Çıxarışlar Nəsr

Türk yazıçısı azərbaycanlılar haqqında: “Bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmisiniz”

Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik. 

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı təqdim edir: Türkiyənin nüfuzlu yazıçısı Əziz Nesin 1965-ci ildə Bakıda səfərdə olub. O, özü Bakıdakı səfərləri və təəssüratlarını sonradan öz xatirələrində  yazıb. Onlardan bəzilərini təqdim edirik:

“Nazim Hikməti çıxmaq şərtiylə, biz haradasa 40 ildən sonra Türkiyədən Azərbaycana gələn ilk türk ədəbiyyatçılarıyıq. Biz üç dost – Məlih Cövdət Anday, Yaşar Kamal və mən Azərbaycanda Türkiyə türklərinin nə qədər çox sevildiyini gördük. Azərbaycanın məşhur yazıçıları da Türkiyəyə gəlmişdilər. Mənə elə gəlir ki, onlar da seyrçilərin coşqun alqışlarında Türkiyə türklərinin azərbaycanlıları nə qədər sevdiklərini görmüşdülər. Bu sevgi qarşılıqlıdır. Türkcəmizdə sevdiyim sözlərdən biri “qəlbdən qəlbə yol var” sözüdür. Sosialist türk yazıçıları Azərbaycan türklərini bir kərə yox, iki kərə sevərlər. Biri türk soyundan olduğumuz və eyni gözəl dildə danışdığımız üçün, ikincisi də Azərbaycan inkişaf etmiş sosialist bir ölkə olduğu üçün…

Təəssüflər olsun ki, Bakıda çox az qala bildik. Bu qısa vaxtda Azərbaycanı yaxından tanımaq mümkün deyildi. Ancaq bir məqam da var. Bir insan bir ölkədə uzun zaman yaşayırsa, yavaş-yavaş o ölkənin şərtlərinə uyur, alışır və bu səbəbdən o ölkənin bir çox xüsusiyyətlərini görə bilmir. Halbuki, başqa ölkəyə qısa bir vaxta gələnlər, o məmləkətin gözə çarpan, diqqəti çəkən yaxşı və pis cəhətlərini daha aydın görə bilirlər”. 

“Azərbaycan xalqının qüsur və nöqsanlarını…”

“Bakıda bir neçə ay qala bilsəydim, bəlkə bəzi məsələləri daha dərindən incələyərdim, amma o zaman da buraya alışar, sizlərdən biri olar və bir çox diqqətədəyər keyfiyyətləri və gözə batan nöqsanları görməyəcəkdım. Hər insan öz gözünə görə görür. Yəni onu demək istəyirəm ki, mən Azərbaycanı öz gözümlə, başqa sözlə bir sosialist yazıçı olaraq gördüm. Gördüklərimin içində məni çox sevindirən şeylər olduğu kimi, üzən şeylər olduğunu gizlətməyəcəm. Ancaq üzücü şeylər mənim içimdə qalacaq. Çünki Azərbaycan xalqının sosial qüsur və nöqsanlarını qısa zamanda həll edəcəyinə inanıram. 

1. Bu qısa zamanda içində Azərbaycan insanı ilə Türkiyə insanı arasında bənzər və fərqli bir neçə xüsusiyyəti gördüyümü sanıram. Türkiyədə yazıçılar ümumiyyətlə o qədər ağır vəziyyətdə və həyat sıxıntısı içindədirlər ki, hələ də ədəbiyyatçıların olmasına heyrətlənirəm. Azərbaycanda isə yazıçılar o qədər rahat və fərəh yaşayırlar ki, nə üçün Azərbaycan xalqının hamısının ədəbiyyatçı olmadığına  təəccüb etdim.


