Araşdırma İncəsənət Məqalələr Tarix Teatr

Onun qətlini milyonçu Tağıyev sifariş vermişdi? – Məşhur aktyor necə öldü?

O, 1881-ci ildə kasıb dənizçi ailəsində doğulub. Atası bir dəniz fırtınasında həlak olub. Anası iki azyaşlı uşağını böyütmək üçün varlı evlərində xidmətçilik edib. Əvvəlcə, mollaxanada oxumaq-yazmaq öyrənib. 12 yaşı olanda “ruski-tatarski” məktəbə daxil olub. Burada Soltanməcid Qənizadədən dərs alıb. Bu məktəbdə müəllimləri ara-sıra səhnələşdirilən tamaşalarda ona kiçik rollar verirlər.

“Ədəbİncə” – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun Azərbaycan peşəkar-professional teatr məktəbinin banisi, məşhur aktyor Hüseyn Ərəblinskinin qətli ilə bağlı tarixi araşdırmasını təqdim edir…

Xələfov”la başlayan, “Ərəblinski” ilə bitən ömür…

O, 1881-ci ildə kasıb dənizçi ailəsində doğulur. Atası bir dəniz fırtınasında həlak olur. Anası iki azyaşlı uşağını böyütmək üçün varlı evlərində xidmətçilik edir. Əvvəlcə, mollaxanada oxumaq-yazmaq öyrənir. 12 yaşı olanda “ruski-tatarski” məktəbə daxil olur. Burada məşhur maarifçi Soltanməcid Qənizadədən dərs alır. Bu məktəbdə müəllimləri ara-sıra səhnələşdirilən tamaşalarda ona kiçik rollar verirlər.

1897-ci ildə elə Soltanməcid Qənizadənin rejissorluğu ilə səhnələşdirilən Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasında Kərim rolu ona verilir. Bu, onun ilk böyük rolu olur. 1905-ci ilə qədər o, bir sıra tamaşalarda müxtəlif rollar oynasa da, öz müəllimlərinin, yoldaşlarının, tamaşaçıların, mətbuatın diqqətini çəkə bilmir. Ta ki, 1905-ci ildə Azərbaycan teatrı tarixində bir ilk olan Lənkəran qastrolunda Nəcəfbəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Rüstəm bəy obrazını ifa edənə qədər…

Bu qədər çətin yollardan keçmiş, 1905-ci ilə qədər heç kəs tərəfindən tanınmayan, bir aktyor kimi qəbul edilməyən adam bu tarixdən sonra bütün Qafqazın məşhur tragik artisti, Azərbaycanda professional aktyor və rejissor sənətinin banisi, teatr tarixinin ilk qastrollarının iştirakçısı və rəhbəri, Avropa və rus əsərlərini Azərbaycan teatrı səhnəsində ilk dəfə səhnələşdirən Hüseyn Xələfov digər adı ilə Hüseyn Ərəblinski olur.

O, öz sənətini, səhnəni hər şeydən üstün tutub ona qarşı çıxanlara üsyan edir. Bığını qırxdığı üçün daşa basırlar, qadın rolu oynadığı üçün evini güllələyirlər, yeməkxanalardan, dükanlardan qovurlar, ac qalır, susuz qalır, nəm və uçuq daxmasında vərəmə yoluxur, amma ömrünün sonuna qədər sənətini, səhnəni atmır, yorulmur, usanmır! Var qüvvəsi ilə Azərbaycan teatrını dünya teatrı səviyyəsinə çatdırmaq, Azərbaycan səhnəsinə qadın çıxarmaq, teatr binalarının tikilməsi, xalqın mədəniyyətə maraq göstərməsi üçün mübarizə aparır.

