Teatr Tənqid

Heç kəsə məhəl qoymayan Azər Paşa Nemətov…

Azərbaycan Teatrının üzərinə qara bulud kimi çökmüş yekəpər bir rejissordur Azər Paşa Nemətov. Bəli, o, təkcə 5 ildir ki, bədii rəhbəri, baş rejissoru, direktoru olduğu Akademik Milli Dram Teatrının üzərinə çökməyib. 30 ilə yaxındır ki, Teatr Xadimləri İttifaqına sədrlik etməklə ölkənin ümumi teatr mühitini tənəzzülə, yoxsulluğa, səfalətə sürükləyib, milli teatrı uçuruma yuvarladıb.

Ədəbİncə – Ədəbiyyat və İncəsənət Portalı təqdim edir: Orxan Bahadırsoy Azər Paşa Nemətovun Teatr Xadimləri İttifaqına növbəti dəfə sədr seçilməsindən yazır…

“Kölgəyə çevrilmisən – Nemətovun kölgəsinə!”

         Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bütün fəaliyyəti dövründə hələ bu qədər uğursuz repertuara sahib olmayıb. Teatrın əksər tamaşalarında Azər Paşa Nemətovun imzası tamaşaçılar üçün qəhqəhə çəkir. Üstəlik, bu teatrdakı fəaliyyətinə başlayan kimi, teatrın repertuarında yer alan ən uğurlu tamaşaları çıxardı. Bunlardan Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatil” (Elçin) və “Qatarın altına atılan qadın” (Afaq Məsud) tamaşalarını misal çəkmək olar. Bu tamaşaların ikisi də son illər Azərbaycan Teatrında səhnələnmiş ən mükəmməl səhnə əsərlərindən idi. Azər Paşa Nemətovun repressiyasına tuş gələn bu əsl sənət nümunələrinin yerini yekəpər rejissorun monoton, cansıxıcı tamaşaları aldı.

         Maraqlı məsələ budur ki, ölkə başçısının ümumi və köklü istlahatlar apardığı dönəmdə və qətiyyətlə “yaşı yetmişi ötmüş adamlar istefa mədəniyyəti göstərərək kürsüdən getsinlər və gənclərə yer versinlər” dediyi vaxtda Azər Paşa Nemətov bu sözləri qulaqardı edir. 72 yaşlı yekəpər rejissor ölkə başçısının bu sözündən bir gün sonra yenidən Teatr Xadimləri İttifaqının sədri olur. Güya ki, Nemətovu Teatr Xadimləri İttifaqına üzv olan teatr mənsubları səsvermə yolu ilə seçiblər. Məlumunuzdur ki, Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun kəskin diktaturası altında çalışan teatr mənsubları qorxu-ürkü içində onun sədrliyinə səs verəcəklər. Həm də ölkənin bütün teatrlarına öz hegemoniyasını yeritdiyi üçün və bütün teatr mənsublarının ondan işi keçdiyi üçün digər teatr əməkdaşları da eyni təlatümlə onun sədrliyinə səs verməlidir. Buna riayət etməyənlərin, qarşı çıxanların, Nemətovun boyunduruğuna tabe olmayanların aqibəti bəllidir. Mərhum sənətkar Fuad Poladov və gənc aktyor Hikmət Rəhimov eyni səbəblə Azər Paşa Nemətov təkəbbürünün qurbanı oldular və teatrdan çıxdılar.

         Afaq xanım Bəşirqızı Azər Paşa Nemətovun yarıtmaz sədrliyinə etiraz etdi. Bildirdi ki, Teatr Xadimləri İttifaqı Nemətovun sədrliyi dövründə teatr mənsubları üçün heç nə etməyib. Dekor, kostyum və rekvizitlərin hazırlandığı sexlər bağlanılıb və teatrlar gərəkli ləvazimatları öz büdcələri hesabına bazardan təmin edirlər. Üstəlik, ittifaq binasının restoranlara kirayə verilmiş hissəsindən gələn gəlir Nemətov tərəfindən mənimsənilib. Afaq xanım digər qorxaq həmkarlarından fərqli olaraq Azər Paşa Nemətovun teatr üzərindəki hegemoniyasına və ittifaqdakı diktaturasına ədalət silləsi çırpdı.

         Elə bu məqamda Hacı İsmayılov çıxıb dedi ki, “Mən başa düşmürəm Afaq xanım nə istəyir?”. Əlbəttə, Hacı bəy, sən başa düşməyəcəksən Afaq xanımın nə istədiyini. Çünki sən Azər Paşa Nemətovun proqramlaşdırdığı robot mahiyyəti kəsb edirsən. Bədii rəhbərin, baş rejissorun və direktorun olan Azər Paşa Nemətov sənə nəyi diqtə edirsə, onu təkrarlayırsan. Bu boyunduruqda öz fikrini, düşüncəsini, məntiqini, təhlil bacarığını və haqq-ədalət sorğusunu itirmiş kölgəyə çevrilmisən – Nemətovun kölgəsinə. Lakin unutmamalısan ki, sənə hörmət və sevgi qazandıran Nemətovun sənin üçün təmin etdiyi pul və titul deyil, xalqdır. Unutmamalısan ki, səni tarixə, gələcək nəsillərə də Nemətov yox, xalq ötürməlidir. Sən isə Nemətovun kölgəsi olmaqla qazandığın hörmət və sevgini də, gələcəyə qalmaq şansını da itirmisən. Tarix heç olmazsa Azər Paşa Nemətovdan qəddar bir məmur, teatra zərbələr vuran sənət xaini, səhnə işğalçısı kimi danışacaq. Sənin haqqında nə deyəcək? Bu ahıl yaşında sənə Nemətov lazımdırmı?

         Bir jurnalist dostum deyir ki, Azər Paşa Nemətovun 30 illik sədrliyi və teatrdakı qəddar idarəetməsi, səhnəni işğalı altına alması barədə bir neçə sənət adamına münasibət öyrənmək üçün zəng edib. Lakin hamısı danışmaqdan çəkinib. Çünki hamısı qorxur və bu qədər qorxağın sənətə, ölkə mədəniyyətinə, xalqa nə faydası dəyəcək, bilmirəm.

         Azər Paşa Nemətov ölkə başçısının, Afaq Bəşirqızının da tələbinə əməl etmədi. Teatrdakı özbaşınalığına, səhnədəki işğalına və kəskin repressiyası ilə sənətə ziyan vurmağa davam edir. Varmı bu yekəpər rejissora,      qəddar məmura, özbaşına direktora həddini bildirəcək biri? Qulağıma Mədəniyyətimizə Nazir olan Əbülfəs Qarayevin səsi gəlir: “Mən ingilis dili müəllimiyəm, teatrdan başım çıxmır!”