Poeziya

Boyu çatsa Tanrının, əllərimdən öpərdi – Orxan Bahadırsoyun şeiri

Gecəni tanıyırdım ulduzdan, Aydan, gəlir!
Yuxunu tanıyırdım, bir xoş laylaydan gəlir!
Bu padşahlıq arzusu hansı saraydan gəlir?
Baxıb müdrik təlxəyə gülən cahil vəzirlər,
indi demokrat olub sərhəd-sərhəd gəzirlər!

“Ədəbİncə” – Ədəbiyyat və İncəsənət Portalı Orxan Bahadırsoyun “Böyük Yol” şeirini təqdim edir…

Böyük Yol

Balıq idim, quruda boy göstərmək istədim!
Hər zülmətdə işığa ümidimi bəslədim.
Tarixdə yer almağı milyon illər gözlədim,
bir aciz tənəzzülə çatmaz səbrim, qərarım…
Bu həyat məhbəsindən başlamışdır firarım!

Vədə xilaf çıxmağı bilməmişəm həddimə!
Hər yükü sığdırmışam qamətimə, qəddimə!
Bir haqq üçün asiyəm yeddi arxa cəddimə!
Haqq da ki, nazilərək bir çöl-biyaban oldu!
O amal adamları öldü, xiyaban oldu!

Bu Avşalom saçlarım qoşunlara sipərdi!
Boyu çatsa Tanrının, əllərimdən öpərdi.
Ən əlçatmaz sərhədim budaqlardan çəpərdi,
tikanlı məftil oldu bu siyasi çizgilər!
Keçmişimi yoxlayır məntəqədə güzgülər!

Gecəni tanıyırdım ulduzdan, Aydan, gəlir!
Yuxunu tanıyırdım, bir xoş laylaydan gəlir!
Bu padşahlıq arzusu hansı saraydan gəlir?
Baxıb müdrik təlxəyə gülən cahil vəzirlər,
indi demokrat olub sərhəd-sərhəd gəzirlər!

Gör necə sağ çıxmışam beş böyük yoxoluşdan!
Tanrı zinətləndirib məni ta doğuluşdan!
İçinə şeytan girən qan qoxulu o quşdan
bir insan düzəltməyi ilk düşünən kim oldu?
Özünü bir şey sanıb hərə bir hakim oldu!

Daim yaşamaq üçün kod yazılıb boynuma!
Bütün kainat sığar nəhayətsiz qoynuma!
Mən alovam, atəşəm, gəl, mənimlə oynama!
Yanılmışdı o dahi, iki cahan deyildi!
Bütün cahanlar mənim hüzurumda əyildi!

Ağı, qaranı deyil, bütün rəngləri sevdim!
Tənha gülləri deyil, mən çələngləri sevdim!
Ruha meydan oxuyan bu ahəngləri sevdim!
Sevgim qırar yoluma döşənən sərt daşları!
Bütün aləmlər mənim yolumun yoldaşları…

Mən o tək hüceyrənin xəmirin yoğururam!
Hər gün biraz artıram, hər gün biraz qururam!
Varam, mərdəm, müdrikəm, cəsuram və məğruram!
Çəkil yolumdan, ey büt! Çəkil öz bozluğuna!
Bir ölüm sədəqəmdir sənin yolsuzluğuna!

Orxan Bahadırsoy