənətkarları ilə daha da yaxınlaşmaq üçün o vaxt (qeyd: burada söhbət 1907 – 1908-ci illərdən gedir) bir neçə aylığa Parisdən Bakıya gəlmişdim. Günlərim çox darıxdırıcı keçirdi. Bakı heç bir şeylə Parisə bənzəmirdi. Digər tərəfdən, bakılılar məni bağışlasın, gənc ömrümün zibilli və bulaşıq bir şəhərdə keçməsi ürəyimi sıxırdı. Burada adamlar bu və ya digər varlının torpağında neft fəvvarəsi vurmağından, aksiyaların qalxıb düşməsindən danışırdılar. Eyni zamanda hansısa “yaşıl stol” (qeyd: klublarda qumar oyunları stolu nəzərdə tutulur) qəhrəmanının udub-udmamasından söhbət gedirdi. Arabir yaşlı qadınlar arasında sevgi macəraları haqqında dedi-qodular eşidilirdi. Bir sözlə, sənətdən başqa hər şey haqqında danışırdılar.

         Düzdür, hərdən rus truppaları zəif tamaşalar göstərirdilər və yaxud iki qəpiyə bileti olan Nikitin qardaşlarının sirki və Ukrayna operettaları göstərən şəhər klubu tamaşaçılarla dolurdu. Bu müxtəlif üzüntülərdə və bekarçılıqda mənim gənc qəlbim erməni və Azərbaycan artistlərinin Tağıyev Teatrındakı (qeyd: Tağıyevin teatrı yox, teatr binası olub və burada indiki Akademik Musiqili teatrın binası nəzərdə tutulur) tamaşalarında təskinlik tapırdı.

         Hər bir azərbaycanlını cəzb edən və mənim üçün müəyyən qədər doğma olan türk dili, xüsusən Osmanlı şivəsi vasitəsi ilə bir çox Azərbaycan artistləri ilə tanış olmuşdum. Mirzağa Əliyev və Hacıağa Abbasov ilə yaxınlaşmışdım. Bu yekrəng və üzüntülü aləmdə mən bir aktrisa ilə dostlaşmışdım. Gərək ki, adı Zeynəb idi (qeyd: həmin dövrdə Bakıda Zeynəb adlı bir aktrisanın olduğuna dair fakta, hələlik, heç bir mənbədə rast gəlinməyib). O, handan-hana xoş İstanbul qadınlarını xatırladırdı. Bütün bunlar yox oldu, hafizəmdən silindi, ancaq mənim yaxın dostum və əzizim Hüseyn Ərəblinski zamanın amansız qanununa – qocalığıma baxmayaraq, bu gün də xatirimdədir.

         Bu qəşəng gəncin ürəyi odlu lavaya bənzəyirdi. Məndən azacıq böyük olmasına baxmayaraq, həmişə zarafatlarımızın, şuluqluqlarımızın, ərköyünlüklərimizin təşəbbüskarı və iştirakçısı o olurdu.

         Ondan sonra Azərbaycan səhnəsində çox uğurları görüb sevinmişəm, çoxları ilə dostlaşmışam, onlardan heç kimi mən unutmamışam. Buna baxmayaraq, Ərəblinskini doğma sənət qardaşım kimi qəlbimin dərinliklərində yaşadıram”.

         Qeyd edək ki, bu yazıya Azərbaycan Teatr Cəmiyyətinin Hüseyn Ərəblinski haqqında nəşr etdirdiyi “Səhnə andı” adlı kitabda yer verilib. Kitab 1982-ci ildə, “Yazıçı” nəşriyyatında çap olunub.

         Vaqram Papazyan 1888-ci ildə İstanbulda anadan olub. O, Parisdə, Tiflisdə, Bakıda, İstanbulda və Leninqradda müxtəlif teatrlarda çalışıb. 1907-ci ildə Ovanes Abelyan və Aleksandr Şirvanzadənin sayəsində Hüseyn Ərəblinski ilə tanış olub və Vaqram Papazyanın Bakıdakı fəaliyyəti bundan sonra başlayıb. O, 1933-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri adına layiq görülüb. 1968-ci ildə Leninqradda vəfat edib.