1905-ci ildə Lənkəran qastrolunda tamaşalar oynayan truppanın aktyoru olan Hüseyn Xələfov, 1906-cı ildə Dərbənd qastrolu zamanı həmin truppanın rejissoru olur. Nə baş verirsə, elə bu qastrol zamanı baş verir ki, Hüseyn Xələfov qəfildən Hüseyn Ərəblinskiyə çevrilir və bu günəcən onu tanıyanların düşüncəsində düyünlənən, müəmmaya çevrilən sirr də elə həmin qastroldadır. Əbəs deyil ki, Mehdi Məmmədovdan Hüseyn Ərəblinski haqqında soruşanda “Qadını tapın!” deyərmiş və susarmış. Söhbət hansı qadından gedir? Hüseyn Xələfov niyə Hüseyn Ərəblinski oldu? Məşhur aktyor bir təxəllüs ucbatındanmı öldü?

Erməni aktyor Vaqram Papazyan belə deyir: “Ərəblinskinin bir suyu ərəbə oxşayırdı. Əsrlərdən bəri gələn bu qan qohumluğu, təkcə onun təbiətindən deyil, üzünün rəngindən, buruq-buruq saçlarından, parlaq, mavi, hərarətli gözlərindən, gülümsər dodaqları arasında görünən düyü kimi ağ dişlərindən görünürdü”.

Onun ərəb nəslindən olması Soltanməcid Qənizadənin xatirələrində də var. Amma Soltanməcid Qənizadənin cümlələri o qədər dərin, həm də qarışıq qurulub ki, bu cümlələrdə hansısa həqiqətlərin gizləndiyini düşünməmək mümkün deyil.

Soltanməcid Qənizadə yazır: “…Hüseyn otelə, mənim görüşümə gəlmişdi. Söhbət əsnasında mən ona zarafatyana general Ərəblinskinin familiyasını qəsb etdiyini eyham etdikdə, ucadan qəhqəhə çəkib dedi: —Generallardan nə yetər? Biz aktyorlar o qədər naxalıq ki, kinli xaqanın tacını səhnə ortasında başından qapıb, ayağımız altında tapdalayırıq, amma doğrusunu bilmək istəsəniz, mənim əslim Şirvanın Qobustan ərəblərindəndir. Hüseyn bunu dedikdə mən onun üzünə təftiş nəzərilə baxdım. Filhəqiqət surətinin gəlişi ərəb libasında idi, dedim: – Doğrudan da, Hüseyn, sən əsl ərəb oğlu ərəbsən!… Bunu deyərkən birdən-birə təğyiri-hal (dəyişilərək) olaraq, bilməm hansı əhvalatı dərxatir (xatırlamaq) etdisə, dərin bir ah çəkdi.”

Murad Muradov və Hacıağa Abbasov öz xatirələrində yazır ki, Hüseyn Xələfov Dərbdənd qastrolundan sonra adının afişalarda Hüseyn Xələfov kimi yox, Hüseyn Ərəblinski kimi yazılmasını istəyir. Diqqət edin: Soltanməcid Qənizadə də Murad Muradovun və Hacıağa Abbasovun yazdıqlarını təsdiqləyir. Yəni, Hüseyn Xələfov həqiqətən də Dərbənddəki general Ərəblinskinin soyadını özünə təxəllüs edib. Amma bir tərəfdən də Hüseyn öz əslinin ərəblərdən gəldiyini iddia edir. Bəs Soltanməcid Qənizadə ona “ərəb oğlu ərəb” deyəndə niyə dərindən ah çəkir? Hansı əhvalatı xatırlayır ki, təğyiri-hal olur, yəni, halı dəyişir?

Görünür ki, Hüseyn Ərəblinski təzyiqlərdən, təhdidlərdən usanıb öz əslinin ərəb olmasına və bu səbəbdən “Ərəblinski” təxəllüsünü götürməsinə dair bir yalan uydurmuşdu. Axı, Şirvanda, Qobustanda ərəblər nə gəzirdi? Bunu Hüseyn Ərəblinskinin qorxaqlığı kimi anlamaq olmaz. Çünki o, öz sənətinin qarşısında generalları, xaqanları, qubernatorları, senzorları heç və puç sayan biri idi.

