Araşdırma Məqalələr

Repressiya qurbanları: yalan ifadələr, dəqiqələr içində verilən ölüm hökmü – Üç dahinin müəmmalı qətli…

1937-ci il, iyul ayının 22-də Azərbaycan SSR XDİK-nın müavini Gerasimov, şöbə müdiri Sinmana belə bir müraciət ünvanlayır: “Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar”.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Sputnik Azərbaycana istinadən Orxan Bahadırsoyun repressiya qurbanları barədə tarixi araşdırmasını təqdim edir.

Abbas Mirzə Şərifzadə – məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?

Qeyd edim ki, Gerasimovun müraciətindəki Əli Kərimov Azərbaycan Dövlət Dram Teatrının direktoru, Şərifov Azərbaycanın məşhur teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Xalq Artisti Abbas Mirzə Şərifzadə, Ülvi isə məşhur teatr aktyoru Ülvi Rəcəb Şaşıqzadədir.

Maraqlısı odur ki, həmin illərin sənədlərində Əli Kərimovun belə bir ifadəsi yoxdur. 1937-ci il fevral ayının 19-u, 20-si, 21-i – üç gün ard-arda dindirilən Əli Kərimov öz ifadələrində əksinqilabi millətçi təşkilatına Əhməd Bədi Triniç tərəfindən qoşulduğunu bildirib. Həmin ilin iyul ayının 23-ü və 26-da keçirilən dindirmələrdə müstəntiqin “Artist Abbas Mirzə Şərifov əksinqilabi təşkilata daxil idimi?” sualına belə cavab verib: “Bunu rədd edirəm! Bir daha təkidlə deyirəm ki, Şərifov əksinqilabi millətçi təşkilata daxil olmayıb!”

1937-ci ilin iyul ayının 24-də dindirilən publisist, alim Ruhulla Axundov öz ifadəsində belə deyib: “Təşkilata cəlb olunan şəxslər öz növbələrində bura digər şəxsləri cəlb etməlidirlər. Mənim tərəfimdən cəlb olunmuş Əli Kərimov öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzə Ağa Əliyevi təşkilata cəlb etmişdi”.

Həmin ilin oktyabr ayının 11-də baş verən dindirmədə Ruhulla Axundov bildirib: “Bakıdakı antisovet Müsavat təşkilatının rəhbər üzvləri aşağıdakılar idi: Dövlət Dumasının sabiq üzvü Məmməd Yusif Cəfərov, Yazıçılar İttifaqının üzvü Hüseyn Sadıq, şair Əhməd Cavad, yazıçı, Müsavatın İstanbuldakı konsulu Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli), məşhur pantürkist şair Hüseyn Cavid, bəstəkar Üzeyir Hacıbəyov, xalq artistləri Mirzə Ağa Əliyev və Abbas Mirzə Şərifzadə”.

Daha bir qəribəlik də buradadır ki, Abbas Mirzə Şərifzadənin cinayət işində Ruhulla Axundovun adlarını çəkdiyi şəxslərdən heç birinin ifadəsi yoxdur.

Bütün bunlardan sonra, 1937-ci ilin dekabr ayının 3-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü bölməsinin rəis müavini baş leytenant Borisov belə bir arayış tərtib edir: “Əldə edilmiş məlumatlara görə Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən, Şərifov Abbas Mirzə Rəsul oğlu həbsə salınıb Azərbaycan SSR CM-in 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir”.

Elə həmin gün də aktyorun həbs olunması ilə bağlı qərar qəbul edilir. Dekabr ayının 4-də Abbas Mirzə Şərifzadə həbs olunur. Evində axtarış aparılır, bir teatr qılıncı və iki teatr tapançası müsadirə edilir.

1937-ci ilin dekabr ayının 9-da Abbas Mirzə Şərifzadə birinci dəfə dindirilir. Bu dindirmədə o, İran konsulu Vafi ilə gizli görüşməkdə ittiham olunur. Dekabrın 17-də baş verən ikinci dindirmədə Abbas Mirzə Şərifzadə belə deyir: “Mən tamamilə Sovet hökuməti və Kommunist Partiyasının tərəfdarıyam. Onların tapşırıqları mənim üçün qanundur”.

