“Birdən hamı üstünə gələr, üstünə,
birdən hər şey qəsdinə durar, qəsdinə
balaca boyunu,
yumruq boyda ürəyini nəzərə almazlar”.
Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Hikmət Nazimin şeirlərini təqdim edir.
***
Nə biləydim, bir gün hamı gedəcək
heç olmamış kimi…
Yerləri boşalacaq, ağrısı qalacaq
o ağrı ki bir “valerian” atanda keçir,
adi bir “valerian”.
Nə biləydim, bir gün nəğmə susacaq
heç oxunmamış kimi…
Qulaqlar tutulacaq, uğultu qalacaq
o uğultu ki, ovuşduranda səsi kəsilir,
bir dəfə ovuşduranda…
Nə biləydim, bir gün güllər solacaq
heç açmamış kimi…
Qoxusu çəkiləcək, tikanları qalacaq,
o tikan ki, fəsil dəyişəndə çürüyür,
fəsil dəyişəndə…
***
Bəlkə də bulud bulud deyil – torpaq,
bəlkə də torpaq torpaq deyil – bulud.
Bəlkə də bulud torpağa deyil,
torpaq buluda yağır, bəlkə də…
Bəlkə də yarpaq yarpaq deyil – torpaq,
bəlkə də torpaq torpaq deyil – yarpaq.
Bəlkə də yarpaq torpağa deyil,
torpaq yarpağa çökür, bəlkə də…
Bəlkə də insan insan deyil – torpaq,
bəlkə də torpaq torpaq deyil – insan,
Bəlkə də insan torpağa deyil,
torpaq insana köçür, bəlkə də…
***
birdən hamı üstünə gələr, üstünə,
birdən hər şey qəsdinə durar, qəsdinə
balaca boyunu,
yumruq boyda ürəyini nəzərə almazlar.
birdən böyümək istəyərsən,
yumruq boyda ürəyini qumbara əvəzi
atmaq istəyərsən adamların üstünə,
durarsan kainatın qəsdinə…
vecinə alan olmaz,
çünki sən balaca adamsan, balaca.
və onlar çoxdur, sən az.
Farğotof
Durak üç kişide
Adamda kadında ve çocukta
Cepleri adamın ellerinde
Çocuk kadının elini tutmuş
Adamlı hüzün
Şarkılı hüzünler gibi şarkılı
Güzellik kadın
Anı güzeller gibi güzeller
Güzel
Çocuk anılar gibi şarkılı
Şarkılı hüzünler gibi güzel.
P.S. Cemal Süreyanın “Fotoğraf” şeirinə parodiya…
Qal
Dərdi qardaş payı kimi
bölməyə nə var, bölməyə?
Ağlama,
gülməyə nə var, gülməyə?
Yaşa,
ölməyə nə var, ölməyə?
Bir göz qırpımında gözdən
itməyə nə var, itməyə?
Bir film kimi
bitməyə nə var, bitməyə?
Qal,
getməyə nə var, getməyə?
O ha dərilmir ağacdan
qarmağa nə var, qarmağa?
Torpağın saçını yolur,
dırmığa nə var, dırmığa?
İsadı əzab çəkən
çarmıxa nə var, çarmıxa?