Bunun isbatı İbrahim İsfahanlının memuarında var. Bu xatirələrdə deyildiyinə görə, 1914-cü ildə Hüseyn Ərəblinski Tiflisdə qastrolda olur. “Gürcü Dvoryan” teatrında Kərim Şərifovun “Ləkkeyi-təxti-kayan” pyesini oynayırlar. Tamaşa Ərəblinskinin rejissorluğu ilə səhnələşdirilir. Salonda İran konsulluğunun nümayəndələri də olur. Dördüncü pərdədə Şeyx Siqqətülislam Məhəmmədəli şahın üzünə tüpürür. Salonda hay-küy qopur. İranlılar etiraz edirlər ki, şahın üzünə tüpürmək olmaz. Pərdəni salırlar. Çox keçmir ki, polislər, senzorlar, konsulluğun işçiləri səhnənin arxasına gəlirlər. Bir erməni senzor Ərəblinskini millətlərarası ixtilaf yaratmaqda təqsirləndirir və onu həbs etmək istəyir. Bu vaxt Ərəblinski senzora belə deyir: —”Cənab senzor, siz mənim tamaşamı yarıda saxlamaqla mənim sənətimə hörmətsizlik etdiniz, biz səhnədə şahın üzünə tüpürən adamlarıq, sizin üzünüzə tüpürməyə nə var ki?”

Bu sözdən sonra Ərəblinski erməni senzorun üzünə tüpürür. Daha sonra pyesdə belə bir səhnənin olmasını remarkanı göstərməklə sübuta yetirib sərbəst buraxılırlar. Göründüyü kimi, Hüseyn Ərəblinski heç də qorxaq biri deyildi. Onun qorxusu tək bir şeydən ola bilərdi, o da səhnəni itirmək. Məhz bu səbəbdən ola bilər ki, təxəllüsünü general Ərəblinskinin qızı xanım Ərəblinskayanın xatirinə götürməsini gizlətsin. Bəs xanım Ərəblinskaya kim idi? Hüsen Xələfov niyə onun soyadını özünə təxəllüs götürmüşdü? Madam ki, götürmüşdü, bunu niyə gizlədirdi?

Dərbənddəki general Ərəblinskinin iki qızı vardı. Böyük qızı Nurcahan Ərəblinskaya Hacı Zeynalabdin Tağıyevin gəlini idi. 1896-cı ildə 73 yaşı olan milyonçu Tağıyev öz oğlunun baldızı ilə, yəni general Ərəblinskinin ikinci qızı olan 16 yaşlı Sona Ərəblinskaya ilə evlənir. Bu, həmin Sona Ərəblinskayadır ki, 1906-cı ildə Dərbənddə Hüseyn Xələfovun tamaşasına gəlir, ona gül bağışlayır və heyranlığını bildirir. Həmin gün Azərbaycan teatrı tarixində bir ilk yaşanır. Öz bütün həyatını Azərbaycanın mədəniyyətinə, teatrına, sənətin inkişafına adamış, qadın rolları oynadığına görə təhqir olunan, döyülən və ən böyük arzusu Azərbaycan teatrının həm tamaşaçı salonunda, həm də səhnəsində bir qadın görmək olan Hüseyn Xələfov, ilk dəfə tamaşaçı salonunda əlində güllərlə onu izləyən bir qadın görür. O gündən sonra Azərbaycan teatrının ilk qadın tamaşaçısı olan Sona Ərəblinskayanın şərəfinə Hüseyn Xələfov öz təxəllüsünün afişalarda “Ərəblinski” yazılmasını istəyir.

