Çıxarışlar Məqalələr Teatr

Cəfər Cabbarlının məqaləsi: teatr, şəriət və Avropa mədəniyyəti haqqında – İlk elektron yayım

Çünki bu çocuq  Məhəmmədin şəriətinə müxalif olaraq doğulmuşdu. Bic idi. Onun atası mühitimizdə xoruz banını eşidib birinci baş qaldıran tək-tək ziyalılar – Mirzə Fətəlilər, Nəcəfbəylər, Haqverdiyevlər, anası isə kəbinsiz nigahla evə soxulan Avropa mədəniyyəti idi”.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Cəfər Cabbarlının “Sərt Yollarla” məqaləsini təqdim edir. Məqalə ilk dəfə olaraq elektron informasiya vasitəsində yayımlanır. 1919-cu ildə Hüseyn Ərəblinskinin ölümündən sonra Cəfər Cabbarlı bu yazını “Azərbaycan” qəzeti üçün yazıb.

Sərt yollarla

         Biz hələ dünən Azərbaycan teatrının 50 illiyini bayram etdik. O, bütün ömrünün tən yarısını kimsəsiz bir çocuq kimi ələmlə keçirmişdir. Ona əl verən, kömək edən çox azdı və yox kimi idi. O, əsrlərdən bəri yatmış və yenicə göz açmış bir xalqın mühitində qanunsuz doğulmuş bir çocuq idi. Kimsə ona baxmaq, əl vermək istəmirdi. Bütün əski mühit ona qarşı silahlanmış, onu əzmək, yox etmək istəyirdi. Çünki, o, bütün əski qanun və qaydaların xilafına olaraq doğulmuşdu. Onun başına nə qədər daşlar, təpiklər yağdırıldı. Bu zavallı çocuq ölümcül halda sürünür, iməkləyirdi. Bu gün yaşayırdısa da yarına ümidi yox idi.

         Qarşıdakı yol yoxuş, sərt və ağır idi. İrəlidən ağır məşəqqət daşları yağırdı. Tam bu aralıq, ortaya bir-birinin ardınca iki mübarizəçi çıxdı. Onlar bu ayaqlara dolaşan, yerdə iməkləyən, sürüklənən və tapdalanan kimsəsiz çocuğa yanaşdılar. İki qüvvətli əl onun əllərindən tutdu. Çocuq bir körpə sivinci ilə gülümsəyərək ayağa qalxdı.

         Bu iki qüvvətli əl uzadanlardan biri Hüseyn Ərəblinski, o birisi isə Abbasmirzə Şərifzadə idi. Çocuq bu iki qüvvətli ələ söykənmiş olaraq öz mini-mini ayaqları ilə yüyürürdü.

         Yol yoxuş və ağır idi. İrəlidən daşlar yağırdı. Bunları atan kimlər idi? Məhəmmədin şəriətini qoruyan mollalar, əsrlərdən bəri yuxuya dalıb namazdan başqa bir şey bilməyən, görməyən hacılar, məşədilər və bütün əski, çürümüş şəriət mühiti idi. Onlar bu çocuğu məhv etmək istəyirdilər. Çünki bu çocuq  Məhəmmədin şəriətinə müxalif olaraq doğulmuşdu. Bic idi. Onun atası mühitimizdə xoruz banını eşidib birinci baş qaldıran tək-tək ziyalılar – Mirzə Fətəlilər, Nəcəfbəylər, Haqverdiyevlər, anası isə kəbinsiz nigahla evə soxulan Avropa mədəniyyəti idi.

         Odur ki, bütün bu donmuş, kiflənmiş, paslanmış əski şəriət dünyası bu çocuğu daşqalaq edirdi. Lakin bu iki əl onu buraxmır, atılan daşlara qarşı öz kökslərini gərir, ağır yoxuş yolu addım-addım irəliləyir və çocuğu yüksəldirdilər.

Mənzil başına hələ çox qalmışdı. Qarşıdan bir cəlladın sapandından atılan amansız bir daş Ərəblinskini bu çocuqdan ayırdı. Çocuq bir an üçün ayaqdan-ayağa səndələdi. Bu gözəl yavrunun yürüşünə baxanlar, onu sevən və onun yüksəlməsinə sevinənlər birdən-birə şaşırdılar. Qorxdular. Çocuğun bütün ağırlığı ilə yerə çevrilərək parçalanacağını gözləyirdilər. Elə də olacaqdı. Bir əldən səs çıxmazı. Tam bir aralıq əllər yenə də ikiləşdi. Yandan baxanlar yenə də çocuğu iki tərəfdən tutan iki güclü əl gördülər. Budur, bunların hər ikisi Abbasmirzə Şərifzadənin idi. O, çocuğu götürüb ağırlığına baxmayaraq, öz omuzuna qoydu və qüvvətli addımlarla qarşıdan gələn ağırlıqlara qarşı irəli atıldı.

Cəfər Cabbarlı