Kino Tənqid

Özündən özünə şikayəti olan Nuşirəvan Məhərrəmli…

Sizə şad xəbərim var, xanımlar və cənablar! Nəhayət, uzun aylar-illər sonra Nuşirəvan Məhərrəmli yerli teleseriallarımız haqqında danışıb. Bilirəm, indi soruşursunuz ki, o, kimdir? Deyilənə görə, Milli Televiziya və Radio Şurasının sədridir. Neçə vaxtdır ki, bu şuranın da, Nuşirəvan Məhərrəmlinin də ancaq adını eşidirik. Heç bir iş görmürlər, sadəcə, varlar.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı təqdim edir: Orxan Bahadırsoy Nuşirəvan Məhərrəmlidən yazır…

Seriallar, gənclər və MTRŞ sədri

         Nuşirəvan Məhərrəmli özü də indicə xəbər tutub ki, o, Milli Televiziya və Radio Şurasının sədridir. Açıb telekanalları, göz gəzdirib. Görüb ki, yerli seriallarımız bərbad gündədir. Elə bu dəm yığıb yerli media qurumlarından birini və belə deyib: “Bəzən telekanallar ifrat gülüş yaratmaq üçün həddindən artıq şişirtmələrə yol verirlər, aktyorlar sünilik edirlər. Seriallar cəmiyyətə normal mesajlar çatdırmalıdır. Çox təəssüflə bildirirəm ki, yerli seriallar gənc nəslin tərbiyəsini pozur. Gənc nəsil həmin seriallara baxanda düşünür ki, Azərbaycan kişisi və qadını elə bu cürdür. Gülüş naminə belə şeylər etmək olmaz!”.

         Qəribə deyilmi? Uzun aylar, illər boyunca seriallar haqqında heç bir fikir bildirməyəsən, qəfildən iki-üç cümlə deyəsən, onda da bütün bayağı qayğılarını yükləyəsən gənclərin çiyninə. Hərçənd, bu danışanları da, bu serialları da, bu kütlənin bütün problemlərini də düzəltsə-düzəltsə, bu gənclik düzəldəcək. Lakin niyə isə öz peşəsinə və toplumun mədəniyyətinə zərrə faydası olmayan adamlar gənclərin tərbiyə qayğılarını çəkməyə rahatlıqla cürət edə bilirlər.

         Televerilişlərdə, teleseriallarda, ümumiyyətlə, toplumun bütün ictimai proseslərində tərbiyəyə, ləyaqətə, əxlaqa nümunə kimi 50 yaşı ötmüş adamlar danışırlar. Real müşahidələr isə onu göstərir ki, bu toplumun ən tərbiyəli, ən ləyaqətli, ən əxlaqlı fərdləri də yaşı 50-dən az olanlar, xüsusi ilə 1990-cı ildən sonra doğulanlardır. Məsələn, Şeyx Əbdül Mahmudbəyov bu toplam üçün ifrat zərərli fikirləri olan obrazdır. Lakin televerişlər onu ekspert kürsülərində əyləşdirib bütün zərərli fikirlərini rahatlıqla hayqırmasına şərait yaradırlar. İnkişaf etmiş ölkələrdə və nisbətən aliləşmiş cəmiyyətlərdə isə  belə fikirləri kütləvi informasiya vasitələrində səsləndirən adamlar müəyyən ictimai kəsimi təhqir və təhdid etdiyinə görə cərimlənər, efirə çıxışı yasaqlanar və nifrət dolu fikirləri daha ağır hal alarsa, həbs oluna bilər. Bu kimi, saysız-hesabsız halların hamısında susan Nuşirəvan Məhərrəmli isə seriallardakı müəyyən hadisələrə qəzəblənərək gənclərin tərbiyəsi ilə məşğul olmaq ehtiyacı duyur.

Serial gənclərə örnək deyil. Seriallarda göstərilən hadisələr gənclərin düşüncələrinə görə hesablanmır. Serial günlük sənətdir və əsasən, kütlənin gündəlik məişətində baş verən istər komik, istər dramatik hadisələrin bədii nümayişi ilə məşğuldur. Seriallara örnək olmaq məsuliyyətini yükləmək serial sənətindən xəbərsiz olmaqdır.

         Lakin Nuşirəvan Məhərrəmlinin dediyi bu iki-üç cümlədə həqiqət də yer alır ki, komediya xətrinə bayağı şişirtmələr, aktyorların ifasında sünilik var. Amma maraqlı bir təzad ortaya çıxır. Bəs bununla kim məşğul olmalı, bu halları kim nizamlamaladır? Yoxsa ki, məşhur mahnıda deyildiyi kimi, “səndən, yar, sənə, yar, şikayətim var!” misalı, Nuşirəvan Məhərrəmli də özündən özünə şikayət edir?

         Madam ki, Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının sədri olmasından, nəhayət, xəbər tutub, yaxşı olar ki, verilişlərdəki mövzu çatışmazlığı, müasir texnoloji avadanlıq məhdudiyyəti, telekanalların serial çəkilişi üçün ayırdığı gülünc məbləğ, büdcədən seriallar üçün ayrılan vəsiatlərin mənimsənilməsi, peşəkar ssenarist, rejissor və aktyorlara telekanallarda yer verilməməsi, yaxud da onların cüzi məbləğlər müqabilində işlədilməsi kimi daha vacib məsələlərlə maraqlansın və bu problemləri həll etsin.