Əlbəttə, bu hadisə o dövrdə böyük söz-söhbətə, dedi-qoduya səbəb olur. “Milyonçu Tağıyevin arvadı bir artistlə oynaşır” deyə, Dərbənddən Bakıya, Bakıdan Tiflisə qədər şayiələr yayılır. Bu söhbətlər də Tağıyevi hədsiz dərəcədə əsəbiləşdirdiyi üçün Hüseyn Ərəblinskiyə kəskin nifrət bəsləyir və həmişə onu təqib etdirir, gördüyü işlərdə mane olmağa çalışır, tamaşalarını oynaması üçün öz binalarında ona yer vermir. Böyük ehtimal ki, Soltanməcid Qənizadə ilə danışanda Hüseyn Ərəblinski bunları xatırlayıb dərindən ah çəkir.

1919-cu il mart ayının 4-ü axşam saatlarında bütün Qafqazın məşhur tragik artisti, Azərbaycanın professional aktyor-rejissor sənətinin banisi, peşəkar teatrın ilk baş rejissoru və aktyoru Hüseyn Xələfov Ərəblinski qətlə yetirilir. O, dayısı oğlu Əbdülxalıq tərəfindən boğazından güllələnərək öldürülür. Belə ki, Hüseyn Ərəblinski öz dayısı oğlu Əbdülxalıq tərəfindən barışıq üçün qonaq çağırılır. Ərəblinski xanımı Asya ilə birlikdə Əbdülxalıqın evinə gedir. Bu zaman Əbdülxalıq bibisi Pəri xanım üçün darıxdığını deyir və Asyadan xahiş edir ki, gedib Pəri xanımı da gətirsin. Asya Pəri xanımla birgə Əbdülxalıqın evinə gəldikdə, Hüseynin boğazından vurulduğunu və cansız bədəninin yerdə sərildiyini görürlər. Elə həmin gün Azərbaycan mədəniyyəti öz böyük fədaisini itirir. Tağıyev isə öz çoxdankı arzusuna nail olur.

Hüseyn Ərəblinskinin ölüm səbəbinə dair çoxlu iddialar var. Lakin Hüseyn Ərəblinski dövrünü və o böyük şəxsiyyətin həyatını araşdırdıqda bu iddiaların yalan olduğu açıq-aşkar görünür.

Bu iddalardan birinə görə atasından qalan mülk davası ucbatından öldürülməsidir ki, Hüseyn Ərəblinskiyə onun atasından heç bir mülk qalmamışdı. Yoxsul dənizçidən övladına nə mülk qala bilərdi ki? Hələ atasının sağlığında əmiləri babadan qalan mülkü onlardan almışdı və Hüseynin atası yalnız öz qazancı ilə ailəsini dolandırırdı.

Bığını qırxdığı və qadın rolu oynadığı üçün öldürülməsi iddiasıda var ki, Hüseyn Ərəblinski 1907-ci ildən öz bığını qırxmışdı və qadın rolları oynamışdı. Bu səbəblə dayısı oğlanları onun evini daşa basmış, özünü də bir neçə dəfə döymüşdülər. 1914-cü ildə Ərəblinskinin vərəmə yoluxması və Süxumda bir sanatoriyada müalicə almasından sonra qohumları ona heç bir təzyiq göstərməmişdilər.

Müğənni Tatyana ilə münasibətinə görə öldürülməsi iddiasına gəlincə, Manaf Süleymanov özünün “Eşitdiklərim, oxuduqlarım, gördüklərim…” kitabında yazır ki, Hüseyn Ərəblinski Tatyana Maslennikova adlı bir müğənni qadınla isti münasibətdə olmuşdur. Hüseynin dayısı oğlu da bu qadına aşiq imiş. Hər cəhətdən məntiqə sığmayan iddiadır. Bığını qırxdığı üçün Hüseyn Ərəblinskiyə nifrət edən adam kazinolarda mahnı oxuyub, gitar çalan rus qadınamı aşiq idi? Tutaq ki, dayısı oğlu bu qadına aşiq idi. Axı Hüseyn Ərəblinski heç vaxt heç bir qadınla münasibətdə olmamışdı. Hətta öz həyat yoldaşı Asya xanımı da sadəcə Əbdülrəhimbəy Haqverdiyevin vasitəsi ilə, anası Pəri xanıma ev işlərində kömək etsin deyə almışdı. Ki, Hüseyn Ərəblinski vəfat edən kimi, Asya da başqa bir aktyora qoşulub qaçır. Bunu Haqverdiyev öz xatirələrində açıq-aşkar yazır.

