Dramaturgiya Məqalələr Teatr

Almaniya həqiqətən də dağılırmı? – Berlində festival macərası…

Bildiyiniz kimi iyul ayının 4-də Almaniyada keçirilən “Next Stage Europe 3” festivalına dəvət almışdım. Festival çərçivəsində Almaniyanın üç şəhərində – Potsdamda, Berlində və Frankfurt (Oder)-də oldum. Altı günlük səfər zamanı ölkənin ədəbiyyatı, tarixi, incəsənəti, mədəniyyəti ilə yanaşı sosial-ictimai həyatı ilə də tanış olmağa çalışdım. Ən əsası isə bu suala cavab axtardım: Almaniya həqiqətən də, AzTv-də deyildiyi kimi, dağılırmı?

Ədəbİncə.az – Ədəbiyyat və İncəsənət Portalı Sputnik Azərbaycana istinadən təqdim edir: Orxan Bahadırsoy qatıldığı “Next Stage Europe 3” festivalı barədə yazıb…

Yüksək boylu almanların yüksək davranış mədəniyyəti, sənət sevgisi…

            İlk gün Berlindən Potsdam şəhərinə gedən qatara minəndə təəccübləndim. Qatara minik üçün heç bir maneələrə kart göstərmək, jeton salmaq tələb olunmurdu. Düşündüm ki, yəqin nəqliyyat sistemi pulsuzdur. Daha sonra platformalarda qoyulan kiçik bilet aparatlarını gördüm. İnsanlar gediş haqqını ödəyir, bilet alırdılar. Mən də bilet almaq istədim, elə bu vaxt Höte adına İnstitutun vasitəçisi mənə 37 avroluq bilet verdi və dedi ki, burada bir həftəlik gediş haqqı var, bizim bütün xərclərimiz institut tərəfindən qarşılanır.

Qatara minəndə bileti əlimdə tutmuşdum ki, hər hansı bir cihaza, yaxud şəxsə göstərim, daha sonra bunun da tələb olunmadığını görüb bileti cibimə qoydum. O məsum bilet hələ də cibimdə qalır. Altı gün müddətində Berlin, Potsdam və Frankfurt (Oder) şəhərlərinin avtobus, metro və tramvaylarından istifadə etdim, heç kəs məndən bilet tələb etmədi. Nəhayət, anladım ki, bu, iqtisadiyyatdan öncə mədəniyyətdir. Heç kəs heç bir vasitə ilə sizi ödənişə məcbur etmir, siz isə şəxsi mədəniyyətiniz naminə ödəniş edirsiniz.

            Daha sonra yollarda yol polislərinin olmadığını gördüm. Sanki bu ölkədə yol polisi yox idi. Bundan sonra yollardakı hərəkət qaydalarına nə qədər riayət olunduğuna diqqət etdim. Deməli, əgər yoldan heç bir avtomobil keçməzsə belə, piyadalar işıqforun göstərişlərinə əməl edirlər. Əgər yanğınsöndürən, təcili yardım, polis maşınları həyəcan siqnalı ilə hərəkət edirsə, bütün avtomobillər bir kənara çəkilib onlara yol verirlər. Səkilərdə üç xətt çəkilib, birində uşaqlı valideynlərin, birində velosipedlərin, birində də digər piyadaların hərəkət etməli olduqları barədə nişanlar qoyulub.

            Velosiped demişkən, həmişə düşünürdüm ki, bu almanlar niyə bu qədər uzunboy olurlar? Səfər zamanı bu suala da cavab tapdım. Almaniyada avtomobildən çox velosiped var. Uşaqdan qocaya qədər hər kəs velosipedlə hərəkətə daha çox üstünlük verir. Bu həm onların xərcini azaldır, həm də sağlamlıqlarına faydalıdır. Velosipedin boyun uzanması üçün ən yaxşı idman üsullarından biri olduğunu da bilirsiniz yəqin.

            İki gün ard-arda səhər saat 9-da bizi muzeyə apardılar: biri rəssamlıq və heykəltaraşlıq muzeyi, biri isə teatr və ədəbiyyat muzeyi. Təsəvvür edin ki, səhər saat 9-da hansısa muzeyin girişində insanlar növbəyə düzülmüşdü. Yox, hamısı turist deyildi. Elə almanların özləri də övladlarını, şagirdlərini, tələbələrini muzeylərə gətirirdilər.