Dekabr ayının 25-də üçüncü dəfə dindirilir. Bu sorğu zamanı o, Hüseyn Cavidlə görüşməkdə, konsertlərdə və radioda öz repertuarına Mikayıl Müşfiqin, Əhməd Cavadın, Hüseyn Cavidin əsərlərini salmaqda ittiham olunur. Lakin ifadəsinin sonunda qətiyyətlə vurğulayır: “Məni heç kəs heç bir təşkilata cəlb etməyib və belə təşkilatın olması ilə bağlı mənə heç bir şey bəlli deyil”.

Repressiya illərində həbs olunan, dindirilən şəxslərin əksəriyyəti müstəntiqlərin ittihamlarını qəbul edib, üstəlik, onların sifarişlərinə uyğun digər şəxsləri də öz ifadələrində müqəssir elan ediblər. Abbas Mirzə Şərifzadə isə öz ifadələrində heç kəsin adını hər hansı antisovet təşkilatının üzvü kimi hallandırmır.

1937-ci ilin dekabr ayının 31-də dördüncü dəfə, 1938-ci ilin yanvar ayının 8-də beşinci dəfə, yanvar ayının 9-da altıncı dəfə dindirilir. Bu sorğuların hamısında Abbas Mirzə Şərifzadə ittihamları rədd edir və bütün işgəncələrə, hədə-qorxulara rəğmən, müstəntiqlər istədikləri nəticəni əldə edə bilmirlər.

Fevral ayının 16-da Abbas Mirzə Şərifzadə haqqında yeni ittiham irəli sürülür. O, əksinqilabi burjua-millətçi təşkilatın üzvü kimi məsuliyyətə cəlb olunur. Aprel ayının 28-də Abbas Mirzə Şərifzadə və Baş Repertuar Komissiyasının rəhbəri Mahmudov Mahmud Balaəmi oğlu üzləşdirilir.

Üzləşmədə Mahmud Mahmudov deyir ki, Abbas Mirzə onu Sovet İttifaqı ərazisində İran Kəşfiyyat Orqanları xeyrinə casusluğa cəlb edib. Abbas Mirzə Şərifzadə belə cavab verir: “Bəli, təsdiq edirəm. Mən Mahmudov Mahmudu İran kəşfiyyatı xeyrinə casusluğa cəlb etmişəm”.

Lakin bu protokolda üzləşməni kimin apardığı qeyd olunmayıb. Üstəlik, iyun ayının 11-də qəzet satan Əli Həsən Abbas oğlu ilə Abbas Mirzə Şərifzadənin üzləşməsində qəzet satanın İran kəşfiyyatı xeyrinə casusluq ittihamlarını Abbas Mirzə qətiyyətlə rədd edir. Bu üzləşmədə Əli Həsən bildirir ki, Abbas Mirzə onun vasitəsi ilə İran konsulluğuna məktublar və kitablar göndərib.

Qəribədir ki, bu casusluq ittihamını aprelin 28-də qəbul edir, iyunun 11-də rədd edir. Protokolda üzləşməni aparan şəxsin adının qeyd olunmaması da şübhələr doğurur ki, bu sənəd saxtadır.

Bunlardan sonra, 1938-ci ilin oktyabr ayının 19-da Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün iclasında qərara alınır: “Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun”.

Bu qərar oktyabr ayının 19-da verilsə də, noyabr ayının 16-da icra olunub və böyük teatr dühası noyabr ayının 16-da güllələnib.

Aktyor, rejissor Abbas Mirzə Şərifzadə

Niyə qərarın icrası bir ay gecikib? Necə olub ki, Abbas Mirzə Şərifzadə güllələnəndən 17 il sonra bəraət qazanıb? Abbas Mirzə Şərifzadədən uzun müddət xəbər ala bilməyən övladlarına hansı məlumatlar verilib və onların aqibəti necə olub?

Abbas Mirzə Şərifzadə – ata güllələnir, qızına infarktdan öldüyü deyilir…

Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün 1938-ci il 19 oktyabr tarixli iclasında məşhur aktyor Abbas Mirzə Şərifzadənin güllələnməsi, əmlakının müsadirə olunması qərara alınır. Lakin bu qərar noyabr ayının 16-da icra olunur. Güllələnmə qərarının qəbul edilməsindən icra olunmasına qədər keçən bir ay müddət ərzində Abbas Mirzə Şərifzadəyə müxtəlif vədlər verib, ondan istədikləri ifadəni almağa çalışıblar.