Bu yalan iddiaların ortaya çıxması həqiqətlərin pərdələnməsinə dair daha çox şübhə yaradır. Axı, bütün ipucları göstərir ki, Hüseyn Xələfovun ölüm səbəbi məhz onun təxəllüsünün Ərəblinskiyə çevrilməsinə səbəb olan o qadındır. Hansı ki, o qadın 73 yaşlı mesenatın 16 yaşlı arvadı olan Sona Ərəblinskaya idi.

Sona Ərəblinskayanın Hüseyn Xələfova olan sevgisi, aktyorun onun şərəfinə “Ərəblinski” təxəllüsünü götürməsi, Tağıyevi sözün əsl mənasında çilədən çıxarmışdı. Ətrafda gəzən söz-söhbətlərdən dolayı, Tağıyev çox insanı döydürmüş, həbsə atdırmışdı. Lütfəli bəy Behbudovu döydürməsi də bu çirkin hadisələrdən biri idi. Tağıyevin həmin dövrdə bütün Qarabağ ziyalılarını Bakıdan qovdurması da məlum həqiqətdir.

Hətta, bu hadisə Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində məharətlə şifrələnib. Sadəcə, bu əsəri oxuyanda Oqtayın Hüseyn Ərəblinski, Firəngizin Sona Ərəblinskaya, Hacı Zamanın general Ərəblinski, Hacı Zeynalabidin Tağıyevin də Danyar bəy Qalaçıxanov olduğunu təsəvvür edin. O zaman nəhəng dramaturqun Hüseyn Ərəblinski ilə bağlı bütün həqiqətləri necə ustalıqla şifrələdiyini və bu günə ötürdüyünü görəcəksiz.

Dövrün qəzetlərinin və Ərəblinski haqqında xatirələrini bölüşən aktyorların yazdığına görə, Hüseyn Ərəblinskini öldürən dayısı oğlu Əbdülxalıq həbs olunur. Amma çox keçmir ki, həbsdən azad olunur və Qazaxıstana köçür. Eyni zamanda, Ərəblinskinin qətlinə dair bütün sənədlər yoxa çıxır və əfsus ki, bu gün onların heç birini əldə etmək mümkün deyil. Təbii ki, Əbdülxalıqın həbsdən çıxacaq, ölkədən qaçacaq və sənədləri də məhv edəcək qədər gücü yox idi. Qətlin arxasında çox böyük güclərin dayandığı elə burdan da agahdır.

Ən dəhşətli aqibəti isə Hüseyn Xələfovu Hüseyn Ərəblinskiyə çevirən, ona pərəstişkar olmaqla onu böyük bir dəhşətin içinə salan Sona Ərəblinskaya yaşayır. Həmin Sona Ərəblinskaya ki, o, Aleksandrski məktəbinin qurucusu, Qızlar məktəbinin yaranmasında Hənifə Zərdabi ilə birlikdə mübarizə aparan, zəhmət çəkən və öz əri — milyonçu Tağıyevi bu məktəbə pul ayırmağa məcbur edən bir maarifpərvər idi. Həmin Sona Ərəblinskaya ki, Azərbaycan teatrının ilk qadın tamaşaçısı idi və Qafqazın məşhur tragik artisti Hüseyn Xələfova heyranlıq duyur, onun tamaşalarında iştirak edir, ona güllər bağışlayırdı və bu aktyor-pərəstişkar münasibəti dedi-qoduçuların dilində min cür dona bürünürdü.

