Çıxarışlar Poeziya

O, İslamı formal olaraq qəbul etsə də, qəlbində zərdüştiliyi yaşadırdı… – Professor yazır

Firdovsinin təxəllüsü necə yaranıb?

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı bildirir ki, filologiya elmləri doktoru, professor Kamil Allahyarov məşhur İran şairi Əbülqasim Firdovsi haqqında belə yazır:

Firdovsi təxəllüsü necə yaranıb?

Bir çox orta əsr ziyalıları kimi, Firdovsi də formal olaraq İslamı qəbul etsə də, qəlbində gizli şəkildə öz əvvəlki dinini (qeyd: burada zərdüştilik nəzərdə tutulur) yaşadırdı. “Şahnamə”dən (qeyd: Firdovsinin məşhur poemasından) də bu aydın görünür. Bunu ruhanilər də bilirdilər.

Buna görə də, Firdovsi öləndə müfti onun müsəlman qəbristanında dəfn edilməsinə icazə vermir və şairi öz malikanəsində dəfn edirlər. Səhəri gün müfti gəlib şairin yaxınlarından soruşur ki: “Olarmı mən Əbülqasimin məzarını ziyarət edim”. Ona deyirlər ki: “Sən dünən onun cənazəsinin qəbristanda dəfn edilməsinə icazə vermədin, indi nə olub ki, məzarını ziyarət etmək istəyirsən?”. Müfti deyir ki: “Mən gecə yuxuda gördüm ki, behiştin qapısının kənarındayam. Baxıb gördüm ki, behiştin içərisində hər tərəfə nur saçan bir işıq var və onun ortasında da bir adam oturub. Keşikçilərdən soruşdum ki, olarmı mən bu adama yaxından baxım? Onlar mənə icazə verdilər. Yaxınlaşanda gördüm ki, bu Əbülqasimdir. Soruşdum ki: “Bəs axı sən İslama inanmırdın, necə olub ki, gəlib buraya çıxmısan?”. O, mənə dedi ki: “Məni “Şahnamə”nin birinci beytinə görə behiştə göndərdilər”. Həmin beytin məzmunu isə belədir: “Can və ağıl sahibinin adı ilə… Çünki dünyada bundan üstün fikir ola bilməz”.

Ancaq nə müfti, nə də o dünyada haqq-hesab çəkən mələklər başa düşməyiblər ki, İslam Allahının əsas epitetləri “rəhman və rəhim” olduğu kimi, Ahura Məzdanın da əsas epitetləri elə “can və ağıldır”.

Hər halda, bu hadisədən sonra şairi “Firdovsi”, yəni “Behiştlik” adlandırmağa başlayırlar.

Əbülqasim Firdovsinin heykəli
Filoloq, professor Kamil Allahyarov