Poeziya

“Bir qadın var hardasa sevmədiyi kişiyə arvad, sevdiyinə çin səddi” – Qismət Rüstəmovun şeirləri…

Daha son ümidə ümid qalmayıb,
Qalsa yollarına baxardım, olmur…
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur…

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Qismət Rüstəmovun şeirlərini təqdim edir.

Klassika məşqləri

Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram…

Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm…

Qırmızı kəmturş şərab badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər…
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım…

Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi səndəmi bitəsisən?

Zaman haqqında efirə getməyənlər

İstəsəniz, montajda kəsərsiniz.
Keçmiş yaddaşımızda olan qədərdi,
bundan artığı…

Üzümüzü həmişə keçmişə tutduq deyə,
gələcəyə arxamızı çevirdik.
Amma sonraya saxlamasaydıq,
işıq dirəklərinə qonan göyərçilərin səsini,
körpələrin gülüşünə inansaydıq birinci gündən,
Bu Günü elə Bu gün yaşasaydıq,
onda Zaman axsaq addımlarla
yanımızdan ötüb keçməzdi…

Yağış yağdı, yağmadı,
günəş doğdu, doğmadı,
çay evlərinə tərəf ambulans tələskənliyi ilə
qaçır adamlar, dillərində eyni cümlə:
“Gedək vaxt öldürək”.
Cəmi bircə şəkli olan qocanın dediyi kimi,
“sözlər də ikiüzlüdürsə…”
və həm də “insan öz dilinin altında gizlidirsə…”,
demək,
hamımız qatilik bir az, ən azı dildə.

(Mikrofonunuz işləmirdi, lütfən təkrar…)

Mətbəxlik

Bir qadın var hardasa
tələsir mətbəxə, dükana, işə
gözləri razılaşmaq dilində susur həmişə.
Metroda əlləri yaxasına,
çantası dizlərinə səngər…

Bir qadın var hardasa
xoşbəxtlikdən sinifdən qalan,
ciyəri qayğılara qurban
mətbəxə zəncirli Prometaya…

Bir qadın var hardasa
sevmədiyi kişiyə arvad,
sevdiyinə çin səddi.

Bir qadın var hardasa
qara günlərin qırmızı diplomlusu,
iki uşaq anası.
Hər şeyi yerindədi
əri,uşaqları,şubası,
biş-düşü.
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür gülüşü…

Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
Ağlar bir qırmızı qalstukun xorultusuna,
qara bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ.

Bir qadın var hardasa
soruşsan xoşbəxtsənmi?
bədbəxtəm deməz
deyər: çox mətbəxtəm…

***

… Bir də var səssiz ağlamaq
durduğun yerdəcə.
Qapıları bağlamaq,
adamsız bir gecə.

… Bir də var eləcə susmaq,
susmaq eləcə.
Sükuta qulaq asmaq,
ev-ev, küçə-küçə.

… Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq…

Sirenalar üçün

Əvvəlcə axşam düşər, sonra mənim ürəyim…
Küləklər dənizlərin üzünü qırışdırar.
Qapını cırmaqlayar səni görmək istəyim,
Səbrimin pişiyini divara dırmaşdırar.

Əllərimi yandırar soyuq, quru fotolar
Axtararam, tapmaram otağımda ölməyi…
Külqabıda dəfn olar siqaretlər, qutular,
Qədəhlərə boşalar şüşələrin ürəyi.

Mən bu sevgi testini istəmirəm yoxlayım,
Qorxuram üç doğrunu silər yanlışın biri.
Başın çiynimdə yoxdu, səni necə qoxlayım?
Əllərimdə darıxır əllərinin boş yeri…

Mən bir az öz-özümdən, bir az səndən gedirəm
Mən hamıdan gedirəm gəlib sənə çıxmağa…
Hər səhər darıxmağı parça-parça edirəm,
Hər gecə qandallanır ürəyim darıxmağa…

əvvəlcə axşam düşür, sonra mənim ürəyim…

Olmur

Daha son ümidə ümid qalmayıb,
Qalsa yollarına baxardım, olmur…
Soyuq əllərimi üzük yerinə,
Qaynar əllərinə taxardım, olmur…

Yanında, elə bil, yersiz qonağam,
Mən sənə günaham, suçam, yasağam.
Sən güllə deyilsən, mənsə qorxağam…
Səni öz başıma sıxardım, olmur…

Neyləyək olmadı, çatmadı gücüm,
Elə bil, tutmadı bürcünlə bürcüm.
Səni ürəyimdən çıxarmaq üçün,
Gərək ürəyimi çıxardım, olmur…

***

Səndən xəbərsizcə mənim gözlərim,
Səni sizə qədər ötürdü, gəldi.
Səni qabaqlayıb ayaq izlərim,
Sizdən gözlərini götürdü, gəldi.

Sən heç vaxt görmədin dərin sevgimi,
Məhv etdi, dağıtdı şərin sevgimi,
Sonranı düşündün fikrin sevgimi,
Getdi gələcəkdə bitiridi gəldi.

Əyildim , yenə də mən oldum uca,
Bezdirdi ayrılıq məni yamanca.
Tutdum ayrılığı döydüm yaxşıca,
Getdi böyüyünü gətirdi gəldi…

Qismət Rüstəmov