Ümumiyyətlə, repressiya illərində gec icra olunan qərarların hamısı eyni səbəblə gecikib: məhkumlardan lazım olan ifadələri almaq üçün onları qərarın ləğvi ilə şirnikləndirməyə cəhd ediblər. Əlbəttə, bu istəklərinə kimisində nail olublar, kimisində yox.

1955-ci il avqust ayının 27-də Baş Hərbi Prokurorluğunun prokuroru Plexanov Abbas Mirzə Şərifzadənin güllələnməsi ilə bağlı saxtakarlar haqqında arayış tərtib edir. Arayışda qeyd olunur ki, Şneyder Vladimir Aleksandroviç 1941-ci ildə beş il, Perelman Boris İosifoviç 1941-ci ildə iki il, Qrekin Qriqori İsayeviç 1939-cu ildə iki il müddətinə azadlıqdan məhrum edilib, Borisov-Pavlov Kalinik İosifoviç isə 1938-ci ildə əksinqilabi təşkilatın üzvü kimi güllələnib.

Bu siyahıda adları çəkilən şəxslərdən Perelman 1939-cu ilin 7 iyununda verdiyi izahatda belə deyir: “Roqov və Larionov kimi Abdullayev Yaqub da kameralarda dustaqlar arasında agent saxlamaq işini tərifləyir və bunun səmərəsindən qidalanırdı. Məsələn, Abdullayevin sərəncamında məhbus artist Abbas Mirzə Şərifov var idi. Bir aydan çox o, Abbas Mirzəni incitdi, amma heç bir nəticə ala bilmədi. Həbsxanada müstəntiq Kuşmanyan həbs olunmuş, qəzet köşkündə işləyən iranlı Əli Həsəndən Şərifovun İran kəşfiyyatçısı olmağı haqda ifadə aldı. Sonra Əli Həsən daxili həbsxanaya götürüldü. Orada Abdullayev və Kuşmanyan özləri keçirdikləri üzləşmədə Əli Həsənə Şərifovun ifşa olunmasında kömək etdilər”.

Plexanovun tərtib etdiyi arayışda adı çəkilən Kalinik İosifoviç də bütün sirləri bildiyi üçün güllələnib. Əgər o, güllələnməsəydi, çox güman ki, daha böyük sirlərin üstünü aça bilərdi. Təkcə Abbas Mirzə Şərifzadə ilə bağlı deyil, başqa repressiya qurbanları ilə bağlı da bütün həqiqətləri bilən nadir adamlardan biri olub.

1955-ci il avqust ayının 19-da dindirilən Şneyder deyir: “İran konsulluğunun məsul işçisi olan Ərşadi XDİK-nın gizli əməkdaşı idi. O, imtiyazlı mövqe tutub XDİK binasına xüsusi buraxılışa malik idi. XDİK rəhbərliyi Ərşadiyə qiymətli hədiyyələr də verirdi. O, müntəzəm olaraq pul vəsaiti də alırdı”.

Qəribədir. Bu, həmin Ərşadidir ki, onun ifadələrinə əsasən, Abbas Mirzə Şərifzadəni İran Konsulluğunun keçmiş konsul müavini Mövsüm xan Vafi ilə görüşdüyünə görə əksinqilabçı millətçi kimi təqsirləndirirdilər.

1955-ci il avqust ayının 25-də SSRİ Baş Prokurorunun müavini Barskoy Abbas Mirzə Şərifzadənin güllələnməsinə görə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına etiraz göndərir. Etirazda göstərilir ki, Qrekin, Perelman və Şneyder tərəfindən Abbas Mirzə Şərifzadənin işi saxtalaşdırılıb və onun güllələnməsi əsassız olub.

1955-ci ilin sentyabr ayının 17-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası bu etiraz üzrə işlə tanış olur və bu nəticəyə gəlinir ki, şahid Ruhulla Axundov Abbas Mirzə Şərifzadə əleyhinə ifadələri dəhşətli dərəcədə döyülməsindən sonra verib. Abbas Mirzə Şərifzadənin etirafları ondan fitnə yolu ilə alınıb və güllələnməsindən sonra işinə əlavə edilib. Şahid Həsən Ərşadi də Şərifzadə əleyhinə verdiyi ifadələrdən imtina edib və çoxlu günahsız adamlara böhtan atdığını etiraf edib.