2. Biz, Türkiyə sənət adamları bir-birimizi o qədər qısqanırıq ki, hər fürsətdə bir-birimizi tənqid edirik. Siz, Azərbaycan sənətkarları isə bir-birinizi həddindən çox tərifləyir, hər fürsətdə göylərə qaldırırsınız. Mənə görə, hər ikisi də doğru deyil. Bakı radiosunda bir aşığın necə mədh edildiyini eşidəndə heyrətlər içində qaldım. Aşıq yaxşı saz çalırdı, diktor onu o qədər çox təriflədi ki, məsəl üçün, bundan sonra Füzulini, Şekspiri mədh etmək lazım gəlsəydi, artıq söz tapmayacaqdı. Mənə elə gəlir ki, biz Türkiyə türkləri bir-birimizi batırmaqda, siz Azərbaycan türkləri bir-birinizi göylərə qaldırmaqda ölçünü itirmişik. 

3. Biz, Türkiyə türkləri tez-tez və hecaları udaraq danışırıq. Siz, azərbaycanlılar isə çox yavaş və hecaları uzadaraq danışırsınız. Bir insanın ömrü ortalama 60 il olsa, bu 60 ildə bizim danışdıqlarımızın yalnız yarısını azərbaycanlılar danışa bilərlər. Siz bizdən iki kərə çox yaşayırsınız, biz sizdən iki kərə çox danışırıq. 

4. Türkiyədə qadın və kişilər arasında bərabərlik haqları yalnız kağız üzərindədir. Azərbaycanda isə qadınla kişi həm kağız üzərində, həm də sosial həyata bərabər haqlara sahibdirlər, amma evin içinə girincə Azərbaycanda da qadın-kişi bərabərliyi bitir. Azərbaycanlı kişisi başqa bir millətdən qızla evləndiyi zaman səsini çıxarmayan ailə, qızlarının başqalarına ərə getmələrinə yaxşı baxmır. Bəlkə yanılıram, amma mən belə gördüm.
Qeyd: Mən psixolojik anlam baxımından nə qızın, nə də kişinin başqa millətdən birisiylə evlənməsinə tərəfdar deyiləm. Hətta bu evlilikdən gözəl və yaxşı nəsillər doğsa belə… 


5. Hər ölkədə olduğu kimi Türkiyədə də ədəbiyyatda, mədəniyyətdə, siyasətdə gənc və yaşlı nəsillər arasında mübarizə gedir. Türkiyədə bu mübarizəni gənc nəsil qazanmışdır. Amma Azərbaycanda gördüm ki, yaşlı nəsil üstün gəlib. Kimliyimə baxılsa, mən gənc deyiləm. Ancaq kimliyim məndən tez qocalıb. Mən gənclərin tərəfindəyəm. İyirmi yaşında bir ürək, otuz yaşında bir beyinə sahibəm. “Dünyanın ən gözəl insanı kimdır?”- deyə məndən soruşsanız, “yetmiş yaşında da gənc qala bilənlərdir”  deyərdim. Ancaq gənclərin yolunu kəsən insanları da gördüm. Günah yaşlılarda deyil, yollarını açmasını bilməyən gənclərdədir. 

6. Təəssüflər olsun ki, müxtəlif səbəblərlə Türkiyə türkləri, aydınları Azərbaycan ədəbiyyatıyla yaxşı tanış deyillər. Azərbaycan aydınları da 1930-dan sonrakı türk ədəbiyyatını tanımırlar. Mən ümumi olaraq deyirəm, yoxsa çağdaş türk ədəbiyyatını çox yaxşı bilənlər də var. Biz Türkiyəyə qayıdan kimi çağdaş Azərbaycan ədəbiyyatını türk oxucularına tanıtmağa çalışacağıq. Məsəl üçün, mən Mirzə Cəlil Məmmədquluzadənin hekayələrini, başqa yazıçıların əsərlərini nəşr etdirəcəm. Bütün Azərbaycan oxucularına ən səmimi sevgi və sayqılarımı çatdırıram”. 

Mənbə: modern.az, E. Nazimoğlu, “Bakının məşhur qonaqları”