            Və teatr…! Berlin şəhərində yerləşən Maksim Qorki teatrında iki müxtəlif tamaşanı izlədik. Biri Falk Rixterin “Small Town Boy” əsərinin, biri də Olqa Qryaznovanın “Ruslar yeganə millətdir ki, şam ağacını sevirlər” əsərinin tamaşası idi. Hər iki tamaşada izdiham var idi. Deyəcəksiz ki, bizdə də teatrda izdiham olur. Bəli, olur. Lakin bu izdihamı hər tamaşanın birinci, ikinci və üçüncü təqdimatlarında görürük. Üç il, dörd il, beş il repertuarda olan tamaşalarda belə izdiham yaşanmır. Almanlar isə teatrı sevir, qoruyur, bəsləyirlər ki, ondan öyrənsinlər, müdrikləşsinlər, həm ruhları, həm şüurları təmizlənsin. Çünki onlar sənətin – xüsusən də teatrın nə olduğunu bilirlər!

Almaniya, Potsdam Hans Otto Teatrının aktyorları səhnədə…

            Daha bir qəribə fakt! Potsdam şəhərində yerləşən Hans Otto teatrında Neil Simonun “Ein seltsames Paar” əsərinin tamaşası nümayiş olunurdu. Teatrın direktoru – eyni zamanda “Next Stage Europe 3” festivalının təşkilatçılarından biri Kristafor Hanf bizi – yəni festivala dəvət olunan dramaturqları zala salmaq üçün kassaya yaxınlaşıb bilet aldı. Fikirləşdim ki, bu, Höte adına İnstitutun məsələsidir və ona görə də direktor işlədiyi teatra dəvət olunan qonaqlar üçün bilet alır. Daha sonra öz əlində də bilet tutub bizimlə birlikdə girişə yaxınlaşdığını, bileti nəzarətçilərə göstərib nəzakətlə gülümsədiyini, onu içəri buraxdıqları üçün təşəkkür etdiyini gördüm. Həmin anda nələr hiss etdiyimi sizə necə təsvir edim? Siz mənim yerimə olun, nələr hiss edərsiz?

            Bütün bunlarla bitmir. Hələ sizə velosipedlərdə gəzən sürücüsüz, mühafizəçisiz nazirdən, millət vəkilindən danışacağam. Almaniya teatrının səhnəsində Almaniya prezidentinin şəklini qoyub onu necə tənqid etmələrindən danışacağam. Dünyanın ən böyük müharibəsindən məğlub çıxmış bir xalqın indiki nəhayətsiz azadlığından danışacağam.

            İyul ayının 4-ü günorta saatlarında Berlin – Teqel Hava Limanına çatdım. Əvvəlcədən bizə göndərilən proqrama görə axşam saat 18:00-da Almaniya xarici işlər naziri Mixael Rotla görüşməli idik. Mən də düşünmüşdüm ki, yəqin nazirliyin binasında, xüsusi dəstə ilə mühafizə olunan, kostyumlu, qalstuklu, zəhmli, hamıya yuxarıdan aşağı baxan, qarnı dizlərinə sallanan bir qoca kişi bizimlə uzaqdan-uzağa danışıb gedəcək.

            Saat 18:00-da Berlinin darısqal küçələrinin birində içi adamla dolu bir kafeyə gətirdilər bizi. Kabinetlərin birində, təxminən 25 nəfərlik masanın ətrafında əyləşdik. Masanın baş tərəfində Höte adına İnstitutun iki əməkdaşı oturdu. Düşündüm ki, yəqin nazirin işi çıxıb, gələsi olmayıb. Yoxsa ki, bu nazir adi kafeyə gələn deyil axı. Lap gəlsə də, bu masanın başında onun üçün xüsusi yer ayrılmayıb axı. Çox keçmədi ki, kabinetin küçəyə baxan pəncərəsinin önündə bir velosiped saxladı. Sarışın, hündürboy, ortayaşlı bir kişi velosipeddən endi. Masa ətrafında əyləşən almanlar bu kişiyə diqqətlə baxıb öz aralarında nəsə danışırdılar. Az sonra kişi bizim kabinetə daxil olub dramaturqların arasında qalan boş stullardan birində əyləşdi. Almanca bir şeylər danışdı. Mən isə gözümü tərcüməçiyə dikib intizarla bu qonağın kimliyini öyrənmək istəyirdim. Tərcüməçi onun nitqini belə tərcümə etdi: “Mən – Almaniyanın xarici işlər üzrə dövlət naziri Mixael Rot. Almaniyaya xoş gəlmisiniz…”