Bütün bunlardan sonra Hərbi Kollegiya qərara alır: “1938-ci il oktyabr ayının 19-da Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün Şərifov Abbas Mirzə Rəsul oğlu haqda çıxardığı qərar ləğv edilib onun işi xətm olunmalıdır”.

Əslində, bu cür sarsaq qaydaları düzgün qəbul etmirəm. Təsəvvür edin, sizə böhtan atıb həbs edirlər, on il həbsxanada qalırsınız, axırda deyirlər ki, “bağışlayın, yanılmışıq”. Adama deyərlər ki, “onda mənim on ilimi qaytar geri”.

İndi o boyda aktyoru şərləyib güllələyiblər, 17 il sonra arsız-arsız guya bəraət qazandırırlar. Məgər bunlar Abbas Mirzə Şərifzadəyə bəraət verməsəydilər, xalq onu xain hesab edəcəkdi, ya dahiliyinə xələl gələcəkdi?

1955-ci il oktyabr ayının 15-də Abbas Mirzə Şərifzadənin qızı Firəngiz Şərifova DTK-nın ünvanına ərizə yazıb atasının taleyi ilə maraqlanır. Noyabr ayının 19-da Firəngiz xanıma xəbər verilir ki, atası 1941-ci ildə infarktdan vəfat edib. Həmin ilin oktyabr ayının 19-da Abbas Mirzə Şərifzadənin oğlu Qarataya məlumat verilir ki, 1955-ci il sentyabr ayının 17-də atası Abbas Mirzə Şərifzadənin hüququ özünə qaytarılıb və işi cinayət tərkibli olmadığı üçün xətm olunub.

1957-ci ildə Abbas Mirzə Şərifzadənin müsadirə edilmiş mülkünün qiyməti – 720 manat pul da onun övladlarına qaytarılıb. Abbas Mirzə Şərifzadənin Hənifə Şərifzadədən Ərtoğrul, Qaratay adlı iki oğlu, Fatma adlı bir qızı olub. SSRİ Xalq Artisti, məşhur aktrisa Mərziyə Davudovadan isə Firəngiz adlı bir qız övladı dünyaya gəlib. Onun övladlarından Firəngiz Şərifova valideynlərinin sənətini davam etdirib, uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb, 2014-cü ildə vəfat edib.

Hüquq qayıdır, mülk qayıdır, övladlar həqiqəti öyrənir, amma Abbas Mirzə Şərifzadə qayıtmır ki, qayıtmır.

Abbas Mirzə Şərifzadə 1891-ci ildə (bəzi mənbələrə görə 1893-cü ildə) Şamaxı şəhərində anadan olub. Cəfər Cabbarlı Azərbaycan teatrı haqqında yazdığı ən böyük məqaləsində Azərbaycan teatrını daşlar altında əzilən qızcığaza bənzədir və bildirir ki, bu qızcığazı o daşlardan iki əl xilas etdi: biri Hüseyn Ərəblinskinin, biri də Abbas Mirzə Şərifzadənin əli idi.

Aktyor Ülvi Rəcəb

Abbas Mirzə Şərifzadə ilə eyni vaxtda həbs olunan daha bir aktyor Ülvi Rəcəb Şaşıqzadə hansı ziyalılar haqqında yalan ifadələr verib? Mircəfər Bağırova kimlər sui-qəsd hazırlayıb? Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamələri hansı məşhur aktyorlar yazıb?

Ülvi Rəcəb Şaşıqzadə – Bağırova sui-qəsd planının hazırlanması iddiası kimin yalanı idi?

1937-ci il, iyul ayının 22-də Azərbaycan SSR XDİK-nın müavini Gerasimov şöbə müdiri Sinmana belə bir müraciət ünvanlayır: “Yoldaş Sinman! Yadımdadır ki, Əli Kərimovun ifadələrində Şərifovun və Ülvinin adları çəkilir. Onlar təxirə salınmadan həbs edilməli və istintaqa cəlb olunmalıdırlar”.