Dərbəndin məşhur generalı Balakişi Ərəblinskinin qızı, dövrün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı və ondan dünyaya gətirdiyi beş övladın anası, Azərbaycan tarixində maarifpərvər bir qadın kimi adını yazmış neçə-neçə təhsil ocağının qurucusu olan Sona xanım Ərəblinskaya 1920-ci ildən 1938-ci ilə qədər Bakının küçələrində dilənərək yaşayır. Nəhayət, 1938-ci ilin qarlı qış gecəsində Hüseyn Ərəblinskinin yaşadığı məhəllədə və onun yaşadığı evin qapısı önündə kimsəsiz və dilənçi kimi ölür. Harada dəfn olunduğu hələ də məlum deyil.

Hüseyn Ərəblinskinin qətlini fürsət bilib, bundan Musavat hökümətinin əleyhinə yararlanan Sovet İttifaqının yaltaq və qorxaq ziyalılarının bir sıra böhtanları, uydurmaları, həqiqəti gizlətmə çabası bu günə qədər gəlib çatan və sözün əsl mənasında ürək bulandıran tarixdir. Zamanında Ərəblinski ilə çiyin-çiyinə çalışmış, 1918-ci ildə qurulan Cümhuriyyətin, xüsusən də Məhəmməd Əmin Rəsulzadənin dəstəyindən yararlanmış ziyalılar Sovet dövründə qorxağa və yaltağa çevrilərək, Musavat hökümətini quldur, cani adlandırdılar. Əfsus ki, çoxları bu yaltaqlığa və qorxaqlığa “özünü müdafiə” donu geyindirib, haqq qazandırmaqdadır.

Hüseyn Ərəblinskinin qətli Azərbaycanın, ümumilikdə Şərqin sənətə, mədəniyyətə verdiyi qiymətdir. Bəli, əfsus ki, bizim bu toplum var-dövləti olana yarınıb ondan təmənna ummaqda, sənətkara mütrüb deyib onu daşa basmaqda pərgardır. Əfsus ki, bu toplumun bu kimi cahillikləri zaman-zaman böyük şəxsiyyətlərin məhvinə səbəb oldu. Yenə də əfsus ki, bu düşüncə sahibləri 21-ci əsrin 21-cı ilində də yaşamaqdadır.

Əliqulu Qəmküsar belə yazırdı:

Bir şeyi əcibiz, nə bilim, bir tühəfiz biz!

Öz qövmümüzün başinə əngəl kələfiz biz!

Müəllif: Orxan Bahadırsoy

İstinadlar:
Hüseynqulu Sarabski — “Hüseyn Ərəblinskinin tərcümeyi-halı” və “Bir aktyorun xatirələri” kitabları, (1939)
Murad Muradov — “Hüseyn Ərəblinski haqqında xatirələrim” (Teatr Muzeyində əlyazma)
“Qobustan” incəsənət toplusu, 1-ci və 2-ci cild, 1971
“Dostluq səhifələri”, Azərnəşr, 1964
Soltanməcid Qənizadə — “Seçilmiş əsərləri”, 1965
Mirzağa Əliyev — “Xatirələrim”, (1974)
“Gələcək” qəzeti, 1919, 14 mart buraxılışı, Əziz Şərifin və Əliqulu Qəmküsarın məqalələri
Sidqi Ruhulla — “Hüseyn Ərəblinski” (1949)
Hacıağa Abbasov — “Xatirələrim” (1968)
Üzeyir Hacıbəyov, “Revolyusiya və kultura” jurnalı (1939, nömrə 4)
Əziz Şərif — “Keçmiş günlərdən” (1977)
Mehdi Məmmədov — “Hüseyn Ərəblinski” (1973)
Hüseynqulu Sarabski, “Ərəblinskinin tərcümeyi-halı”, (1939).
Mirzağa Əliyev, “Xatirələrim”, (1974).
“Gələcək” qəzeti, 1919, 14 mart buraxılışı, Əziz Şərifin və Əliqulu Qəmküsarın məqalələri.
Murad Muradovun əlyazmaları, Teatr Muzeyi.

sputnik.az