Orxan Bahadırsoy və Potsdam Hans Otto Teatrının artistləri: “Saçını satan aktrisa” tamaşasından sonra…

            Ardını dinləyə bilmədim. Çünki fikrim qarışdı. Ürəyimdə deyirdim ki: “Belə də nazir olar? Hanı bunun sürücüləri, arxasıyca maşın-maşın gedən polisləri, hanı bunun mühafizəçiləri?” Beş-altı cümlə danışandan sonra masa ətrafında əyləşənlərə alman pivəsi təklif edildi. Daha sonra tərcüməçi dedi ki: “Hər kəs menyudan istədiyini sifariş verə bilər. Hörmətli ədəbiyyat adamları bu gün nazirin əziz qonaqlarıdır.”

            Bu əsnada gülümsəyən nazir əlindəki pivə bakalını bizə doğru uzadıb, sonra başına çəkdi. Sonra da bizimlə yedi-içdi və sağollaşıb, velosipedi ilə uzaqlaşdı. Bu almanlar da vəzifənin, rütbənin, kürsünün nə olduğunu bilmirlər. Onlar niyə anlamırlar ki, nazir də, millət vəkili də, lap adicə idarə direktoru da öz kürsüsünə möhkəm yapışıb insanlara yuxarıdan aşağı baxmalı, dövlət büdcəsini mənimsəməli, vəzifə səlahiyyətlərindən gen-bol sui-istifadə etməli, bacardıqca özləri üçün mal-mülk yığmalıdırlar. Əgər bunun yollarını bilmirlərsə, bizim məmurlar onlara bu mövzuda master-klas keçə bilərlər.

            Almaniyada ilk izlədiyimiz tamaşa Maksim Qorki teatrının səhnəsində Folk Rixterin “Small Town Boy” tamaşası oldu. “Next Stage Europe 3” festivalının proqramı çərçivəsində Höte adına İnstitut tərəfindən aparıldığımız tamaşa eynicinsli münasibətlərdən bəhs edirdi. Tamaşanın məzmunundan və quruluşundan uzun-uzadı söhbət açmaq istəmirəm. Çünki nə məzmunu, nə də quruluşu bizim mühitin azad yaşam normalarına uyğun deyil. Əsas məsələ bilirsiz nədir? Deməli, bu yaxınlarda Almaniyada nigah bərabərliyi qanunu qəbul edildi. Bildiyiniz kimi, prezident Angela Merkel qanunun qəbul olunmasının əleyhinə idi, lakin Milli Məclisin qərarına əsasən qanun qüvvəyə mindi. Xanım prezidentin bu bərabərlik qanununa qarşı çıxması teatrın hörmətli kollektivini möhkəm qəzəbləndirmişdi. Tamaşanın sonunda prezidentin şəklin səhnənin tən ortasına qoyub onu insan haqları mövzusunda xeyli məzəmmət etdilər. Daha sonra xanım prezidentə izah etməyə çalışdılar ki, nigah bərabərliyi onun kiminləsə münasibət qurmağına mane olmayacaq və kimsənin onun şəxsi həyatına qarışmadığı kimi, o da insanların şəxsi həyatına müdaxilə etməsin.

            Bir ölkənin paytaxtında yerləşən teatrda həmin ölkənin prezidentinin hansısa qanuna qarşı çıxması dövrün səhnə ustaları, yaradıcı adamları tərəfindən bu cür tənqid olundu və qapısının ağzınacan tamaşaçı ilə dolan auditoriya həmin aktyorları ayaq üstə alqışladı. Belə… Daha nə olsun?

            Dünyanın ən böyük müharibəsindən məğlub çıxmış bir xalqın indiki nəhayətsiz azadlığına baxanda, azad yaşam tərzinə, tolerant düşüncəsinə, demokratiyasına, sərbəst yaradıcılıq ruhuna baxanda həqiqətən də, məəttəl qalırsan. Çox yox, 60-70 il bundan əvvəl barbar düşüncəli bu avropalılar qısa müddətdə necə bu qədər aliləşə bildilər?