Qeyd edim ki, Gerasimovun müraciətindəki Əli Kərimov Azərbaycan Dövlət Dram Teatrının direktoru, Şərifov Azərbaycanın məşhur teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Xalq Artisti Abbas Mirzə Şərifzadə, Ülvi isə məşhur teatr aktyoru Ülvi Rəcəb Şaşıqzadədir.

Bu müraciətdən sonra Sinman belə bir arayış tərtib edir: “Şaşıqzadə Ülvi Rəcəb Molla oğlu Batumda anadan olmuş, Azərbaycan SSR vətəndaşı, Azərbaycan Dram Teatrının artistidir. İdarəmiz tərəfindən həbs olunmuş əksinqilabi burjua-millətçi təşkilatın üzvü Əli Kərimov göstərdi ki, Şaşıqzadə Ülvi Rəcəb əksinqilabi burjua-millətçi təşkilatının üzvüdür. İzah edilənə əsasən, Şaşıqzadə Ülvi Rəcəbin həbs olunaraq məsuliyyətə cəlb olunmasını zəruri hesab edirəm”.

Bu qərar 1937-ci il sentyabrın 15-də XDİK komissarı əvəzi Borşov tərəfindən təsdiq edilir. Həmin gün Ülvi Rəcəb Şaşıqzadə həbs olunur, lakin bu qərar aktyora sentyabr ayının 21-də söylənilir. O, həbs ediləndə 150 manat məbləğində pulu da müsadirə olunur.

1937-ci il sentyabr ayının 20-də keçirilən birinci dindirilmədə Ülvi Rəcəb əksinqilabi burjua-millətçi təşkilatına üzv olması ilə bağlı bütün ittihamları rədd edir. Oktyabr ayının 4-də Əli Kərimovla (Azərbaycan Dram Teatrının direktoru) Ülvi Rəcəb üzləşdirilir. Bu üzləşmədə də Ülvi Rəcəb işlədiyi teatrın direktoru olan Əli Kərimovun ittihamlarını qəti şəkildə rədd edir. Lakin noyabr ayının 1-i və 2-i ard-arda keçirilən dindirilmələrdə Ülvi Rəcəb əksinqilabi burjua-millətçi təşkilatına üzv olması ilə bağlı bütün ittihamları qəbul edir və bildirir ki, onu təşkilata Əli Kərimov üzv edib.

Ülvi Rəcəb bu dindirilmədə deyir: “Məni əksinqilabi burjua-millətçi təşkilata üzv etdikdən sonra Əli Kərimov qarşıma bu vəzifələri qoydu:

1. Azərbaycan Dram Teatrının əməkdaşları arasında əksinqilabi millətçi təbliğat aparmaq.

2. Əksinqilabi burjua-millətçi təşkilata yeni üzvlər cəlb etmək.

3. Teatrın repertuarına ideoloji cəhətdən səbatsız və ziyanlı əsərləri yeritməyə imkan yaratmaq.

4. Ruhulla Axundovu Azərbaycan xalqının rəhbəri kimi şöhrətləndirmək”.

İddia edilən birinci və ikinci vəzifələr bir yana. Üçüncü və dördüncü vəzifələrdəki tragikomikliyə və absurda baxın. Deməli, həmin illərdə Azərbaycan Dram Teatrının repertuarı üçün “səbatsız və ziyanlı” əsərlər Hüseyn Cavidin əsərləri idi. Ruhulla Axundovun Azərbaycan xalqının rəhbəri kimi şöhrətləndirilməsini isə cinayət kimi irəli sürmək əsl absurddur.

Axı bu həmin Ruhulla Axundovdur ki, 1919-cu ildən Kommunist Partiyasının üzvü olmuş, 1925-1926-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi vəzifəsini tutmuş, Karl Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmişdir. Görəsən, hansı səbəblərə görə ittifaq üçün bu qədər əhəmiyyətli, həm də Lenin ordenli şəxs qəfil düşmənə çevrilmişdir? Bir də ki, kim bilir, hansı işgəncələrdən sonra Ülvi Rəcəb belə iyrənc ifadələri verməyə məcbur olub!?

