Poeziya

Aqşin Yeniseyin də şeiri bir tərəfdən… – Ümid Abbas Nihaninin şeiri

Darıxdığım adamın üzünü unutmuşam,
Özünü unutmağı bacarmıram, neyləyim?!

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı şair Ümid Abbas Nihaninin “Gecə darıxmağı” şeirini təqdim edir.

Bu “Gecə darıxmağı” çətin olur, İlahi,
Bu zibil darıxmağı niyə yaratdın axı?!
Adamın ürəyinin yanında bir yerlərdə
İşgəncəyə çevrilir bu “Gecə darıxmağı”.

Gündüz çətin olmur ki,
Başın qarışır bir az.
Nəsə bir iş-güc tapıb özünü ovudursan.
Çətini gecədiye…
Gecə əsəb də gəlir,
Nə danışa bilirsən, nə də susa bilirsən,
Sussan qəlbin qırılır, danışsan qəlb qırırsan.

Gecə gəlib çatanda hər şey üst-üstə gəlir,
Hərdən işıq da sönür,
Hərdən qaz da kəsilir.
Üzün od tutub yanır o buz kimi balışda.
Ovunmaqçün azacıq bir təsəvvür bəs edir,
Bəzən bir aldanış da.
Aldadırsan özünü:
“Qayıdacaq” deyirsən.
Uzanırsan yatağa qəbirdə yatmış kimi,
Bildiyin mahnıları zümzümə eləyirsən.
Bu darıxmaq adama güc gələrmiş bu yaşda,
Aqşin Yeniseyin də şeiri bir tərəfdən:
“Sənə məktub yazıram.
Yazıram ki bağışla.”

Sevmədiyin adamçün,
Unutduğun adamçün,
Darıxmağın ağrısı ikiqat ağır olar.
Nə yaxşı bu pişik var,
Bəsləyirəm arada,
Bilirəm ki mənə də ehtiyacı olan var.

Məndən qorxan adamın qorxusu boş yerədi,
Ürəyi qırıqların kimisə incitməyə heç vaxt ürəyi gəlmir.
Həyat da ki qəlizdir,
Niyələrlə doludu.
Gah gedənlər qayıtmır,
Gah da ki qayıdanlar əvvəlkitək sevilmir.

Mən də birini qoyub, birini danışıram,
Hansı dərddən danışım,
Hansı ağrını deyim?
Darıxdığım adamın üzünü unutmuşam,
Özünü unutmağı bacarmıram, neyləyim?!