Poeziya

“İlahi, səndən də sındı ürəyim, məni küsdürənin yekəsi sənsən” – Ramiz Rövşənin şeirləri…

Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı Ramiz Rövşənin şeirlərini təqdim edir.

Mən küsüb gedirəm

Mən küsüb gedirəm…
Qoy hamı qalsın,
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.

Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.

İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.

Mən sənin yanına uça bilərdim.
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
Açmıram, beləcə susub gedirəm.

Yandırıb gedirəm bu varağı da,
Bu şeirin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,
Məni qaranlıqda itirmə ancaq.

İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun…

Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında.
Oturub dincimi alaram bir az,
Boşluğa salaram ayaqlarımı.
Uşaqtək yellərəm ayaqlarımı,
Uşaqtək sevincək olaram bir az.

Bir ölüm işığı gəzər üstümdə,
Boşluqdan səs gələr: “Yubanma tez gəl!…
Sənə çoxdandır ki, bu yer üzündə
Hər şey maraqsızdı ölümdən özğə”.

İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni…
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!

“Azad qadın” heykəlinə…

Yox,sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın
Zalımların gözü də yaşarmadı
Bu quldurlar içində,də,
Səni soymağı ,kim bacarmadı?
Bir sevginin işığı düşmüşdü üz – gözünə
Soydular ,o işığı da soydular
Qurmadığın ev – eşiyi
Doğmadığın uşağı da soydular… 
Gör səni nə günə qoydular, qadın.
Sonra abrın,həyan soyuldu getdi,
Sonra səbrin, dözümün
Göz yaşları taladı,
Soydu getdi, gözünü
Gözlərin lümlüt qaldı.
Sonra gözlərindən öpdülər yenə
Adına nəğmələr qoşdular qadın
Səndən ötrüymüş sən demə
İnqilablar, savaşlar
Axan qanlar,
Kəsilən başlar, qadın.
İnqilabı neynirdin ki?
Sən özün inqilabsan
Sən başdan ayağacan oxunmamaış kitabsan.
kimsə səni gözlərindən
Oxumağa başladı Kimsə ayaqlarından
Amma heç kəs oxuyub sona çata bilmədi
Ortada ilişib qaldı hamısı.
Nə üstdən aşağı baxırsan bizə
Yoxsa bizi də sən doğmusan qadın
Sənin doğduqların azad deyilsə
Özün necə azad olmusan qadın?
Yox, sənin azadlığın yarımçıqdır deməli
Sən də yarımçıqsan biz də yarımçıq
Yaxşımız da pisimiz də yarımçıq
Sən bizi təzədən doğ, azad qadın heykəli
Amma cırtdan doğma
Sən bizi div doğ
Amma yarımçıq yox, bizi bütöv doğ
Onda sən də tamam azad olarsan
Ey mənim daş anam azad olarsan.

İçindən yıxılır adam

Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.

Dünya qaçır ayağının altından – 
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.

…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…

Ramiz Rövşən