Həmin dindirilmədə müstəntiq Ülvi Rəcəbə belə bir sual ünvanlayır: “Əksinqilabi burjua-millətçi təşkilatın terrorçu göstərişləri haqqında sizə Əli Kərimov nə demişdi?” Ülvi Rəcəb cavab verir: “1936-cı ilin qışında Əli Kərimov mənə xəbər verdi ki, əksinqilabi burjua-millətçi təşkilatı Azərbaycan K(b)P MK katibi Mir Cəfər Bağırovun əleyhinə sui-qəsd hazırlayıb”.

Mir Cəfər Bağırov isə 1956-cı ildə keçirilən məhkəməsində bildirmişdir ki, ona qarşı heç bir sui-qəsd hazırlanmayıb və bu, ola da bilməzdi. Onun dediyinə görə, bu barədə bütün yalanları Beriya, Mikoyan və Sumbatov-Topuridze uydururdu.

1937-ci ilin 15 noyabrında keçirilən dindirmədə Ülvi Rəcəb ifadələrini yekunlaşdıraraq üzərinə qoyulan bütün ittihamları qəbul edir. 1938-ci ilin yanvar ayının 2-də Bakıda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının bağlı iclası keçirilir. İclas saat 17:40-da başlayır və 18:00-da qərar çıxarılır.

Cəmi 20 dəqiqə çəkən iclasda bir aktyorun güllələnmə qərarı çıxarılır. Özü də teatr üçün həm realist, həm də romantik aktyor sayılan, tarix üçün janr müxtəlifliyinə görə nadir aktyorlardan hesab edilən Ülvi Rəcəb kimi sənət nəhənginin ölüm hökmü – cəmi 20 dəqiqədə çıxarılan ölüm hökmü..!

Aktyorun məhkəməsi nə üçün 20 dəqiqə çəkib? Ölüm hökmü nə vaxt icra olunub? Aktyor güllələnmədən neçə il sonra bəraət qazanıb? Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamələri hansı məşhur aktyorlar yazıb? Bəraət haqqında məlumat nə üçün aktyorla heç bir qohumluq əlaqəsi olmayan aktrisa Mərziyyə Davudovaya göndərilir?

Ülvi Rəcəb Şaşıqzadə iyirmi dəqiqədə verilən ölüm hökmü…

1938-ci il yanvarın 2-də baş tutan məhkəmədə Ülvi Rəcəb Şaşıqzadə ona ünvanlanan “özünüzü müqəssir hesab edirsinizmi” sualına cavab verir ki, o, özünü heç bir şeydə müqəssir hesab etmir. Ziya Bünyadovun yazdığına görə, Ülvi Rəcəb qəfildən həbs olunmasının təsiri altına düşərək, özünü əvvəlcə müqəssir hesab edib, lakin ittihamlarla tanış olduqdan sonra qətiyyətlə müqəssir olmadığını deyib.

Ülvi Rəcəb həbsxanada qalmağı mənasız hesab etdiyi üçün sonda ittihamları qəbul edib. Müttəhimə son söz veriləndə isə heç bir söz deməyib.

Məhz buna görə də 17:40-da başlayan məhkəmə 18:00-da bitir. Çünki məhkəmə zamanı Ülvi Rəcəb danışmaqdan qətiyyətlə boyun qaçırır. O, yaxşı bilir ki, bütün danışıqları boş olacaq və onu da əvvəlkilərin (abbas mirzələrin) aqibəti gözləyir. 20 dəqiqə çəkən məhkəmənin sonunda ölüm hökmü oxunur.

Hərbi Kollegiya Şaşıqzadə Ülvi Rəcəbi güllələnməyə məhkum edir. Arayışlarda göstərilir ki, Ülvi Rəcəbə təyin olunmuş hökm – güllələnmə Bakı şəhərində yanvar ayının 2-də icra olunub.

1955-ci ildə Ülvi Rəcəb Şaşıqzadənin bacıları – Altun və Nevrastan SSRİ Baş prokuroru Rudenkonun ünvanına ərizə yazıb qardaşlarının taleyi ilə maraqlanırlar. 1955-ci ildə Azərbaycan Dövlət Dram Teatrının direktoru Adil İskəndərov Baş Hərbi Prokurorluğa Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamə göndərir. Daha sonra xalq artistləri Mustafa Mərdanov, İsmayıl Dağıstanlı, Barat Şəkinskaya və Mərziyyə Davudova da Baş Hərbi Prokurorluğa müsbət xasiyyətnamələr göndərirlər.

1955-ci il oktyabr ayının 29-da Baş hərbi prokurorun müavini D. Terexov SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına Ülvi Rəcəb Şaşıqzadənin işi ilə bağlı öz qərarını göndərir. Qərarda göstərilir ki, Ülvi Rəcəb haqqında çıxarılan hökm ləğv olunmalı və onun işinə xitam verilməlidir. Həmin ilin noyabr ayının 19-da Hərbi Kollegiya qərara alır və ölüm hökmünü ləğv edib, işə xitam verir.

Lakin tarixi mənbələrdə Ülvi Rəcəbin bacılarına qardaşları ilə bağlı hansı məlumatın verilməsinə dair heç bir fakt yoxdur. Hətta 1956-ci ilin iyun ayının 7-də xalq artisti Mərziyyə Davudovaya (Abbas Mirzə Şərifzadənin həyat yoldaşına) Ülvi Rəcəblə bağlı məlumat verilir ki, onun hüququ özünə qaytarılıb.

Qəribədir ki, Mərziyyə xanımın Ülvi Rəcəblə heç bir qohumluq əlaqəsi yox idi. Onlar sadəcə iş yoldaşı idilər. Bacılarının isə müraciəti var, amma onlara hansı cavab verildiyinə dair məlumatlar yoxdur.

Güman etmək olar ki, Ülvi Rəcəb Şaşıqzadə milliyyətcə acar idi, Batumda doğulmuşdu, 16 yaşında atasını itirmiş, təhsil almaq üçün İstanbula getmiş, amma I Dünya Müharibəsi illərində təhsilini yarımçıq qoyub işləməyə başlamışdı. Batumda fəaliyyət göstərən teatr truppasına qəbul olunur və həmin truppa Tiflisə qastrola gələndə İbrahim İsfahanlı Ülvi Rəcəbi Tiflisdəki Azərbaycan teatrının truppasına işə götürür.

1924-cü ildə Tiflisdəki Azərbaycan teatrının baş rejissoru Aleksandr Tuqanov Azərbaycan Dövlət Dram Teatrında işləmək təklifi alır. O da Ülvi Rəcəbi özü ilə birlikdə Azərbaycana gətirir. Bundan sonra Ülvi Rəcəbin bütün həyatı Azərbaycanla bağlı olur.

Lakin Azərbaycanda Ülvi Rəcəbin heç bir qohumu yaşamırdı. Çox güman ki, elə bu səbəbdən məlumatlar onun qohumlarına deyil, dostlarına – xüsusi ilə də ən yaxın dostu olan Abbas Mirzə Şərifzadənin həyat yoldaşı Mərziyyə xanım Davudovaya göndərilib.

Repressiya illərini, repressiya qurbanlarının həyatını nə qədər araşdırsaq da, o dönəmi dərindən öyrənə, müəmmaları tamamilə aşkara çıxara bilmərik. Bilinən isə odur ki, həmin illərdə çoxsaylı aydınlar, ziyalılar, istedadlı şəxsiyyətlər axmaq ideologiyanın qurbanı oldular.

2017-ci ildir. Ağır repressiya dönəminin başlamasından – 1937-ci ildən 80 il ötür. Bu dəhşətli faciədən daha neçə “80 il”lər ötəcək, amma həmin şəxsiyyətlər unudulmayacaq…

Yazıçı, siyasətçi Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir ÇəmənzəminliQatil mərhəməti

1937-38-ci illərdə repressiyaya məruz qalan elm və mədəniyyət adamları öz ifadələrində Yusif Vəzir Çəmənzəminlinin adını hallandırıblar. 1940-cı il yanvar ayının 25-də Vəzirov Yusif Mirbaba oğlunun (Çəmənzəminli) həbs olunması ilə bağlı qərar çıxarılıb. O, yanvar ayının 27-də Özbəkistan SSR-in Ürgənc şəhərində yerləşən pedaqoji institutda müəllim işlədiyi vaxt həbs olunub və Bakıya gətirilib.

Qərarda deyilirdi: “1929-cu ildə Bakıda “Müsavatçılarla milli təmayülçülərin antisovet bloku” yaradılmışdır. Yusif Vəzirov bu antisovet blokun rəhbər heyətinə məxsus idi. İstanbulda Müsavat hökumətinin konsulu olan Yusif Vəzirov ingilis-fransız və Türkiyə kəşfiyyatları ilə əlaqədə olmuşdur. O, öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşlər təbliğ etmişdir. Yusif Vəzirov 1931-ci ildə Azərbaycanın əksinqilabi millətçi təşkilatına cəlb olunmuşdur”.

1940-ci ilin 13 fevralında Yusif Vəzir Çəmənzəminlinin birinci istintaqı baş tutub. İstintaq zamanı müttəhimin tərcümeyi-halı nəzərdən keçirilib. Məlum olub ki, 1937-ci ilədək o, “Studentlər” romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılıb, bütün vəzifələrindən məhrum olunub və işsiz qaldığı üçün Ürgəncdə müəllim işləməyə gedib.

1940-cı ilin 14-15 fevralında keçirilən istintaqda təsdiq olunub ki, 1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat Partiyasına daxil olub və Müsavatın Kiyevdəki təşkilatının rəhbəri seçilib. Fevral ayının 25-də verdiyi ifadədə bildirib ki, o, müəllifi olduğu “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərini millətçi, mütərəddid (tərəddüd edən, qərara gələ bilməyən) əsərlər hesab edir. Vəzirov bu ifadədə ittihamları qəbul edib və əksinqilabi millətçi təşkilata üzv olduğunu, öz həmfikirləri arasında əksinqilabi millətçi fikirləri təbliğ etdiyini boynuna alıb.

1940-ci ilin 26 fevralında Yusif Vəzir Çəmənzəminliyə üç maddədən ibarət qərar təqdim olunub. O, bu qərarın altına yazıb: “Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”.

Martın 7-si, 13-ü, 17-si və 19-da keçirilən istintaqlarda da Yusif Vəzirov ittihamları rədd edib. Onun işində Bəkir Çobanzadənin ifadəsi (1937-ci il) də vardı və Bəkir Çobanzadə (ədəbiyyatşünas, şair, dilşünas) həmin ifadədə Yusif Vəzirovun əksinqilabi millətçi təşkilata üzv olduğunu bildirib. Yusif Vəzirov bu ittihamı da qətiyyətlə rədd edir.

1937-ci ildə Hacıağa Nəzərli öz ifadəsində bildirib ki, Cəbiyev, Ruhulla Axundov və Qarayev burjua millətçi-müsavatçı Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü təsiri altında idilər. Yusif Vəzirov bu ittihamı da rədd edir.

Qəribədir. İlk istintaqlarda ittihamları qəbul edib, amma daha sonra hamısından qətiyyətlə imtina edib. Qəribə olan odur ki, adətən, repressiya qurbanları ilk istintaqlarda ittihamları rədd edib, daha sonra qəbul ediblər. Çünki onlar ağır işgəncələrə məruz qalandan sonra bütün ittihamları qəbul etməyə məcbur olurdular.

Yusif Vəzir Çəmənzəminlidə isə əksinə idi. Bunun səbəbi məlum deyil. Bəlkə də yazıçı xarakterindəki paradoks idi.

1940-cı il aprel ayının 3-də müstəntiqə müraciət edir: “Xahiş edirəm ki, mənim əmanət kitabçamın həyat yoldaşıma çatdırılmasına icazə verəsiniz. Çünki ailəm iki aydan çoxdur ki, kənardan heç bir maddi kömək almır”.

Yusif Vəzir Çəmənzəminlinin əmanət kitabçasında dörd min manat pul olub və bu kitabça onun ailəsinə çatdırılıb. Bu da qatil mərhəməti!

1940-cı ilin 11 iyununda Xüsusi Müşavirə Vəzirov Yusif Mirbaba oğlunu islah-əmək düşərgəsində 8 il müddətində həbs cəzasına məhkum edib. 1956-cı ildə (həbs qərarından 16 il sonra) Azərbaycan SSR prokuroru Yusif Vəzirovun işi üzrə protest təqdim edir və həmin ilin fevral ayının 28-də ittiham sübuta yetmədiyi üçün işə xitam verilir.

Daha qəribə bir fakt: Yusif Vəzir Çəmənzəminlinin istintaq işində fotoşəkili olmayıb. İş üçün onun yalnız barmaq izləri götürülüb.